Azərbaycanın toy mərasimləri

 

Böyük sevgi olan yerdə sarsılmaz ailə yaranır

 

II yazı

 

Nağıllarımızda rast gəldiyimiz üç gün-üç gecə, yeddi gün-yeddi gecə, (yaxud da 40 gün-40 gecəlik) keçirilən toylar heç də şişirtmə rəqəmlər olmayıb, özünü yaxın günlərə, zamanlaradək qoruyub saxlayıbmış. Bu da xalqımızın toy məsələsinə böyük önəm verməsi ilə ölçülür. Çünki Azərbaycan xalqı toya çox böyük hadisə kimi baxıb.

Xalqımızın bir müdrik deyimi var: "Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir". Bu kəlam praktik olaraq həyata keçirilib, nəsillərdən-nəsillərə ərməğan olaraq ötürülmüş bir ənənədir. Övladın tərbiyəsinin qayğısına qalmaq ənənəsi! Valideyn övladını tərbiyəli böyütməklə ilk növbədə onu öz nəslinin-tayfasının adını ucaldacaq bir varis kimi görmək, ikincisi, camaat içinə-cəmiyyətə bir ləyaqətli vətəndaş kimi təqdim etmək istəyir. Nəslin adını batıracaq övladı nəinki valideyn özü üçün, həm də ulu keçmişi-dədə-babaları üçün təhqir, başıaşağılıq saydığından övladın tərbiyəsini önə çəkib. Valideyn övladı üçün qız seçib-bəyənəndə evinə gəlin gətirəcəyi adamın əslini-kökünü axtarıb-arayırdı, "ot kökü üstə bitər" deyə əsilli-köklü bir yerdən oğul evləndirməyə səy göstərərdilər. Belə düşünülərdi ki, övladın tərbiyəsi dünyaya gəlməmişdən çox qabaq başlamalıdır. Çünki övlada ana tərbiyə verər, bəs uşağın anası hansı əqidənin yiyəsidir, hansı kökdən-ocaqdandır məsələsi irəlicədən düşünülürdü. Bu kimi məsələlər irəlicədən düşünüldüyündən, yüz ölçülüb-bir biçilmiş ailə qurmaq, evlənmək məsələsinin mərasimi aktı olan toy şənlikləri bu cür yüksək səviyyədə - 3 gün-3 gecə, 7 gün-7 gecə (40 gün-40 gecə) şadyanalıqla keçirilərdi. Özü də hər kəsin ömründə bir dəfə olacaq möhtəşəm hadisə kimi! Türk xalqları bəşər mədəniyyətinin lap ilkin çağlarından, dinlərdən öncəki çağlardan da monoqam ailə tipini özünə həyat-tale devizi seçib. Bu səbəbdəndir ki, bugünün özündə təsadüfən rast gəlinən ikiarvadlı (çoxarvadlı) kişilərə gülünc, istehza obyekti kimi yanaşırıq. Bu, qan yaddaşından doğan keyfiyyətimizdir - təkarvadlı ailə prinsipimizi əzəldən-axıradək yaşatmaq amalımızdır.

Nikah formalarından yalnız biri - monoqamiya tipi türk xalqları və o cümlədən, Azərbaycan xalqı üçün ta yaranış çağlarından xarakterikdir. Türk xalqlarında ancaq monoqam ailə forması mövcud olub. Türk (Azərbaycan) ailəsi təkarvadlıq prinsiri üzərində qurulub-formalaşıb. "Qızqaçırmaq" sözünü rusca, ya başqa dilə tərcümədə "qız oğurlama" kimi göstərirlər. Bu "oğurluq" ifadəsi özünü yalnız hərfi tərcümə kimi göstərdiyindən - sətri mənada anlaşıldığından cinayət kimi səslənir. Yəni adi soyğunçuluq, qarət, oğurluq mənasında düşünüldüyündən, konstitusiyada bu məsələ cinayət xarakterli məsələ kimi əksini tarıb.

