"Sumqayıt hadisələrini
Moskva ermənilərlə birgə təşkil
etmişdi"
Aydın Abi Aydın: "Sovet imperiyası türkləri
parçalamaq, sarsıtmaq üçün bütün vasitələrə
əl atdı"
Musa Yaqub: "Ədəbiyyatımızda
bu yöndə hadisələr kifayət qədər ifadəsini
tapmayıb"
22 il qabaq ermənilər Sumqayıtda qanlı iğtişaş törədərək bunu soydaşlarımızın üstünə atdılar. O zaman hələ də yenidənqurma, aşkarlıq havasının ona hansı fəlakətləri gətirəcəyini anlamayan xalqımız çaş-baş qalmışdı. Sonrakı hadisələr göstərdi ki, ermənilər Qorbaçovun verdiyi imkanlardan məharətlə yararlandılar. Təəssüf ki, Sumqayıt hadisələrindən sonra da baş verənlərdən dərs almadıq. Ermənilərin Azərbaycan Türklərini "vəhşi", "ekstremist" kimi təqdim etməsi yalnız Əhməd Əhmədovun günahlandırılaraq ən ağır cəzaya - güllələnməyə layiq görülməsi ilə müşaiyət olundu. Bu hadisədən sonra ermənilər daha da əl-qol açdılar, daha səylə bütün dünyada özlərinin "fağır" obrazlarını yaratmağa başladılar. Bu gün dünyaya Xocalı faciəsini çətinliklə təqdim etdiyimiz bir vaxtda ermənilər daha səylə onlara qarşı guya türklərin soyqırımı törətməsindən həyasızlıqla danışırlar. Dünya türkə qarşı hədyanlara, onun başına gətirilən fəlakətlərə yenə də biganədir. Bütün bunlar bir qarşısıalınmaz qənaəti bizə deyir: türk ölkələri arasında siyasi-mənəvi əlaqələr daha da güclənməlidir. Erməni gec-tez dünyada təklənəcək. Çünki təməli biclikdən, xəyanətdən yapılmış bir dövlətin, millətin sabahı yoxdur.
1988-ci ilin fevralında Azərbaycanın iri sənaye şəhərlərindən biri olan Sumqayıtda baş verən dəhşətli olaylarda Azərbaycanın, soydaşlarımızın qətiyyən günahı olmadığını dünyaya tam sübut edə bilməmişik. Fakt budur ki, bu hadisələrdə daha çox günahlandırılan və ən ağır cəzaya məruz qalanlar soydaşlarımız oldu. Sumqayıt hadisələrindən sonra ermənilər daha köklü bəhanə tapdılar, Azərbaycan Türklərini dədə-baba torpaqlarından deportasiya etdilər. Sumqayıt hadisələrini Moskva ermənilərlə birgə təşkil etmişdi. Ermənilər Sumqayıt hadisələrindən məharətlə bəhrələndilər. O dövrdə hakimiyyət başında olan Qorbaçovun köməkçilərinin hamısı ermənilər idi. Şübhəsiz, tarix boyunca fürsətcil olan ermənilər bu vəziyyətdən də xeyirlərinə istifadə etdilər.
Araşdırmaçı Teyyub Qurban deyir ki, bu cür hadisələr keçmiş SSRİ zamanında Azərbaycanda vaxtaşırı təşkil edilirdi ki, xalqımızın mübarizlik, döyüşkənlik əzmi qırılsın: "1920-ci ildə Rusiya yenidən Azərbaycanı işğal etdi. Rusiya imperiyası Azərbaycanın müstəqil olması istəyi ilə heç cür barışmaq istəmirdi. Vaxtilə 1-ci Pyotrun vəsiyyətləri bolşeviklər tərəfindən də canla-başla yerinə yetirildi. Sumqayıt hadisələri də o dövrdə imperiyanın bu istiqamətdəki maraqlarına xidmət edirdi. Bütün hadisələr əvvəlcədən planlaşdırılmışdı. Son nəticədə günahkar Azərbaycan türkləri oldu. Əhməd Əhmədovun bütün bu cinayətlərin əsas təşkilatçısı və cinayətkar kimi güllələnməsi bizim bir millət olaraq ekstremist obrazımızın yaradılmasına xidmət edirdi".
