Uşaqlıq hikməti...
Şairlərimiz şeirlərində uşaqların bədii-etik
davranışına xüsusi diqqət yetiriblər
Bəşəriyyətin
böyük idrak sahibləri həmişə uşaqlıq
çağlarını böyük sayğı və heyrətlə
xatırlayıblar. Bu, bir həqiqətdir ki, insanın
dünyaya, həyata özünə münasibətinin təməli
məhz uşaqlıq dövründə qoyulur. Uşaqlıq
hikməti insan üçün həyatı, dünyanı,
özünü qavramaqda stimul rolunu oynayır. Dövrümüzün
gərginlikləri artdıqca uşaqların təlim və tərbiyəsi
sarıdan problemlər də düyünə
düşür. Bütün tərbiyə haqqında deyilənlər
çox hallarda sözdən o yana getmir. Qloballaşmanın
artdığı bir vaxtda millətin, dövlətin
inkişafı üçün yeni nəsillərin tərbiyəsinin
milli prinsiplərlə aparılması çox gərəklidir.
Ancaq pedaqoqlarımız etiraf etməsələr belə,
çox hallarda milli prinsiplərin nədən ibarət
olduğunu ictimaiyyətə aydın şəkildə
çatdıra bilmirlər. Bu səbəbdən də milli və
dini dəyərlər bir-biriylə
qarışdırılır. Hamı özgələşməyin
dəhşətini gördüyü dərəcədə
ona qarşı müqavimət göstərmir.
Bu gün Azərbaycanda təbəqələşmənin
nəticəsi olaraq bir neçə təbəqəli ailələr
yaranıb. Şübhəsiz ki, ailələr
arasındakı fərqlər maddi imkanların təsiri ilə
formalaşıb. Kasıb ailələrin uşaqları
xoşbəxtliyi yalnız varlı balaları kimi yaşamaqda
görürlər. Belə ailələrdə uşaqlar əsasən
oxuyub pula, mənsəbə çatmağı, bu yolla
varlığını sübut etməyi hər şeydən
üstun tutur. Millətin sabahı haqqında ciddi
düşünənlərin sayı azalır.
Uşaqların əxlaqına, tərbiyəsinə
çoxsaylı telekanallar fəlakətli təsir göstərir.
Gedişat onu göstərir ki, qarşıdakı illərdə
valideynlər uşaqlarının tərbiyəsilə
bağlı daha böyük problemlərlə
rastlaşacaqlar...
İnsanların gündəlik
çörək dalınca evindən çıxaraq şər
qarışanda yuvasına qayıtması bir çox valideynlərin
uşaqlarının tərbiyəsi ilə məşğul
olmasına imkan vermir. Problemlər yeni-yeni qayğı
çeşidləri yaradır. Gənclərin bir qismi ailə
qurmağın çətinliyindən dəhşətə gələrək
istəyini arxa plana atır. Nəticədə nəsillərarası
ənənə pozulur, türk ailəçiliyinin təməlinə
zərbə dəyir. Ailəçilik Azərbaycan gəncinin
ilk növbədə məsuliyyətli həyat sürməsi
deməkdir.
Uşağın nazı ilə
oynanılan ailələrin əksəriyyətində həyatın
çətinliklərinə hazır olmayan uşaqlar
böyüyür. Nəticə isə təbii ki,
acınacaqlı olur. Neçə onillər qabaq ümumən
ailələrdəki mənəvi problemlər hər halda
indiki səviyyədə deyildi. Mütəxəssislərin
fikrincə, əvvəllər cəmiyyətdə belə
güclü informasiya axını yox idi. Uşaq
üçün qanunverici şəxs yalnız ata, ya ana idi.
Ümumən sovet dövründə tam mənası ilə
eynitipli, eynirəngli cəmiyyət yaranmışdı. Ancaq
indiki sürətlə artan, güclənən informasiya
axınının qarşısını almaq təbii ki,
mümkün deyil. Əlbəttə, yeniyetməni
başlı-başına da buraxmaq olmaz. Məsləhət,
aydınlaşdırma, təhlil yolu ilə valideynlər
problemi həll edə bilərlər. Bir məqamı da qeyd
etmək yerinə düşər. Valideyn-uşaq münasibətləri
sarıdan təzadlar bol olanda bu sonradan münasibətlərin
daha da gərginləşməsinə səbəb olur. Valideynlərin
uşaqları üzərində hər mənada
hegemonluğu övladlarının ailə qurmaq məsələsi
zamanı zirvəyə çatır. Təəssüf ki,
indi valideynlərin əksəriyyəti maddi marağa
üstünlük verir.
