Ermənilər
fevralın 26-dan sonra da soyqırımı törədiblər
Xocalıdan əsir
götürdükləri 120 azərbaycanlını martın
1-nə keçən gecə güllələyiblər
Xocalı faciəsi
bizim üçün sözün həqiqi mənasında dərsdir. Bu faciə barədə
təkcə onun ildönümlərində yox, ümumən
bütün məqamlarda düşünməli, ne etməli
olduğumuzu bilməliyik. Faciə millət
üçün fəlakətli məqamdır. Çox zaman o, millətin əlini-qolunu soyudur,
mübarizlik əzmini qırır. Ancaq o
millət yaşarıdır ki, rastlaşdığı faciədən
mümkün qədər başını itirmir, əksinə,
fəlakətindən güc alır. Bu
faciə bizim bir millət olaraq XX yüzilin sonlarında ikinci
dəfə müstəqilliyimizi qazandığımız
dövrə təsadüf etdi.
Xocalı faciəsindən
əvvəl və sonrakı itkilərimizin təhlili ermənilərin
soyqırım törətməkdə necə qaniçənliklə
hərəkət etdiyini göstərir.
Aşağıdakı faktlar dediklərimizə sübutdur.
Təkcə 1990-cı
ilin sonlarından bəri erməni terrorizminin xalqımıza
qarşı həyata keçirdiyi soyqırımın
qısa xronologiyasına nəzər salaq.
- 09 yanvar 1991-ci il:
Daşnak Arno Mixayıloviç Mkrtıçyanın rəhbərlik
etdiyi terror qrupu tərəfindən Laçın-Şuşa
yolunun 5-ci km-də "Molodyoj Azerbaydjana" qəzetinin
müxbiri Salatın Əsgərova və Sovet ordusunun 3
zabitinin oturduğu avtomobil gülləbaran edilib. 4 nəfər
həlak olub.
- 20 fevral 1991-ci il:
Daşnak terrorçuları Laçın-Yevlax yolunda
"Kamaz-5511" markalı 25-31 AQT dövlət
nişanlı avtomobili partladıblar. Sürücü və
maşındakı sərnişin həlak olub.
- 25 fevral 1991-ci il:
Daşnak terror qrupu Şuşa rayonunun Cəmilli kəndinə
basqın edib, 14 yaşlı Elşən Sadıqovu qətlə
yetiriblər;
- 18 aprel 1991-ci il:
Daşnak terrorçusu Sərkisyan Qrarik Qriqoryeviçin
başçılıq etdiyi qrup tərəfindən 3 polis əməkdaşı
Ağoğlan kilsəsi yaxınlığında qətlə
yetirilib. Terrorçular cəzasız qalıb;
- 19 iyun 1991-ci il:
Daşnak terrorçuları tərəfindən
"Yevlax-Laçın" yolunda avtomaşın
partladılıb. Üç nəfər həlak olub,
üç nəfər isə ağır qəlpə
yarası alıb;
- 07 iyul 1991-ci il:
daşnak terrorçuları tərəfindən Ağdərə
rayonunun Sırxavənd kəndi yaxınlığında 31-85
AQU dövlət nişanlı maşın atəşə tutulub,
dörd nəfər qətlə yetirilib, sonra isə cəsədləri
yandırılıb;
- 21 iyul 1991-ci il:
Laçın rayonunun yaylaqlarındakı yurd yerləri
"Tiqran Mets" adlı daşnak terror dəstələrinin
təcavüzünə məruz qalıb. Doqquz nəfər qətlə
yetirilib, bir nəfər yaralanıb, bir nəfər itkin
düşüb. 13
min baş qoyun, 29 baş qaramal, 27 baş at terrorçular tərəfindən
aparılıb;
- 23 iyul 1991-ci il:
daşnak terror birləşmələri Şuşa rayonunun Cəmilli
kəndinə həmlə edib. Kənd qarət olunub, evlər