Professor Aydın Abi Aydın deyir: "Zahirən bu hadisələrdə özbaşınalığın olduğunu deyirlər, amma bütün bu işlər əvvəlcədən planlaşdırılmışdı. Sovet imperiyası türkləri parçalamaq, sarsıtmaq üçün bütün vasitələrə əl atdı. Bütün bu hadisələrin qarşısının alınması bəlkə də mümkün olardı, amma sadə adamlar imperiyanın hansı planları gerçəkləşdirmək istədiyindən xəbərsiz idi. Hər halda o dövrdə "sapı özümüzdən olan baltalar" da bu işdə canfəşanlıq etdilər. Təəsssüf ki, bu qanlı olaylar baş verdi. Camaatı qızışdırdılar."
Sosioloq Əhməd Qəşəmoğlu: "O dövrdə Azərbaycanda hakimiyyətdə olanlar qlobal hadisələrin mahiyyətini axıra kimi dərk edə bilmirdilər. Hadisələrin qarşısını almaqla qabaqlayıcı tədbirlər görmək, əhali arasında təbliğat aparmaq olardı. Ancaq hadisələr əhali üçün gözlənilməz və qaçılmaz oldu. O dövrdə dünyaya yeni düzənin gətirilməsi ideyası vardı: artıq SSRİ dağılırdı. Bu zaman SSRİ-nin elə nöqtələrini axtarırdılar ki, o nöqtələr daha ağrılı olsun, zərbə dəyərkən imperiyanın dağılması daha da sürətlənsin. Plan vardı ki, qan tökülsün, Azərbaycanda yaşayan ermənilərdə bizə qarşı nifrət hissi yaransın. Sonradan ermənilər bu amillərdən mükəmməl texnologiya kimi beynəlxalq səviyyədə istifadə etdilər. Hadisələrin məhz Sumqayıtda baş verməsi əlverişli bir məkan olaraq seçilmişdi, hər şey əvvəlcədən məharətlə ölçülüb-biçilmişdi". Professor Qüdrət Əbdülsəlimzadə bildirir ki, Sumqayıt hadisələri vaxtilə bizim əleyhimizə yönəldilmiş ümumi siyasətin tərkib hissəsidir.
Tanınmış şair Musa Yaqubun fikrincə, Sumqayıt hadisələri bizim əleyhimizə çox məharətli şəkildə təşkil edilmiş qanlı olaylar idi: "Təəssüf ki, bu yöndə ittihamlara vaxtında cavab verilmədi. Ədəbiyyatımızda bu yöndə hadisələr kifayət qədər ifadəsini tapmayıb. Təəssüf ki, bir millət olaraq ayılma prosesi bizdə həmişə ləng gedir. Fəlakətlərimizin dünyada sədalanması yaxşı əlamətdir, çünki dünya başımıza gələnlərdən xəbərdar olur. Ancaq çox zaman bu fəlakətlərin günahkarlarını daha çox öz içimizdə axtarırıq. Çox gec ayılmağımız ən böyük səhvlərimizdən biridir. İtirdiklərimizi qaytarmaq bizim üçün çox çətin olacaq".
