Türk epos yaradıcılığı və Şumer dastanları

 

Tarixdə türklər qədər çox və zəngin qəhrəmanlıq dastanları yaratmış xalq yoxdur

 

I yazı

 

Türk epos yaradıcılığının çox qədim tarixi var. Təkcə "Kitabi-Dədə Qorqud" kimi kamil, bitkin və bənzərsiz bir eposu ərsəyə gətirmək üçün neçə minillik dastan yaradıcılığı təcrübə və ənənəsi tələb olunurdu. Ona görə cəsarətlə demək olar ki, türk epos yaradıcılığı çox zəngin təcrübə və ənənə üzərində inkişaf edərək bugünkü səviyyəyə yüksəlib. Türklər "Kitabi-Dədə Qorqud"a qədər onlarla dastan yaradıblar. Ancaq həmin dastanlar da hələ başlanğıc deyil. Başlanğıcı bir qədər də dərinliklərdə, qədimlərdə axtarmaq lazımdır. Şumer folkloru və ədəbiyyatı ilə tanışlıq bu gün bir çox qaranlıq səhifələrin üstünə işıq salır. İndi bəlli olur ki, türk epos yaradıcılığı Şumer folklorundan qaynaqlanır. "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarında bu fikri söyləməyə əsas verən yetərincə faktlar var.

Şumer qəhrəmanlıq dastanları ilə "Oğuz Kağan", "Manas", "Kitabi-Dədə Qorqud", "Koroğlu" və digər türk eposları arasında həm forma, həm də məzmun, ideya, süjet oxşarlıqları aydın nəzərə çarpır. Bundan başqa bədii ifadə və təsvir vasitələri, poetik üslub çalarları arasında da bir qaynağa bağlanan çox səciyyəvi elementlər var. Hər şeydən öncə, Şumer qəhrəmanlıq dastanlarının hamısı nəzmlə yazılıb. Bu ənənə sonralar türk epos yaradıcılığında uğurla davam etdirilib. Oğuznamələrin çoxu yalnız nəzmdən ibarətdir. "Manas" kimi 400 min misradan ibarət möhtəşəm bir türk eposunda nəsr yoxdur. "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarında bu ənənə yeni bir mərhələyə keçərək nəzmlə nəsr parçaları yüksək səviyyədə sintezləşdirilib, növbələşdirilib.

E.Əlibəyzadə 2007-ci ildə işıq üzü görmüş "Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları" kitabında "Bilqamıs" dastanı və "Kitabi-Dədə Qorqud" eposu arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib, maraqlı nəticələr çıxarıb. Bu, çox geniş bir tədqiqatın mövzusudur. Adı çəkilən kitabda toxunulmamış məsələlər, tutuşdurulmamış oxşarlıqlar hələ çoxdur. E.Əlibəyzadənin yığcam, daha doğrusu, tezislər şəklində toxunduğu bir sıra məsələlərin də daha geniş, hərtərəfli araşdırılmasına ehtiyac duyulur.

Azərbaycanda hələlik çox az öyrənilmiş "Oğuz Kağan" dastanının bütün mifoloji qatları Şumer Tanrılar panteonu və mifoloji mətnləri ilə yaxından səsləşir. Tanrıçılıq ideyası, Tanrıya bağlılıq, Tanrı başlanğıcına inam, Tanrının böyüklüyü, ululuğu "Oğuz Kağan" dastanında çox aydın ifadə edilib. Eramızdan çox-çox əvvəlki dövrlərdə yaranmış və uyğur hərflərilə türk dilində mövcud olan yeganə əlyazması Paris Milli kitabxanasında saxlanan "Oğuz Kağan" dastanından bəlli olur ki, "Oğuz Kağanın yanında ağ saqqallı, qır (qara yaxud gur) saçlı, uzun təcrübəli bir ixtiyar vardı. O, anlayışlı və əsil bir adamdı. Oğuz Kağanın naziri idi. Adı da Uluğ Türük idi". Diqqət edin: Uluğ Türük! Kitabı çapa hazırlayan Məhərrəm Erginin də doğru olaraq dediyi kimi, "Uluğ Türük-Ulu Türk" deməkdir. "Ulu" sözü şumerlərdə "Tanrı" sözünün sinonimi olub, "il", "ilu", "ulu" şəkillərində yazılıb. Bu gün də dilimizdə "Tanrı" sözü çox zaman "ulu" epitetiylə birlikdə işlədilir.

