"Şeir
deyəndə xəncərini saza çevirirdi"
"Miskin" Həbinin
heç yerdə çap
olunmayan 20-dən çox
şeiri və iki
deyişməsi tapılıb
Xalq ədəbiyyatı bizdən əvvəl yaşayanların əsrlər boyu qazandıqları həyat təcrübəsinin, eləcə də mənəvi aləmini aydın əks etdirən əsil müdriklik xəzinəsidir. Odur ki, bu sərvəti onu yaradanların, yaşadanların tarixilə vəhdətdə, ardıcıl və sistemli şəkildə araşdırmaq, yaddaşlardan yazıya köçürüb nəşr və təbliğ etmək folklorşunaslığın qarşısında duran vacib məsələlərdəndir.
Azərbaycan folklorunun, şifahi və yazılı ədəbiyyatının zəngin və çoxşaxəli bir qolu da Gürcüstanda yaranıb, inkişaf etdirilib. Bunu ilk növbədə qədimlərdən Azərbaycanının bu ərazilərində yaşayan soydaşlarımızın yaradıcılığıyla əlaqələndirmək lazımdır. Borçalıda formalaşan şifahi və yazılı ədəbiyyat nümunələri özünün orijinallığı, yüksək bədii dəyəri, janr müxtəlifliyilə seçilir. Borçalı əhalisi təbiətən saza-sözə bağlıdırlar, ona görə bu ədəbi məkanda saz ovqatlı, saz yatımlı lirika həmişə inkişafda olub. Borçalı ədəbi mühitinin XIX yüzilin və XX yüzilin ilk iki onilini əhatələyən mərhələsində də burada lirik poeziyanın geniş şəbəkədə, rəngarəng biçimlərdə, önəmli mövzularda kamilləşdiyini görürük. Burada lirika yenə də xalq el şeiri biçimində inkişaf edib, onun klassik, satirik üslublarda da müəyyən uğurları olub. El şeirinin öncüllüyü isə mühitin tarixi-ictimai, mədəni durumu ilə burada ana saza tapınma meyllərilə şərtlənib. Borçalı ədəbi mühitində baş verən yuksəliş öncə bu çevrədə saz-söz əhlinin sayca çoxluğu və onların yaradıcılığının kamilliyilə bağlıdır. Gürcüstanda yaşayan azərbaycanlıların ən zəngin mənəvi xəzinəsindən biri minillər ərzində formalaşan, nəsillərdən-nəsillərə ötürülərək yaşadılan ağız ədəbiyyatı nümunələridir. Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp elləri Türk Dünyasının bir parçası olaraq tarix boyu azman aşıqlar, el şairləri yetişdirib. Qopuz-ozan, saz-aşıq cütlüyü Gürcüstan türklərinin mənəvi simvolu halına gəlib.
Borçalının sazlı-sözlü ellərində yaranıb inkişaf edən lirika öz bədii vüsətilə ön mövqedə dayanıb. El şeirinin daha genış inkişafı, öncüllüyü isə mühitin siyasi-ictimai durumu və xüsusən də sözə tapınma gücü, sevgisilə şərtlənib. Borçalı ədəbi mühitində Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost Pirməmməd, Alxasağa, Güllər Pəri, Aşıq Şenlik, Aşıq İbrahim, Qul Allahqulu, Şair Ağacan, Aşıq Sadıq, Sarvan Bayram, Xındı Məmməd kimi saz-söz ustadları olub. Adlarını çəkdiymiz o sənətkarlardan biri də bu ədəbi mühitdə zirvələrdən sayılan Şair Nəbi Oruc oğludur. Onun yaradıcılığının ilk çağları XIX yüzilin axırına, iyirminci yüzilin əvvəllərinə düşüb.
Şair Nəbinin yaradıcılığı özünəməxsusluğu, poetik ifadəsinin zəngiliyilə diqqəti cəlb edir. Şairin əldə olan 200-dən cox müxtəlif şeirləri içərisində qoşma və divaniləri xüsusi yer tutur. Qoşmalarının bir qismi məhəbbət mövzusundadır. Bu qoşmalarında nəcib, təmiz, müqəddəs duyğuların tərənnümünə geniş yer verib. Şair Nəbi, eləcə də bir sıra maraqlı dastanların və dastan- rəvayətlərin yaradıcısıdır. Bu dastan rəvayətlər Borçalı dastan yaradıcılığının spesifikliyini özündə əks etdirir və Azərbaycan dastançılığının maraqlı səhifəsidir.
