Qədim Tiflis xanəndələri
II yazı
Qəzetin redaktoru O.Konstantinovun həmin şeirin altında Səttar haqqında qeydləri var. Həmin qeydlərdə oxuyuruq: "Səttar Tiflisdə məşhur olan iranlı xanəndənin adıdır. Onu Asiya tərzində şənliklər edərkən nahar və şama dəvət edirlər. Səttardan başqa iki xanəndə də məşhurdur. Bunlardan biri İrəvan sakini Əli Əskər, o birisi isə Yevanquldur. Bunların arasında həm rəqabət, həm də yarış var. Mən bunların üçünü də eşitmişəm. Birinciliyi isə Səttara verirəm. Onun səsindəki həzinlik və kədər motivləri avropalıların qəlbini titrətməklə ürəyində qəribə həyəcanlı hisslər yaradır."
Şamaxıda Mahmud ağanın məclislərinin birində Səttar oxuyarkən Seyid Əzim Şirvani onun səsinə valeh olaraq müxəmməslərinin birində onu belə tərif edir:
"Ud hər ləhzə gəlib şurə deyir: ya Məbud,
Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar".
Məşhur fransız yazıçısı Jül Vern özünün "Arxipelaq alovlanır" əsərində Səttarın səsinə yüksək qiymət verərək yazırdı: "Bu ləyaqətli patriarxın daha zildən oxumağını arzu edərək mən Kür çayının sağ sahili ilə yuxarı qalxmağa başladım ki, oradan dağın təpəsindən (Sənan dağından - M.M.) şəhərin gözəl mənzərəsinə tamaşa edim. Budur dağın təpəsinə çatıram, kiçik bir meydançada dayanıram: burada kimsə, səyyar bir aktyor (Səttar-M.M.) böyük bir həyəcanla gözəl İran şairi Sədinin şeirlərini incə musiqi təranələrinin müşayiəti ilə oxuyur."
Tezliklə Tiflisdə Cəfər adlı yeni bir xanəndə meydana çıxdı. Şəhər iki hissəyə bölünmüşdü. Onun bir hissəsi Cəfərə üstünlük verirdi, o biri hissəsi isə Səttara. Nikoloz Barataşvili Səttarın tərəfində idi. Naxçıvandan şair Mayqo Orbelianiyə yazdığı məktubunda qeyd edirdi: "O Cəfəri tərifləməklə zəhləmizi apardılar. Kimin kitabı əlimizə düşdüsə, hamısı ondan tərif yazırdı. Onun hal-qaziyəsini bizə belə söyləyiblər: onu Süleyman xan İrandan gətirmişdi. İki gün, iki gecə burada bizdə olublar. Nə bacarıqları varsa, onu göstəriblər. Kim deyir ki, Səttardan artıqdır. Görünür, yaxşı dinləmə qabiliyyəti yoxdur. Mən sizə deyəcəm. O, Səttardan daha çox savadlıdır. Ancaq Səttara səsi tanrı verib. Həm də əlavə edib ki, belə bir səs heç kimdə olmayacaq. Hər ikisinə baxın. Biri insan oğludur, o birisi isə cəhənnəm odudur".
Barataşvilinin xatirələrindən məlum olur ki, o, Naxçıvanda ikən Şəki xanının oğlu Süleyman xan məşhur xanəndə Cəfərlə bərabər ora gəlir. Qonaqlar iki gün-iki gecə Barataşvilinin mənzilində qalırlar. Xanəndə Cəfərin oxumağı Barataşviliyə çox ləzzət verir. 1844-cü il noyabrın sonlarında İlya Orbeliani Tiflisə Çavçavadzenin qızlarının qayıtması münasibəti ilə böyük ziyafət verir. Səttar həmin ziyafətə dəvət olunur. Həmin il dekabrın 4-də Qriqol Orbeliani Cüngündən öz qardaşı Zaxara yazırdı: "Katinanın Minqreldən, Ninonun Odessadan gəlişini şəhər duydu. Beybutovun arvadı Manananın evlərində durub İlyanı dəvət etmiş və çox böyük məclis təşkil etmişdi. Zurnalı, çianurlu və ağa Səttarın iştirak etdiyi bir məclis qurmuşdu".
