Ölməz sərkərdə Babəkin doğum gününə...

 

Babək onu sevməyənlərin bütün cəhdlərinə, iftiralarına baxmayaraq Azərbaycan türklərinin bənzərsiz qəhrəmanıdır

 

Tarixin müəyyən məqamlarında rast gəlinən ülvi, müqəddəs əməl yolçularının əməlləri bəşərin yaşamasına, müəyyən uğurların qazanılmasına səbəb olub. Yəni dünya azadlığı hər şey sanan Babəksiz, dərisi soyulan Nəsimilərsiz, tonqalda yandırılan Cordano Brunolarsız, Cəlaləddin Rumilərsiz və b. çox balaca görünərdi. Azərbaycan Şərqin ruhani mahiyyətinin, qədimliyinin ən qüdrətli şəkildə ifadə və təsdiq olunduğu ölkədir. Digər tərəfdən də dünya bizi bizdən yaxşı tanıyır, ancaq böyüklüyümüzü etiraf etmək istəmir. Hələ də böyük mənəvi dəyərlərimizə sahib dura bilmirik. Bizi sevməyənlər bu cəhətimizdən məharətlə istifadə edirlər. Hər hansı bir xalqda Zərdüşt, Babək, Nəimi, Nəsimi, Səttarxan kimi şəxsiyyətlər olsaydı, çoxdan onu başının üzərinə qaldırardı. Bu gün tarixi taleyimizdə daha ciddi hadisələrin olacağından xəbər verən məqamlar yaşanmaqdadır. İkiyə bölünmüş xalq taleyimizi yaşayırıq, bu, istər-istəməz aqibətimizdə acı təsirlərini göstərməkdədir. Ancaq başımıza gələn bütün fəlakətlərə baxmayaraq ruhumuz sarsılmadı, məhv olmadıq. Bütöv Azərbaycan idealı ömrümüzdə və aqibətimizdədir, bunu gerçəkləşdirmək əməli isə hər birimizdən ilk növbədə güclü idrak əməli tələb edir.

Babək tarixən onu sevməyənlərin bütün cəhdlərinə, iftiralarına baxmayaraq Azərbaycan Türklərinin bənzərsiz milli qəhrəmanı olaraq qalmaqdadır. Bu gün Azərbaycanda Babəki hətta islamçı sayanlar da var. Hesab edirlər ki, əgər Babəkin ordusunda ərəblər də döyüşüdürsə, bu, onun islamçılığına dəlalət edən faktor imiş. O zaman Babək niyə "Xürrəmdin" adlanırdı? Əgər o, türk ruhunun ifadəsi olan azadlıqsevər, özünəməxsus deyildisə, o zaman niyə Azərbaycanı ərəb əsarətindən azad görmək istəyirdi, habelə xəlifə Mötəsimin, Afşinin şirnikləndirici şərtlərinə razı olmurdu?

Babək bəşər tarixində misli olmayan sərkərdədir. Əgər bu gün Qərb dünyasının gecə-gündüz təqdim etdiyi Spartak obrazı bir şəxsiyyət olmaq etibarilə Roma imperiyasına qarşı 2 il döyüşmüşdüsə, Babək azman ərəb imperiyasına qarşı 23 il qılınc çalmışdı. Babək Vətəninin, Azərbaycanımızın azadlığı uğrunda döyüşürdü. Onun Xürrəmdinlik təlimini ifadə edən özünəməxsus kitablarının olduğunu fəhm etmək olar. Hazırda bunu sübut etmək mümkün deyil, çünki ərəblər Babəklə bağlı bütün soraqları məhv etdilər. Professor Tofiq Vəliyevin Babək haqqında fikirləri maraqlıdır: "Babək az bir vaxtda böyük bir ordu yarada bilmişdi. Bu, onun fitri sərkərdəlik keyfiyyətindən xəbər verirdi. O, ərəb xilafətinə elə bir zərbə vurdu ki, xilafət bundan sonra özünə demək olar, gələ bilmədi. Necə ola bilərdi ki, xilafətə qarşı döyüşən bir şəxsiyyəti ərəblər təqdir edəydilər? Ancaq fars olan Səid Nəfisi Babək haqqında yazdığı kitabında qəhrəmanımızın xarakterini, əməllərini müəyyən mənada ifadə edə bilib. Babək Xürrəmdinin ərəb xilafətinə, İslam dininə qarşı döyüşdüyü tarixi faktdır. Babəkin qətlindən sonra Azərbaycan sürətlə müsəlmanlaşdırıldı. Hər halda Babəkə qarşı bu gün Azərbaycanda ziqzaqlı münasibətlər mövcuddur. Ərəb tarixçiləri Babəkin ünvanına hər cür söz dedilər. Babəkə ziqzaqlı münasibət o mənbələrdən qidalanır. Mən hər hansı bir soydaşımızın Babəkə ikili münasibətinin xüsusi seziləcək səviyyədə olmasını təsəvvür etmirəm. Şəxsiyyətə əməlinə görə qiymət vermək lazımdır".

