Milli mətbuatımızın soraqları arxiv sənədlərində Milli mətbuatımızın 135 illiyinə həsr olunur

 

45 il bundan əvvəl yaradılmış, mənəvi xəzinəmiz olan indiki S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivi zəngin elmi mənbəyə çevrilməkdədir. Yüzlərlə şəxsi fondlarda toplanmış, indi həyatını dəyişmiş unudulmaz araşdırmaçılarımızdan yadigar qalan, bu gün də, sabah da filoloji mənbə kimi yeni tədqiqatçıların istinadgahına çevrilən sənədlər arasında milli mətbuatımızın tarixinə aid silinməz işlər var. Azərbaycan dövrü mətbuatının təməl daşı olan "Əkinçi" qəzeti xalqımızın, millətimizin mənəvi mədəniyyətinin tarixinə ilkunudulmaz səhifələr yazıb. Şərqə və Avropaya doğma xalqının maariflənməsində müəyyən təbliğat aparmaq üçün min bir əziyyətlə "Əkinçi"ni nəşr etməyə başlayan böyük alim, pedaqoq, jurnalist, folklorşünas, təbiətşünas və ictimai xadim kimi yorulmaztarixi missiyanı yerinə yetirən Həsənbəy Zərdabi (1937-1907) mətbuat tariximizdə əbədi şəxsiyyətdir. O, çar mütləqiyyətinin, yerli istismarçıların dözülməz zülmü altında əzab çəkən Azərbaycanın zəhmət adamlarının mənafeyini çəkinmədən, cəsarətlə, dönmədən müdafiə edibbu yolda ömrünün sonuna qədər çarpışıb, milli azadlıq ideyalarını məharətlə yayıb.

XIX yüzilliyin sonu, XX yüzilliyin ilk onilliklərində "Əkinçi"nin əkdiyi bəhrəli toxumlar milli dəyərlərimiz uğrunda, birinci amil olan dövrü mətbuatın intibah dövrünü tariximizə əbədi həkk ediblər. Yaxşı ki, mənəvi xəzinəmiz olan Dövlət Ədəbiyyat və İncəsənət arxivində keçmişin dövrü mətbuatı ilə bugünküsovet quruluşunda olan işləri müqayisə etmək imkanımız var. Mənəvi xəzinəmizdə onlarla şəxsi arxiv fondlarının sahiblərinin bəziləri dünyasını dəyişib, ancaq özlərindən sonra yeni müstəqillik baxımından həyata keçirilən və dördüncü hakimiyyət hesab olunan mətbuatımızın yeni yolunu özlərinə məxsus davam etdirirlər.