Müştəhid bağı açılanda Səttarın daha vaxtı yox idi. Kef çəkənlər bütün məclislərə onu aparırdılar. Qriqol Orbeliani Kaplan Orbelianiyə yazırdı: "Niko bütün bizim məhləni Müştəhid bağına dəvət etmişdi. Musiqili, zurnalı, ağa Səttar olan bir məclisə. Gecəyarı saat üçə qədər orada olduq."
Səttar kifayət qədər
yaxşı improvizator idi. O, tamamilə sərbəst şəkildə
gürcü dilində şeirlər yazırdı. 1857-ci il
sentyabrın 14-də İvane Kereselidze Rafael Eristaviyə məlumat
verirdi: "Sənin "Nino"nu Tiflisdə çox bəyənirlər.
Belə deyirlər ki, guya mərhum Arçil Muxranski barəsində
yazılıb. Ah, Rafael, bilirsən, Səttar onu necə
sevirdi. Bir başa düşəsən. Bu yeni mahnını
necə ifa edirdi!"
1860-cı il yanvarın 4-də
Tiflisdə Səttarın benefisi təyin olunmuşdu. Həmin
il yanvarın 3-də Qriqol Orbeliani Kaplan Orbelianiyə məlumat
verirdi: "Sabah yəni ki, bazar ertəsi teatrda ağa Səttarın
benefisidir. Və bu biletlərdən nəyi
oxuyacağını artıq bilirəm. Birbaşa gəl mənim
lojama". Xanəndə Səttar indiki Nəbatat
bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında
dəfn edilib. Səttar və Cəfərdən sonra Yevanqul
adlı xanəndə meydana çıxdı. Əslən
Şuşadan idi. O, Aleksandr Çavçavadze, Qriqol Orbeliani,
Georgi Eristavi, Nikoloz Barataşvilinin və
başqalarının şeirləri üstündə
gürcü dilində də mahnılar ifa edirdi. O zamanlar
Tiflisdə göstərilən teatr tamaşalarının
fasilələrində tarzən kimi çıxış edənlərdən
biri də Sadıqcan idi. Şuşada anadan olan bu sənətkarın
Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna
xidmətləri olub. 1886-cı il dekabrın 29-da Tiflisin
"Artsruni" teatrının binasında M.F.Axundovun
"Müsyo Jordan və dərviş Məstəli
şah" komediyası tamaşaya qoyulmuşdu. Həmin
tamaşanın afişasında fasilələrdə məşhur
tarzən Sadığın çalacağı, xanəndə
Mirzəlinin isə oxuyacağı qeyd edilmişdi.
Sadıqcan Tiflisin
Müştəhid bağında dəfələrlə
çıxış edib.
Sadığın ustadı
olmuş tarzən Mirzə Muxtar 1914-cü ildə Tiflisdə
"Leyli və Məcnun", "Əsli və Kərəm"
operalarında uğurla çıxış edərək
tamaşaçıların rəğbətini
qazanmışdı. Tiflis şəhərində Sadıqcan
ilə dəfələrlə verilən konsertlərdə,
teatr tamaşalarının fasilələrində aşıq
Abbasqulu da iştirak etmişdi. O vaxtlar bir tarzən kimi Rzabala
Rzayevi də yaxşı tanıyırdılar. Rzabala Rzayev
Cabbar Qaryağdı oğlu ilə, Seyid Şuşinski ilə,
Xan Şuşinski ilə, Məşədi Məmməd Fərzəliyev
ilə və başqa xanəndələr ilə teatr
tamaşalarının fasilələrində uğurla
çıxış etmişdi. O, ən çox Seyid
Şuşinski ilə bərabər konsertlərdə
çıxış etmişdir.
Rzabala Rzayev bir vaxtlar Şah
Abbas məscidinin axundu, dövrün mütərəqqi şəxslərindən
olan Məşədi İsmayılın oğludur.