Şair Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, özündən əvvəlki xələflərilə sələfləri arasında güclü bir körpü rolunu oynayıb. Onu da deməliyik ki, Borçalının digər el şairləri kimi, Şair Həbinin yaradıcılığı da uzun illər tədqiqatçıların diqqətindən kənarda qalıb. Ancaq Azərbaycan poeziyasının ustadı, qüdrətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ildə Faxralı kəndinə gəlişi Şair Nəbinin ədəbi taleyində yeni bir mərhələnin başlanğıcı olub. O, Şair Nəbinin şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti, yaradıcılığıyla maraqlanıb. Şair Nəbinin yaradıcılığı ilə yaxından tanışlıq onu heyran qoyub, xüsusən də "Dünya" şeiri şairdə xüsusi bir ovqat yaradıb. Elə oradaca onun əsərlərinin toplanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən də o vaxt kənddəki orta məktəbin direktoru və dil-ədəbiyyat müəllimi işləyən Hüseynqulu Məmmədliyə bu işi görmək üçün tövsiyələrini verib. O illərdən başlayaraq Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nəbinin yaradıcılıq nümunələrini toplayıb. Eyni zamanda alimin oğlu, folklorşünas alim Elxan Məmmədli də bu xeyirxah işdə öz xidmətlərini əsirgəmir. Beləcə, bu təəssübkeş alimlərin zəhməti, gərgin əməyi sayəsində Şair Nəbinin şeirlərinin toplandığı "Yazılanlar gəldi başa" və "Eləsi var..." adlı şeirlər kitabları işıq üzü görərək oxucuların, şeirsevərlərin ixtiyarına verilib. Son illərdə Şair Nəbinin həyat və yaradıcılığı daha ətraflı şəkildə öyrənilməyə başlanılıb. Onun yaradıcılığıyla bağlı V.Hacıyev, Ş.Məmmədli, Q.Məmmədli, Ş.Şamioğlu, T.İsabalıqızı, M.Mədədoğlu və başqa tədqiqatçılar məqalələrində, monoqrafiyalarında fikirlər söyləyib, onu Borçalının böyük şairlərindən biri kimi dəyərləndiriblər.
Mən də bu ustad sənətkarın yaradıcılığını daha ətraflı şəkildə araşdırıb təhlil etmək, əllərdə, dillərdə qalan şeirlərini toplamaq məqsədilə bu işin məsuliyyətini öz üzərimə götürdüm. Gördüyüm ilk iş Şair Nəbinin göz açdığı elə, obaya, doğulduğu kəndə gedərək şairin nəslinin davamçıları ilə, eyni zamanda ömrünün son illərində onunla oturub duran, söhbətini dinləyən insanlarla görüşüb xatirələri öyrənmək, yaddaşlarda qalan digər şeirlərini toplamaq oldu.
Şair Nəbi Borçalının saz-söz beşiklərindən sayılan el şairliyi, aşıq sənəti ənənələrinin zənginliyi və yaşarlığıyla seçilən Bolusun məşhur Faxralı kəndində anadan olub. Bu kənd aşıq-söz sənəti ənənələrini tarixən yaşadan ocaqlardandır. Borçalı saz-söz mühitində çox məşhur olmuş sənətkarlar yetişib burada. Şair Nəbi isə özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus qüdrətli şerləri, deyişmələri, yaratdığı dastanları ilə daha da zənginləşdirib. Bununla da o, öz dövrünün ən qüdrətli sənətkarı, böyük söz xiridarı kimi tanınıb.
Faxralı kəndinə səfərim zamanı mənə o el-obanı yaxşı tanıyan və Şair Nəbinin yaradıcılığına vurğun olan iki ziyalı, tanınmış publisist Əli Abbas və "Əhli beyt" jurnalının redaktor müavini, istedadlı jurnalist Nizami Məmmədzadə bələdçilik edirdilər. Yola çıxdığımız ilk gün bu ziyalıların təşəbbüsü və zəhməti sayəsində 83 yaşlı tanınmış el şairi, Əli Faxralı ilə tanış oldum. Bu tanışlıq zamanı məni məmnun edən bir amil də Əli Faxralının Şair Nəbinin şagirdi olması idi. Məlum oldu ki, şairin ömrünün son illərində saz-söz məclislərinə birlikdə qatılıblar. Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə bağlı çoxlu xatirə yaşayır. Sözə, sənətə xidmət edən müəllim şagird arasında bir deyişmə də olub və o deyişmə ancaq Əli Faxralının yaradıcılıq arxivində qorunmaqdadır. Yol boyu Əli Faxralı ustadı ilə bağlı xatirələrini bizimlə paylaşdı. "Şair Nəbinin çox gözəl, məlahətli səsi, avazı vardı. Doğrudur, saz çala bilmirdi, ömründə əlinə saz almamışdı. 12-13 yaşlarında olarkən təbi gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona toxunaraq ilhamını kökləyirmiş. Ancaq illər ötüb Şair Nəbi sözü, sənətilə şöhrət tapandan, tanınandan sonra belinə xəncər asdı və şeir deyəndə xəncərini saza çevirirdi, saz kimi istifadə eləməyə başladı. O səbəbdən də xəncər şairin belindən əskik olmazdı".
