Xocalıya ədalət!!!
TBMM sədri: "Xocalı faciəsini
dünya ictimaiyyəti tanımalıdır"
Ankara şəhərində
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mədəniyyət
Mərkəzinin binasında "Xocalıya Ədalət"
kampaniyası çərçivəsində İslam
Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü
ilə Türkiyədə nəşr etdirilən
"Qarabağ: suallar və faktlar" kitabının təqdimat
mərasimi keçirilib.
Bu barədə APA-ya
İKGF-nin Media Departamentindən bildirilib. Məlumata görə,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin
tarixi, geosiyasi, hüquqi və mədəni aspektlərini
özündə əks etdirən kitabı Azərbaycanın
tanınmış alimləri və ekspertləri
yazılıb.
Ankarada "Xocalıya Ədalət"
İKGF-nin Türkiyə
deputatlarıyla birgə təşkil etdiyi bu tədbirdə
TBMM-in sədri Mehmet Əli Şahin danışıb. Mehmet Əi
Şahin çıxışında Xocalı faciəsinin
dünyada tanınmasının vacibliyini xüsusilə
vurğulayıb. O, İKGF Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevaın təşəbbüsüylə
irəli sürülən "Xocalıya ədalət"
beynəlxalq kampaniyanın fəaliyyətini yüksək qiymətləndirərək,
Xocalı qırğınının dünya ictimaiyyətinə
çatdırılması üçün xarici ölkələrdə
Türkiyə və Azərbaycan icmalarının birgə səylərinin
gücləndirilməsinin vacibliyini diqqətə
çatdırıb.
"Qarabağ: suallar və
faktlar" kitabının təqdimat mərasimində
Türkiyə parlamentinin deputatları Cünyed Yüksəl,
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun
sədri Mustafa Kabakçı, qondarma erməni
soyqırımı üzrə tarixçi professor Yusif
Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri
Zakir Həşimov çıxış ediblər. Türkiyəli
deputatlar öz çıxışlarında kitabın
ölkə ictimaiyyətinin Qarabağ münaqişəsi
haqqında ətraflı və obyektiv məlumat ala biləcəklərinə
ümid etdiklərini bildiriblər.
Tədbirin sonunda mart
ayının 2-sinə qədər davam edəcək
kampaniyanın 1 illik fəaliyyətini əks etdirən
"Xocalıya ədalət" fotosərgisinin
açılışı olub. Tədbir Türkiyənin
aparıcı KİV-ləri işıqlandırıb.
Qeyd edək ki, İKGF-nin Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə irəli sürülən "Xocalıya Ədalət"
kampaniyasına 2009-cu ilin fevralında start verilib və
hazırda 30-dan artıq ölkədə yüzlərlə
könüllünun iştirakı ilə uğurla davam
etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq
ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması,
faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsi və beynəlxalq səviyyədə
anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq
əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə
aparılır.
Londonda "Xocalıya Ədalət"
"Xocalıya Ədalət"
beynəlxalq kampaniyası çərçivəsində
Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı
ilə London şəhərində, Temza çayında
üzən "Silver Sturgeon" gəmisində Böyük
Britaniyanın ictimai-siyasi xadimlərinin, parlamentar və
diplomatların iştirakı ilə Xocalı qətliamının
18-ci ildönümünə həsr edilmiş tədbir
keçirilib. İKT Gənclər Forumundan APA-ya verilən məlumata
görə, innovativ xarakter daşıyan tədbir zamanı
Temza çayı üzərində Xocalı faciəsi
zamanı həlak olmuş 613 nəfərin adları
yazılmış şarlar havaya buraxılıb və eyni
sayda qərənfillər çaya atılıb.
Tədbir zamanı
amerikalı rep musiqiçisi Toni Blekmen və Azərbaycanın
tanınmış rep qrupu "Dəyirman" tərəfindən
ifa edilmiş "Xocalıya Ədalət" adlı rep
üslubundakı mahnının təqdimatı keçirilib.
Sonda iştirakçılar Böyük Britaniyanın baş
nazirinə ünvanlanmış petisiyaya imza atıblar. Petisiya
Xocalı qətliamını insanlığa qarşı cinayət
kimi tanımağa və günahkarların hüquqi məsuliyyətə
cəlb edilməsi üçün səyləri gücləndirməyə
çağırır.
Böyük Britaniya baş
nazirinin katibliyi petisiyanı aldığını rəsmən
təsdiqləyib. Bu ilin sonuna qədər Britaniya vətəndaşlarından
kampaniyanın saytı (www. justiceforkhojaly. org) vasitəsilə
100 minə qədər imza toplanması
planlaşdırılır. Tədbir zamanı Dağlıq
Qarabağ münaqişəsi və Xocalı faciəsini əks
etdirən fotoşəkillərdən ibarət rəsm sərgisi
də nümayiş etdirilib.