Rzabalanın yaşı 90-nı haqlamış oğlu,
Böyük Vətən müharibəsi veteranı Nurəddin
Rzayev hazırda ABŞ-ın Nyu-York şəhərində
yaşayır. Onun oğlu İsmayıl Rzayev isə
dövrümüzün istedadla rəssam və musiqiçilərindən
biridir. O, sovetlər dövründə SSRİ Rəssamlar
İttifaqının üzvü olub. Hazırda Tiflisin qədim
məhəllələrindən olan Xarpuxda Rzabala Rzayevin
yurdunda yaşayıb-yaradır. Cəlil Məmmədquluzadənin
həyat yoldaşı Həmidə xanım Cavanşir öz
xatirələrində yazır: "Mirzə Cəlil Şərq
musiqisini və aşıqları çox sevərdi.
Gülablı aşıqları Nəcəfqulu və Abbasqulu
ilə dostluq edərdi. Həmin aşıqlar
qızımın ərə getməsi xəbərini
eşitmiş, dəvət olunmadan özləri Tiflisə -
bizə gəlmişdilər. Lakin mən və Mirzə Cəlil
evlənmək münasibəti ilə keçirilən hər
cür təntənənin ziddinə idik, ona görə
heç nə təşkil etmək fikrində deyildik. O
günlər müsəlmanlar mərhum Mirzə Fətəli
Axundovun yubileyini keçirməyə hazırlaşırdılar.
Bu işdə Mirzə Cəlil fəal iştirak edirdi. Yubiley
müsamirəsi Dvortsov (Saray- M.M.) küçəsində
Banovski teatrında keçirildi. Mirzə Cəlilin təklifi
ilə aşıqlar müsamirədə oxuyub böyük
müvəffəqiyyət qazandılar və bolluca pul
aldılar. Aşıqlar yalnız bir axşam evdə bizim ailəmiz
üçün oxudular və ertəsi gün
çıxıb getdilər."
Həmin dövrlər Cabbar
Qaryağdı oğlunu da Tiflisdə yaxşı
tanıyırdılar. Qaryağdı oğlu öz dəstəsi
ilə İrandan qayıdarkən İrəvan şəhərinə
gəlir. O, burada üç həftə gecə-gündüz
toy məclislərində olur. Oradan da Tiflisə dəvət
olunur. Tiflisdə şəhərin şənlik və məclislərində
uğurla çıxış edərək
tamaşaçıların rəğbətini qazanır.
Burada Cabbar Qaryağdı oğlu azərbaycanlıların,
gürcülərin məclislərində sevinclə
qarşılanır. Belə ki, o, həmin vaxtlar Tiflisdə
üç ay qalmalı olur. Tiflisin füsunkar gözəlliyinə
valeh olan xanəndə onun şəninə mahnı da
qoşur. "Tiflisin yolları" mahnısı o zamanlar ən
sevimli mahnılardan biri idi.
Məşhur xanəndələrdən
biri olan Məşədi Məmməd Fərzəliyev
1913-cü ilin yazında Zubalov adına xalq evi (indiki Kote
Marcanişvili adına Dövlət Teatrı) tərəfindən
Tiflisə dəvət edilir. Bu xalq evində Malıbəyi Həmid,
Çəkməçi Məhəmməd, Məşədi
Cəmil Əmirov, Seyid Şuşinski, Məcid Behbudov, Bala Məlik
kimi məşhur sənətkarlar teatr tamaşalarında və
ya "Şərq konsertləri"ndə
çıxış edərdilər. O dövrün teatr
afişalarında və konsert proqramlarında bu sənətkarların,
habelə Məşədi Məhəmmədin də adına
tez-tez rast gəlmək olardı. Tiflisdə verilən bir teatr
tamaşası proqramında yazılmışdı:
"1913-cü il may ayının 10-da Tiflisin K.Y.Zubalov
adına xalq evində Sidqi Ruhullanın rejissorluğu ilə
müsəlman opera həvəskarları üçün məşhur
xanəndə Məşədi Məmməd Fərzəliyevin
iştirakı ilə Üzeyir Hacıbəyovun "Leyli və
Məcnun" operasının son pərdəsi tamaşaya qoyulacaq.
