"Həsən bəy Zərdabi və "Əkinçi"

 

 Tahir Aydınoğlu: "Zərdabinin həyatı və fəaliyyəti xalqımızın taleyilə çulğalaşıb"

 

Ötən gün milli mətbuatımızın qaranquşu sayılan "Əkinçi" qəzetinin nəşrinin 135 illik yubileyilə əlaqədar Söz Azadlığını Müdafiə Fondunun (SAMF), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı və birgə təşəbbüsüylə çap etdiyi "Həsən bəy Zərdabi və "Əkinçi" keçirildi.

Kitabda Azərbaycanın ilk milli qəzeti "Əkinçi"nin yaradıcısı Həsən bəy Zərdabinin bioqrafiyası, onun mətbuat tarixindəki rolu, milli oyanış və maarifçilik fəaliyyətini əks etdirən tarixi materiallar, tədqiqatlar yer alıb. Bundan başqa, kitaba Həsən bəy Zərdabinin məqalələri, onun həyat yoldaşı Hənifə xanım Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşovun onun barəsində xatirələri daxil edilib. Kitabın redaksiya heyətinə Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqub, əməkdar jurnalist Tahir Aydınoğlu, SAMF-in icraçı direktoru Vüqar Tofiqli və Nəzirməmməd Zöhrablı daxildir.

Tədbiri giriş sözüylə açan SAMF-ın sədri, şair Musa Yaqub bildirdi ki, kitab Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyi münasibətilə çap olunub: "Buna baxmayaraq, kitabın hazırlanmasına 5 il bundan əvvəl başlanılıb. Kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan Həsən bəy Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanan məlumatlar və xatirələrlə yanaşı, "Əkinçi" haqqında indiyədək çap olunmamış yazılar əksini tapır. Həsən bəy Zərdabi fədakarlığının müasir mətbuat təmsilçilərinə aşılanması baxımından kitab olduqca əhəmiyyətlidir. İndiki dövrə nəzər salsaq görərik ki, regionlarda mətbuatın vəziyyəti acınacaqlıdır. Sözügedən qəzetlərdə Zərdabi fədakarlığından əsər-əlamət qalmayıb. Əslində, bir çox parametrlərinə görə kitaba əyani vəsait də demək mümkündür. Şübhə etmirəm ki, Həsən bəyə Zərdabi tədqiqatçılarının, tanınmış ictimai-siyasi xadimlərin qələmindən çıxan məqalələr və xatirə qeydləri jurnalistlər hazırlayan universitetlərin, media qurumlarının təmsilçilərinin diqqətini özünə cəlb edəcək. Zərdabi irsinə və bioqrafiyasına işıq salan məlumatları toplayıb, dərc etdirib Azərbaycan oxucusunun ixtiyarına verməyi biz özümüzə borc bilirik".

Kitabın redaksiya heyətinin üzvü, Həsən bəy Zərdabi mükafatçısı, əməkdar jurnalist Tahir Aydınoğlu kitabda Zərdabinin həyat yoldaşı, qızı və Əlimərdanbəy Topçubaşovun ruscadan tərcümə olunan xatirələrinin toplanmasının vacibliyini vurğulayıb: "İndiyə kimi Həsən bəy Zərdabinin doğum tarixi ilə bağlı müxtəlif fikirlər vardı. Kitabda bu məsələyə də aydınlıq gətirilib. Həsən bəy Zərdabi dövrünün tarixi, ictimai-siyasi hadisələrinə müfəssəl şəkildə aydınlıq gətirsə də, özünün doğum tarixilə bağlı məlumat verməyib. Təqdimatımızı keçirdiyimiz kitabda bu məsələnin üzərinə işıq salınıb. Maarifçi haqqında yazılan tədqiqat əsərlərinin toplanmasına bu gün böyük ehtiyac var. Düşünürəm ki, Həsən bəy Zərdabi haqqında yazılan tədqiqat əsərləri toplansa, bəlkə də 10 cild olar. Biz jurnalistlərin digər əsas vəzifəsi Həsən bəy Zərdabinin biblioqrafiyasını yaratmaqdır. Zərdabinin həyat və yaradıcılığının öyrənilməsinə hələ çox ehtiyac var. O, Azərbaycanda 30-40 sahənin yaradıcısıdır. Xalqımızın bir əsr yarım əvvəldən qaynaqlanan ən yaxşı arzu və əməlləri Həsən bəy Zərdabinin adıyla bağlı olduğu kimi, bu müddətdə Azərbaycanın ən böyük şəxsiyyətləri də Həsən bəy Zərdabi amalına sadiq olublar. Bu insan öz şəxsi həyatını, bütün fəaliyyətini millətin maraqlarına tabe etdiyindən onun varlığı xalqın taleyinə qarışıb, bu tale xalqın taleyilə çulğalaşıb. Ölümü ilə milli mücadilə meydanında böyük bir boşluq yaradan bu insanın kimliyini sonrakı dövrlərdə millətsevər ziyalılarımız bacardıqları qədər xalqa anlatmağa çalışıblar. Azərbaycan milli jurnalistikasının 135 illiyi münasibətilə ilk anadilli qəzetimizin yaradıcısına həsr olunan bu toplu onu hasilə gətirənlərin zərdabisevərlərə, mətbuat tariximizlə maraqlananlara hədiyyəsidir. Kitabdakı materiallar hamısı bir yerdə nadir bir Zərdabi səlnaməsi təsəvvürü yaradır".

Tədbirdə çıxış edənlər "Həsən bəy Zərdabi və "Əkinçi" kitabı, mətbuatımızın yaranması və inkişafı haqqında fikirlərini bölüşdülər.

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 15 iyul.- S.13.