H.B.Zərdabi tərəfindən bünövrəsi qoyulan Azərbaycan demokratik mətbuatımızın zamanımızda yüzlərlə, müxtəlif adlarda qəzet və jurnallar işıq üzü görür. "Əkinçi" səhifələrində xalqın, millətin sosial məsələlərindən başlayaraq elmi, bədii, fəlsəfi fikri bir ayna kimi göstərirdisə, indi bəzi mətbuat nümunələri ancaq bir qrup insanların, şəxsi "mən"lərinin halına aid "dedi-qodu" fikirləri yaradan mövzularla xalqa, oxucuya ayna olmaq istəyirlərsə də, həmin qəzetlərin ömrü çox qısa olur. Arxivdə mühafizə olunan keçmişimizin əbədi inanc mənbəyinə çevrilən "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat", "Azərbaycan", "Şərqi rus", "Bakı", "Yeni füyuzat", "İrşad", "Tərəqqi", "Dəbistan" və s. qəzet və jurnallar artıq tarixi anlara çevrilib. Vaxtilə H.B.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ə.B.Hüseynzadə, N.Nərimanov, Ə.M.Topçubaşov, Ə.Müznib, Ə.Cəfərov, Ə.Ağaoğlu, S.Mümtaz və başqaları hər cür mətbuatı qəbul etməyib, onun tarixi mənafeyinə, mənsub olduğu millətin əməkçi insanlarına, inkişaf və tərəqqisinə, apardığı mübarizəsinə, milli azadlıq hərəkatlarına, beynəlxalq aləmdəki nüfuzuna xidmət edərək haqsızlığa, rəzalətə, yaltaqlığa çevrilən mətbuat nümunələrini tənqid ediblər. Mənəvi xəzinəmizdə mühafizə olunan və 135 illik yolun bütün-çalarlarını, yazanlarını, mətbuatımızın unudulmazlarını həmişə yad etməklə, onların əməli işlərini araşdırıblar. Belə yaradıcı, araşdırıcı ziyalılarımızın sayı çoxdur. Biz bu xatırlama yazımızda bəzi şəxsi fondların adlarını xüsusilə çəkmək istəyirik. Ona görə ki, həmin şəxsiyyətlərin mətbuatımızın tarixində heç vaxt silinməz izləri var. Məsələn: "Əkinçi", "Molla Nəsrəddin" və yüzlərlə dövrü mətbuatın nümunələrin səliqə-səhmanla ipə-sapa düzən XX yüziliyin hərtərəfli ziyalısı Əziz Şərifin şəxsi arxivindəki sənədlər arasında ölməz "Molla Nəsrəddi"nin izlərinə, naşiri və jurnalın təsisçisi C.Məmədquluzadənin əlyazmalarına, məktublarına rast gəlirik. Jurnalda realist şeirimizin demokratik fikirlərimizin ilk, öncül yazarı olan M.Ə.Sabirin bir əlyazması, Üzeyir bəyin yazışmaları və s. diqqəti cəlb edən sənədlərdəndir. Ə.Şərifin şəxsi fondunda "Molla Nəsrəddin" jurnalının bir neçə il nüsxələri, xüsusən qiymətli mənbəədir. Uzun illər Əziz müəllim mətbuatımızla bağlı yazdığı onlarla elmi məqalələri də bu gün yeni baxımdan mətbuatımızın tarixini öyrənəcək araşdırmaçılarını gözləyir. Həmin şəxsi fondun sənəd materialları arasında yüzlərlə şəxsiyyətlərimiz haqqında yeni fikirlər əldə etmək olar. Hətta müxtəlif qəzet və jurnalların (sovet dövründə) redaktorları ilə Əziz müəllimin məktublarında həm keçmişdə yorulmadan ömrünü mətbuatımızın səhifələrində bu gün də əhəmiyyətini itirməyən fikir sahibləri haqqında dolğun məlumatı müasirlərinə çatdırır, həm də yeni tarixi-siyasi şəraitdə əbədiyaşar şəxsiyyətlərimizdən həmişə öyrənməyi məsləhət görür. XX yüzillikdə demək olar, bütün dövrü mətbuat nümunələri, onların redaktorları, şəxsiyyətləri barədə geniş məlumat əldə etmək olar. Elə indinin özündə də milli mətbuatımızın banisi H.B.Zərdabinin, "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım"-deyən C.Məmmədquluzadənin fikirləri bu gün daha aktual səslənir. Niyə? Müasir dövrümüzdə yüzlərlə qəzet və jurnalların nəşrinə icazə verilir. Ancaq naşir unudur ki, H.B.Zərdabinin əməl-düstur olan aşağıdakı fikrini oxuduqdan sonra qəzetin icazəsini almalıdır: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, əmələ yox, bir-iki yüzdən artıq olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır".

İndi isə ustadın bəzi fikirlərini həyat keçirmək asandır. Bəs mənəviyyat təmizliyi, oxucu nəşr olunan qəzetin arxasınca gedib, həmin qəzeti oxuyacaqmı? Qəzetə hansı ziyalıları cəlb edəcək, qəzetin konkret bölümləri hansılardır? Müasir oxucunun marağı nədədir və haradadır? XXI yüzillikdə bəşəri fikirləri, özünün doğma xalqının fikirləri ilə necə yoğuracaq? Azərbaycan məmləkətinin qədim tarixini, mədəniyyətini qəzetinin səhifələrdə dərin mündərəcəli fikirləri qısa, ancaq təsiredici formada necə verəcək? Bu fikirləri isə böyük fikir sahibi, bəşəri sənətkar olmuş, heç kəsə bənzəməyən publisist Ü.Hacıbəylidən öyrənmək lazımdır ki, onun redaktor olduğu "Azərbaycan" qəzetindən, eyni zamanda XX yüzilliyin ilk onilliklərində müxtəlif mətbuat nümunələri səhifələrində dərc etdirdiyi publisistik yazılarını da öyrəndikdən sonra müasir tələblər əsasında yeni qəzet nəşr etmək! Budur məsələ! Ancaq qəzetdə dərc olunan yazıların təsiri də unudulmasın. Məsələn: H.B.Zərdabi qəzet nəşr etməyə hazırlaşarkən aydın olur ki, o, özünün və əqidə dostlarının M.F.Axundov başda olmaqla zəmanəsinin görkəmli ziyalılarından S.Ə.Şirvani, Əliməmməd Abdullazadə, Əhsəmil Qəvaid, Məhbus Dərvəni, M.B.Vəzirov, Ə.A.Gorani və başqalarının mütərəqqi fikirlərini qəbul edir və yayır. Deməli, H.B.Zərdabi hər bir sahədən oxuculara bilik və dünyəvi məlumatlar verməyə, onlarda ehtiyat savad yaratmağa səy göstərirdi. Qəzet səhifələrində həmişə ayrıca bölümdə dərc olunan yeni tipli mədəniyyət yaradılması (bu günbu fikir aydın görünür) məsələləri-qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə kitablarının nəşri, kitabxana, məktəb və s. əsas yerlərdən birini tuturdu. Bəzi işləri H.B.Zərdabi o vaxt təkbaşına görürdü -özü də keyfiyyətli, məzmunlu. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.B.Zərdabi ilə söhbətində belə demişdi:

"Doğrusu, siz əsil qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz!" Bütün bu fikirlər bizim Dövlət Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fondlardan götürülüb.

