Türk epos
yaradıcılığı və Şumer
dastanları
Tarixdə türklər qədər
çox və zəngin qəhrəmanlıq
dastanları yaratmış
xalq yoxdur
II yazı
Türklərin çox zəngin qəhrəmanlıq tarixinə bilə-bilə göz yumulur. Şumerlərin qəhrəmanlıq tarixi isə sadəcə olaraq unudulur. S.Kramer bununla bağlı haqlı olaraq yazır: "Bu və bundan öncəsi bölümdə verilən Şumer qəhrəmanlıq hekayələri dünya və ədəbiyyat tarixində yeni bir qəhrəmanlıq çağını ortaya qoyur. E.ə. üçüncü minilliyin başlanğıcına aid edilən bu çağ Şumer qəhrəmanlıq dövrü adlanır. Bu, ən əski olan yunan çağından 1500 ildən daha çox öncəyə aiddir, onların hamısının mədəni xətləri bir-birinə oxşardır".
Tarixdə türklər qədər çox və zəngin qəhrəmanlıq dastanları yaratmış xalq yoxdur. Onların hər biri bu xalqın çox böyük qəhrəmanlıq tarixinin yaddaqalan səhifələrinin bədii ifadəsidir. S.Kramer doğru deyir ki, bütün xalqların qəhrəmanlıq tarixləri oxşardır, çünki onların başlanğıcı, qaynağı eynidir: Şumer qəhrəmanlıq tarixi və dastanları!
Türk qəhrəmanlıq dastanlarının da mayası, əti, qanı Şumerə bağlıdır. Bunu "Oğuz Kağan", "Manas", "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposları ilə Şumer qəhrəmanlıq dastanları arasındakı oxşarlıqlar aydın göstərir.
Bu günə qədər Şumer mixi yazılı gil lövhələrindən doqquz qəhrəmanlıq dastanı tapılıb. Onlardan ikisi Enmerkarın ("Enmerkar və Aratta hökmdarı", "Lazur işığında ucalan divarlar"), ikisi Luqalbandanın ("Luqalbanda və Enmerkar", "Luqalbanda və Hurrum dağı"), beşi Bilqamısın ("Bilqamıs və Ağa", "Bilqamıs" dastanı, "Bilqamıs, Enkidu və Yeraltı dünya", "Bilqamis və ölümsüzlər ölkəsi", "Bilqamıs və Humbaba") qəhrəmanlıqlarına həsr olunub. Qəhrəmanlıq dastanlarında qəhrəmanlığın iki motivi daha qabarıq gözə çarpır. Bunun birincisi qorxunc, dəhşətli təbiət qüvvələrinə qarşı mübarizədə göstərilən qəhrəmanlıqdır. "Kitabi-Dədə Qorqud"da Basatın Təpəgözü, "Bilqamıs" və "Bilqamıs və Humbaba" dastanlarında Bilqamısla Enkidunun Humbabanı öldürmələri bu qəhrəmanlığın mayasını təşkil edir. İkincisi, vətəni, ölkəni, yurdu qorumaq, xalqı və torpağı yadlardan asılı vəziyyətə düşməyə qoymamaq uğrunda göstərilən qəhrəmanlıqdır. Şumer dastanlarının çoxunda məhz vətəni, yurdu, torpağı və xalqı qorumaq üçün göstərilən qəhrəmanlıqlardan bəhs edilir. Kiş şəhərinin hökmdarı Ağa, Aratta hökmdarı Ensakuşsiranna Uruku özlərinə tabe etmək, bununla da öz şöhrətlərini artırmaq, öyünmək, qürurlanmaq fikrinə düşürlər. Ancaq Enmerkar, Luqalbanda və Bilqamıs Urukun başqasının tabeliyinə düşməsilə qətiyyən barışmırlar, belə bir halın mümkünlüyünü ağıllarına belə gətirmirlər. Uruku göz bəbəyi kimi qoruyurlar. Oğuz igidlərinin Oğuz ellərini, yurdu, torpağı, vətəni, Koroğlu dəlilərinin Çənlibeli, onun hər qayasını, daşını canından əziz tutub, necə sevdiklərini, qoruduqlarını sonsuz həvəslə, yüksək bədii zövqlə öyən, əbədiləşdirən saz şairlərimiz də Şumer şairlərinin nəvələri, varisləri olublar. Şumer şairləri öz qəhrəmanlarını ürəkdən sevib, onların qəhrəmanlıqlarına gözəl nəğmələr qoşublar. "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarında da bu ənənə yüksək səviyyədə davam etdirilib. Şumer şairləri öz qəhrəmanlarından Bilqamısı daha çox sevib, onun igidliklərini öyməkdən doymayıblar. Hazırda əldə olan doqquz Şumer qəhrəmanlıq dastanından beşinin Bilqamısa həsr edilməsi bu sevgini təsdiqləyən faktlardan biridir. İnsan yarandığı gündən ölümün səbəbləri ilə maraqlanıb, əbədi həyatın sirlərini öyrənməyə çalışıb. Bu mövzu bütün xalqların mifologiyasında, folklorunda və yazılı ədəbiyyatında öz ifadəsini tapıb. Motivin ilkin qaynağı Şumer dastanı "Bilqamıs"dır. Dastandan bilirik ki, dostu Enkidunun ölümündən sonra Bilqamıs bərk qəmgin olur, bir gün özünün də öləcəyini düşünür və əbədi həyat axtarışına başlayır. Ən maraqlısı odur ki, əbədi həyat, ölməzlik Bilqamısın ağlına hardan gəlir? Bu sualın düzgün cavabını yalnız Şumer qaynaqlarında tapmaq mümkündür. Şumer qaynaqlarında açıqca deyilir ki, ilk insanlar Tanrılarla bir yerdə yaşayır, onlara xidmət edirdilər. Əbədi həyat, ölümsüzlük yalnız Tanrılara nəsib olub və bunu da ilk insanlar görüblər. İnsanların əbədi həyat, ölməzlik fikrinə düşmələri məhz bundan qaynaqlanır. Məsələn, Bilqamısın üçdə ikisi Tanrı, üçdə biri insan idi və sonuncu "üçdə bir" onu əbədi həyatdan, ölümsüzlükdən məhrum edir.