yerlə yeksan edilib, 28 nəfər qətlə yetirilib. Kənd
əhalisi etnik təmizləmə siyasətinin günahsız
qurbanlarına çevrilib;
- 02 avqust 1991-ci il:
daşnak terror qrupu tərəfindən Xocavənd rayonunun
Dolanlar kəndində avtomaşın partladılıb. Nəticədə
dörd nəfər həlak olub, səkkiz nəfər
yaralanıb;
- 21 avqust 1991-ci il:
daşnak terrorçuları Qazax rayonu ərazisində
üç mülki şəxsi qətlə yetiriblər;
- 23 avqust 1991-ci il:
Şuşa-Cəmilli istiqamətində hərəkət edən
marşrut avtobusu daşnak terrorçuları tərəfindən
gülləbaran edilib. 4 nəfər sərnişin qətlə
yetirilib, 13 sərnişin güllə yarası alıb;
- 07 sentyabr 1991-ci il:
daşnak terrorçuları Xankəndinə gedən avtobusa
basqın ediblər. Üç nəfər qətlə
yetirilib, dörd nəfər yaralanıb;
- 24 sentyabr 1991-ci il:
daşnak terrorçuları Ağdərə rayonunun İmarət
Qərvənd kəndinə basqın ediblər. Bir nəfər
kənd sakini yandırılaraq qətlə yetirilib, 1200 sakin
isə meşələrə qaçmaq məcburiyyətində
qalıb. Kənd yerlə yeksan edilib;
- 29 oktyabr 1991-ci il:
Yevlaxdan Xocalıya uçan AN-12 təyyarəsi Əsgəran
rayonunun Kərmirsar erməni kəndi
yaxınlığında daşnak terror qruplaşması tərəfindən
vurulub, yerə salınıb. Təyyarədəki yeddi ekipaj
üzvü: Əsəd Əsədov, Hikmət Muradov, Ceyhun Rəhimov,
Əhmədağa Baxşıyev, Yunis Misirov, Azad Sadıqov və
Sabir Rəcəbov qətlə yetirilib, cəsədləri
bütövlükdə yandırılıb;
- 20 noyabr 1991-ci il: beynəlxalq
aləmdə ad çıxarmış peşəkar
daşnak terrorçusu Monte Melkonyanın və Zori
Balayanın rəhbərlik etdiyi "Zorik" terror qrupu Xocavənd
rayonunun Qarakənd yaşayış məntəqəsi
yaxınlığında Mİ-8 tipli hərbi vertolyotu iriçaplı
silahlarla vurub yerə salmışdı. Nəticədə
Ağdam şəhərindən Xocavənd qəsəbəsinə
sülhməramlı missiya ilə səfərə
çıxan 22 nəfər yüksək vəzifəli şəxs-Azərbaycanın
dövlət katibi, millət vəkili T.K.İsmayılov,
baş nazirinin müavini, millət vəkili Z.S.Hacıyev,
sabiq DİN-i, prezidentin dövlət müşaviri M.N.Əsədov,
baş prokuror İ.İ.Qayıbov, millət vəkilləri
V.D.Cəfərov, V.T.Məmmədov, Prezident Aparatının
şöbə müdiri O.M.Mirzəyev, nazir müavini T.T.Namazəliyev,
DQMV-nin prokuroru İ.A.Plavski, MTN-nin DQMV üzrə idarə rəisi
S.S.İvanov, DQMV Dİİ-nin rəisi, general-mayor V.V.Kovalyov,
DQMV FV rayonunun komendatı N.V.Jilkin, dövlət katibinin
köməkçisi R.M.Məmmədov, Azərbaycan Teleradio
Dövlət Şirkətinin əməkdaşları
A.M.Mustafayev, A.İ.Hüseynzadə, F.İ.Şahbazov, Rusiyadan
olan müşahidəçilər - general-mayor İ.D.Lukasov,
podpolkovnik V.M.Koçarov, Qazaxıstan DİN-nin birinci
müavini S.D.Serikov və ekipaj üzvləri həlak olublar.
