Muğam - musiqi sənətinin
tacıdır
Musiqi insanın
özünü bədii-obrazlı,
rəngarəng səslər
aləmində ifadə
formasıdır
Muğam Azərbaycanın, Şərqin, Orta Asiyanın, Çin vadisinin ərazilərində yaşayan xalqların mədəni və mənəvi həyatında əsrlər boyu böyük rol oynayıb və hazırda da mükəmməl musiqi sənəti nümunəsidir. Muğam fəlsəfəsi araşdırılarkən ilk növbədə musiqinin mahiyyəti, poetik mətnin daşıdığı informasiya bazasının fəlsəfisi, nəhayət, hər ikisinin yaradıcısı olan insan faktoru əsas tədqiqat obyekti olmalıdır. Həyatda musiqini, muğamı, poeziyanı, fəlsəfəni və s. yaradan insandır. İnsanın həyatdakı mövcudluğu müxtəlif problemləri, cəmiyyəti, həyata baxışlar sistemini formalaşdırır. İnsan varsa, mövcud problemlər, elm, mədəniyyət, mənəviyyat, tarix, fəlsəfə və s. var. İnsan yoxdursa, muğam da, poeziya da, fəlsəfə də və başqa nailiyyətlər də yoxdur. Bu baxımdan ilk növbədə insanın mahiyyətini, onun bəşəri və sosioloji, mədəni, etik və estetik normaların inteqrasiyasında, cəmiyyətdə, həyatda roluna diqqət yetirək. İnsanın mənşəyi, onun yaranış, həyat, Varlıq haqqındakı nəzəri fikirlərini fəlsəfə diqqət mərkəzində saxlayıb.
Musiqi insan təfəkkürünün, hisslər aləminin, mənəviyyatının səsidir, dilidir desək, yanılmarıq. Muğam sənətinin tarixi köklərinin, yaranma amillərinin, bir sənət janrı kimi formalaşmasını və inkişaf etməsini izləmək üçün onun melodik quruluşunun, lad əsasının, ritmik xüsusiyyətlərinin yaranma şəraitini, dövrünü öyrənmək lazımdır. Muğamların professional sənət nümunəsi kimi formalaşması tarixi inkişafın sonrakı mərhələlərinə aiddir. Yəni cəmiyyətdə sinfi quruluşlar yarandıqdan sonra, sənəti peşəyə çevirib onunla çörək pulu qazanan sənətçilərin meydana çıxmasından sonra sənətdə peşəkarlıq başlayıb. Məhz tarixin bu dövrlərində, ictimai həyatda dulusçular, toxucular, dəmirçilər, bənnalar və digər peşə sahiblərinin formalaşdığı bir zamanda incəsənət sahəsində də, sənət adamları arasında müxtəlif peşələrlə daim, peşəkarcasına məşğul olan sənətkarlar meydana çıxıb.
İncəsənətin bir çox sahələri üzrə, məsələn, dekorativ sənət, rəssamlıq, memarlıq və s. sahələrlə yanaşı musiqiçilər arasında da sənətə peşəkar münasibət bəsləyən sənətçilər ortaya çıxdı. Musiqinin bir peşəkar sənət nümunəsi kimi inkişafı da, elə bu dövrdən götürülməlidir. Əsas özülü folklor musiqisi ilə bağlı olan muğamların folklordan ayrılıb peşəkar sənət nümunəsinə çevrilməsi də məhz bu dövrlərə aiddir. Musiqi sənətində peşəkarlığın inkişafı sonrakı inkişaf mərhələlərində bir çox musiqi janrlarının, irihəcmli əsərlərin meydana çıxmasını təmin etdi.