Şumerlərdə
əbədi həyatın, ölməzliyin rəmzi həyat
ağacıdır. Onu daim iki müdrik qoruyur. Bu ağac "Məlikməmməd"
nağılındakı alma
ağacına oxşayır.
Almanın meyvəsini
yeyən adam
cavanlaşır. Onu da hər dəfə divlər aparırlar.
Almanı yeyib cavanlaşmaq
motivi "Bilqamıs"
dastanında çiçəklə
cavanalşma motivinə
çox oxşayır.
Orda da ilan çiçəyi
oğurlayır və
qabığını dəyişib
cavanlaşır. Çiçək-alma və ilan-div paralelləri bu motivin geneoloji qaynağını üzə
çıxarmağa kömək
edir. Şumer miflərindəki həyat ağacı "Kitabi-Dədə Qorqud"da
"Qaba ağac" adıyla xatırlanır.
"Qaba" çoxçalarlı
sözdür, hər ifadənin tərkibində
bir başqa məna daşıyır. "Anam adın sorar olsan, Qaba
Ağac" misrasında
gizli bir mənanın kodlaşdırıldığı
aydın görünür.
Ona görə də "qaba" sözünün
burdakı mənası
digər ifadələrdəki
mənalarına uyğun
gəlmir. Şumer dilində
"qaba"- döş,
sinə, qabaq deməkdir. Döşü, sinəni qabırğalar
əmələ gətirir.
Heç
bir şübhə yoxdur ki, qabırğa
sözü qaba (döş, sinə) sözünün törəməsidir.
Bunu təkcə həmin sözlərin oxşarlığı
deyil, sonra görəcəyimiz başqa
faktlar da təsdiqləyir. Bir çox
dünya xalqlarının
mifologiyasına görə,
Həvva Adəmin qabırğasından yaranıb.
Qabırğadan insan yaranması
mifik düşüncənin
sərhədlərindən çıxa bilmir. Burda gerçəkliyin izlərini
də görmək olmur. "Kitabi-Dədə
Qorqud"dakı "Qaba
Ağac"ın mənası
bu mifdəki "Qabırğa"da kodlaşdırılıb.
Şumerlərin "Həyat ağacı"
qabırğa şəklindədir.
Həmin
ağacı iki müdrik qoruyur. Bu ağac və onu qoruyan müdriklər
"Məlikməmməd" nağılındakı alma
ağacını və
Məlikməmmədi yada
salır.
"Kitabi-Dədə
Qorqud"un qəhrəmanlarından
olan Basatın "Anam adın sorar olsan Qaba
Ağac" fikrinin şumer mifik təfəkküründən qaynaqlandığı,
"Həyat ağacı"
ilə "Qaba Ağac" ifadələrinin
eyni anlamda işləndikləri düşünülə
bilər. Bunun əksini düşünmək
üçün hələlik
əlimizdə heç
bir əsas yoxdur. Əgər bunu qəbul
etsək, onda Qağan Aslanın Basatın atası olmasının da sirri açılır.
"Həyat ağacı"nı iki müdrik qoruyur. "Həyat ağacı"
anadırsa, qoruyucular atadır. Şumer miflərində və
arxeoloji qazıntılar
zamanı tapılmış
saysız-hesabsız mədəniyyət
abidələrində qoruyucu
obrazında daha çox şirlərə
(aslanlara) rast gəlinməsi bu fikrin təsdiqinə kömək edən tutarlı dəlillərdir.
Ağacın həyat rəmzi
olması, ana başlanğıcın ondan
qaynaqlanması "Oğuz
Kağan" dastanında
da öz ifadəsini tapıb, burdan da başqa
dastanlara keçib.