"Xocalı soyqırımı - əsrin
yaddaşında"
Mirzə Fətəli Axundov
adına Milli Kitabxanada "Xocalı soyqırımı - əsrin
faciəsi" adlı sərginin açılışı və
"Xocalı soyqırımı rabitəçilərin
yaddaşında" kitabının təqdimat mərasimi
keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim
Tahirov açaraq o ağrılı günləri bir daha yada
salıb və bu faciənin Azərbaycan xalqının
yaddaşından silinməyəcəyini deyib.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə və
informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov
da xüsusi amansızlıqla törədilmiş qanlı
cinayət əməlindən danışıblar. Sonra tədbir
iştirakçıları "Xocalı soyqırımı
- əsrin faciəsi" adlı sərgi və təqdimatı
keçirilən kitabla tanış olublar. Sərgidə
Xocalı faciəsinə həsr olunmuş 200-dən çox müxtəlif
dillərdə çap olunmuş kitab, jurnal, qəzet
materialları nümayiş etdirilib.
"Hərbi cinayətlər cəzalandırılmalıdır"
Azərbaycan prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzində
"Xocalı soyqırımı: siyasi, hüquqi və
psixoloji aspektlər" mövzusunda dəyirmi masa
keçirilib. APA-nın xəbərinə görə, tədbirdə
əsas məruzəçilər Litva parlamentinin
İqtisadiyyat komitəsi sədrinin müşaviri,
tarixçi-etnoqraf İmantas Melyantas və "Lazdiyay
ulduzu" qəzetinin redaktoru Riçaydas Lapaytis olub.
Riçardis Lapaytis deyib ki,
Azərbaycana səfəri təsadüfən Xocalı faciəsinin
ildönümünə təsadüf edib. O, 6 dəfə
Dağlıq Qarabağda olduğunu, komandirlər və əsgərlərlə
söhbət apardığını söyləyib:
"İnsanlar kömək gözləyirdi, Avropa isə
bunlara göz yumurdu. Jurnalistin vəzifəsi insanlıq əleyhinə
cinayətləri qeydə almaqdır. Həmin vaxt erməni
diasporası yaxşı işləyirdi və hamı ermənilərin
çəkdiyi əzablardan danışırdı. Biz
jurnalistlər faktları toplamaq üçün əlimizdən
gələni etdik. Çünki faktlar yox olmur. Hərbi cinayətlər
cəzalandırılmalıdır".
İmantas Melyantas isə
Litva ictimaiyyətinin uzun müddət erməni təbliğatının
təsiri altında qaldığını və tədricən
bu təsəvvürləri dəyişməyin mümkün
olduğunu vurğulayıb: "1989-cu ildə mən
özüm də erməni təbliğatının əsiri
idim. Bu təbliğat qədər güclü idi ki, deyilənlərin
doğru olub-olmadığını heç
düşünmürdük. Vaxt keçdikcə
aydınlaşdı ki, belə deyil. Mən məsələni
öyrəndim və uzun müddət Litvada beyinlərə
yeridilənlərə zidd mənzərə ortaya
çıxdı". İmantas Melyantas son iki ildə
faktoloji materialların ictimaiyyətə təqdim edilməsindən
sonra bu məsələyə baxışların dəyişdiyini
vurğulayıb.
Niderlandda imzatoplamanın nəticələri
açıqlanacaq
"Xocalıya ədalət"
beynəlxalq informasiya kampaniyasının Niderland Komitəsi
Xocalı faciəsinin 18-ci ildönümüylə
bağlı tədbirlər planını təsdiqləyib.
Anım mərasimləri 2008-ci ildə Haaqada Azərbaycan-Türkiyə
Cəmiyyətinin Xocalı şəhidlərinin xatirəsinə
ucaldılmış abidənin qarşısına xatirə
çələngi qoymaqla başlayacaq. Həmin gün
Amsterdam Açıq Universitetində Xocalı
soyqırımına həsr olunmuş konfrans keçiriləcək.
Konfransı "Xocalıya ədalət" beynəlxalq
kampaniyasının Niderland Komitəsi və "Anadolulu tələbələr"
qeyri-hökumət təşkilatının dəstəyilə
baş tutacaq. Konfransda Azərbaycanın Niderland
Krallığındakı səfiri Fuad İsgəndərovun,
Almaniyada yaşayan yazıçı Orxan Arazın, Türkiyədən
gəlmiş məşhur şair Yavuz Bülənd Bakilərin
çıxışları nəzərdə tutulur. Daha sonra
Amsterdam Universitetinin müəlliməsi, pianoçu Sara
Krombaxın ifasında Azərbaycan mahnılarından ibarət
matəm konserti keçiriləcək. Tədbirlər çərçivəsində
"Xocalıya ədalət tələb edirik" fotosərgisinin
təşkili, "Xocalıya ədalət" klipinin təqdimatı
da planlaşdırılır. Konfransın sonunda
"Xocalıya ədalət" kampaniyasının Niderland
Komitəsinin sədri, Kral Ordeni cəngavəri Qert van Dam kampaniyaya
dəstək çərçivəsində imzatoplama
kampaniyasının nəticələrini açıqlayacaq.
Xatırladaq ki, ötən il dekabrın 10-da - Beynəlxalq
İnsan Haqları Günü başlayan kampaniya çərçivəsində
3 mindən artıq imza toplanıb. Tədbir ehsan mərasimilə
başa çatacaq.
