Akvarel: rənglərin tarixi, tarixin rəngləri
Yüzillər boyu dünyanın bir çox görkəmli rəssamları akvarel texnikasında rəsmlər yaradıblar. Ağ boya qarışdırılmamış qeyri-şəffaf akvarellə işlənən rəssamlıq əsərləri qədim müasir və antik dövr incəsənətində, eləcə də Avropa, Asiya ölkələrində mövcud idi. Bu növ akvarel XI yüzillikdən tətbiq olunmuşdu. XV-XVII yüzillərdə akvarel əsasən qravür, çertyoj, tablo, freska eskizlərində əksini tapırdı. Orta əsrlərdə akvareldən kitab tərtibatında geniş istifadə olunurdu.
İntibah dövrünün rəssamları da akvarel üslubuna mütəmadi müraciət ediblər. XI yüzildə alman təsviri incəsənətinin intibah dövrünün ən görkəmli nümayəndəsi A.Dyurer çoxlu gözəl akvarel əsərləri yaradıb. Bu mənzərələr bitki və heyvan rəsmləridir. Hollandiya və Fillandiyada akvarelin XVII əsrdə geniş tətbiqinə başlayıb. Hollandiyada mənzərə janrının inkişafı dövründə akvarellə açıq səma altında, təbiətin qoynunda işləmə imkanları üzə çıxarılıb. Bu əsərlərdə insanı düşündürən və təsir edən əsas cəhət mənzərə təsvirlərindəki realizm qüvvəsi və lirikadır. Bu dövrün rəssamları mənzərədə işıq, hava təsvirinə xüsusi əhəmiyyət verirdilər.
Mənzərədən başqa portret və məişət janrında da dəyərli əsərlər yaradılıb. XVII yüzilin II yarısı İngiltərədə A.C.Kozenslər, T.Görtin və başqaları, Fransada J.O.Fraqonar, Y.Rober və başqaları, Rusiyada F.A.Alekseyev, M.M.İvanov, K.P.Bryulov, A.A.İvanov və başqaları akvareldə qiymətli əsərlər yaradıblar. A.A.Kezenslərin, T.Görtinin mənzərə janrında olan əsərləri nəm kağız üzərində işləmə üsulundan istifadə olunub. Kağız qabaqcadan müəyyən ümumi bir rəng çaları ilə örtülürdü. İşlənən boyaların rəngi bu rəng çalarına uyğun çəkilirdi.
Avropada ilk dəfə olaraq XIX əsrdə ingilis rəngkarları akvarelin yeni kolorit imkanları aşkarlayaraq ona böyük dəyər veriblər. Bu dövrdə akvarel əsərlərindən ibarət sərgilər təşkil olunurdu. İngiltərə akvarelistləri təbiətin müxtəlif maraqlı anlarını, açıq səma altında hava durumunun, işığın, insanın təbiətlə harmonik əlaqəsinin təsvirinə xüsusi əhəmiyyət verirdilər. Böyük irs qoymuş bu məktəbin ən parlaq nümayəndələri U.Terneri, D.Konstebli misal çəkmək olar. U.Terneri yaratdığı mənzərə əsərlərinə görə "London mənzərəsinin müğənnisi" adlandırıblar. Akvarel sənətinin təşəkkülündə və inkişafında gözəl mənzərələr yaratmış rəngkarlar U.Kellounun, C.Ç.Kotmennin, R.Baninqtonnun və s. böyük rolu olub.
XIX əsrin II yarısında İtaliyada akvarelin quru kağız üzərində çoxqatlı, sıx üslubda işlənməsi üsulu yaranıb. Bu üsulun xarakterik cəhəti işıq, kölgənin və rənglərin ağ kağızla ifadəli təzadıdır. XIX yüzildə akvarel texnikasında Fransada E.Delakrua, O.Domye, P.Qavarin və başqaları, Almaniyada A.Mişel, Rusiyada İ.E.Repin, V.İ.Surikov, M.A.Vrubel və başqaları, İspaniyada Fortuni kimi tanınmış fırça ustaları dəyərli əsərlər yaradıblar.
İmpressionizmin nümayəndələri Uonkinq Yan Bartold, Pol Qogen və başqaları neoimpressionizmin görkəmli nümayəndəsi A.Matissin əsərləri akvarel texnikasını zənginləşdirib. Rusiyada XVIII yüzilin əvvəllərində akvarel texnikasında miniatür portret janrı inkişaf edib.
