"Qədim musiqi
alətləri xalqımızın zənginliyinin bir sübutudur"
Məcnun
Kərimov: "Balalayka kimi
alətlər qopuzun törəmələridir"
Milli musiqimizin kifayət qədər problemləri olsa da, hələ ki, bu problemlərdən köklü çıxış yolu görünmür. Məsələnin həlli yönündə ictimaiyyətin tanınmış nümayəndələri daim narahatlıqlarını ifadə edirlər, ancaq gedişat onu göstərir ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada bayağı musiqilərə meyl getdikcə daha çox artmaqdadır. Azərbaycan musiqi mədəniyyəti tarixində tar, kamança kimi qədim alətlərimizin özünəməxsus yeri var. Ancaq təəssüf ki, hazırda Azərbaycanda tar və kamança alətlərinə münasibət haradasa atüstüləşib. Səbəbi də çox sadədir. Zahirən Azərbaycanda muğamatdan çox danışıldığı, muğamat üçün yaranmış musiqi alətləri çox təbliğ edildiyi dərəcədə də əslində bu gün zövqlər korlandığı üçün bayağı musiqilər "at oynadır". Nəticədə ciddi musiqi haradasa kölgədə qalır.
Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və rəhbəri Məcnun Kərimovun imzası ictimaiyyətə yaxşı tanışdır.
İlin-günün bu vaxtında, dünyanın özündən, az qala keçmişindən usandığı bir vaxtda belə bir ansamblı yaradaraq inadla yaşatmaq şübhəsiz ki, çətindir. Sübut etməyə ehtiyac yoxdur ki, xalqımız qədim tarixə, mədəniyyətə malikdir. 40 ildən çox davam edən araşdırmalardan sonra müəyyən qənaətlərə gəldiyini deyən M.Kərimov bildirir ki, dünyanın elə bir xalqı yoxdur, onun xalqımız qədər zəngin musiqi mədəniyyəti olsun: "Fikrimin qətiliyinə dünyanın müxtəlif ölkələrində keçirilən çoxsaylı tədbirlərdə iştirakım zamanı tam əmin olmuşam. Həmin tədbirlərdə iştirak edənlər də bu qənaəti söyləyiblər. 80-dən çox musiqi aləti orta yüzillərdə bu ərazilərdə istifadə edilib. Hər halda bu alətlərin ümumşərq cəhətləri olub, bu gün də var. Ancaq bu musiqi alətləri daha çox bizim tarixi ərazilərdə mükəmməl, həm də imkanlarının artırıldığı səviyyədə ifadə olunub. Müxtəlif musiqi alətlərinin Azərbaycanda bir və ya bir neçə forması yaranıb, sonradan bunlar bütün Şərqə, habelə Qərbə yayılıb. Dövrümüzə kimi gəlib çatmış alətlər şübhəsiz, xeyli təkmilləşmə mərhələsi keçib. Bu musiqi alətləri ardıcıl şəkildə məişətimizə daxil olub, ruhumuzun ifadəsi kimi özünü sübut edib. Məsələn, Dədə Qorqudluğumuzdan bir soraq olan qolça qopuz dövrümüzə müasir saz formasında gəlib çatıb. Qopuz 3, çoğur 6, saz isə 9 simli olub. Zaman keçdikcə alətlərin səs diapozonunun gücləndirilməsi tələbatı yaranıb. Qədim musiqi alətləri müxtəlif formalarda dəyişərək indiki formada biçimləniblər."
Hər halda unudulmuş musiqi alətlərinin yenidən həyata qaytarılması onun gələcək qarşısında ən böyük xidmətidir: "Bu, mənim üçün xoşbəxtlikdir ki, unudulmuş qədim musiqi alətlərimiz yenidən əvvəlki imkanları ilə səsləndirilməkdədir. Dünyanın harasında ansamblımız çıxış etdisə, orada böyük maraqla, heyrətlə qarşılandıq". Bu gün sintezator tipli musiqi alətləri çox artıb. Qədim musiqi alətlərinin ifaçılarının bəlkə də uzun müddət az olacağını təxmin etmək olar. Məcnun müəllim deyir, belə hallar gözləniləndir, istər-istəməz onu həmişə qayğılandırır. Həm də babalı gələcək nəsillərin boynuna. İndi görəsən gələcək nəsillər sabah bu alətləri necə yaşadacaq? Bir də görürsən ki, qədimlik adına nə varsa, damğalanır, onlara xor baxılır. Şübhəsiz ki, burada sovet dövrünün xüsusi günahı vardı: bu, həmin dövr idi ki, bir neçə milli alət qaldı, başqalarının inkişaf etdirilməsi arxa plana keçdi. Küçə musiqilərinin, gurultulu havaların artmasının əsası o zaman qoyuldu, belədə o istəyi yaratmağa və yaşatmağa xidmət edən musiqi alətlərinin inkişafına daha çox fikir verildi: "Sovet dövründə hətta "Oxuma tar, oxuma tar, səni sevmir proletar" deyə şairlərimiz də car çəkirdilər. Bütün qadağalara baxmayaraq tar-kamança ölmədi, bu gün əvvəlkindən daha güclü şəkildə və inadla yaşayır. Bütün çətinliklərə baxmayarmaq milli musiqi alətlərimizi yaşatmalıyıq. Biz ötən illərdə ansamblımıza dövlət qayğısını daim hiss etmişik. İndi bizim əlimizi-qolumuzu bağlayan varmı ki, milli musiqi alətlərimizi inkişaf etdirməyək? Dəfələrlə