Şeirin özündən yurdu şirindir

 

Çoxları şeir yazmağa sonralar başlayır, mən isə az qala şeirlərimilə bərabər doğulmuşam. Nəslimizin şair oğlu Abdulkərim 1931-ci ildə sovet dövründə güllələnib. Doğmalarımdan eşitdiyim bu qəmli hadisə ürəyimdə indi də qövr eləyir. İtirilən yurd yerlərimiz, o cümlədən də son dövrlərin itkisi olan Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Göyçənin əldən getməsi acılı-ağrılı şeirlərimin mövzusuna çevrilib.

Ustadlar belə deyirlər ki, şeirin özündən yurdu şirindir. Bu məsəli ona görə çəkirlər ki, şeirin yurdu danışılanda dinləyici onun mənasını tez anlayır və yaddaşına həkk edir.

Həmişə sənətkarlar arasında sazın nə zaman yaranması, ilk dəfə bu sazı kimin çalması haqqında müxtəlif rəvayətlər söylənilir. Məlumdur ki, saz aşığa məxsusdur. Sazı da, sözü də aşıq şöhrətləndirir. "Aşıq" adlı şeirdə bu məsələyə toxunulur.

 

Sədnik deyər: unutmaram mən sizi,

Sizlə tapdım ilk cığırı, ilk izi,

Qorqudlu, Abbaslı keçmişimizi,

Yaşaya-yaşaya yaşadar aşıq.

 

Aşıq yaradıcılımının canı sözdür. "Söz" adlı şeirimdə sözün qüdrətini mənalandırmağa çalışmışam.

 

Onu məndən alammazsan,

Sözdə Sədnik olammazsan.

Sözüm qızıl kərpicimdi,

Sözüm qızıl sarayımdı.

 

Vətənin tərənnümü şeirlərimdə əsas yer tutur.

"Dağlara" gəraylısında məni ilgiləndirən aşağıdakı bənddir.

 

Qayalar qartal yuvası,

Dərdə dərmandır havası.

Yaşamağın nə mənası,

Baxmırsa gözüm dağlara.

 

Bəzən Xoşbulağı öz qoynuna almış Dəli Qoşqarı dəlilərdən biri hesab edirlər. Pirsultanın adını daşıyan üç dağın olduğunu "Dağların" adlı qoşmada diqqətə çəkmişəm:

 

Soruş tarixini, Sədnikdən istə,

Qoy deyim sözümü düşmənə, dosta;

Gəncədə, Təbrizdə, bir də Sivasda,

Üç Pirsultan qardaşı var dağların.

 

"Dağlar arasında Koroğlusan sən" dediyim misra ilə bağlı gözümü gəzdirdikcə yeni-yeni şeirlər boy verir. "Bax" rədifli qoşma da bu qəbildəndir. "A dağlar" şeirində doğrudan da dağlar mənə bir möcüzə kimi görünür. Bir dostum qış aylarında məni dağlara qonaq çağırdı. Ona yazdığım "Gəlləm" adlı qoşma tarixi bir yadigardır.

 

İndi qışdı, necə gəlim dağlara,

Bənövşə dağlarda bitəndə gəlləm.

Yaz olanda Çoban dağı bəzənər,

Hophop meşəsində ötəndə gəlləm.

 

Yarım əsrdən artıqdır ki, dağlardan ayrılıb Gəncədə yaşayıram. Məni düşündürən, yaddaşımdan silinməyən nələr olduğunu şeirdə təbimin köməyi ilə bir-bir xatırlamışam.

 

Bənövşəli yaylaqları,

Diş göynədən bulaqları,

Başı qarlı o dağları,

Səndə qoyub gəlmədimmi?

 

Adını çəkdiyimiz dağların, dərələrin, düzlərin arasında ultra bənövşəyi şüaların düşdüyü torpaq Xoşbulaq yaylağıdır. Təbiətin bütün şəfa otları bu torpaqda bitir. "Görmüşəm" qoşmasında gəncliyimdə bu yerdə nələr gördüyümü dilə gətirmişəm. "Bənövşə" şeiri gəncliyimin əzəl çamları ilə bamlıdır. Sevdiyim qızı bu yaylaqda, buna yaxın olan Ağbulağın başında görmüşəm. "Bənövşə" şeirində kövrək gənclik duyğularım yaşayır.