Vertolyotun qara qutusu tapılaraq Moskvaya aparılıb və
orada məhv edilib. Terrorçular haqqında heç bir əməliyyat
tədbiri həyata keçirilməyib;
- 15 dekabr 1991-ci il:
daşnak terror qruplaşması Şuşanın Cəmilli kəndinə
basqın edib, 9 nəfər dinc, əliyalın kənd sakinini
qətlə yetirib. Əhali kənddən didərgin
salınıb, evlər tamamilə yandırılıb;
- 23 dekabr 1991-ci il:
"Qarabağ" adlı daşnak terror qrupu 3 istiqamətdən
Əsgəran rayonunun Meşəli kəndinə soxularaq
qanlı terror aktı törədiblər. 6 dinc sakin (ötən
illər ərzində ümumilikdə 32) qətlə
yetirilib. 15-dən çox dinc sakin (ümumilikdə 50-dən
çox) yaralanıb. Kənd tamamilə yandırılıb,
varlığı yer üstündən silinib;
- 26 yanvar 1992-ci il:
Şuşa şəhərini blokadada saxlayan və
Daşaltı kəndinə sığınmış
daşnak terrorçularını bu kənddən
çıxarmaq məqsədi ilə hərəkətə
keçən Azərbaycan milli ordusunun ilk könüllü
taboru tələyə salınıb. Milli ordu əsgərlərindən
33 nəfər qətlə yetirilib, 34 nəfər itkin
düşüb, 36 nəfər isə ağır güllə
yarası alıb;
- 28 yanvar 1992-ci il:
daşnak terrorçuları tərəfindən
Ağdam-Şuşa marşrutu ilə sərnişin
daşıyan 27127 nömrəli Mİ-8 mülki vertolyot
Şuşa şəhəri yaxınlığında
"Yer-yer" tipli raketlə vurulub. Əksəriyyəti
qadın və uşaqlardan ibarət olan 44 sərnişin və
3 ekipaj üzvü həlak olub. Heç bir istintaq işi
aparılmayıb.
- 12 fevral 1992-ci il:
Daşnak terror birləşmələri Şuşanın
Malıbəyli və Quşçular kəndlərinə
basqın ediblər. Hər iki kənddə qətliam törədiblər.
Hər iki kəndin sakinləri qətliamdan qaçıb
dağlara, meşələrə çəkiliblər. Kəndlər
yerlə yeksan edilib;
- 17 fevral 1992-ci il:
daşnak terror qruplaşması Xocavənd rayonunun
Qaradağlı kəndinə həmlə edib. Kənd yerlə
yeksan edilib. Girov götürülənlərdən 54 dinc
sakin güllələnərək meyitləri silos quyusuna
atılıb. Uşaq, qadın, qoca daxil olmaqla 117 nəfər
dinc sakin isə girov götürülüb. Girov
götürülənlərdən 77 nəfərini qətlə
yetiriblər;
- 22 fevral 1992-ci il:
daşnak terrorçuları tərəfindən Xocalı
şəhəri atəşə tutulub. Üç nəfər
həlak olub, doqquz nəfər yaralanıb;
- 22 fevral 1992-ci il:
daşnak terrorçuları Şuşanın Cəmilli kəndinə
basqın ediblər. İki milis əməkdaşı həlak
olub, dörd nəfər yaralanıb;
- 22 fevral 1992-ci il:
daşnak terrorçuları Füzuli rayonunun Yuxarı Veysəlli
kəndinə hücum edib, səkkiz nəfəri qətlə
yetiriblər;
- 26 fevral 1992-ci il:
daşnak terror qruplaşmaları Rusiyanın Xankəndindəki
366 saylı xüsusi təyinatlı motoatıcı
alayının iştirakı ilə Xocalı şəhərinə
hücum ediblər. Bununla erməni-daşnak faşistləri
daşnak düşüncəsinin qanlı tacı hesab olunan
Xocalı soyqırımına imza atıblar, yeddi min türk əhalisi
olan Xocalı şəhəri yerlə yeksan edilib. 1153 nəfər
dinc sakin (83 uşaq, 186 qadın və 70 qoca) vəhşicəsinə
doğranıb, güllələnib, yandırılıb,