Əsərdə Zeyd rolunu Məşədi Məmməd Fərzəliyev
oynayacaq."
O dövrün məşhur
xanəndələrindən biri də əslən Cənubi Azərbaycandan
olan Əbülhəsən xandır. 1914-cü ilin mart
ayında Əbülhəsən xan Avropaya qastrol səfərinə
çıxarkən əvvəlcə Tiflisə gəlir. Onun
ilk konserti həmin ay "Kazyonnı teatr"da (indiki
Z.Paliaşvili adına Dövlət Opera və Balet
Teatrında) olub. O zaman Tiflisdə yaşayan məşhur xanəndə
Seyid Şuşinski Əbülhəsən xanın konsertlərində
yaxından iştirak etmiş, qonaqlar üçün hər
cür şərait yaratmışdı. Azərbaycan
Respublikasının xalq artisti, əslən tiflisli olan Mustafa Mərdanov
xatirələrinin birində yazır: "Şərqin məşhur
xanəndələrindən sayılan Əbülhəsən
xan öz dəstəsilə Tiflisə konsert verməyə gələndə
ilk növbədə Seyid Şuşinskinin
görüşünə getdi. İki sənətkar çox
səmimi görüşdülər. Seyid Şuşinski Cənubi
Azərbaycandan gəlmiş qonaqlara öz xərci ilə frak
tikdirib səhnəyə çıxartdı. Əbülhəsən
xan ürəkaçan gözəl bir səslə
"Bayatı-Şiraz" və "Rast" dəstgahı
oxudu. O, dinləyiciləri valeh etdi. Bu konsertdə iştirak edən
Gürcüstan opera sənətinin banisi Vano Saracişvili Əbülhəsən
xanın sənətkarlığını yüksək qiymətləndirərək
dedi: "Əbülhəsən xanın nəyi Karuzodan əskikdir?"
O, sonra səhnəyə çıxıb Əbülhəsən
xanı bağrına basıb öpdü. Əbülhəsən
xanın konsertlərinin təşkilinə Seyid
Şuşinski ilə birlikdə biz də kömək edirdik.
İstəyirdik ki, qastrol səfərindən onlar öz vətənlərinə
xoş təəssüratla getsinlər".
Əslən
şuşalı olan Dabbağ Məhəmmədqulu və
Zabul Qasım Əbdülbaqi ilə, Cabbar Qaryağdı
oğlu ilə birlikdə bir neçə tədbirdə
iştirak etmiş, məclislər yola salmışdılar. O
vaxtlar tiflislilərin sevimli xanəndələrindən biri də
Xan Şuşinski idi. 1922-ci ildə şuşalı tarzən
Bala Məlikovun təşəbbüsü ilə Tiflisdə
Şərq ansamblı təşkil olunur. 1926-cı ilədək
fəaliyyət göstərən ansamblda müxtəlif
vaxtlarda xanəndə Məşədi Məmməd Fərzəliyev,
Məcid Behbudov, Musa Şuşinski, aşıq Mirzə və
başqaları çıxış etmişdilər. Məşhur
xanəndə Seyid Şuşinskinin həyatında da Tiflis
mühüm rol oynamışdı. Gənclik illərini
Tiflisdə (1911-1919-cu ilər) keçirən Seyid
Şuşinski elə burada Şərqin məşhur tenoru Əbülhəsən
xanın məktəbi ilə tanış olmuşdu. Onun bir
xanəndə kimi formalaşmasında Azərbaycan vokal məktəbinin
banisi Cabbar Qaryağdıoğlunun böyük təsiri
olmuşdu. Ömrünün müəyyən hissəsini
Tiflisdə keçirən bu sənətkarlar Azərbaycan
musiqisinin inkişafında və təbliğində
mühüm xidmətlər göstəriblər. Qədirbilən
xalqımız bu sənətkarları həmişə
hörmətlə yad edir, sevə-sevə
xatırlayır.
Mirzə Məmmədoğlu
Xalq Cəbhəsi.- 2010.- 29 iyul.- S.14.