 

Zirvəsi buluda dəyən dağların,

Ətəyində göz açmışam, bənövşə.

Pirsultanda bir cığır da mənimdi,

Ağ yoxuşda iz açmışam, bənövşə.

Buz bulaq başında, on beş yaşında,

Bir gözələ söz açmışam, bənövşə.

Çoxları sözünü payız-qış deyib,

Mən sözümü yaz açmışam, bənövşə.

 

Əvvəllər Kəlbəcər deyəndə Dəlidağ, Taxta yaylağı, Ceyranbulağı göz önünə gəlirdi. Ancaq Səməd Vurğunla Aşıq Şəmşirin görüşündən sonra 1955-ci ilin avqust ayının 5-dən onların adları da həmin sırada çəkilir. 1961-ci ilin sentyabrında yazdığım "Dəlidağ" şeirimdə Dəlidağa üzümü tutaraq aşağıdakı qoşmanı yazmışam.

 

Bəxtəvərsən, ucalardan ucasan,

Gör neçə dağların gözü var səndə.

Soruşsalar, bilərsənmi, Dəlidağ,

Neçə nəğməkarın sözü var səndə?

 

Dağıstan, Qazaxıstan, Almaniya, İran və Türkiyə səfərlərim zamanı çoxlu şeirlərim yaranıb. Almaniya səfərimlə əlaqədar iki təəsürratımı oxucularla paylaşmaq istərdim. Almaniyaya gedərkən anam sağ idi. O, dağdan Gəncəyə gəlib boynumu qucaqladı, hönkür-hönkür ağladı və dedi ki, dayını axtar, onu evlənmiş olsa da, olmasa da kəndimizə gətir. Almaniyaya çatarkən sinəm od tutub yandı. Anamın sözləri məni özümdən çıxardı. Mən dayımı hardan tapaydım? Belə düşünərkən aşağıdakı "Səndəmi?" şeiri yarandı.

 

Almaniya, yaralarım göynədi.

İtkin düşmüş əziz dayım, səndəmi?

Anam sızlar Səməd oğlu deyəndə,

Kəsilməmiş qurban payım, səndəmi?

Dam yerində daşı tökülü qaldı,

Hörgüsü-barısı sökülü qaldı,

Parçası sandıqda bükülü qaldı,

Yasa dönmüş neçə toyum, səndəmi?

 

22 gün idi ki, Almaniyada idim. Franfurt-Maynizdən Dördmund şəhərinə məruzə oxumağa gedirdim. Qabaqda oturmuşdum. Yuxu məni tutmuşdu... Ay doğmuşdu. Birdən qeybdən Səfurə xanımın səsi gəldi. "Bəs gəlmirsən?" Bədahətən "A ceyran" şeirini yazdım, axşam telefon açıb həmin şeiri Səfurə xanıma çatdırdım. Bir tarixi yadigar kimi həmin şeiri olduğu kimi verirəm.

 

Nə durmusan bədirlənmiş ay kimi,

O gözlərin bir bulaqdı, a ceyran.

Yanar qəlbim su istəyər, təşnədir,

Çatmaz əlim, çox uzaqdı, a ceyran.

 

Ulu babam Pirsultana Türkiyə səfərlərim dövründə çox sayda şeirlər yazmışam. Təbrizlə ilk görüşümdə Savalan dağına yazdığım qoşma sinəmdə qövr edən bir nisgilin bədii ifadəsidir.

 

Sən mənim tanrımsan dağlar içində,

Sədnikin sən boyda dağ var içində.

Kim belə dərdini ağlar içində,

Eldarlardan gəl soruşaq, Savalan.

 

Səfurə xanımın ölümündən sonra mənim şeir gülüstanıma qəm buludları ara-sıra göz yaşları tökmüşlər. Bunlardan biri səhərə qədər məni oyaq saxlayan, Ayla bərabər gözümü yummağa qoymayan anlarımı "Sənsiz" şeirimdə ifadə etmişəm. Həmin şeirimin birinci bəndini burada nümunə verirəm.