Dediyimiz kimi, Şair Nəbi saz çala bilməsə də yanında bir neçə sazçalanı olub. Çox maraqlıdır ki, müraciət etdiyim mənbələrin heç birində Şair Nəbinin saz çalanları haqqında ətraflı məlumat verilməyib. Ancaq Əli Faxralı söylədi ki, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən olub. Sonralar Aşıq Dünyamalı, Aşıq Müsəllim, Sarvan Bayram, Xındı Məmməd, Hüseyn Saraclı onun yanında saz çalıblar. Ona ən yaxın dost olan və uzun illər məclislərdə yanında saz çalan isə Aşıq Mürsəl olub. Şair Əli Faxralı onu da bildirdi ki, fitri istedadı və danışığı ilə könülləri ovsunlayan Şair Nəbi yazmaq, oxumaq bilmirdi. Ancaq çox gözəl və iti hafizəsi vardı. Şair Nəbi heç bir ustada şəyirdlik etməyib. Özünün isə bir neçə yetirməsi olub. Onlardan şair Şaban, şair Alı, Bəkir oğlu Əlləzi göstərmək olar. Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət və ehtiramla yanaşardılar. Onun adını hər məclisdə uca tutardılar. Şair Nəbi də bu yetirmələrinə qayğı ilə yanaşar, onların yazdıqlarını yüksək qiymətləndirərdi.
Xalq arasında Şair Nəbinin istedadı "haqq vergisi" hesab edilirdi. Ona görə də ruhanilərin Şair Nəbinin yaradıcılığına münasibəti birmənalı olmayıb. Bu səbəbdən bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstərmişdilər.
El şairi Əli Faxralının Şair Nəbiylə bağlı şirin, kövrək xatirələrini dinləyə-dinləyə Gözəl dağının ətəyinə sığınmış, əsrlərlə yaşı olan, varlığı ilə tarixdə dərin izlər qoymuş Faxralı kəndinə çatdıq. İlk üz tuduğumuz, yol aldığımız məkan isə kəndin yüxarı başında, meşənin ətəyində yerləşən qəbirstanlıq oldu. Öncə bu qüdrətli şairin, azman söz ustadının məzarını ziyarət etmək bizim borcumuz idi. Əli Faxralının bələdçiliyiylə Şair Nəbinin qəbrinin başına toplaşdıq. Şairin məzar daşına yazılmış doğum tarixi diqqətimi çəkdi. Şair Nəbiylə bağlı üz tutduğum bütün mənbələrdə araşdırmaçılar onun doğum tarixini 1873-cü il kimi göstəriblər. Ancaq məzar daşında bu tarix 1879-cu il kimi qeyd olunub. Bu da özlüyündə müəyyən mənada dəqiqləşdirməyə ehtiyacı olan bir faktdır və çalışacağam ki, araşdırmalar aparıb şairin doğum tarixinin düzgün variantını üzə çıxarım.
Şair Nəbi şeirlərini "Miskin" təxəllüsüylə yazıb. Böyük ustadın məzarını ziyarətdən sonra nəvəsi Məleykə Əliyevanın evinə yollandıq. Bu evdə Məleykə xanımın həyat yoldaşı, Şair Nəbi yaradıcılığını mükəmməl şəkildə mənimsəyən, hər bəndini, misrasını əzbərdən bilən Ramazan Əliyevlə və onun oğlu, Şair Nəbinin nəticəsi İsmayıl Əliyevlə tanış oldum. İsmayıl vaxtı ilə babası Nəbi oğlu Rəhimdən və atası Ramazandan eşidərək yazıb topladığı şeirləri və deyişmələri mənə bağışladı. Onu da deyim ki, İsmayılın səliqə ilə yazıb qoruduğu bu yaradıcılıq nümunələri indiyəcən heç yerdə çap olunmayıb. Bu da nəticənin babasının irsinə, yaradıcılığına olan ehtiramı, diqqəti, qayğısıdır. Şair Nəbi ilə bağlı xoş xatirələri, şirin söz-söhbətləri dinlədikdən sonra bu ocaqdan ayrıldıq.
Növbəti
görüşüm rayondakı
yaradıcı ziyalılarla oldu.
Onların hər biri zaman-zaman
Şair Nəbinin
yaradıcılığına müraciət etmiş,
poeziyası, şeriyyatı haqqında müxtəlif fikirlər
söyləyiblər. Borçalıda tanınmış şair, publisist Bəhram Mehdi ilə söhbətim daha
uğurlu oldu. Belə
ki, neçə il
öncə Bəhram Mehdi ev-ev,
kənd-kənd dolaşıb Şair Nəbinin
külliyyatını toplayıb və böyük
səmimiyyətlə qoruyub
saxladığı həmin qovluğu mənə
təqdim elədi. Təbii ki, bu ağzı bağlı qovluq
mənim Şair Nəbi
yaradıcılığı, poeziyası, sözü-sənəti
ilə bağlı söz deməyim üçün çox
dəyərli və əvəzsiz xəzinə oldu. O zəngin söz xəzinəsini
araşdırmaq üçün
solub-saralmış vərəqləri bir-bir
çevirdikcə Şair Nəbinin heç yerdə çap olunmayan 20-dən çox şeirinin və iki
deyişməsinin bu bağlı boğçada gizlin
qaldığını üzə çıxardım. Sözsüz ki, əldə
etdiyim bu şeirlər
və deyişmələr yazacağım növbəti
yazılarda əksini tapacaq, oxucular bu qüdrətli el şairinin söz, sənət incilərilə yenidən
tanış olacaqlar.
Arzu Bayramlı
Xalq Cəbhəsi.- 2010.- 16 iyul.- S.14.