Uşaqlıq dövründə
insanın oxuduğu nağıllar, hekayətlər, şeirlər
onun kövrək mənəvi dünyasının daha da
gözəl formalaşmasında, yaranmasında, insanlara, xalqa,
bəşərə gərəkli olmasında əhəmiyyətli
rol oynayır. Uşaq ədəbiyyatı məhz bu cür məsələlərlə
məşğul olur. Uzun müddətdir "uşaq ədəbiyyatı"
məfhumu barədə müxtəlif fikirlər səslənir.
Əksəriyyət bu ifadənin lehinə olsa da, hər halda
"uşaq ədəbiyyatı" məfhumuna qarşı
olanlar da var. Uşaq ədəbiyyatı mövzusunda elmi
araşdırma aparan sosioloq-alim Əhməd Qəşəmoğlunun
fikrincə, sovet dövründə uşaq ədəbiyyatına
münasibət indikindən qat-qat yaxşı idi və o bir
neçə nəslin yetişməsində mühüm rol
oynayıb: "Təbii ki, sovet ideologiyası öz ruhuna,
sovet rejiminə uyğun şəxsiyyət hazırlamaq uğrunda
çalışırdı. Biz həmin metodikalardan daha
yaxşı istifadə etməklə müstəqil dövlətin
və müasir ölkəmizin milli şüurlu vətəndaşını
yetişdirmək istiqamətində bəhrələnməliyik.
Düşünülmüş şəkildə
uşaqlarımızın dünyagörüşünün
insani səviyyədə yaranması üçün əsərlər
yaranmalıdır. Yoxsa ki, nə qədər dovşandan,
tülküdən, qurddan, çaqqaldan yazmaq olar? İndi
müasir uşağı nəyəsə inandırmaq hədsiz
çətindir. Uşaq ədəbiyyatımız həm
milli təəssübeşlik, vətənpərvərlik, həm
də ki, bəşərsevərlik ruhunda əsərləri
uşaqlara sevdirməyi bacarmalıdır. Təbiidir ki,
qloballaşan dünyada müasir uşaq istər-istəməz
yaşadığı dünyan haqqında geniş təsəvvürə
malik olmalıdır".
Professor Əjdər
Ağayevin fikrincə, Türkiyədə bizdən fərqli
olaraq uşaq ədəbiyyatı yönündə hərəkat
var: "Hər il Türkiyədə uşaqlar
üçün yazılmış ən gözəl əsərlərdən
ibarət toplu nəşr edilir. Orada hətta uşaq ədəbiyyatı
ilə məşğul olan ayrıca qurum da fəaliyyət
göstərir. Onlar uşaqlar üçün
yazılmış əsərləri həm tədqiq edir, həm
də bu mövzuda əsərləri nəşr edib
yayırlar. Türkiyədə də belə fikirləşirlər
ki, "uşaq ədəbiyyatı" anlamı bu yöndə
fikri tam əhatə etmir. Bəzən bu tipli əsərlər
uşaqlar üçün nəzərdə tutulsa da, əslində
olduqca ciddi fəlsəfi mahiyyəti özündə ehtiva
edir. Nəticədə böyüklər bu tipli əsərlərdən
çox şey öyrənə bilirlər. Ümumiyyətlə,
ədəbiyyatın "uşağı",
"böyüyü" yoxdur.
Ədəbiyyat insanın
duyğularını, düşüncələrini sanki ipə-sapa
düzərək oxucuya çatdırır. Təbiidir ki, bu
nümunələrdən böyük bir cür, balaca da bir
cür bəhrələnir. Ona qalsa gərək biz ədəbiyyatı
yaşa görə ayıraq. Uşaq böyüdükcə,
həyatı daha yaxşı qavramağa başlayır. Mən
uşaq ədəbiyyatı mövzusunda yazılan əsərlərin
uşaq düşüncəsinə, duyumuna, ruhuna,
marağına, uyğunluğuna diqqət yetirilməsini arzu
edərdim."