 

Gündüzlər gözümdə, xəyalımdasan,

Gecələr qəribəm, qəribəm sənsiz.

Yuxum yox, yuxuma gələsən gülüm,

Gecələr qəribəm, qəribəm sənsiz.

 

Ötən payızlardan birinin son ayında Səfurə xanımın məzarının üstünə gül dəstəsi qoyub qayıtdım. Evim isti idi, ancaq gecəyarı gördüm ki, bərk üşüyürəm. Elə bil yorğan-döşəyimə qar yağıb. Duyğulanıb "Bu gecə" adlı qoşmamı yazdım.

 

Soyuq bədənimi doğrayır, kəsir,

Dilim söz tutmayır, əllərim əsir,

Soyuğun əlində olmuşam əsir,

Qarmı yağdı, məzarına bu gecə?!

 

Həmişə yaz-yay aylarında Qoşqarın ayağında alaçıq qurardıq, burada qayalardan tökülən bir Şır-şır var. (yerli adamlar şəlaləyə "Şır-şır" deyir) Burada yanaşı duran iki göy daş vardı. Səfurə xanımla xoş günlərimizdə burada Şır-şırın ayağındakı göldə üzüşən qızıl qazlara tamaşa etməkdən doymazdıq. Səfurə xanımın ölümündən bir neçə il sonra həmin yurda getdim ki, o xoş günlərimizi yada salım. Ancaq çox qəhərləndim. Qoşqar dağı da, Xoşbulaq da, Şırşır da, onun ayağındakı göldə üzüşən qazlar da yerindəydi, təkcə Səfurə xanım yox idi. Göy daşın üstündə oturub "Dağlar" şeirimi yazdım. Elə "Dağlar" şeiri ki, ürəkləri dağlayan, aşıqların dilinin əzbəri olan bir "Dağlar"

 

Bilirsənmi, niyə belə şirinsən,

Səndədi anamın laylası, dağlar.

Gənclikdə qoynunda sevdiyim qızın,

Heç getmir başımdan sevdası, dağlar.

 

1952-ci ildən bəri folklor toplamaqla məşğulam. İlk növbədə aşıq yaradıcılığı ilə məşğul olmuşam. Aşıq yaradıcılığını, onun zənginliyini öyrənmişəm, tədqiq etmişəm. Folklor toplamağa tez başladım, artıq 30 yaşlarıma doğru məşğul olduğum sahənin bütün incəliklərinə bələd idim. Kəlbəcərə, Göyçəyə səfər etdim, bu türk məskənlərini qarış-qarış gəzib-dolaşdım. Gədəbəyə qayıtdım, oradan yol aldım Dağıstana, Dəmirqapı Dərbəndə... Bunun ardınca Orta Asiyaya, buradakı türk ellərini gəzdim-dolandım. Qazaxıstanı ayrıca gəzdim, qayıtdım yenə Dağıstana, Qabarda-bolqara, Qaraçaya... SSRİ vaxtı 30 illik ömrüm beləcə sərasər yollarda, səfərlərdə keçib. Türkiyədə də çox olmuşam, tədqiqatlarımın əsasında müqayisəli şəkildə məqalələr də yazmışam. Bunları bircə-bircə yığmışam, çoxcildlikdə cəmləşdirmişəm. Azərbaycanda ilk dəfə əsatir və əfsanələri mən toplamışam. Bu əfsanələri xalqın sinəsindən toplamışam, minlərlə kənd gəzmişəm. Hələ əfsanə olmayanda əsatir, ibtidai insanın ibtidai dünyagörüşü vardı. Tutalım, qədim insan meşəyə girirdi, görürdü ki, bütün ağaclar yarpağını töküb, amma birinin yarpaqları yerindədir. O, başlayırdı bu ağaca sitayiş etməyə. Habelə bir bəzəkli ilan görürdü, onu obrazlaşdırırdı. Beləcə, insanlıq tarixi minillərlə yol gəlib, əsatirlər tarix boyunca nağıllarda cilalanıb, bu günə müxtəlif janrların içərisindən gəlib çıxıb. Təsadüfi deyil ki, əsatirlərin izləri bu gün əfsanələrdə, nağıllarda, rəvayətlərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində yaşayır. Əsatirlər ayrıca ona görə yaşaya bilmir ki, onda epiklik azdır. Nizaminin əsərlərində əsatirlərdən çox istifadə edilib. Xüsusilə qədim əsatirlər epikləşməsə, yadda qalmaz. Əsatirin mayasında insan və təbiət, əfsanənin mayasında isə insan və cəmiyyət durur. Əfsanədə insan gerçəkləşir, burada insanı tam görürsən. Əsatirlərdə isə insanın sifətinin birini görürsən, birini görmürsən. Təbii ki, əsatirlərdə də insan nəfəsi var. İnsan olmasa, əsatir də yaşamaz. Əsatirləri açmaq çox böyük məharət tələb edir. İlk növbədə ayırmaq lazımdır ki, bunların hansı əsatir, hansı əfsanədir.