"Oğuz Kağan" dastanındakı Ulu Türük şəxs adıyla Şumer panteonundakı Turuk/Türk Tanrı adının eyniliyi göz önündədir və bu bağlılıq türk etnoniminin tarixini daha qədimlərdə axtarmağı tələb edir. Oğuz Kağanın Tanrı mənşəliyi də bu axtarışların mənasız olmadığını göstərir. Məsələn, Oğuz Kağanın oğlanlarının Ay xan, Gün xan, Ulduz xan, Dəniz xan, Dağ xan və Göy xan adlanması dastanı birbaşa Şumer Tanrılar panteonu ilə bağlayır. Bilirik ki, Şumer panteonunda Ay da, Gün də Tanrıdır. İlk xaqanların/xanların da Tanrılar olduğunu bilirik. Oğuz Kağanın oğlanlarının adlarındakı "xan" epiteti məhz ordan qaynaqlanır. Göy ilk Tanrının - Abın adıdır. "Ab" sözü sonradan göylə əvəz olunub, Göy tanrıçılıq da burdan yaranıb. İlk Tanrı Ab sonralar Göy Tanrıya çevrilib. Dəniz su deməkdir. Xəzər dənizinin ilk adı Absu-Göy dənizi, Səma dənizi olub. Ona görə Dəniz adı su, Dağ adı torpaq başlanğıcını ifadə edir."Oğuz Kağan" dastanını Şumer Tanrılar panteonu ilə bağlayan digər motivlər də var. Dastanın sonunda Oğuz Kağan oğlanlarına "Ben Gök Tanrıya (borcumu) ödedim" deyir. Dastanda Uluğ Türük, Uluğ Ordu bey adları çəkilir. Göy Tanrı adı yuxarıdakı fikrin doğruluğunu aydın göstərir. Digər faktlar da az söz demir.

"Bilqamıs" dastanının dilimizə ilk və yeganə tərcüməçisi İsmayıl Vəliyev Şumer-Azərbaycan folklor örnəklərindəki bu cür oxşarlıqları, səsləşmələri, qan yaddaşı vasitəsilə ötürülən süjet, fikir, təsvir eyniliklərini görüb, onları tədqiq etməyin elmi əhəmiyyətini xüsusi vurğulayıb: "Əski Şumer dastan və nəğmələrində Azərbaycan folkloruna, nağıl və əfsanələrinə yaxın olan çoxlu süjet, fikir, bədii deyim, bənzətmə və s. var. "Bilqamıs" dastanı, "Kitabi-Dədə Qorqud" boyları və "Koroğlu" dastanı arasında mühüm əlaqə bağları var. Hətta şumerlərin bir çox ad və soyköklərinə müasir dilimizdə rast gəlinir. Tədqiqatlar genişləndikcə, təbii ki, yeni elmi bəxşişlər, sürprizlər meydana gələcək. İndiki halda əski şumer, akkad ədəbi mətnlərinin Azərbaycan dilinə çevrilməsinin çox böyük ictimai, ədəbi elmi önəmi var. Gələcəkdə bu xeyirxah iş davam etdirilərsə, ədəbi inkişafımız yeni keyfiyyətlər qazanar, əlvan çalarla zənginləşər".

"Kitabi-Dədə Qorqud"un ilk boyu "Dirsə xan oğlu Buğacın...." boyudur. Bu boyun əsas mahiyyəti Buğacın Bayındır xanın buğası ilə döyüşməsi və onu yıxıb öldürməsidir. Məhz buğanı öldürdükdən sonra Dədə Qorqud Dirsə xanın oğluna Buğac adı qoyur. Vəhşi buğayla insanın qarşılaşmasına bir də eposun "Qanlı Qoca Oğlu Qanturalı" boyunda rast gəlinir. Qanturalı Təkurun qızı Selcan xatunu almağa gedir. Təkur şərt qoyur ki, onun qızını almaq istəyən igid vəhşi buğanı, aslanı və qızmış dəvəni öldürməlidir. Şərtlər çox ağırdır, hər igidin qol qoyacağı şərt deyil, ancaq Selcan xatun da bir gözəldi, ondan keçmək oğuz igidinə yaraşmaz. Qanturalının eşqi aşıb-daşır, onun gözündə buğa da, aslan da, dəvə də öz qorxuncluğunu, dəhşətini itirir.

Biqamıs, Dədə Qorqud və Koroğlu obrazlarında ata-oğul, baba-nəvə varisliyi bir çox keyfiyyətlərdə aydın nəzərə çarpır.

Bilqamıs ağıllıdır, hər şeyi biləndir, müdrikdir. Urukun çarıdır, böyük bir xalqı idarə edir. Dədə Qorqud ağıllıdır, müdrikdir. Hər şeyi biləndir. Oğuzun müşküllərini həll edir.

Koroğlu ağıllıdır, müdrikdir, Çənlibelin ağasıdır, dəlilərin başçısıdır. Çənlibeldəki bütün məsələləri o həll edir.

