Milli mətbuatımızın "Molla Nəsrəddin" yolu...
Bu günlərdə yaranmasının 135 illiyi qeyd edilən Azərbaycan Milli Mətbuatının ən dəyərli, dərs götürəsi ünvanlarından biri "Molla Nəsrəddin" jurnalıdır. "Molla Nəsrəddin" jurnalının xəlqi ruhumuzda, ictimai düşüncəmizin inkişafında oynadığı rol həmişə uca və dəyərli olub.
Hələ 1875-ci ildə böyük çətinliklər bahasına işıq üzü görən Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti çox keçmədi ki, qapandı. XIX əsrin sonlarına doğru Azərbaycanda sırf xəlqi yöndə, soydaşlarımızın ruhuna təsir edə biləcək səviyyədə qəzetlərin çıxması üçün cəhdlər və müəyyən mənada gerçəkliklər oldu. XX əsrin ilk illərində işıq üzü görməyə başlayan "Şərqi Rus" qəzeti bu mənada əvvəlkilərdən bir az irəli gedə bildi. Ancaq o dövrdə çıxan qəzet və jurnalların halını müqayisə edəndə bu qənaətə gəlmək olur ki, "Molla Nəsrəddin" jurnalı nəinki öz zamanında, hətta indi - tarixi keçmişə çevrilmək gerçəkliyində belə özünəməxsusluğunu və bənzərsizliyini qoruyub saxlayır.
"Molla Nəsrəddin" sözün böyük mənasında ənənə yarada bildi.
Bu, əvvəlki yarımçıq zövqlərə, istəklərə, əməllərə qətiyyən oxşamırdı. İlk növbədə Mirzə Cəlilin timsalında xəlqi istək və əməl o səviyyədə təbii şəkildə gerçəkləşdi ki, indi "Molla Nəsrəddin" reallığına tarixi prinsiplərlə qiymət verdikdə əksər hallarda təbiiliyin və zamana dov gəlmək məharətinin gedişlərini açıq-aydın görürük.
"Molla Nəsrəddin"in yarandığı dövr hədsiz gərginliklərlə dolu idi. Rusiyada inqilabi ideyalar geniş vüsət almışdı, İranda azadlıq hərəkatı alovlanırdı. Avropada yeni mütərəqqi fikirlər daha da alışır, ounun təsiri bütün Şərqə yayılırdı. Belə bir zamanda Mirzə Cəlil çoxillik cəhdlərdən sonra "Molla Nəsrəddin" adlı məcmuənin yaranması yönündə istəklərini məharətlə gerçəkləşdirdi. Jurnalın adının yaranması deyilənə görə, sırf təsadüf nəticəsində olub. Mirzə Cəlil güçədə gedirmiş. Aylardan bəri nəşr etmək istədiyi jurnala məzmunlu bir ad axtarırmış. Qəfildən "Molla Nəsrəddin" adı ağlına gəlir və hesab edir ki, təkcə Azərbaycanda deyil, Türk Dünyasında və Şərqdə folklordan gələn bu məşhur ad altında jurnalın çıxması daha məqsədəuyğun ola bilər. "Molla Nəsrəddin"i çıxarana qədər Mirzə Cəlil artıq mükəmməl yazıçılıq və qəzetçilik təcrübəsinə malik idi. Onun xoşbəxtliyi bir yazıçı olaraq həyat hadisələrinə, ictimai-siyasi gedişata dərindən bələd olması, gerçəkliyi özünəməxsus satirik üslubda ifadə edə bilmək qüdrətində idi.
