Azərbaycanın ilk hüquq professoru

 

Mustafa Vəkilovun 110 yaşı tamam olur

 

Mustafa Məhəmmədağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə I oğlanlar gimnaziyasında orta təhsilini başa vurub. Həmin ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsindən çalışıb. 1919-cu ildə Bakıya gəlib Azərbaycan Xalq Cumhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib, Fransadakı Paris Universitetinin hüquq fakültəsinə daxil olub. AXC-nin rus imperiyası tərəfindən süquta uğraması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb. Ancaq Mustafa Vəkilov öz imkanları hesabına təhsilini davam etdirib. Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri N.Nərimanovun təşəbbüsünə əsasən, xaricdə təhsil alanların təqaüdü bərpa olunub. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya - Kremlə gəlib, orada MİK sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. O, bu təklifi qəbul etməyib 1924-cü ildə Bakıya qayıdıb. Mustafa Vəkilov Bakıda Konyuktor Bürosuna "ştatbüro"da əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlər üzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışıb. Eyni zamanda Bakı onun rayonlarında mühüm mülki işlərə rəhbərlik ona həvalə olunub. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunub. Sonra əsasən 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji elmi fəaliyyətlə məşğul olub. Az.DETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu hüquq şöbəsinin aspiranturasına qəbul olunub. 1930/31-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturanın ilk buraxılışını) dosent dərəcəsi alır. Ardınca iki iri elmi əsər yazır: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq əxlaq". 1935-ci ildə isə gənc alim ASSR Konstitusiyası türk mətninin redaktoru olub. Mustafa

Vəkilov eyni zamandə tərcümə redaktə işləri ilə məşğul olub, habelə rus, fransız, alman dillərini mükəmməl bilib. 1935-ci ildə o, dövlət hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında xüsusi müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə" 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafa Vəkilov 1943-cü il aprelin 30-da vəfat edib.

Yeri gəlmişkən, Gürcüstanın Azərbaycan əsilli ziyalıları Mustafa Vəkilovun 110 illik yubileyin keçirməyə hazırlaşırlar. Bu barədə Milli Azlıqların Hüquq Müdafiəsi Monitorinqinin qrup rəhbəri, hüquq müdafiəçisi Elbrus Məmmədov bildirib. Təbdir çərçivəsində elmi konfrans da keçiriləcək.   

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2010.- 30 iyul.- S.14.