"Qızqaçırma" adətindən yaranan "qız oğurlamaq" ifadəsini sərbəst söz birləşməsi kimi anlamaq düzgün prinsir deyil. Bu ifadə istər öz dilimizdə, istərsə də yad dillərə tərcümədə sabit söz birləşməsi kimi anlaşılıb izah edilməlidir. Bəs "qızqaçırma" adəti özündə nə ilə əlamətdardır? XIX yüzil Azərbaycan ədəbiyyatında maarifçi-realizmin məşhur nümayəndəsi İsmayıl bəy Qutqaşınlı ölkəmizdən xaricdə təhsil almasına, bir sıra xarici dilləri öyrənməsinə baxmayaraq, xalqımızın mental keyfiyyətlərini xalqın övladı kimi çox gözəl bilirdi və hətta Polşada olarkən fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" hekayəsinin ruhunda tipik azərbaycan-türk məişətini təsvir etmişdi. Təkcə bu əsərdən çıxış etməklə biz qızqaçırma səhnəsinin necə olduğunu dünya ictimaiyyətinə təhrifsiz-filansız nümayiş etdirə bilərik. Rəşid bəyin dilindən "Ah, Səadət! Səadət! Bilsən ki, bu adı gündə min dəfə də olsa təkrar etmək mənə nə dərəcədə xoşdur!" kimi kəlamlar Şərqin sevgi-eşq fəlsəfəsinin ruhunu ifadə etmirmi? Məgər bu müqəddəs duyğular üstündə sevgilisi Səadəti at belinə alıb göz önündən itirməsi - qızqaçırma səhnəsi adi oğurluqla eyniləşə bilərmi və üstəlik bu "qızqaçırma"nın üstünə cinayətkarlıq damğası basıb ona hərfi mənada "qız oğurlama" cəzası tətbiq etmək ədalətli qərar ola bilərmi? Sırf milli-psixoloji məsələ olan qızqaçırma adət-ənənəsi elat türk tayfasının özünəməxsus mənəvi keyfiyyətlərindəndir. Qızqaçırmanın, hüquqi dillə desək, "qızoğurlama"nın özündə bir mərdlik-kişilik keyfiyyəti gizlənib və sevdiyi qızın yolunda döşünü qabağa verən bir Azərbaycan cəngavərinin - aşiqin fədakarlığı görünür. Həqiqi eşq ilə sevən aşiq sevdiyi qızı "oğurlayırsa" - qaçırırsa, onu pis niyyət üçün - əxlaqsızlıq əməli kimi eləmir, əksinə, onunla müqəddəs izdivac xatirinə -xoşbəxt ailə qurmaq naminə bu canfəşanlığı edir. Qızqaçırma adətinin kökündə də monoqam ailə qurmaq tipi dayanır: sadəcə olaraq, ailə qurmaq yolunda görülən toya qədərki dəm-dəstgah (toy tədarükləri) ixtisara salınmış olur. Yəni nəticəsi onsuz da qaçırılan qızın bir müddət keçəndən sonra el ağsaqqalları və ağbirçəklərinin başçılığı və məsləhəti - xeyir-duaları əsasında barışıq sülhü ilə başa çatır.

Etiraf edək ki, mənəvi mühit o qədər korlanıb ki, yalandan bir-birinə sevgi vədi verib axırda evlənməyən gənclər mövcuddur. Hər iki tərəf bir-birinə aldanır, bir-birini aldadır. Ancaq bunun əksinə olaraq qızqaçırma adətində qız qaçıran oğlan kasıb da olsa, mərdcəsinə hərəkət edir, istədiyini götürüb aradan çıxmaqla - qız qaçırmaqla konkret şəkildə ailə qurmağa qəti qərar vermiş olur. Milli düşüncəmizdə, psixologiyamızda, təfəkkür tərzimizdə qızqaçırma özü müqəddəs bir missiyaya xidmət edir ki, nəticəsi də xoşbəxt ailə qurmaqla tamamlanır. Mərhum folklorşünas-alim Mürsəl Həkimov bir dəfə söhbət edirdi ki, cavan vaxtı bir qızı sevirdi: "Ancaq qız mənə "yox" cavabı verdi, mən də milisin, istintaqa düşməyin qorxusundan daha sevgimi içimdə gizlin saxladım, qıza qarşı başqa bir hərəkət edib onu qaçırda bilmədim. Aradan xeyli illər keçəndən sonra bir dəfə bir məclisdə yaşlı, ağbirçək qadının mənə yaxınlaşdığını gördüm. Mənimlə görüşdü, salamlaşdısa da, tanıya bilmədim. Özü tanışlıq verdi, xatırlatdı ki, bəs gəncliyində sənin sevdiyin qızam, bəs məni o vaxt niyə qaçırmadın, indi ata evimdə qız qalıb qarımışam. Həmin ağbirçək qızın etirafı həyat həqiqəti idi".