Akvarel təsviri sənətin müstəqil növü kimi XIX yüzildə tətbiq olunmağa başlanıb. Rus rəssamlarından P.F.Sokolov, K.P.Bryulov, A.A.İvanov akvarelin geniş imkanlarını göstərməklə onun inkişafına böyük təsir göstəriblər. İ.E.Repin, V.İ.Surikov, M.A.Vrubel, İ.İ.Levitan, V.A.Serov, V.D.Polenov, İ.N.Kramskoy akvarel sahəsində işlənən gözəl sənət nümunələri yaradıblar. Rusiyanın dəzgah akvarel rəngkarlığının görkəmli rəssamları D.N.Kardovskiy, E.E.Lansere, A.P.Ostroumova-Lebedeva, A.V.Fonvizin, S.V.Gerasimov, P.P.Konçalovskiy, A.A.Deyneka, N.A.Tırsa, E.Sprinqis, Kukrınikslər, O.Q.Vereyskiy və başqalarının əsərləri yüksək sənətkarlıq, bədiilik, ifadəlik, kamillik nümunəsi kimi incəsənət tarixinə daxil olub.
Azərbaycanda akvarel sənəti orta əsrlərdən məlumdur. Ondan dini məzmunlu və poetik əsərlərin bədii tərtibatında istifadə edilib. Azərbaycan təsviri sənət tarixində kitab və onun tərtibatı qrafika və rəngkarlığın formalaşmasına, inkişafına, milli rəssamlıq kadrlarının yetişdirilməsində misilsiz rolu olub. Kitab rəsmləri, miniatürlər indi də rəssamların yaradıcılıq fəaliyyətinin genişlənməsinə təkan verib.
Qədim əlyazmalara çəkilən kiçik ölçülü kitab rəsmləri, miniatürlər Azərbaycan təsviri incəsənətində emosional təsir qüvvəsi, əsrarəngiz gözəlliyə malik bədii forması ilə dünya şöhrəti qazandırıb. XIII-XVII yüzillərdə yüksək sənət əsərləri yaratmış Azərbaycan rəssamlarının əsərləri Qərbi Avropa və Amerika muzeylərinin salonlarını bəzəyir. XIII yüzilin axırlarında və XIV yüzilin əvvəllərində Azərbaycanın bir çox şəhərlərində iqtisadiyyatın və ticarətin inkişafı nəticəsində mədəni tərəqqi başlayıb.
Təbriz şəhərində kitab tərtibatı, xəttatlıq və rəssamlıqla məşğul olan bədii emalatxanalar vardı. Burda çalışan rəssamlar Təbriz miniatür məktəbini formalaşdırıblar. 1306-1314-cü illərdə məşhur tarixçi Rəşidəddinin "Cameəttəvarix" kitabının təsvirləri burada yaranıb. Təbriz, eləcə də Bakıda və Şamaxıda fəaliyyət göstərən Pir Seyid Əhməd Qovməddin Mocəllidi Təbrizi, Xocəli Mosəvvir, Əbdülbaqi-Əl Bakui bu sənətin ən yüksək nümunələrini ortaya qoyublar. XVI əsrdə yaşamış məşhur Azərbaycan rəssamları Soltan Məhəmməd, Mir Seyyid Əli, Müzəffər Əli, Mirzə Əli və başqaları da bu sıraya daxildir. Rəssamlarımızın 1539-1543-cü illərdə Nizami Gəncəvinin "Xəmsə"sinə çəkdikləri miniatürlər Britaniya muzeyində ən gözəl və qiymətli eksponat kimi saxlanılır.
XVI yüzildə bir sıra Şərq ölkələrində də miniatür sənəti inkişaf etməyə başlayıb. Azərbaycan rəssamları Vəlican və Şahqulu Türkiyədə, Mir Seyyid Əli və Əbdül Səməd Hindistanda rəssamlıq məktəbinə başçılıq ediblər. XVII-XIX yüzillərdə Məhəmməd Rza Təbrizi, Əli Rza Təbrizi, Əvəz Əli, Nəcəfqulu Məşədi Həmid oğlu, Xurşudbanu Natəvan, Mirkəlam kimi sənətkarlar təsviri incəsənətin zənginləşdirilməsində böyük xidmətlər göstəriblər.
XIX əsrdə Azərbaycan incəsənətində realist meyllər meydana gəlir. Bu dövrdə Abbas Hüseyn, Mirzə Qədim və Mir Möhsün Nəvvabın akvarellə yaratdıqları əsərlər Azərbaycan qrafika və rənkgarlıq sənətinin inkişafına əvəzsiz töhfəsi olub. Onların əsərləri milli koloritlə, təkrarsız ifadə gözəlliyilə fərqlənir. XX yüzil milli təsviri sənətimizin inkişafında şərəfli yer tutur. 1906-cı ildə görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və nasirliyi ilə Tiflis şəhərində nəşr olunan satirik "Molla Nəsrəddin" jurnalı təkcə Azərbaycanda deyil, Kazan, Həştərxan, Orenburq, Krım, Tehran, Təbriz, Ərzurum, İstanbul, Qahirə və başqa ölkələrin ədəbiyyatında və təsviri incəsənətində demokratik, realizm meyllərinin güclənməsində, mədəni tərəqqinin genişlənməsində misilsiz xidməti vardır. "Molla Nəsrəddin" jurnalı mədəni həyatımızın və ədəbi ictimai-fikrimizin inkişafında, milli özünüdərkin bərqərar olunmasında böyük əhəmiyyəti daşıyır. Bu jurnal Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamların adıyla bağlıdır. Əzim Əzimzadənin bədii irsi Azərbaycan təsviri sənət tarixində parlaq iz qoyub. O, 40 illik yaradıcılıq fəaliyyəti ərzində 3000-dən artıq satirik rəsm, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi (tipajlar), portretlər, mənzərələr, məişət janrında əsərlər yaradıb.
Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhəhim bəy Haqverdiyevin, Hüseyn Sarabskinin əsərlərinə Əzim Əzimzadənin 1919-1922-ci illərdə akvarel üslubunda çəkdiyi rəsmlər, illüstrasiyalar indi də maraq doğurur. Onun əsərlərində ictimai tendensiya, milli kolorit çox güclüdür.
Bəhruz (Şamil) Kəngərli Şirəlibəy oğlu portret və mənzərə janrlarına (akvarel texnikasında) üstünlük verən rəssamlarımızdan biridir. Azərbaycan təsviri incəsənət tarixində fəxri yer tutan rəssamımız Tiflisdə məşhur gürcü rəssamları Q.Qabaşvilli, A.Merevlişvili, "Molla Nəsrəddin" jurnalının rəssamları O.Şmerlinq və başqalarının 1910-1915-ci illərdə "İncəsənətin təşviq cəmiyyəti" nəzdində yaratdıqları rəssamlıq məktəbində təhsil alıb.
O dövrdə Bəhruz Kəngərlinin əsərləri kiçik ölçülüdür. O, gözəl müşahidə qabiliyyəti, peşəkar, rəssamlıq texnikası, təsvir metodu, dərin hissetmə bacarığına malik idi. Buna "Qara dəniz", "Ayın tululması", "Qaçqınlar" seriyası və s. kimi akvarel əsərlərini misal göstərmək olar. Mirzə Cəlilin yaratdığı "Molla Nəsrəddin" jurnalının ənənələri zəminində yetişən Xəlil Musayev, İsmayıl Axundov, Qəzənfər Xalıqov, Nəcəfqulu, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Reyhan xanım Topçubaşova və başqa istedadlı rəssamlar akvarel üslubunda gözəl nümunələr yaradıblar. Bu dövrdə fəaliyyət göstərən rəssamların yaradıcılığı bir tərəfdən milli ənənələrə, digər tərəfdən rus realist rəssamlıq məktəbinə əsaslanaraq formalaşıb.
Azərbaycanda XX yüzilin 20-ci illərinin başlanğıcında rəssamlıq məktəbi fəaliyyət göstərməyə başlayır. İlk yetirmələri Ə.Rzaquliyev, İ.Quliyev, Q.Xalıqov, İ.Axundov, N.Mustafayev, Ş.Manqasarov, S.Salamzadə, A.Qazıyev, qrafika və heykəltəraşlıq üzrə ali təhsillərini Moskva və Leninqradda alıblar. 1930-cu illərdə H.Haqverdiyev, T.Tağıyev, K.Xanlarov, Ə.Kərimov, F.Əbdürrəhmanov, C.Qaryağdı, L.Kərimov və başqa rəssamlarımız mədəniyyətimizin ən yaxşı ənənələrini yaşadaraq, dolğun bədii formalı yaradıcılığı ilə Azərbaycan incəsənəti tarixinə daxil olublar.
S.Salamzadə, M.Abdullayev, T.Tağıyev, N.Haqverdiyev, A.Cəfərov kimi görkəmli rəssamlarımızımız 1940-1950-ci illərdə akvarel texnikasını zənginləşdirib, qiymətli əsərlər yaradıblar. XX əsrin 1950-ci illərdən başlayaraq T.Salahov, V.Səmədova, T.Nərimanbəyov, N.Əbdürrəhmanov, N.Qasımov, S.Bəhlulzadə, qrafik rəssamlarımız Y.Hüseynov, R.Babayev, E.Şaxtaxtinskaya, A.Hacıyev, S.Əlisəttar, Ç.Əziz Məmməd oğlu, A.S.İbrahimov, F.Ə.İsmayılov, A.B.Abdullayev, R.Hüseynov, E.Rzaquliyev, D.Kazımov, E.Avalov və başqalarının akvarel üslubunda dəyərli əsərləriylə şöhrət qazanıblar.
Azərbaycan
təsviri sənətin qrafika, heykəltəraşlıq,
rəngkarlıq, dekorativ tətbiqi incəsənətin
görkəmli nümayəndələri akvarel
texnikasına müraciət edib,
maraqlı, dəyərli əsərlər yaradıblar. Bu rəssamlar ölməz şair
və yazıçılarımızın tükənməz
sənət xəzinəsindən, onların bədii-estetik
irsindən yararlanaraq rəssamlıq sənətimizin
inkişafı naminə böyük
işlər görüblər.
Vəfa İbrahimqızı
Xalq Cəbhəsi.- 2010.- 14 iyul.- S.14.