İlk insan, qədim mədəniyyət iki çay arasında - Dəclə-Fərat çaylarının qovuşduğu yerdə, Babilistanda yaranıb. Şumerlər türkün köküdür. Türklər oradan Orxon-Yenisey çaylarının qovuşduğu yerə gediblər, oradan da qayıdıblar Kürlə Arazın İç Muğanda qovuşduğu yerə. İç Muğan indiki Sabirabaddır. Bu prosesi topladığım folklor materialları əsasında izləmişəm.

Babam Pirsultan dövrünün tanınmış şairi olub. Türkiyədə "Pirsultan Abdal" imzası məşhurdur. Toylarda, mağarlarda babamın şeirlərini oxuyurlar. Hazırda Türkiyədə "Pirsultanlı" soyundan olan xeyli adam yaşayır. Pirsultan babamız asılandan sonra nəslin bir qolu indiki İrana gəlib, Təbrizin 610 kilometrliyində Pirsultan kəndi salıb. Neçə illərdən sonra həmin nəslin bir qolu da Gəncəyə gəlib, indiki Pirsultan dağının ətəyində bizim tayfa Pirsultan kəndi salıb. 30-cu illərdə ruslar həmin kəndi yerlə yeksan ediblər, kişilərini də güllələyiblər. Salamat qalanlar Qazaxın Kosalar kəndinə, Şəmkirin İrmaşlı kəndinə dağılışıblar. Ancaq bütün əzab-əziyyətə baxmayaraq nəslimiz biri-biridən xəbər tutub, itib-batmayıb. Hətta məni uşaq vaxtı aparıb uşaq evinə qoyublar. Mən onilliyi internatda qurtarmışam. Ata-anamı 25 yaşımda tapmışam. O dövrdə fikirləşiblər ki, onsuz da bu nəsildən baş qaldıranı məhv edirlər, qoy bu uşaq salamat qalsın, nəsil yoxa çıxmasın. Sovet hökuməti süqut edəndə dərhal "Pirsultanlı" soyadını götürdüm. Nəvələrimin hamısı soyadlarının Pirsultanlı olduğunu biləcəklər.    Hərbi Doktrina qəbul olundu

 Dünən Milli Məclisin (MM) növbədənkənar sessiyası işə başladı. Deputatlar əvvəlcə cari məsələlərlə bağlı çıxışlar etdilər. Ümid Partiyasının sədri İqbal Ağazadə Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı dəfələrlə təkliflər səsləndiyini və bu məsələnin növbədənkənar sessiyasının gündəliyinə çıxarılacağına ümid etdiyini söylədi. İqbal Ağazadə sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı problemlərin olduğunu da vurğuladı.

Millət vəkili Baba Tağıyev deputat həmkarlarını İsrailin beynəlxalq sularda Türkiyəyə məxsus gəmilərə hücum etməsinə etiraz ifadə etməyə çağırdı.

 

 

 Sədnik Paşa Pirsultanlı,

 professor

 

Xalq Cəbhəsi.- 2010.- 9 iyun.- S.14.