Adətən elə millətlər olur ki, onlar başlarına nə gəlsə belə sonda özündə güc tapa və ayaqda qala bilir. Bu mənada hazırda almanların və yaponların millət olaraq özlərini təsdiq etmələri hamıya aydındır. Təəssüf ki, türk tarixən güclü, qüdrətli olduğu dərəcədə müəyyən məqamlarda dostu ilə düşmənini ayıra bilmir, onu gözləyən faciələri qabaqcadan görmür. Bu səbəbdən də Azərbaycanda fəlakətlərdən dərs almaq ənənəsi yaranmalıdır. Bəlkə də bizdə səmimilikdən, ya da xeyirxahlıqdan doğan güzəştlər həmişə çox olub. Bu hal demək olar bütün soydaşlarımızın daxilindədir. İndi də rus şovinizmi yaşayır, erməni öz mənfur istəklərindən qətiyyən əl çəkməyib. Dünya, eləcə də Rusiya dərinə gedəndə ermənini müdafiə edir. Biz çox zaman fəlakətlərimizin baş vermə səbəbini görə-görə onu demirik. Demirik ki, Xocalı faciəsini ermənidən çox rus yaratdı. Ruslar özləri açıq şəkildə deyirlər ki, Qafqazdakı problemlərin açarı bizim əlimizdədir.
Yadımdadır, neçə il qabaq Sumqayıtda yaşayan Əhmədovlar ailəsində olmuşdum. O zaman sifətində neçə ilin kədəri olan Əhmədin anası danışırdı ki, Əhmədin atası bu faciəyə tab gətirə bilmədi. Əhməd o zaman Sumqayıtdakı zavodlardan birində fəhlə kimi işləyirmiş. Həmin hadisələrdən çox az sonra onu gəlib evdə həbs etmişdilər. Əhməd nişanlı idi. Hakam gəncə evlənmək qismət olmamışdı. Ana danışırdı ki, o zaman Əhmədin aylarla sürən məhkəməsi zamanı Əhmədovlar ailəsi demək olar, tək qaldı. Moskvadakı məhkəmə zamanı ermənilər dəstə-dəstə gəlir, iştirak edir, çoxlu şahidlər peyda olurdu. İş o yerə çatır ki, vəkil Əhmədə güllələnmə hökmü kəsilməyəcəyi barədə Əhmədovları inandıra bilir. Pulsuzluq, evsizlik ucbatından Moskvada qala bilməyən Əhmədin valideynləri Sumqayıta qayıtmağa məcbur olur. Üstündən aylar keçəndən sonra valideynlər SSRİ Ali Məhkəməsindən Əhmədin güllələnməsi barədə hökmün icra olunduğu barədə sənəd almışdılar.
Tanınmış tarixçi-alim İsrafil Məmmədovun qənaətləri çox maraqlıdır: "Sumqayıt hadisələri barədə danışarkən gərək faktlar qətiyyən təhrif olunmasın. Sumqayıt hadisələrindən sonra ermənilər daha köklü bəhanə tapdılar, Azərbaycan türklərini dədə-baba torpaqlarından deportasiya etdilər. Sumqayıt hadisələrini Moskva ermənilərlə birgə təşkil etmişdi. Ermənilər Sumqayıt hadisələrindən məharətlə bəhrələndilər. O dövrdə hakimiyyət başında olan Qorbaçovun köməkçilərinin hamısı ermənilər idi. Şübhəsiz, tarix boyunca fürsətcil olan ermənilər bu vəziyyətdən də xeyirlərinə istifadə etdilər. Sumqayıt hadisələrindən sonra da o dövrdə Azərbaycanda hakimiyyət başında olanlar Moskva və İrəvan qarşısında məsələ qaldırmadılar ki, bu faciəni Azərbaycan törətməyib. Azərbaycanın o vaxtkı idarəçiləri, təhlükəsizlik orqanları bilməliydilər ki, ermənilərdən üzvlük haqqı yığılırdı, ermənilər banklardakı pullarını çıxarırdılar. Ermənilər belə bir dəhşətli hadisənin olacağını bildiklərindən əvvəlcədən əmlaklarını Sumqayıtdan çıxarmağa başlamışdılar. Biz təəssüf ki, bu faktlardan istifadə edə bilmədik. Həticədə Moskva və ermənilər bu faciəni bizim boynumuza atdılar. Sumqayıt hadisələrində günahsız soydaşlarımızı məhkəməyə çəkdilər, halbuki onların heç bir günahı yox idi. Faciənin günahkarları isə tamamilə kənarda qaldılar. Həmin vaxt hadisənin təşkilatçıları Moskvadan və İrəvandan gəlib Bakının mehmanxanalarında yerləşmişdilər, ancaq təhlükəsizlik orqanlarımız və yerli hakimiyyət bu fakta fikir vermirdilər. Sumqayıtın müxtəlif yerlərində əvvəlcədən kamera quraşdırılmışdı, hər şeyi çəkirdilər, qara plaşlıların kimliyilə maraqlanan yox idi. Sumqayıt hadisələrinin Azərbaycana qarşı törədilən ən böyük cinayət olduğuna respublika rəhbərliyi səviyyəsində açıq münasibət bildirilməliydi, ancaq təəssüf ki, bu olmadı".