Milli mətbuatınızın 135 illik yolunda XX yüzilliyin axırında müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra bu işlər daha da reallaşdı. Ramiz Abutalıbov həm 1919-cu ildə Versal Sülh müqaviləsinin təsdiq olunması işində Bakıdan Parisə gedən və o ildən Parisdə yaşayan Ceyhun Hacıbəylinin topladığı sovet dövründə SSRİ-də çıxan qəzet-jurnalları, həm də özünün xaricdəki mətbuat nümunələrini səliqə ilə toplayaraq 1990-cı illərdə doğma Azərbaycana hədiyyə etdi. İndi Ceyhun Hacıbəylinin şəxsi fondundakı sənədlərlə yanaşı soydaşlarımızın xaricdə-müxtəlif şəhərlərdə nəşr etdikləri onlarla mətbuat nümunələri də gələcək araşdırmaçıların diqqətini cəlb edəcək.

45 ildəki fəaliyyəti nəticəsində indiki S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində humanitar elmimizin başqa sahələrinə aid mənbələrlə yanaşı dövrü mətbuatımızın sovet dövründə fəaliyyət göstərən görkəmli jurnalistlərimizin də şəxsi fondlarındakı sənəd materialları diqqəti cəlb edir. R.Mahmudov, K.Ələkbərli, N.Babayev, C.Əlibəyov, H.Mehrəliyev, Q.Məmmədli, T.Həsənzadə, T.Həsənov və b. onlarla şəxsi fondlarında yüzlərlə sənədlər mətbuat tariximizin daha ətraflı öyrənmək üçün qiymətli mənbədir. 1918-ci ildə işıq üzü görmüş "Azərbaycan" qəzeti Şərqdə ilk Xalq Cümhuriyyətinin orqanı kimi (həm rus, həm də Azərbaycan dilində) qəzet kimitarixi mənbədir. 15 sentyabr 1918-ci ildə Gəncədə ilk sayı-4 səhifəlik "Azərbaycan" işıq üzü gördü. İki səhifəsi Azərbaycan, iki səhifəsi də rus dilində idi. H.B.Zərdabi qəzetinin ətrafında dövrünü uzaqgörən ziyalılarını topladığı kimi, Üzeyir bəy Hacıbəyli başda olmaqla "Azərbaycan" qəzeti öz ətrafına ən gözəl ziyalılarını, geniş qəlbli uzaqgörən insanları, ictimai xadimləri, millət fədailərini toplamışdı. Nağı bəy Şeyxzamanlı, Əhməd Cavad, Nəsib bəy Yusifbəyli, Adil xan Ziyadxanlı. Hüseyn Bayqara, Mirzə Bala Məhəmmədzadə və b. adları bu gün bütöv bir yumruq kimi mətbuatımızın unudulmaz şəxsiyyətləri kimi hörmətli xatırlanır. Qəzetdə çalışan ən fəal müəlliflərdən bəziləri haqqında bizim mənəvi xəzinəmizdə onların az da olsa sənəd materialları mühafizə olunur. F.B.Köçərli, S.Mümtaz, Seyid Hüseyn, A.Şaiqb. yaradıcılığında mətbuat məsələləri də maraqlıdır.

Milli mətbuatımız da, illər keçdikcə daha da büllürlaşacaq, saflaşacaq. Biz arxivşünaslar Milli mətbuatımızın həm keçmişini, həm bu gününü gələcək nəsillərə layiqincə çatdırmaq üçün daha fəal çalışmalıyıq. Mətbuatımızın tarixi izlərini isə yaradıcı insanların, yazarların qələmindən çıxan bütün faktları, fikirləri olduğu kimi gələcəyə çatdırmaq işi isə müqəddəs borcumuzdur. Zəngin tarixi sənədlərə istinad edərkən, birinci növbədə şəxsi fondlardaki fikirləri də diqqətlə öyrənməliyik.   

 

 

Maarif Teymur

 

Xalq Cəbhəsi.- 2010.- 7 iyul.- S.14.