1906-cı il fevralın 21-də Cəlil Məmmədquluzadə Tiflis qubernatoruna üz tutur. Ondan "müsəlman ədəbiyyatında əfsanəvi təlxək kimi tanınan" "Molla Nəsrəddin" adlı satirik jurnal çıxarmağa razılıq verməsini xahiş edir. Əvvəllər "Novruz" adlı qəzet çıxarmaq istəyinin boğulmasından sonra görünür ki, Mirzə Cəlilin karına fikirlərini daha məharətli, ustalıqla ifadə etməsi gəlir. Martın 17-də "Molla Nəsrəddin"i nəşr etməyə razılıq verilir. Sonralar Mirzə Cəlil bu barədə yazırdı ki, "Molla Nəsrəddin"i zəmanə özü yaratdı. O, "Molla Nəsrəddin" jurnalının ilk sayını çıxarmaq yönündə olduqca gərgin çalışır. Nəhayət, aprelin 7-də jurnalın ilk sayı işıq üzü görür. Məlumdur ki, hər bir işin başlanğıcı çox çətin olur. Əslində jurnalın ilk sayının uğurlu olması onun sonrakı uğurunun təməlini yaratmış oldu. Jurnalın üz qabığında təsvir olunan karikaturada Molla Nəsrəddin dərin yuxuya dalmış soydaşlarımızı göstərərək gülürdü. Təsvir olunanlardan bir neçəsi dərin yuxuya dalmış, biri durub gərnəşir, digəri isə yenidən yatmağa hazırlaşırdı. Bu, jurnalın qayəsini, məqsəd-məramını son dərəcə anlaşıqlı şəkildə ifadə edən məharətli bir karikatura idi. Əsəri milliyyətcə alman olan karikaturaçı-rəssam Oskar Şmerlinq çəkmişdi. Şübhə etmək olmaz ki, rəssama ideyanı məhz Mirzə Cəlil vermişdi. Jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı Mirzə Cəlilin özü demişkən, günortayadək Tiflis şəhərində satılmışdı.
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalını Tiflisdə çıxarması hər halda təsadüfi deyildi. O dövrdə Tiflis Rusiya imperiyasının Qafqazda mərkəzi idi. Burada elm, mədəniyyət, maarif müəyyən səbəblərdən daha çox inkişaf etmişdi. O dövrdə Azərbaycan ziyalılarının tanınmış nümayəndələrindən olan Məmmədağa Şahtaxtinski, Ömər Faiq Nemanzadə, Səmədağa Qayıbov və başqaları burada məskunlaşmışdılar. Cəlil Məmmədquluzadə Tiflisi bir çox səbəblərdən "Molla Nəsrəddin" jurnalının fəaliyyət göstərməsi üçün əhəmiyyətli sayırdı. Hər halda o, jurnalı çıxarmaq üçün hər cür çətinliklərdən keçdi, sonrakı mərhələlərdə də jurnalın çıxmasına mane olan bütün əngəllərin qarşısını məharətlə aldı: "Müqəddəs Davud küçəsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi". Mirzə Cəlil anlayırdı ki, uzun müddət düşünməkdən belə məhrum edilmiş Azərbaycan Türkünü ayıltmaq, nəyisə ona başa salmaq üçün mümkün qədər daha sadə dildə danışmaq lazımdır. Bu mənada o, jurnalın 11-ci sayında yazırdı: "Keçən nömrədə xəbər vermişdik ki, uzun məqalə əvəzinə idarəmizə müxtəsər xəbərlər yazıb göndərsinlər. Çoxları bizim bu tələbimizi başa düşməyib soruşurlar ki, necə yazaq? Bu səbəbə yalandan bir neçə əhvalat öz yanımızdan düzəldib yazırıq...
Məsələn: İrəvan: metrik şəhadətnaməsi, 6 ay, bir kəllə qənd, Molla Cəlilə də bir abbası çay pulu. Dəxi belə yazılsa, kifayətdir. Çünki irəvanlılar özləri bilər ki, mətləb nədir".
"Molla Nəsrəddin" jurnalının Tiflisdə 8 sayının çap olunması son dərəcə əhəmiyyətli idi.
20 fevral 1921-ci ildə isə Təbrizdə "Molla Nəsrəddin"in ilk sayı işıq üzü görüb. Burada Mirzə Cəlil çox böyük basqılara məruz qalır.
Sovet dövründə də "Molla Nəsrəddin" jurnalı çıxmağına davam edir, ancaq hər halda bu, artıq əvvəlki "Molla Nəsrəddin" jurnalı deyildi. Çünki sovet ideologiyası hər şeydə öz mizan-tərəzisini qurmuş, istəklərini diqtə etməyə başlamışdı.
