Gününüz su kimi aydın
olsun!
Bu gün çərşənbələrin birincisi- su
çərşənbəsidir
Artıq boz ayın ilk
günlərini yaşayırıq. Bu gün isə su çərşənbəsini
qeyd edəcəyik. Dörd çərşənbədən
sonra isə Novruz bayramını-Bahar bayramını təmtəraqla
keçirəcəyik.
Çərşənbələrə
keçməzdən öncə Novruz haqqında bəzi bilgiləri
qeyd edək. Novruz bayramı, Yeni Gün bayramı, Ərgənəgün
Bayramı, Bahar bayramı- qədim xalq bayramıdır. Novruz
Şimal yarımkürəsində astronomik yazın
başlandığı, gecə-gündüz bərabərliyi
günündə (martın 20, 21, 22 də) keçirilir. Bir
sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin
canlanması ilə bağlayıb, bu münasibətlə
şənliklər keçirib, onu yeni ilin
başlanğıcı kimi bayram ediblər.
Novruz bayramının mənşəyi,
onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar
Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə
məşğul olan xalqlar arasında meydana gəldiyini
söyləyirlər. Novruz bayramını ayrı-ayrı
tarixi və əfsanəvi şəxsiyyətlərin adı
ilə bağlamağa çalışıblar.
Əksər xalqlar Bahar
bayramının əsl mahiyyətindən doğan bir sıra
adət-ənənələri, oyunları indiyədək
saxlayıblar.
Orta əsr müəllifləri
Şərq ölkələrində İslam dini
yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin,
əkinçilik təqvimi etiqadlarının möhkəm yer
tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr)
Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən
onun yaranması səbəblərindən, bu bayram münasibətilə
xalq arasında yayılmış adət-ənənələrdən
bəhs edib, Novruz bayramının təbiətin oyanması, əkinçilik
təsərrüfatının başlanması ilə
bağlı əsl dünyəvi bayram olduğunu bildirib. Nizamül
Mülk (XI əsr) "Siyasətnamə" əsərində
Novruz bayramından yazın gəlişi ilə əlaqədar
keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun
gəlişi klassik Şərq, o cümlədən Azərbaycan
poeziyasında geniş yayılmış "Bahariyyə"
adlı lirik şeirlərdə də təsvir və tərənnüm
edilir.
Novruzda çərşənbələr
İnsan, kainat 4
ünsürdən - su, od, torpaq və küləkdən
yaranıb. Hər il 4 çərşənbə Novruzdan,
günün bərabərləşməsindən əvvəl
qeyd olunur.
Birinci su çərşənbəsi
adlandırılır. Yəni bahara doğru çayların
azacıq buz bağlayan yerləri əriyib çaylara
tökülür. Torpaq yavaş-yavaş islanmağa
başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirirlər,
evin ətrafına çiləyirlər, üzlərini
yuyurlar.
İkincisi od çərşənbəsidir.
Ona görə ki, bahara doğru günəş yavaş-yavaş
torpağı qızdırır, isindirir, onu yaratmaq
üçün hazırlayır. Od çərşənbəsində
tonqallar qalanır. Hər ailə üzvünün adına
bir dənə şam yandırılır. Xonçalar bəzənir.
Üçüncüsü
yel çərşənbəsidir. Yəni yel artıq
azacıq oyanmış torpağı, təzəcə
çıxmış yaza həsrət gülləri tərpədir,
tumurcuqlanan ağacları yellədir.
Axırıncısı
torpaq çərşənbəsidir. Torpağı ana təbiət
- Allahımız su ilə islatdı, günəşlə
isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk
yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi
günündə başlayardılar. Nənələrimiz
"Səməni, saxla məni, ildə göyərdərəm
səni"- deyib buğda isladardılar. İndiki kimi bazardan
almazdılar, evdə göyərdərdilər!
Novruz dünya xalqlarının bayramı kimi
Hər bir xalq bu bayramla
bağlı etnik, yerli, milli xüsusiyyətlərinə
uyğun, özünəməxsus mövsüm nəğmələri,
mərasim nəğmələri yaradıb. Novruz İranda,
Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda,
Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda,
Qırğızıstanda xüsusi təntənə ilə
qeyd edilir. Ümumiyyətlə, Novruz dünyanın əksər
ölkələrində olunur. Bu cür məkanlar arasında
Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin
ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə
öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta
buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək
istəyən azərbaycanlılar Kaliforniyanın çimərliklərinə
gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə
ocaq qalayırlar.
Novruz bayramı İraqda,
Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda,
Türkmənistanda və s. ölkələrdə qeyd edilir.