Bu, bizə o qənaəti deyir ki, Babək Xürrəmidin obrazının ağlımızda, ruhumuzda, ürəyimizdə indən sonra daha güclü şəkildə kök salması zəruridir. Babəkin təmsil etdiyi fərəhçilik ideyası Azərbaycanımızın milli dəyəridir; qəhrəmanlıq ənənəmizin ifadəçisi olan Babəkliyimizə tam mənasıyla sahib çıxmağımızın zamanı çoxdan çatıb.

Azərbaycan türk ölkəsi, elidir. Nə qədər acı səslənsə də, dünya bizi bizdən yaxşı tanıyır. Türk həmişə böyük ənənə, tarix yaradıb, ancaq bu ənənəni axıradək qoruyub-saxlaya və artıra bilməyib. Vaxtilə "Kredo" qəzetində çıxmış (4 noyabr 2006) baş redaktor, şair-publisist Əli Rza Xələflinin "Babək-milli qürur qaynağı" adlı yazısı yadımdadır. Yazı mövzuya xəlqi yöndən yanaşması baxımından diqqətimi cəlb etmişdi. Yazının milli təəssübkeşlik yönündə yazılmasını vurğulamazdan öncə maraqlı süjet xəttindən söz açmaq istərdim: müəllif Ceyhun adlı nəvəsinin Babək haqqında mövzuya hazırlaşmasından danışırdı: Babəkin vətən uğrunda ərəb işğalçılarına qarşı 22 il vuruşması, yadelliləri doğma torpaqlarımızdan qovması kimi məqamları həyəcanla deməsi babasının ürəyini riqqətə gətirir... Gözəl məqamdır.

Yazının sonrakı bölümündə Ə.Xələfli dostunun Güney Azərbaycandan gətirdiyi videokasetdən söhbət açırdı. Kasetin bir küncündə iki kəlmə "Babək-Bəzz" sözləri yazılıbmış: "Kaseti alıb tələm-tələsik evə qaçdım... Və birdən çox təmiz çəkilmiş Güney Azərbaycan mənzərələri - Bəzzin ətəkləri, sal qayalar, sıx kolluqlar könlümü riqqətə gətirdi, köksüm həyəcanla dolmuşdu. Xınalı qayaların üstündə gözüm qıpqırmızı qan izi axtarırdı. 1200 il əvvəl o qayaların üstündə döyüşərək qanının axıtmış Azərbaycan cəngavərlərinin daşa dönmüş obrazları, boz, qəzəbli sifətləri, düşmənə nifrətli baxışları gözlərimin qabağında bitmişdi".

Avropa Spartakı bütün dünyaya qədim dünyanın ən böyük azadlıq mübarizi kimi daim təqdim etməkdədir. Ancaq biz Babək Xürrəmdinin hünərini hələ layiqincə qiymətləndirə bilməmişik. Babək ömrümüzdə daha çox poeziyalaşıb, ədəbiyyatlaşıb. Babək nəhəng ərəb xilafətinə qarşı 22 il sarsılmadan döyüşmüş, həmin müddətdə Azərbaycanımızı azad bir ölkəyə çevirmişdi. Bu, türk yenilməzliyindən gələn hünər idi...

Ə.Xələfli Babək Xürrəmdinin ölməz əməllərinə daş atanlara, sarsılmaz xatirəsini qılınclayanlara qarşı hiddətlidir: "Ağlıma da gətirə bilmərəm ki, bir vaxt Babək müqəddəsliyinə, Babək mübarizəsinə kimsə ağız büzə bilər. Ancaq çox heyif, mədəsinə qul olub Babəkə daş atanlar var. Dini fanatizmin bəlkə heç mahiyyətini bilmədiyi, nəticəsini anlamadığı yad təsirlərin altında milli qürur qaynağına - Babəkin ünvanına hədyanlar danışanlar da var. Dünya simasını dəyişsə və daha bir min il keçsə belə, nə o tarix unudulandır, nə Bəzz yaddan çıxandır, nə də o yerlərin izi itən deyil". Bu cür yazılar Azərbaycanın indiki çağında hədsiz zəruri və gərəklidir. Ancaq təəssüf ki, əksər hallarda özlərini millətin aydınları sayanlar belə mövzularda danışmaq istəmirlər.

Araşdırmaçı Ağşin Ağkəmərli deyir: "Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının köləsi olacaq. Əgər bu gün onminlərlə soydaşımız Babək Xürrəmidinin ruhuna sığınırlarsa, xalq "ölü bir Babəki" diriltməyə çalışmır. Xalq özünün itirdiklərini, əlindən alınanları Babəkin ruhuyla yaratmağa, kimliyini Babəkin kimliyi ilə tanımağa çalışır. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində, Koroğluluğundadır. Millətin yetişməsi üçün bubaşqa mənəvi sərvətlərə sahib durmağımız lazımdır. Təbiidir ki, milli tariximizlə bağlı tarixçilərimizin müəyyən fikirləri məni qane etmir. Qəbul etmədiyim fikirlər tarixçilərimizin ayrı-ayrı hadisələrə münasibəti ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan tarixən bütün dinlərin sınaq meydanına çevrilib. O din qalmayıb ki, bu torpaqda qəbul edilməsin".