xüsusi qəddarlıqla qətlə yetirilib. Soyulmuş
baş dərilərindən, kəsilmiş qulaq
seyvanlarından kolleksiyalar düzəldiblər. Şəhər
əhalisindən 910 nəfər əsir
götürülüb, şikəst edilib (487 nəfər),
onlarla ailə soyqırıma məruz qalıb. Şəhər
bir gecədə canlı aləmdən tam təcrid edilib. Beynəlxalq
aləmdə ad çıxarmış "ASALA"
terrorçusu Vazgen Sislyan öz milli mənliyini
ikigünlük körpəni öldürməklə bəyan
və nümayiş etdirib;
- 26 fevral 1992-ci il:
daşnak terror qrupları Tərtər rayonunun Qapanlı,
Qaradağlı, Əskipara, Seydimli kəndlərinə həmlə
ediblər. Nəticədə dörd nəfər həlak
olub, doqquz nəfər yaralanıb;
- 01 mart 1992-ci il:
daşnak terrorçuları Xocalıdan əsir
götürdükləri Azərbaycan Türklərindən
120 nəfərini martın 1-nə keçən gecə
güllələyiblər;
- 04 mart 1992-ci il:
daşnak terror qrupu Ağdərənin Sırxavənd kəndinə
basqın edib. Yeddi nəfər həlak olub, on nəfər
yaralanıb, iki nəfər itkin düşüb;
- 12 mart 1992-ci il:
daşnak terrorçuları səhər saat 4-dan Şuşa
şəhərini artilleriya atəşinə tutublar. 11 nəfər
dinc şəhər sakini həlak olub, 30 nəfərdən
çoxu isə yaralanıb. Qadın və uşaqlar şəhərdən
çıxarılıb;
- 13 mart 1992-ci il:
daşnak terrorçuları Füzuli şəhərini
artilleriya atəşinə tutublar. Dinc şəhər sakinlərindən
10 nəfər həlak olub. Xeyli şəhər sakini
yaralanıb;
- 14 mart 1992-ci il:
daşnak terror qrupu Ağdərənin Baş Güneypəyə
kəndinə basqın edib. 10 nəfər kənd sakini
həlak olub;
- 07-08 aprel 1992-ci il:
daşnak terror qrupları Kəlbəcərin Ağdaban kəndinə
şiddətli hücuma keçiblər. 38 nəfər dinc
sakin (əksəriyyəti qadın və uşaq) qətlə
yetirilib, iki nəfər evində yanıb kül olub. 19 nəfər
yaralanır, yeddi nəfər girov götürülür. 50-dən
çox adam itkin düşür. Kolxozun 1000 baş
mal-qarası, 4000 baş qoyunu, camaatın minlərlə
baş mal-qarası və davarı sürülüb
aparılır, əmlakı qarət olunub. Kənd
başdan-başa oda qalanıb;
- 11 aprel 1992-ci il:
Daşnak terrorçuları Şuşanın Cəmilli,
Füzuli rayonunun Qacar kəndlərinə həmlə ediblər.
Cəmillidə 2 nəfər, Qacarda 4 nəfər həlak
olub;
- 28 aprel 1992-ci il:
daşnak terrorçuları Ağdərənin
Narışdar kəndinə həmlə ediblər. Altı nəfər
həlak olub, iki nəfər yaralanıb;
- 29 aprel 1992-ci il:
daşnak terrorçuları Şuşanın Kosalar kəndinə
həmlə ediblər. Dörd nəfər həlak olur, on
beş nəfər yaralanır;
- 06 may 1992-ci il:
Füzuli rayonunun Qacar, Divanallar kəndləri daşnak
terrorçularının həmləsinə məruz
qalır. İki nəfər həlak olur, beş nəfər
dinc sakin yaralanır;
- 06 may 1992-ci il:
Naxçıvanın Sədərək qəsəbəsi və
Havış, Günnüt kəndləri daşnak terrorçularının
həmləsinə məruz qalır. Üç nəfər
həlak olur, 45 nəfər güllə yarası alır...
Bir sözlə, erməni
terrorunu saymaqla bitən deyil və çox təəssüf
ki, amansız terror bu gün də davam edir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 26
fevral.- S.14.