Bunlar hər üç qəhrəmanın ümumi keyfiyyətləridir. Eyni keyfiyyətlər hər üçündə var. Bir sıra keyfiyyətlərə isə qəhrəmanlardan ikisində rast gəlinir, üçüncüsündə yox!

Bilqamıs da, Koroğlu da sərkərdədir, igiddir, qəhrəmandır. Dədə Qorqud da, Koroğlu da ağsaqqaldır. Birincinin sinəsində qopuz, ikincinin sinəsində saz var. Bilqamısda bunlar yoxdur.

Bilqamısla Dədə Qorqudu bir-birinə yaxınlaşdıran xüsusiyyətlər çoxdur. Biqamısın əbədi həyat, ölməzlik axtarışı isə onun Dəli Domrulla qarşılaşdırılmasına imkan verir. "Kitabi-Dədə Qorqud" eposunda Dəli Domrul ölümlə barışmaq, Əzrayıla can vermək istəmir. Hətta qılıncını çəkib Əzrayılı öldürmək fikrinə düşür. Ancaq neyləsə də, Əzrayılın əlindən yaxa qurtarmaq, ölümdən qaçmaq mümkün olmur. Bax, burda Dəli Domrulla Bilqamısın taleyi bir-birinə oxşayır. Dəli Domrula yüz qırx il ömür verilir. Bilqamıs yüz iyirmi altı il çarlıq edib. Bu iki qəhrəmanı yaxınlaşdıran əlamətlərdən biri də onların hər ikisinin dar ayaqda Tanrıya üz tutmalarıdır. Bilqamıs Enkidu ilə Humbabanı öldürməyə gedərkən Günəş Tanrısı Utu/Şamaşı köməyə çağırır. Şamaş onun səsini eşidir və kömək edir. Dəli Domrul da Tanrıya yalvarır, ondan ömür istəyir. Tanrı onu eşidir və istədiyini yerinə yetirir.

"Koroğlu" eposunda da Tanrıdan kömək ummaq səhnələri çoxdur.

Türk folklorunda, mifologiyasında qurd obrazının xüsusi yeri var. Bu obraza "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarında xüsusi məhəbbət olduğu aydın gözə çarpır. İndi bəlli olur ki, bu sevginin, sayğının kökü "Bilqamıs"a bağlıdır.

Dağlarla bağlı səhnələr həm "Kitabi-Dədə Qorqud", həm də "Koroğlu" eposlarında çoxdur. Bu səhnələrin hamısında dağlar canlı təsvir edilir, insanlar onları özlərinə dost, qardaş, sirdaş sayırlar. "Koroğlu" eposundakı "Dağlar" rədifli qoşma buna çox gözəl örnəkdir. Qoşmanın qafiyələrini yada salmaq kifayətdir: "Sirdaşım dağlar", "yoldaşım dağlar", "ulaşım dağlar", "qardaşım dağlar" və s.

Dağlara bu cür qardaşlıq, sirdaşlıq sevgisinin çox qədim kökləri var. Biz bunu ilk dəfə Şumer folklorunda görürük. Orda da dağlara canlı varlıq kimi müraciət olunur, qəhrəmanlar onlarla dərdləşir, məsləhətləşirlər. "Bilqamıs" dastanının IV lövhəsində Bilqamıs dağa çıxıb onunla danışır:

 

Bilqamıs dağa çıxıb ətrafa göz gəzdirdi.

"Dağ, mənə sən xeyirli yuxu gətir!" söylədi.

 

Dağ Bilqamısın sözünü eşidir, qəhrəman yuxuya gedir, yuxu görür. İtmiş parçaları nəzərə almasaq, kiçik bir lövhədə dağa müraciət və Bilqamısın yuxu görməsi üç dəfə təkrar olunur. Hər dəfə də onun gördüyü yuxu xeyirliyə yozulur, çünki dağ müsbət obrazdır, insanların arxası, köməyi, dostu, sirdaşı və qardaşıdır. Dostun, sirdaşın, qardaşın gətirdiyi yuxu pis ola bilməz. Dağ obrazı haqqında yazanlar onun türkün mifik yaddaşındakı müqəddəsliyinin, ululuğunun hardan qaynaqlandığına diqqət yetirməyiblər. Şumer miflərinə görə, Tufanda Utnapiştinin (Nuhun) gəmisi Nisir dağında dayanıb, insanları dağ xilas edib. Dağ ona görə türkün yaddaşında ululaşıb, müqəddəsləşib.   

 

 

İslam Sadıq,

şair-araşdırmaçı 

 

Xalq Cəbhəsi.- 2010.- 9 iyul.- S.14.