"Anasına bax qızını al, qırağına bax, bezini al" məsəli onu göstərir ki, xalqımızın övlad hələ nəinki dünyaya gəlməmişdən öncə, hələ dünyaya gələcək övlada hansı qızı ana seçmək məsələsindən başlayırdı övlada tərbiyə vermək məsələsi. Çünki türklərdə təkarvadlılıq prinsipi hakim idi. Türklər ömürlərində bir dəfə evlənir, övladlarının-özlərindən sonra nəsli, tayfanı davam etdirəcək uşaqların hansı anadan öyüd, tərbiyə almalarının bəri başdan qayğısına qalırdılar. Tərbiyə məsələsinin həm də genetik kodla nəsildən-nəsilə ötürüldüyünə əmin idilər. "Ot kökü üstə bitər" - deyə valideynlər həm də qızlarını hansı oğlana verəcəklərini düşünərək qızlarının taleyini hansı əllərə tarşıracaqlarından narahat olurdular. Yəni təkcə oğlanlarına qız seçib-bəyənmək yox, həm də qarşılıqlı olaraq qızlarını hansı nəslə, tayfaya ərə verəcəklərini də götür-qoy edən xalqımız "7 arxadönənini" tanımayanları zatıqırıq, əsilsiz, köksüz hesab edib. Bu kimi məsələlər bir daha Azərbaycan xalqı üçün monoqam ailə tipinin xarakterik olduğunu söyləməyə əsas verir.

Bundan başqa, gəlinlik paltarının rənginin qırmızı çalarda olması da tarixən bizdə monoqam ailə tipinin olmasına işarə vurur. Düzdür, müasir toylarımızın gəlinlik paltarının rəngi Avropa stilinə uyğun olaraq rəngdədir. Ancaq 1980-ci illərin sonlarınadək Cəbrayıl rayonunda keçirilən toy şənliklərində gəlinin paltarının qırmızı rəngdə olması, hətta Türkiyədə bu cəhətdən daha da mühafizəkar şəkildə gəlinlik paltarının qırmızı rəngdə olması bir daha onu göstərir ki, gəlinlik qədimdə qırmızı rəngdə olubmuş. Qırmızı isə bakirəlik simvolunu işarələyir. Hətta bəkarət prinsiri o dərəcədə gözlənilib ki, sevgidən doğan qısqanclıq duyğusu bir bayatımızda belə ifadə edilib:

 

Əzizim, baxdı yarım,

Könlümün taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım?

 

Beləcə, "Hətta üzdə-simada olacaq göz izinə-nəzərə görə qısqanılan sevgilini başqası əvəz edə bilərmi?"- sualına yox cavabı verərik və bu cavab məntiqi şəkildə bir daha türklərdə təkarvadlılıq deyilən ailə tipinin yaranışdan formalaşdığını təsdiq edir. Təkarvadlılıq prinsiri həm də qadına-arvada və ümumiyyətlə, anaya qoyulan böyük hörmətin təzahürüdür. Yəni islamdakı siğə prinsiri ilə yanaşılan çoxarvadlılıq amili 1300 ildə qəbul etdiyimiz dinin təbliğatı ilə olsa belə Azərbaycan cəmiyyətinə təsir etməyib, sakral azərbaycanlı-türk ailəsi öz möhkəmliyini qoruyub saxlayıb, monoqam ailə tipinin kristal təbiətini heç bir qüvvə sındıra bilməyib. Kişilər arvadlarına sonsuz sevgi bəsləməklə onları başqalarına qısqandığı kimi, qarşılıqlı olaraq həm də qadınlarımız ərlərini yad qadınlara qısqanıblar. Böyük sevgi olan yerdə isə sarsılmaz ailə mövcuddur. Zəngilan rayonunun Zərnəli kəndindən olan Zeynəb Babayevadan toplanan aşağıdakı nümunələrdə - folklor mətnlərində roetik şəkildə yar-yoldaşın əvəzolunmazlığı vurğulanır:

 

Səhəngin ağzı burma,

Doldurub yana durma.

İgid sənə deyərəm,

Gəlibsən, geri durma!

 

Bulağın başı mənəm,

Üstünün daşı mənəm.

Hələ bilmirsən, ey yar,

Gecə yoldaşı mənəm.

 

Təndirə daş qoymuşam,

Üstə lavaş qoymuşam.

Gündüz gəlmə, gecə gəl,

Böyrümü boş qoymuşam.

 

Gətirilən poetik mətnlər toy mərasimlərində icra olunan ayin rituallar bütövlükdə öyrənilərsə, yüzillərin arxasında gizlənmiş mifoloji çalarlara da aydınlıq gətirə bilərik.   

 

 

 Şakir Albalıyev

 

 Xalq Cəbhəsi.- 2010.- 2 iyul.- S.14.