Dil hər bir xalqın qədim keçmişindən, ruhundan, xarakterindən, yaşam tərzindən, mövcudluğundan soraq verən ən qüdrətli soraqdır. Azərbaycan türkcəsinin minillikləri keçib gəlməsi, bu gün də varlığını qoruyub saxlaması onun özünəməxsusluğundan, zəngin cəhətlərindən ürəkdolusu danışmağa imkan verir. Ancaq təəssüf ki, əsrlər boyunca dilimiz çoxlu basqılara məruz qalıb. Bu, bizim dövlətçilik tariximizdə, tarixi taleyimizdə üzləşdiyimiz fəlakətli məqamlarla daha çox bağlıdır. Belə ki, Azərbaycan xüsusən Babəkin qətlindən sonra əvvəlcə uzun müddət ərəb imperiyasının əsarətində yaşamağa məcbur oldu. Sonrakı əsrlərdə ərəb sözləri ilə yanaşı, dilimizə çoxsaylı fars sözləri keçdi. "Babəkliyimiz - yenilməzliyimiz, əyilməzliyimiz; nəhəng yağıyla döyüşümüz, fərəhimiz, qəhrəmani müdrikliyimiz, cəngavər idrakımız, inamımız. Ayrıldıq Babəkliyimizdən, özümlüyümüzdən - parçalandıq, paralandıq, rəiyyətləşdik, özgələşdik - özümüzə qayıtmaq gərək!" Bu möhtəşəm Haray Mütləqə İnam Fəlsəfəsinin yaradıcısı Asif Atanındır. Asif Ata Babəki bəşər tarixində bənzərsiz sərkərdə, habelə azadlıq peyğəmbəri sayırdı. Babəkliyimizin - Xürrəmdinliyimizin daşıdığı - təmsil etdiyi milli dəyər Fərəhçilikdir. Ata bu fərəhçiliyin mahiyyətini belə açır: "Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə Azadlıqdır. Azadlıq - İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır".

Babək haqqında çox yazılıb, özümüzünkülər də yazıb, ancaq Asif Atanın fikirlərinin tamamilə bənzərsizliyi və mahiyyəti ifadə etdiyi ortadadır. Bu izharda Babəkin xarakterini, əməlindəki bənzərsiz Türk döyüşkənliyinin ifadəsini, özündən sonrakı xəlqi yaşamımıza, düşüncəmizə təsirini və ölməzliyini tam əminliklə görmək və dərk etmək olar. Atanın bütün izharları kimi "Babəkliyimiz-Xürrəmdinliyimiz" izharı da öyrənilməsi son dərəcə gərəkli əməl olmalıdır. Şeriyyət mahiyyətcə Vətənin, xalqın qədimliyindən, dərdlərindən soraq verməlidir. Gerçəkliyi ötməyən, xalqa gərək olmayan şeir sabaha qalmır, mayası dərddən, qəmdən, xəlqi fərəhdən yoğrulmayan şer beşgünlük olur. Şair Ayaz Şıxalıoğlu Azərbaycanın böyük qəhrəmanı Babəkə həsr etdiyi şerində yazır:

 

Sən ölümü yasaq etdin,

Səndən sonra ölürük biz.

Görəsən bu ölümün səbəbləri nədir?

Kəsdilər qollarını, Babək

Qorxaqlar qaldı.

Qınamıram onları,

Qorxaqların qolu yoxdur.

Üstündən adladıq, Babək!

Min ildir ki, yol gəlirik,

Qorxaqların yolu yoxdur,

Min ildir ki, üzü qibləyə ölürük,

Qolların qibləmiz olmadı!

 

Onun digər bir şeirində dəniz "xilafətin ordusuna" bənzədilir. Şairin könlündən "xilafəti dağıtmaq arzusu" keçir:

 

İşıq içindəydi şəhər,

Sanki əllərində məşəl,

Dayanmışdı xürrəmilər.

 

Azərbaycan ədəbiyyatı bu gün itirilmiş dəyərlərimiz, yurd yerlərimizlə bağlı daha ciddi düşünməli, bu yöndə ciddi əsərlər yaratmalıdırlar. Babək Xürrəmdin mövzusuna, habelə Nəsimi sığmazlığına ədəbiyyatımız tamamilə yeni səviyyədə yanaşmalıdır. Millətimizin ayaq üstə qaldırılmasına bu mənada ədəbiyyat ciddi kömək edə bilər.    

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 3 iyul.- S.14.