səfərlərdən böyük qalibiyyətlə qayıtmışıq. Bu ansambl xalqımızın zənginliyinin bir sübutudur. Neçə-neçə musiqi aləti bərpa edilməsi, həmin alətlərdə orta yüzillərdə yaranmış musiqilərin ifa olunması elə-belə məsələ deyil. Hələ üstəlik tədbirlərdə orta yüzillərin geyimlərilə çıxış edirik. Bu geyimlər Səfəvilərin dövründəki saray musiqiçilərinin istifadə etdikləri geyimlərdir. Hər konsertdə elə bu geyimdə səhnəyə daxil olan ansamblımızın üzvlərini alqışlarla qarşılayırlar. Tarixən Şərq mədəniyyəti Qərb mədəniyyətindən üstün olub. Hətta bir xeyli musiqi alətlərimiz Şərqdən gəlib, Qərbdə bir müddət təkmiləşib, sonra başqa adla Şərqə qayıdıb. Məsələn, cəng adlı musiqi aləti dediklərimizə sübutdur. Misirdə qazıntılar zamanı 4 min il bundan əvvəl gildən hazırlanmış bir neçə alətin fiquru tapılıb. Hər halda bunun orijinalı olub. Bu alət məzardan tapılıb. Görünür, bu, qadın qəbrindən tapılıb. 9-cu yüzildən tutmuş 16-cı yüzilə kimi bu alət Azərbaycanda geniş yayılıb, özü də müxtəlif növləri olub. Hətta 31 simə kimi inkişaf edərək təkmilləşib. Bu alət 17-ci yüzildə Qərbdə yenidən formalaşıb, bu dəfə adını qoyublar arfa. Arfa yenidən Şərqə qayıdıb, amma bu saat İranda bu alətə yenidən arfa deyirlər. Hər halda yeniləşmiş Şərq alətinin köhnə adıyla Şərqə qayıtması yaxşı əlamətdir."
Klarnet qara neyin bir növüdür.
Orta yüzillərdə
Şərqdə ağ
və qara ney adıyla neylərin növləri olub. Qara ney
qara ağacdan, ağ ney isə
qarğıdan hazırlanıb.
Qara ağac qarağac deyil, bu, qapqara, kömür
kimi bir ağacdır, Azərbaycanın
cənubunda bitir. Qara ney Qərbdə
müasirləşdirilmiş müştük sisteminə
salınıb. Yəni
artıq buraya klapanlar əlavə olunub, diapozonu uzanıb, forması dəyişdirilib, olub klarnet. Bu, son əsrlərin
işidir. İndiki ağ klarnet qara ağacdan, böyük klarnet isə ebonitdən hazırlanır. Bərdbəd
adlı musiqi aləti də Şərqindir. Bu, udun ulu babasıdır. Müəyyən dövrdə
Azərbaycanda xüsusi
formasını alıb.
Qərbdə dombra adı ilə məşhurdur. Hətta qazaxlarda da dombradan
istifadə olunur, bu, udun bir
formasıdır." Balalayka
kimi alətlərin də sazdan bəhrələndiyini deyən
M.Kərimovun qənaəti
belədir ki, bu kimi alətlərin
hamısı ümumiyyətlə
qopuzun törəmələridir.
Dombranın, qopuzun müxtəlif növləri
bizim alətdən təməlini götürüb.
Daha dəqiiq desək, tar, qopuz, Şirvan tənburu sırf Azərbaycan alətləridir. Müasir
tar 19-cu yüzilin məhsuludur.
Yəqin ki, əvvəllər də bu yöndə fikirlər olub. İran tarı deyilən tar da əslində Şiraz tarıdır, onu da azərbaycanlılar ifa ediblər.
Saz türk
ruhunun ifadəsi kimi üzə çıxıb. Türk
tarixən öz məskənində köç
edib. Ona həm zərifliyi, həm də ki, möhtəşəmliyi
ifa də edən saz kimi
bir alət lazım idi: "Müasir saz 16-cı yüzildən bəri formalaşmış bir alətdir. Dədə Qorqudun qolça qopuzu adından da göründüyü kimi qolda gəzdirilib.
Deyilənə görə,
qolça qopuzu Dədə Qorqud icad edib. Əvvəlcə
düzəltdiyi alət
alınmır, çünki
seçdiyi alət düz seçilməyibmiş.
Qopuz üç simli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün
tələbinə görə
inkişaf edib. 9-cu əsrdə qopuzun qolu uzadılıb, alətin kəlləsində
də dəyişikliklər
edilib, hər simin yanına birisi əlavə edilib. Bu, artıq çoğur olub.
15-16-cı yüzillərə kimi çoğurdan geniş istifadə edilib. Tarixi faktlar sübut edir ki, çoğur
döyüşlərdə də sözünü deyib. Sonradan yenə də çoğur təkmilləşdirilib,
yeni simlər əlavə edilib ki, səslər güclənsin."
O, daim çalışır ki,
qədim musiqi alətlərimiz tədrisə
xüsusi şəkildə
cəlb edilsin:" Tanınmış kamançaçalan,
ansamblın konsertmeysteri
Munis Şərifov təkcə çəqanədə
deyil, həm də çəqanə adlı alətdə çox mükəmməl
ifa edir. Bu alətlərin tədrisə
cəlb edilməsi heç də asan məsələ deyil. Bir neçə
il qabaq Azərbaycan, rus və ingilis dillərində 28 musiqi aləti-yəni 10 bərpa
olunmuş, 18 də günümüzə qədər
gəlib çıxmış
musiqi alətləri haqqında məlumat verilib. Kitabın elektron versiyası da var. Bu, dünya musiqi tarixində analoqu olmayan kitabdır. Bu kitabın çıxması ermənilərin
iddialarına qarşı
ən tutarlı cavabdır".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 8 iyul.- S.14.