Ermənistanı sonuncu tərk edən soydaşlarımızdan biri kimi İsrafil müəllim o dövrdə Ermənistanda yaşayan ermənilərin Sumqayıt hadisələrinə reaksiyasını belə xatırlayır: "Bu məsələyə Ermənistanda ikili münasibət vardı. Bir İrəvan ermənisi danışırdı ki, Sumqayıtda yaşayan qardaşını onun qonşusu olan Azərbaycan türkü maşınına mindirib, gətirib "Minvod"dan yola salıb ki, heç bir problemlə üzləşməsin. Ancaq ermənilər Sumqayıtdan gələnlərin guya "al-qan içində olduqlarını" göstərmək üçün təyyarədən "yaralıları" düşürərkən qırmızı rəng tökürdülər, bunu televiziya ilə dəfələrlə göstərirdilər. Bununla da erməniləri Ermənistanda yaşayan Azərbaycan türklərinə qarşı ayağa qaldırırdılar. Az sonra Ermənistan rəsmi şəkildə televiziya ilə elan etdi ki, Azərbaycan Ermənistana qarşı müharibəyə başlayıb, hamı silahlansın. Sumqayıt hadisələri Ermənistanda yaşayan soydaşlarımızın deportasiyasını xeyli sürətləndirdi. Sumqayıt hadisələrinə hələ tam qiymət verilməyib. Heç bir soydaşımızın bu hadisələrdə günahı yoxdur. İndiyə qədər hələ bu hadisələrin əsl təşkilatçıları haqqında danışılmır".
Tarixçi-alim
Azad Rzayev hesab edir ki, Sumqayıt hadisələrinin baş vermə
səbəbləri bundan sonra da
araşdırılmalıdır: "Özü də
problemin daha ciddi şəkildə öyrənilməsinə gərək
var. Bəzi məsələlərin təfərrüatı
artıq bizə aydındır. Ancaq bu məqamları hərtərəfli
araşdırmasaq, o zaman sabah üçün tam təəssürat
yaranmayacaq. Məlumdur ki, o zaman artıq
soydaşlarımızın Ermənistandakı dədə-baba
torpaqlarından köçü başlamışdı. Ermənilər
Sumqayıtda vəziyyəti gərginləşdirmək
üçün çoxdan hazırlaşmışdılar.
Vəziyyətin daha da gərginləşməsi onsuz da əsəbləri
tarıma çəkilmiş bəzi
soydaşlarımızı təbdən çıxardı.
Ermənilər əllərindən gələni etdilər ki,
aranı qızışdırsınlar. Ermənilərin
Sumqayıt hadisələrinə əvvəlcədən
hazırlaşmasının sübutu o idi ki, çəkilişlər
aparmaq, şəkillər çəkmək və s.
üçün hər şeyi
planlaşdırmışdılar. Sumayıt hadisələrinin
şahidləri sağdır. Bu mənada şahid fikirləri daha məntiqlidir."
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 27 fevral.- S.14.