Musiqidə, peşəkarlığın ortaya çıxması üçün onun əski, ilk yaranış formaları mühüm rol oynayıb. Musiqi folkloru dediyimiz qeyri-peşəkar musiqi nümunələri, professional sənətin yaranmasında əsas baza olması heç kəsdə şübhə yaratmamalıdır. Bu mənada, folklor musiqi nümunələrinin yaranmasının haradan doğması məsələsi ön plana çıxır ki, onu tədqiqat obyektinə çevirib problemin prinsipcə həll edilməsi, fikrimcə, musiqişünaslığın qarşısında duran əsas məsələlərdəndir. Bunun öyrənilməsi üçün biz musiqinin haradan yaranması ehtimalını, onun təbii halda formadan-formaya düşərək dəyişə-dəyişə dövrümüzə kimi gəlib çıxması yollarını araşdırmalıyıq. Yalnız bu halda biz muğamların, aşıq musiqisi havalarının, xalq mahnı və rəqslərinin və s. musiqi janrlarının yaranmasının ilkin formalarını müqayisəli şəkildə üzə çıxara bilərik.
Musiqinin ilkin yaranış formaları hər şeydən əvvəl kainatla, təbiətlə, cəmiyyətlə bağlıdır. Muğamların öyrənilməsi sübut edir ki, hələ orta əsrlərdə Şərq alimləri muğamların kainatla, təbiətlə bağlılığına öz tədqiqatlarında xüsusi olaraq diqqət yetiriblər və öz mülahizələrini kifayət qədər elmi cəhətdən əsaslandırılmış formada izah ediblər. Musiqinin bu şəkildə öyrənilməsi fikrimcə, muğam, aşıq və digər milli musiqi janrlarının yaranıb ortaya çıxması şəraitinə aydınlıq gətirər və musiqişünaslar arasında gedən lüzumsuz mübahisələrə son qoya bilər. "Musiqi nədir?" sualına dünyanın çoxsaylı alimləri öz əsərlərində kifayət qədər cavablar veriblər. Fizika elmi ilə məşğul olan alimlər musiqinin fiziki xassələrini ön plana çəkərək onu səs kimi öyrəniblər.
Səs - hərəkətdən doğur. Harada hərəkət varsa, orada səs mövcuddur. Səsin ilk yaranışını kainatla, ilk yaranışla götürmək lazımdır. Kainatda səs, planetlərin öz oxu, günəş sistemi və qalaktikanın ümumdünya cazibə qanununa uyğun hərəkətlərindən yaranır. Cəmiyyətdəki insanlar bu səsi eşitməsələr də, alimlərin yekdil fikrinə görə planetlərin hərəkətindən doğan səslər mövcuddur. Planetlərin ümumdünya cazibə qanununa uyğun hərəkətləri müəyyən ritmlə tənzimlənir. Hər bir planetin, peykin kütləsinə uyğun hərəkəti, müxtəlif ritmləri, yəni ağır, yüngül, tez və s. ritmləri yaradır ki, bunların hərəkət zamanı yaratdıqları səslər də yüksəkliyinə, xassələrinə görə müxtəlif olur. Musiqi ilk növbədə obrazlı səslərin hakim kəsildiyi varlıqdır. Musiqi bədii və obrazlı səslərin qanunauyğun şəkildə düzülüşüdür ki, müəyyən fikri, obrazı ifadə edir. Musiqi təbiətdə mövcud səslərin bədii intonasiyalarının müəyyən harmonik səs çalarlığında, ahəngdar ritmdə səsləndiyi əks-sədadır. Musiqi insanın özünü, bədii-obrazlı, rəngarəng səslər aləmində ifadə formasıdır. Musiqi insanın ətraf mühitə, kainata, bəşəriyyətə və öz dünyasına harmonik münasibətidir.
Musiqi insanın emosional vəziyyətini ətraf mühitdə tənzimləyən vasitədir. Təbiətdə müxtəlif tembrlər, intonasiyalarla zəngin olan musiqili səslər və təbii səslər mövcuddur. Səsin zəngin intonasiyalarla, müəyyən çalarlarla üzə çıxarılması ali məxluq olan insana aiddir. Digər səslər isə yuxarıda qeyd etdiyimiz kimi müxtəlif hərəkətlərdən doğan səslərdir ki, bunlara çox vaxt musiqili səs deyilmir.
