Kitab Klubunda "Kutsal Öyrəti"nin təqdimatı olub

 

İyulun 3-də Kitab Klubunda Asif Atanın "Kutsal Öyrəti" kitabının təqdimatı olub. Tədbirdə Mütləqə İnam Ocağının övladları və Azərbaycanın tanınmış aydınları iştirak ediblər. Tədbiri giriş sözüylə açan Kitab Klubunun direktoru Elxan Rzayev öncə də burada Mütləqə İnam Ocağının kitablarının təqdimatının keçirildiyini vurğulayıb, Atanın milli-bəşəri ideyalarının daim yaşarı olacağına əminliyini bildirib, habelə "Kutsal Öyrəti"ni oxumaqdan aldığı zövqü ifadə edib. Sonra o, tədbiri aparmaq üçün sözü Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalıya verib. İşıqlı Atalı Ocağın ardıcıl işlərinin özülündə duran insaniliyin bənzərsizliyi barədə danışıb, "Kutsal Öyrəti"nin ulusal-bəşəri sabah yaradacağına inamını bildirib: "Biz Atanın dediyini ömrümüzdə yaşayırıq. "Kutsal Öyrəti"nin tələbi canlı həyat tərzimizdir. "Kutsal Öyrəti" ruhani (insani) dərslikdir, habelə bəşərin üzüağlığı, ən ləyaqətli səhifəsidir."

Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Safruh "Kutsal Öyrəti"nin yaranma tarixi, 22 ildən sonrakı nəşrinin gərəkliyini ayrıca vurğulayıb: "Ocaqçı ali sözü yaşadan, ona əməl edəndir. Mütləqə İnam Dünyabaxışı bütün bəşər üçündür". Safruh kitabın işıq üzü görməsi münasibətilə aydınlarımızı təbrik edib. Araşdırmaçı Sabir Yanardağ çıxışında Mütləqə İnam Ocağının araya-ərsəyə gətirdiyi "Kutsal Öyrəti"nin nəşrini müqəddəs hadisə sayıb: "Asif Ata həmişə zamanın fövqündə olub. Bu gün onun böyüklüyü daha aydın və uca bilinməkdədir. Mütləqə İnam bənzərsiz yoldur". Professor Qüdrət Əbdülsəlimzadə tərtib etdiyi iki cildlik kəlamlar toplusunda Ataya da istinadının səbəbini belə izah edib: "Onun bütün fikirləri kəlam siqlətindədir". Ocaq dostu Qəşəm Ruhdaş Ocağın ruhani addımlarından, "Kutsal Öyrəti"nin nəşrindən aldığı fərəhini ifadə edib, şeirlərindən oxuyub.

Professor Nizami Tağısoy "Kutsal Öyrəti"ni oxuyandan sonra aldığı təəssüratları belə bölüşüb: "Asif Atanı ardıcıl oxumağa başlamışam, ruhuma çox doğma sanıram. Ata türk etnosumuzun, etik təfəkkürümüzün əvəzsiz daşıyıcısıdır. Gələcəyə yolumuz yalnız haqqa, ədalətə mütləq tapınmaqdan keçir. Bu da yalnız Ata ideyaları əsasında yaşamağımızla mümkün ola bilər".

Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, tanınmış ədəbiyyatşünas Maarif Teymur - "Asif Ata Türk Dünyasının mənən təsdiqini istəyirdi. "Kutsal Öyrəti"də bəşərin mahiyyəti bənzərsiz şəkildə təsdiqini tapıb"- deyib.

Yazıçı-publisist Əlisahib Əroğul Atanın "İnsanlaşın, İnsanlaşdırın!" çağırışının bənzərsizliyinə və xilas olmasına, sadə göründüyü dərəcədə də mürəkkəbliyinə diqqəti çəkib: "Bu çağırış bizim təkamülümüzdür. Cəmiyyətin qurulması bundan keçir". Türkoloq Əli Kərimbəyli "Kutsal Öyrəti"nin təqdimatını "türk milli təfəkkürünə qayıdış" adlandırıb: "Ata sarsılmaz əqidə adamıydı. Onu qətiyyən sındıra bilmədilər. Bu kitab millətimizə və ümumən insanlığa böyük mənəvi güc verəcək".

Kitab Klubunun əməkdaşı Fazil Kərimli yaradıcı nəsillərin Asif Ata ideyalarından ardıcıl bəhrələndiyinə diqqəti çəkib.

Başqa çıxışçılar - Seyfəddin Mənsimoğlu, Ocaq Dostu Davud müəllim, Ocaqsevər Hüseyn bəy və anası, habelə Doğma Atalı, Yolruh Atalı və başqaları da "Kutsal Öyrəti" barədə qənaətlərini söyləyiblər. Sonda iştirakçılara "Kutsal Öyrəti", habelə digər Ocaq soraqları hədiyyə edilib, xatirə şəkilləri çəkilib.   

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2010.- 6 iyul.- S.14