Ümumdünya
Ətraf Mühit Günü Bakıda qeyd edildi
Bakıda səfərdə
olan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa
bürosunun direktoru Kristof Buvye Ümumdünya
Ətraf Mühit Günü münasibətilə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin təşkil
etdiyi tədbirdə iştirak edib. Belə ki, BMT-nin
Ətraf Mühit Proqramına əsasən Ümumdünya Ətraf Mühit Gününün
Avropada qeyd edilməsi üçün
Genuya, Cenevrə və Bakı mərkəzi şəhərlər
seçilib.
Tədbirdən əvvəl Kristof
Buvye və ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov Fəxri Xiyabanda ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra
ölkəmizin müstəqilliyi uğrunda canlarını
qurban vermiş şəhidləri yad ediblər. Nazirin qonaqla
görüşündən sonra BMT-nin Ətraf Mühit
Proqramının Avropa bürosunun direktoru K.Buvye Zığ -
Heydər Əliyev adına Hava Limanı magistral yolunun 10-cu
kilometrliyində Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən keçirilən kütləvi
ağacəkmə kampaniyasında iştirak edib.
Nazir çıxış edərək
son illər ekologiya sahəsində görülən işlər
və layihələr barədə məlumat verib. O, Xəzər
dənizinin suyunun qorunması üçün
qurğuların quraşdırılması, ölkənin bir
çox regionlarında yaşıllaşdırma işlərinin
aparılması, Prezident İlham Əliyev tərəfindən
bu ilin "ekologiya ili" elan edilməsini ətraf mühitin
və ekologiyanın qorunması sahəsində əhəmiyyətli
addımlar hesab etdiyini vurğulayıb və gələcəkdə
bu layihələri davam etdirəcəklərini bildirib.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, dövlət və qeyri hökümət təşkilatlarının,
diplomatik korpusların, beynəlxalq təşkilatların
ölkəmizdəki nümayəndəliklərinin, kütləvi
informasiya vasitələrinin, ümumilikdə min nəfərdən
çox əməkdaşın qatıldığı
kampaniyada aksiya iştirakçıları əsasən zeytun,
şam, sərv və tuya ağacları əkiblər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası
tərəfindən təşkil edilmiş "Ekologiya
mövzusunun kütləvi informasiya vasitələrində
işıqlandırılmasına dəstək" birgə
layihəsi-jurnalistlər üçün yazı müsabiqəsinin
nəticələri elan edilib. Ekoloji mühitin
sağlamlaşdırılması, təbii sərvətlərdən
səmərəli istifadə edilməsi, biomüxtəlifliyin
mühafizəsi, təbiətdən davamlı istifadənin təmin
olunması kimi aktual mövzuları əhatə edən və
müsabiqəyə təqdim edilmiş ən yaxşı məqalə
və telesüjetlərin qalibləri
mükafatlandırılıb. Mükafat alanlar arasında
"Xalq qəzeti"nin əməkdaşları-Mehdi Mükərrəmoğlu
və Mirbağır Yaqubzadə də var. Tədbirin sonunda
keçirilən mətbuat konfransında nazir H.Bağırov
jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 4
iyun.- S. 8.