Bu motiv "Oğuz Kağan" dastanında belədir: "Yine bir gün Oğuz
Kağan ava
gitti. Önünde bir göl ortasında, bir ağac gördü.
Bu ağacın kovuğunda bir kız vardı, yalnız oturuyordu. Çok güzel bir kızdı. Gözü gökden
daha gök idi; saçı ırmak kibi dalgalı idi; dişi inci kibi idi. Öyle güzeldi ki, eger
yer yüzünün halkı onu görse: Eyvah! Ölüyoruz der ve (tatlı) süt (acı) kımız olurdu. Oğuz Kağan onu
görünce aklı
gitti. Yüregine ateş düştü;
onu sevdi, aldı. Onunla yattı ve dilegini aldı. (Kız) gebe
kaldı. Günler ve
gecelerden sonra (gözleri) parladı ve üç erkek çocuk doğurdu. Birincisine Gök adını
koydular; ikincisine Dağ adını koydular; üçüncüsüne
Deniz adını koydular".
"Oğuz
Kağan" dastanındakı
bu motivə olduğu kimi "Oğuznamə"nin uyğur versiyasında rast gəlinir. Orda da Oğuz Kağan
Ağacın koğuşunda
bir qız görür, onu alır, üç oğlu olur. Hər iki halda Oğuz
Ağacla yox, onun qucağındakı qızla evlənir. Tam aydındır ki, Ağac qızın
anasıdır. Deməli, Ağac
ana başlanğıcı
təmsil edir. Oğuz Kağan bütün varlığıyla
Şumer dünyasına bağlıdır.
Dastanın birinci cümləsindən
bəlli olur ki, Oğuz Ay Kağanın oğludur.
Oğuz Kağanın
birinci qızla evlənməsi də birbaşa Şumer
miflərini xatırladır,
onlarla səsləşir:
"Yine günlerden bir gün Oğuz
Kağan bir yerde Tanrıya yalvarmakta idi. Karanlık bastı. Gökden bir gök işık indi. Güneşten ve aydan daha parlaktı. Oğuz Kağan oraya yürüdü ve gördü ki:
O işığın
içinde bir kız var, yalnız
oturuyor. Çok güzel bir
kızdı. Başında
(alnında) ateşli ve parlak bir
beni vardı,
demir kazık (kutup yıldızı) gibi idi. O kız
öyle güzeldi ki, gülse, Gök Tanrı gülüyor; ağlasa, Gök Tanrı ağlıyordu. Oğuz Kağan onu
görünce aklı
gitti; sevdi, aldı. Onunla yattı ve dilegini aldı. Kız gebe kaldı. Günler ve gecelerden sonra
(gözleri) parladı
ve üç erkek çocuk doğurdu. Birincisine Gün adını
koydular; ikincisine Ay adını koydular; üçüncüsüne Yıldız
adını koydular".
Oğuzun aldığı
işığın içindəki
qız Şumer
miflərindəki İnanna/İştarın obrazını
yada salır. Oğuzun öz oğlanlarına Ay, Gün,
Ulduz, Dəniz, Göy, Dağ adları qoymağı da şumer
miflərilə qırılmaz
tellərlə bağlıdır.
Şumerdə Göy (An), Ay (Nannar/Sin),
Gün (Utu/Şamaş) Tanrılardır.
Oğuz Kağan özü Ay Kağanın oğludur, daha doğrusu, Oğuzu Ay Kağan doğub, bu da onun tanrı
başlanğıcına bağlılığını
göstərir. Oğlanların tanrı adlarıyla adlanması da tanrı başlanğıcını
unutmamaq, yaşatmaq ideyasının təzahürüdür.
Bir çox mütəxəssislər
Oğuz Kağanla Bilqamıs arasında yaxın bağlılıq
görürlər. Arif Acalov
Oğuz Kağanın
da yarımtanrı olduğunu, yaxud ən azı tanrı mənşəliliyini
söyləyir. Bilqamısın isə üçdə ikisi tanrı, üçdə biri insandır.
Yuxarıda aparılan
paralellər aydın göstərir ki, zəngin türk folklorunun, xüsusilə türk dastanlarının
ilkin qaynaqları məhz Şumer
epik təfəkkürünə
bağlıdır. Bütün bu
ədəbi yaradıcılıq
nümunələri, mənəvi
mədəniyyət abidələri
bir-biri ilə qırılmaz etnogenetik tellərlə elə möhkəm bağlıdır
ki, onları ayrı-ayrılıqda öyrənmək,
araşdırmaq heç
vaxt doğru elmi nəticələr verə bilməz. Bu gün türk folklorunun Şumer
qaynaqları əsasında
öyrənilməsi Şumerlərin
mənşəyini, etnik
kimliyini, türklərlə
dil və qan qohumluğunu üzə çıxarmaq
baxımından da böyük elmi əhəmiyyət kəsb
edir.
İslam Sadıq,
şair-araşdırmaçı
Xalq Cəbhəsi.- 2010.- 10 iyul.- S.14