Novruz Azərbaycanda
Azərbaycanda adətə
görə, Novruz bayramında göyərdilən səməni
yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin
rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə
növbəti təssərrüfat ilinə bərəkət,
bolluq arzulayıb, bayrama dörd həftə qalmış, hər
çərşənbə axşamı və bayram
günü tonqal qalamaqla, mahnı ("gün
çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə,
günəşə olan etiqad və inamını ifadə
edib. Bütün bu mərasimlər İslamdan
çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.
Novruz bayramı öncəsi
adətən evdə, həyətdə abadlıq, təmizlik
işləri aparılır, ağac əkilir və s. Novruz
bayramında şiriniyyat növləri (qoğal, külçə,
fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi
və s.) və plov bişirilir. Rəngbərəng yumurta
boyanır, məcməyi və sinilərdə xonça bəzənir,
şam yandırılır, tonqal qalanır, səməni
qoyulur, ölənlərin xatirəsi yad edilir,
küsülülər barışır, qohum-qonşular
bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar
baharı mədh edir. Oğlan və qızlar təzə
paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar
at çapıb, güləşir, küştü tuturlar.
Novruz bayramında "haxışta", "bənövşə",
"kos-kosa" oynayırlar. Novruz bayramında süfrəyə
yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan
xörəklər düzülür. Adətə görə
süfrəyə "s" hərfi ilə başlayan 7 növ
ərzaq qoyulur- su, süd, səməni, sünbül, sucuq,
siyənək balığı, süzmə.
Novruz Əfqanıstanda. Əfqan
süfrəsi isə adətən stolun üstündə
olmur. Süfrə yerə sərilir və ona dəstərxan
deyirlər. Əfqan süfrəsində kompota bənzər
bir təam da olur. Həmin təamın adı "həft
meyvə", yəni yeddi meyvədir. Bu isə quru meyvələrdən
hazırlanır. Əfqanlar bunu ilin digər aylarında
hazırlamırlar. "Nəft meyvə" - ərik qurusu,
kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda
da Azərbaycandakı kimi yumurta döyüşləri olur,
amma orda yumurta boyamaq bir az uzun çəkir - yumurtaları
qaynadandan sonra da fırçayla üstünə cürbəcür
naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin
mərkəzi Məzari-şərif şəhəridir - əfqanların
inancına görə, Məhəmməd peyğəmbərin
kürəkəni Əlinin məzarı bu şəhərdədir.
İnsanlar həmin şəhərə toplaşır, Əlinin
ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər,
şoular təşkil olunur. Novruzda Məzari-şərifdə
müxtəlif oyunlar, yarışmalar da olur - xoruz
döyüşdürürlər, it boğuşdururlar. Bu
yarışmaların mövsümü Novruzda başlayır.
Sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi
oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-şərifə
təkcə şənlənməyə getmirlər.
Əfqanlar Məzari-şərifə
gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10
gün orda qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına
gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki,
Əlinin xətrinə bizim ailənin övlad arzusunu yerinə
yetir.
Novruz
Qırğızıstanda. Qırğız süfrəsində
məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu -
quzu ətindən və makarona oxşar un məmulatından
bişirilir. Adına niyə beşbarmaq deyilir - çünki
əllə yeyilir - yəni beş barmaqla.
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin
odla pak edilməsi adəti var - Azərbaycanda üzərlik
yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk
şamanlarından qalma adətdir. Onlar "Alas-alas, hər bəladan
xilas" - deməklə öz həyətlərini atəşlə
pis ruhlardan təmizləyirlər.
Novruz Tacikistanda. Tacikistanda isə
Novruz martın 20-də başlayır, 3-4 gün davam edir -
uşaqlar qapı döyüb bayram payı istəyir, amma
qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz
çiçəklərindən dərib yığır,
qapıları döyür -ev sahibinə çiçəklərdən
verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul
vermək təzə yaranma adətdir.
Novruz Özbəkistanda.
Özbəklər isə Novruz süfrəsi üçün
"nişala" hazırlayırlar. Nişala şəkərdən
bişirilir - şokolad kimi olur, amma bəyaz. Çox ləzzətli
olur. Özbəkistanda dəyişik adətlər var. Məsələn,
Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini
böyük bir qocaman qadının - Sus xatının şəklinə
tutub yağış istəyirlər. "Sus xatın, susma
xatın, yağmur yağdır" deyə, şərqi
söyləyirlər. Yəni bu - İslama qədərki bir
düşüncədən gəlir. Novruzda Özbəkistanda
öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin
yaşlı adamı əlini yağa batırır və
öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli
olsun.
Gününüz su kimi
aydın olsun!
Bu gün çərşənbələrin
birincisi- su çərşənbəsidir
Artıq boz ayın ilk
günlərini yaşayırıq. Bu gün isə su çərşənbəsini
qeyd edəcəyik. Dörd çərşənbədən
sonra isə Novruz bayramını-Bahar bayramını təmtəraqla
keçirəcəyik.
Aysel
Xalq Cəbhəsi.- 2010.-
23 fevral.- S.8.