"Azərbaycan mətbuatı tarixi" kitabının təqdimatı oldu

 

 Cahangir Məmmədli: "Hər bir kitabın, xüsusən gənclər üçün gərəkli olan kitabların təqdimatı bayramdır"

 

İyulun 20-də "Azərbaycan mətbutı tarixi" adlı kitabın ikinci hissəsinin təqdimat mərasimində müəllif Akif Aşırlı dedi: "Azərbaycanda sovet dönəmində bizim çoxsaylı mətbuat orqanlarımız yaranıb. Həmin mətbu orqanların Azərbaycanda ictimai şüurun formalaşmasında, peşəkar jurnalistlərin yetişməsində çox böyük əhəmiyyəti olub. Bunlara baxmayaraq mətbuat tarixçilərimizdən, media ilə bağlı yazarlarımızdan sovet mətbuatından imtina etmək düşüncəsində olanlar var". Akif Aşırlı bildirdi ki, təxminən bir il öncə bu kitabın birinci hissəsi çap olunub. Həmin kitab 1875-ci ildə "Əkinçi" qəzetinin nəşriylə başlayan milli mətbuatımızın 1920-ci illərə qədər fəaliyət göstərdiyi bir dövrü əhatə edir. İkinci hissdə isə Azərbaycanda sovet dönəmi mətbuatı və eyni zamanda, SSRİ-nin çökməsilə bağlı yeni media strukturlarının, qərb modelinə söykənən media orqanlarının yaranmasıyla əlaqədardır. Bu kitablar əsasən dərs vəsaiti kimi nəzərdə tutulub. Akif Aşırlı dedi ki, hazırda jurnalistika fakültəsinin tələbələrinin üçün nəzərdə tutulan mətbuat tarixilə bağlı dərslik yoxdur: "Düzdür, Nəriman Zeynalovun 1972-1973-cü illərdə bu haqda yazdığı kitab var, amma o vaxtlar ideoloji baxımdan müəyyən qadağalar olduğuna görə həmin kitab da o dövrə uyğun tərzdə işlənmişdi. Bu kitabda isə milli baxış var. Bu da ondan ibarətdir ki, Azərbaycanın bütün tarixi dönəmlərində, eləcə də sovet hakimiyyəti dövründə də işıqlı ziyalılarımız olub. Həmin vaxtlar çox peşəkar jurnalistər yetişib. Onlar o dövrün imkan verdiyi çərçivədə, hətta senzuranın, müxtəlif cəza qurumlarının təqibindən yayınaraq öz fikirlərini ifadə ediblər. Təqdimatını keçirdiyimiz bu kitabda həmin məqamlar xüsusi yer tutur".

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid kitabın ikinci hissəsində ölkəmizdə sovet dönəminin mətbuatıyla bağlı məqamların əks olunmasından danışdı. O vurğuladı ki, kitabda böyük tirajlarla dərc olunan mətbu vasitələrin yaranma tarixi əks olunub.

BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin sözlərinə görə, hər bir kitabın, xüsusən də gənclər üçün daha gərəkli olan kitabların təqdimatı bayramdır. O bildirdi ki, kitabda uşaq mətbuatı, qadın mətbuatı və s. kimi mətbuat nümunələri haqda yazılar öz əksini tapıb. "Azərbaycan mətbuatı tarixi" kitabı yalnız jurnalistika fakültəsinin tələbələri deyil, bu sahə ilə maraqlanan hər kəs üçün dəyərli vəsaitdir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu kitabın birinci hissəsinin təqdimatı haqda gec bildiyini dedi: ""Mən keçən il Akif Aşırlıya bu kitabı ərsəyə gətirdiyinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatını təqdim edə bilmədim. Sevindirici haldır ki, indi kitabın ikinci hissəsi işıq üzü görüb və mən sabah həmin mükafatı Akif Aşırlıya təqdim edəcəyəm".   

 

 

Nicat Göyüşlü

 

Xalq Cəbhəsi.- 2010.- 21 iyul.- S.8.