Musiqi insanın ilahiliyə müraciətinin ifadə formasıdır.
Musiqi insan varlığının əks-sədasıdır ki, ilk növbədə insanın harmonik inkişafı naminə öz daxili aləminə yönəlib.
Musiqi insanlar arasında ünsiyyət vasitəsidir. İnsan varlığı, vücudu
mikrokosmos olduğu üçün musiqi makrokosmosla mikrokosmos arasında vasitədir. Musiqi bütün bəşəriyyətin varlığıdır.
O, insanlarda və heyvanlarda ən incə duyğuları, hissləri oyatmaq qüdrətinə malikdir.
Musiqini sənət
nümunəsi kimi yaradan insandır. Onun yaratdığı musiqilər çox rəngarəng, çoxplanlı
və çoxjanrlıdır.
Rəngarəng janrlarda
yaradılan musiqilərdə
emosional təsir ön plana çıxsa
da, musiqi dili ilə müəyyən
fikir, məzmun söylənilir. Musiqinin güclü emosional təsiri bütün canlı aləmdə özünü göstərməkdədir.
Ümumiyyətlə, musiqinin,
muğamların və
aşıq musiqisinin əsas mahiyyəti sosial ehtiyacdan doğan və ictimai mühitdə, cəmiyyətdə bütün
keyfiyyət göstəricilərinin
yüksəlməsinə xidmətdir.
İnsan sosial varlıq kimi müxtəlif psixik keyfiyyətlər olan xarakterik cəhətlərə,
temperamentə, emosiyaya
malikdirsə, muğam,
aşıq musiqisi də insan mənəviyyatının
varlığı olub,
müxtəlif keyfiyyət
göstəricilərinə, xarakterə, temperamentə,
emosiyaya malikdir. İnsan bioloji, sosial varlıqdırsa, musiqi də ruhi, mənəvi varlıqdır. İnsanda
irsi və gen yaddaşı mühüm
amillərdən biridirsə,
muğam və aşıq sənətlərində
də irsilik və gen yaddaşı mövcuddur. Muğamlarda, aşıq musiqisində canlı obrazların, xarakterik cəhətlərin
mövcudluğu onların
mahiyyəti ilə bağlı olub, mənəviyyatı, psixi
durumu tərənnüm
edir. Muğam, aşıq musiqisi insanın psixo-emosional durumuna təsiretmə qüdrətinə malikdir.
Deməli, muğam və aşıq musiqisi də insanın, sosial varlığın sosial ehtiyacından, zərurətdən
yaranır. Bunu nəzərə alsaq deyə bilərik ki, muğam da, aşıq musiqisi də zərurətdən doğub.
Musiqi, muğam
və aşıq sənətləri gerçəkliklə
sıx əlaqədardır.
Bu sənət janrlarından
tarixin ayrı-ayrı
dövrlərdə sufi
məclislərində, Varlığa
bağlı ilahilərin
oxunmasında istifadə
olunması sübut edir ki, onlar
sadəcə, musiqi janrları olmayıb. Onlar insanı kamilliyə yüksəltdikləri
üçün dünyanın
dərk olunmasında insan varlığına əvəzsiz xidmətlər
ediblər. Muğam fəlsəfəsi də fəlsəfə kimi insanın tərəqqisi,
cəmiyyətdəki rolu
və inkişafı ilə əlaqədar olub, onun həyatı
dərk etməsi dairəsini genişləndirir.