Professor Qara Namazov uşaq ədəbiyyatının
inkişafını belə xarakterizə edir: "Əlbəttə,
şeir yenə də yaranır. Onu tanınmış, təcrübəli
şairlərimiz də yazır, dərd əlindən
şeirdən yapışan gənclər də. Uşaqlar
üçün həmişə dəyərli şeirlər
yazmış Rafiq Yusifoğlu "Aylı
cığır" toplusunda öz dəst-xəttinə sadiq
qalaraq kiçik yaşlı balalara məzmunlu, yaddaqalan, dili səlis,
axıcı şeirlər bəxş edib. Bu şeirlər
mövzu cəhətdən də maraq doğurur. Toplunun birinci
bölümündəki şeirlər qədim qalalardan bəhs
edir. Şair hər qalanın tarixinə və bu gün
sökülüb dağılmış görkəminə
diqqəti cəlb edir ki, heç olmasa, böyüklər
bilmir, kiçiklər bilsinlər. Bu, balacaların diqqətini
tarixi abidələrimizin keçmişinə yönəltməklə
həm tarixi öyrənmək, həm də bu gün ona
qayğı göstərməyə bir
çağırışdır. "Yanardağ", "Bu
qobu, daşlı qobu", "Laylay", "Örənqala",
"Gəmiqaya", "Daşhasar",
"Xocamçaxlı qalası", "Uzaqdan gələn nəğmə",
"Qorqud baba" və b. bu qəbildəndir. Onun "Qorqud
baba" adlı şeiri aydın, ifadəlidir". Mahirə Əliyarlının
bu yöndə yaradıcılığını
araşdırmaya cəlb edən Q.Namazov bildirir: "Şeirlər
kitabından aydın duyulur ki, o, şeirə yanar bir ürəklə
gəlib. Onun "Türk oğlu, Türk qızıyam"
şeir toplusu balalar üçün nəzərdə tutulsa
da, şairə bəzən bu səviyyədən kənara
çıxaraq içindən qopub gələn bir harayı,
odu, alovu büruzə verir, böyükləri də
düşünməyə çağırır. Onun
"Qara buludlar" silsilsinə daxil olan "Xəzər
qabarır, türk qalxır", "Mən kiməm",
"And içirəm", "Yaralı Şuşa",
"Laçın", "Qaçqınlar" və
başqaları bu qəbildəndir. "Xocalıdan 7
yaşlı uşağın dedikləri" poemasında o dəhşətləri
gözlərilə görən uşağın söylədikləri
oxucuda heyrət doğurur, bizi dönə-dönə
düşündürür, intiqama çağırır. Ruzgar
Əfəndiyeva "Lalənin ləçəyi"
toplusunda latın əlifbasını uşaqların öyrənməsi
üçün sıra ilə, bədii deyimlərlə təsvir
edib. Bu, həm balacaların əlifbanı öyrənməsi
üçün, həm də bədii əsər kimi dəyərlidir.
Nizami Çaparlı gənc qələmlərdəndir.
"Balam niyə bal dadır?" kitabçasındakı
şeirləri kiçikyaşlı uşaqlar
üçün yazıb. Şeirlər rəvanlığı,
səlisliyi, fikir aydınlığı ilə
yaddaqalandır. Tofiq Qaraqayanın şeirlərinin ruhundan
aydın duyulur ki, o el ədəbiyyatına, aşıq
şerinə yaxşı bələddir. Onun balacaların
anlamına uyğun yaratdığı lövhələr xalq
deyimlərinə uyğun vəsf olunur. Süleyman
İsmayılın kiçik həcmli "Ağ gül, Ala
gül, Ay gül" kitabçasındakı şeirlər və
"Zınqırovlu canavar" poemasında onun uşaq
dünyasına yaxşı bələd olduğu aydın
duyulur. Bu yaxşıdır ki, gənc şair müşahidə
etdiyi hadisəni uzun-uzadı nəzmə çəkmir, 5-6
misrada oynaq ifadələrlə uşaq nitqinə uyğun vəsf
edir. Davud Aslanın da "Ağ göyərçinim" şeirlər
toplusunda uşaqların yaddaşına keçə bilən
lövhələr çoxdur. Ancaq kitabın əvvəlində
verilmiş "Nənə, nəvə və Cavanşir"
mənzuməsi 300 misradan çoxdur. Nə poemadır, nə
də mənzum nağıl. Sadəcə, nənə ilə
nəvələrin söhbətləridir. Belə uzun mənzumələr,
uşaqlar üçün yorucudur və yadda qalmaz. Vaxtilə
Səməd Vurğun bu cür mənzumələr haqqında
deyirdi ki, müəllim bunları danışdıqca
uşaqlar əsnəyəcək və zəngin tez
çalınmasını gözləyəcək. Xatırladım
ki, Sabir, Səhhət, Şaiq uşaq şeirlərinin
ölçüsünə, həcminə, vəzninə və
aydın məzmununa xüsusi diqqət yetirmişlər. Böyük
Sabirin satiraları ilə uşaq şeirləri arasında
xeyli fərq var. Ümumiyyətlə, klassiklərimizin bu ənənəsini
onların xələfləri istənilən səviyyədə
davam etdirmirlər. Bugünün tanınmış şairləri
Fikrət Sadıq, Ələkbər Salahzadə, Rafiq
Yusifoğlu, Yusif Həsənbəy və başqaları
uşaq şeirlərində uşaqların bədii-etik
davranışına xüsusi diqqət yetiriblər".
1958-ci ildən çıxan
"Göyrəçin" jurnalının baş reaktoru
Rafiq Yusifoğlu deyir, indiyə kimi jurnalın 562 sayı
işıq üzü görüb: "Bütün çətinliklərə
baxmayaraq "Göyərçin"i indiyə kimi qoruyub
saxlamışıq".
Elçin Qaliboğlu
525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.