Xocalı soyqırımı Fransada anılır
Fransada Xocalı faciəsinin
18-ci ildönümü ilə bağlı tədbirlərin
keçirilməsi məqsədi ilə bu ölkədə səfərdə
olan Azərbaycan nümayəndə heyəti diaspor təmsilçiləri
ilə görüşüblər. Bu barədə APA-ya Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzindən (ATXƏM) bildirilib. Məlumata görə,
ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə
Xocalı faciəsinin 18-ci ildönümü ilə
bağlı fevralın 24-28-də Paris və Strasburq şəhərlərində
silsilə tədbirlər həyata keçirir.
Fevralın 24-də Azərbaycan
nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində
səfir Elçin Əmirbəyov və Fransadakı diaspor
nümayəndələriylə görüşüblər.
Görüşdə Fransadakı diaspor təşkilatlarıyla
birgə əməkdaşlıq məsələləri
müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın
ümummilli məsələlərinin həll olunması və
Azərbaycan həqiqətlərinin daha mütəşəkkil
təbliğ olunması üçün birgə əməkdaşlıq
səylərini gücləndirmək vacibdir. Görüşdə
Azərbaycan nümayəndə heyəti Azərbaycan və
Qarabağla bağlı 40-a yaxın (ingilis və fransız
dilində) kitab və bukletləri səfirliyə təqdim
ediblər.
Dünən isə Azərbaycan
nümayəndə heyətinin üzvləri Strasburqda
ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq
Əlaqələr İnstitutunda "Azərbaycan
Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan
Diasporasının əsas məsələləri
(Qarabağ)" konfransına qatılıblar.
Litva parlamentində Xocalı soyqırımıyla
bağlı tədbir keçirilib
Fevralın 24-də Litva
Seymində səfirliyimizin təşəbbüsü və
Demokratik Siyasət İnstitutunun dəstəyilə Xocalı
soyqırımıyla bağlı tədbir keçirilib.
Demokratik Siyasət
İnstitutunun rəhbəri, Seymin üzvü Mantas Adomenas
çıxışında Xocalı soyqırımı ilə
bağlı Litva ictimaiyyətində az məlumat olduğunu,
Vilnüsdə Azərbaycan səfirliyinin
açılmasından sonra bu sahədə xeyli iş
görüldüyünü deyib. O, dinc azərbaycanlılara
qarşı törədilən Xocalı
soyqırımını Serebrennitsa qətliamı ilə eyniləşdirərək,
etnik təmizləmə siyasətini pisləyib.
Litva Seymində Azərbaycanla
dostluq qrupunun rəhbəri Egidiyus Vareikis Ruandada, Syerra-Leonedə
törədilən qətliamların Xocalı
soyqırımı ilə eyni olduğunu bildirib, buna baxmayaraq,
beynəlxalq müstəvidə Xocalı qətliamına
hüquqi qiymət verilməsinin gecikdiyinə diqqəti
yönəldib.
Litvanın nüfuzlu
qurumlarından olan Soyqırım İnstitutunun sabiq direktoru,
deputat Dalia Kuodite çıxışında, Litva
xalqının da uzun illər genosidə məruz
qaldığı üçün azərbaycanlıların
faciəsini yaxşı başa düşdüklərini
bildirərək, dünyanın istənilən yerində
insanlığa qarşı törədilən vəhşiliklərə
biganə qalmamağa çağırıb.
Tədbirdə "Salnamə"
studiyasında hazırlanan "Dua" filmi də
nümayiş olunub. Heydər Əliyev Fondunun
hazırladığı "Qarabağ həqiqətləri"
toplusu, müxtəlif əyani vəsaitlər, həmçinin
səfirlik tərəfindən Litva və ingilis dillərində
xüsusi hazırlanmış çap nümunələri sərgilənib.
"İrəli" Avropanın 9 şəhərində
aksiyalar keçirəcək
Dünən Tiflisin Şota
Rustaveli adına Milli Dram Teatrında Azərbaycan Dövlət
Simfonik Orkestri Xocalıya həsr olunan xatirə konserti
keçirilib. İspaniya, Türkiyə, Ukrayna və
İraqın bu ölkədəki səfirlərinin, habelə
dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə
Azərbaycan və gürcü bəstəkarlarının əsərləri
ifa edilib. Konsertdə Azərbaycanın Gürcüstandakı
Səfiri Namiq Əliyev çıxış edib. Xatirə
konsertində Gürcüstan prezidentinin anası Giuli Alasaniya
da iştirak edib.
Xocalı soyqırımının
ildönümü münasibətilə "İrəli"
İctimai Birliyinin dəstəyilə Avropanın 9 şəhərində
aksiyalar və tədbirlər keçiriləcək. Tədbirlər
Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya,
Litva və Estoniyada təşkil olunur. "İrəli"
İctimai Birliyi hazırlıq işlərini
yekunlaşdırmaq üzrədir.
Xalq Cəbhəsi.- 2010.- 26 fevral.- S. 3.