Qədimlərdən Şaman,
Dərviş, Sufi məclislərində
bir qayda olaraq musiqidən istifadə olunması, saraylarda, toy- düyünlərdə,
müxtəlif mərasimlərdə
geniş vüsət alması onu göstərir ki, musiqi insan varlığının
ortaya çıxartdığı
mənəvi zənginlikdir
ki, cəmiyyətin, insaniyyətin inkişafına
xidmət edir. Bu varlıq, insaniyyətə
Allah tərəfindən bəxş
edilib. Hələ qədim Şumer dövründə musiqinin
bütün elmləri
- fəlsəfəni, ədəbiyyatı,
siyasəti, ritorikanı,
astronomiyanı, nəhayət,
göyü-yeri bir harmonik məkanda birləşdirən müqəddəs
sənət kimi qiymətləndirilməsi də
onu göstərir ki, musiqi insanlara
verilmiş elə bir hikmətdir ki, o, kainatla həyatın və insanın Allaha qovuşması üstün
mikrokosmos (insan vücudu)la, makrokosmos arasında vasitədir.
Musiqi sənətinin
janrları arasında
simfonik orkestrin, xalq çalğı alətləri orkestrinin, kamera orkestrinin, xorun, instrumental musiqinin insana təsiri bir-birindən fərqlidir.
Orkestrlərin və xorun icrasında səslənən musiqi əsərlərindəki çoxsəslilik
insana harmonik baxımdan daha güclü təsir göstərir. Milli ənənəyə söykənmiş
ənənəvi musiqidə
isə milli dəyərlər daha qabarıq olduğundan Sazın, Tarın, Kamançanın, Neyin, Balabanın və s. alətlərin ifa etdiyi aşıq musiqi nümunəsi və ya muğam,
təsnif, söz sənəti ilə birgə insana çatdırıldığı üçün özünəməxsus
dərəcədə yüksək
təsir qüvvəsinə
malik olur. İndi də muğamın insanın dünyagörüşünə təsiri məsələsinə
varaq. Muğam elə bir musiqi
janrıdır ki, o, insanı əyləndirməyə
yönəldilməyib. Muğamların
musiqi dili elə səpkidə qurulub ki, insan
oradakı metroritmik komponentləri yalnız dəramədin, təsnifin,
rəngin, diringilərin
ifalarında hiss edir.
Bu mənada muğamın
musiqi dili, insanın danışıq
dili ilə həmahənglik, sinkretiklik
təşkil edir və sözün daşıdığı informatik
məlumat, məna yükü insan beyni tərəfindən daha tez dərk
edilir. Bu səbəbdən
də muğamlar insana daha tez
təsiretmə gücünə
malikdir.
Muğamların insanın
dünyagörüşünə təsiri məsələlərinə
diqqət yetirək.
"Dünyagörüşü ictimai və fərdi şüurun mürəkkəb, sintetik
və inteqral nə varsa yaratdığıdır,
törəməsidir. Fəlsəfə
şüurun dünyagörüşü
formasıdır. Ümumiyyətlə,
dünyagörüşü dünya və dünyada insanın yeri haqqında təsəvvürlərə deyilir.
Onun müxtəlif komponentləri - bilik, əqidə, etiqad, əhval-ruhiyyə, cəhdlər,
ümidlər, mənəvi
dəyərlər, normalar,
ideallar və s. var". Muğamların insana təsirini öyrəndikdə mayəsi
zil tonlara düşən dəstgahların
əqidəyə, idraka
təsir etdiyinin şahidi oluruq. Məsələn, "Rast",
"Şur", "Bayatı-Şiraz",
"Mirzə Hüseyn",
"Haşım Segah",
"Dəşti", "Bayatı-Kürd" muğam
dəstgahlarının mayə
səs yüksəklikləri
zil tonlara düşdüyü üçün
onlar ilk növbədə
idraka, əqidəyə,
psixoemosional əhval-ruhiyyəyə
təsir göstərir.
"Zabul-Segah", "Nəva",
"Dügah" düşüncəyə,
mənəvi dəyərlərin,
xəyallarıın, idealların
formalaşmasına müsbət
təsir edir.
Rafiq İmrani,
sənətşünaslıq doktoru,
professor
Xalq Cəbhəsi.-
2010.- 27 iyul.- S.14.