Azərbaycan mətbuatı bir çox cəhətlərdən peşəkarlığa, professionallığa yüksəlsə də, hər halda etiraf etməliyik ki, milli dərdlərimizin "Molla Nəsrəddin" sayağı ifadəsini aşa bilməmişik. İnkişafın qaydasıdır ki, daim yeni nəsil yeni-yeni nailiyyətlərə yetməlidir. Təəssüf ki, qazandığımız maddi və mənəvi nailiyyətləri nəinki artıra, heç istənilən səviyyədə qoruya da bilmirik. Bugünkü Azərbaycan jurnalistikasına, publisistikasına "Molla Nəsrəddin"sayağı dərdkeşlik, təəssübkeşlik hava, su kimi gərəklidir.
"Molla Nəsrəddin" məcmuəsi obrazlı desək, xalq ruhundan, folklorundan bəhrələnməklə öz fikrini oxuculara çox gözəl, məharətlə çatdırmaq imkanı əldə etmişdi. Mirzə Cəlilin yaradıcılığında xalq ruhundan, yaradıcılığından bəhrələnmə hədsiz güclü idi. O, uzun illər ərzində zəngin həyat təcrübəsi əldə etmiş, sonradan bunları məharətlə yaradıcılığa gətirmişdi. Mirzə Cəlil yaradıcılığında insanlara çatdırmaq istədiyi məqamları məharətli şəkildə ifadə edirdi. "Molla Nəsrəddin" jurnalı Mirzə Cəlilin həyata, dünyaya münasibətinin təkmil ifadəsi kimi meydana çıxdı. O, elə bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi. O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatın dilini xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə yumorla xalqın fəlakətlərinin səbəblərini göstərməyə çalışırdı. Ancaq indi belələrinin olmaması təbii ki, düşündürücüdür.
Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı millətimizin dərdlərindən hali olması, taleyinin yiyəsi olmasında əhəmiyyətli iş gördü. Onun yazdıqları uzun müddət millətimiz üçün aktuallığını saxlayacaq. Təəssüf ki, biz həmişə daha çox dərdi təsvir etməyə meylli olmuşuq, bu səbəbdən də dərdimiz ölməyib, ancaq dərdlilərimiz ölüb gediblər. Mirzə Cəlilin qələmi, "Molla Nəsrəddin" jurnalı milləti dərdindən üstün olmağa, taleyi ilə barışmamağa, qaranlıq dünyasını ruhuyla işıqlandırmağa çalışırdı. "Molla Nəsrəddin" məktəbi sıradan bir ədəbi məktəb deyildi, çünki gerçək dərdlərdən yoğrulan qələm sahibləri millətin problemlərini sadə, anlaşıqlı bir dildə yazmağı bacarırdılar, o deməkdir ki, hər şeydən əvvəl dərdi ürəkdən yaşayırdılar. Bu səbəbdən də jurnalın bütün sayları əl-əl gəzirdi. "Molla Nəsrəddin"in nəşrindən sonra jurnalın ətrafında satirik realist - mollanəsrəddinçi ədəbi mühit yarandı: Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi kimi Azərbaycan ədəbiyyatının simaları bir əqidə üçün Mirzə Cəlilin ətrafında birləşdilər. Bu şəxslərin millət uğrunda xidmətləri ancaq təmənnasızlığa əsaslanırdı.
"Molla Nəsrəddin"in 25 illik (1906-1931) fəaliyyəti dövründə yalnız Mirzə Ələkbər Sabirə ayda 10 manat qonorar verilib. Bu, şairin jurnalın ikinci sayından başlayan əməkdaşlığından ölümünə qədər davam edib.
Tanınmış araşdırmaçı, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin tərtibatında və şərhləriylə nəfis şəkildə, yüksək poliqrafik tərtibatla işıq üzü görmüş "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən" kitabında ilk dəfə olaraq canlı arxiv sənədlərilə kitab biçimində sistemli şəkildə tanış oluruq.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 15 iyul.- S14.