Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları

 

O vaxt İrandakı səfirimiz Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti maraq doğurur

 

Adil xan Ziyadxanlı: "Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular"

 

I yazı

 

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamadılar. "İstiqlal bəyannaməsi"ndəki müstəqil və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal münasibətlərin yaranmasını tələb edirdi.

Yusif Vəzir Çəmənzəminli "Xarici siyasətimiz" əsərində yazırdı: "Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar".

Y.V.Çəmənzəminli "Müstəqilliyimizi istəyiriksə..." əsərində yazır: "Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə (yalnış anlamlara) səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır".

Həmin dövrlə bağlı T.Svyatoçovski yazır: "Tehran Azərbaycan Cümhuriyyətinin Təbrizi İrandan ayırmaq üçün Osmanlıların əlində alət olduğunu hiss edirdi. Bu şübhə Osmanlıların 1918-ci il iyun ayı boyunca bu vilayəti təkrar işğal etməsilə daha da güclənmişdi. Nəticədə Azərbaycan hökuməti yanında İranın həyəcanını yatırmaq üçün xarici siyasətində "Qafqaz Azərbaycanı" terminin işlətdi". İranın rəsmi diplomatik nümayəndələri "Azərbaycan" adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.

Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizi "Muxtar Cümhuriyyət" adlandırması və s. məsələlər İranın Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi "Heyət-e Fouğalade-ye Qəfqaziyyə" sənədlər toplusu kitabında tam aydınlıq gətirilib.

Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran demək olar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Ancaq get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı. İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı) başçılığı ilə Tehrana Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdi.

1919-cu ilin yanvar ayının sonu (1338-ci il rəbiüssani ayının axırları) Fətəli xan Xoyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər.

Bununla da o, qarşılıqlı anlaşma üçün bir addım atırdı. İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının ortalarında Ənzəli yolu ilə İrana daxil oldu. Yarı rəsmi "İran" qəzeti "Qonaq bizdəndir" adlı dərc etdirdiyi bir məqalədə "Qafqaz islam millətinin" nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək yazırdı: "Bu möhtərəm qonaq bizdəndir, yəni o tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı (Qacar-S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq ediblər".

Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təəbələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, poçt və ticarət sahəsindəki problemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi. Bu arada Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici İşlər Nazirliyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq olduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu olan məsələlər haqqında müəyyən razılaşmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə respublikanın (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutulur-S.T.) tanınması mövzusu, yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə obyekti olmalı idi. Daha doğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud problemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi olaraq hüququnun qorunması məsələsi müzakirə obyekti oldu. Ancaq bununla belə işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi o da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prosesindən xəbərsiz olmuşdur, çünki şəban ayının ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi İsmayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, onun hərəkət etdiyi gündən məlumatsız olmuşdur. Elə buna görə də sonrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində (öndə görəcəyimiz kimi -S.T.) bu mövzu nəticəsiz qaldı.

AXC-nin görkəmli diplomatik xadimlərindən olan A.Ziyadxanlı haqqında bir qədər ətraflı məlumat verməyi məqsədəuyğun sayıram. Azərbaycanın XX yüzillikdə yetirdiyi siyasi xadimlərdən biri də rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə, döyüş meydanında həlak olmuş Gəncə xanı Cavad xanın nəticəsi, dövrünün tanınmış ziyalısı, dövlət xadimi və diplomatı Adil xan Ziyadxanlıdır. Cavad xan oğlu Hüseynqulu xan ilə birlikdə Gəncə qalasının divarları üzərində həlak olduğu 1804-cü ildən 1918-ci ilə qədər keçən 114 il ərzində Rusiya Azərbaycanı öz tarixi köklərindən qoparmaq, simasızlaşdırmaq, onu silah gücünə yaradılan imperiyanın içərisində əritmək üçün az iş görməmişdi. Ancaq şirin vədlərin, hədə-qorxunun və top-tüfəngin bütün səylərinə baxmayaraq, azadlıq və müstəqillik ruhu daim yaşamış, tarixi şərait yaranan kimi Azərbaycan xalqı öz sözünü demişdi.

A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə anadan olub. İlk təhsilini xüsusi müəllim yanında almış, sonra isə Gəncə mədrəsəsində oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdi. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl mənimsəmişdi. Geniş ictimai-siyasi fəaliyyət göstərən A.Ziyadxanlı "Qafqaz müsəlmanları şurasının" 7 üzvündən biri idi. O, öz həyatı ilə bağlı yazır: "Qafqazda, Gəncə şəhərində anadan olmuşam. İki qardaşım var idi və hər ikisi məndən böyük idi. Biz üç qardaş atamızın nəsihətlərinə qulaq asaraq elm öyrənməyə başladıq. Atam həmişə deyərdi: "Mənim övladlarım! Bu dünyada üç şey - dünya malı, şan-şöhrət, xidmət və hökumət və s. fanidir. Daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir olan bir şey varsa, o da mərifət, tərbiyə, elm və əməkdir. Rüzgarın bir dəmində ola bilsin ki, sizin bütün maddi sərvətiniz əlinizdən çıxsın. Lakin sizin elm adlı sərvətiniz siz durduqca duracaq və həyatın ən çətin anlarında sizə əl tutacaq".

D.B.Seyidzadə "Rusiya Dövlət Dumasında Azərbaycan deputatları" kitabının XIX-XX əsr ərəfəsində Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində yazır: Proqramın bəndlərinin təhlili onu göstərir ki, təkliflərlə yanaşı, proqramı hazırlayanların fikrincə, burada əyalətin sakitləşdirilməsindən başqa, həm də demokratik fikirlər də var. A.Ziyadxanov Dumada müzakirə zamanı qeyd edir ki, "müsəlman nümayəndələr proqramı tərtib edərkən qarşılarına öz siyasi ideyalarını həyata keçirmək məqsədi qoymayıb, əksinə,- bizim inamımıza əyalətdə qalxan dalğaların yatırılmasına gətirib çıxaracaq bəndlər yazıblar. Yalnız bundan sonra 17 oktyabr manifesti və hər hansı azadlıq haqqında danışmaq olar. Nə qədər ki, bu qanlı hadisələr Damokl qılıncı kimi başımızın üstündə asılıb, heç bir azadlıq haqqında arzu etmək olmaz. Azadlıq müsəlmanlara hava kimi lazımdır".

Hüseyn Baykara 1905-ci il birinci rus inqilabının Azərbaycana təsiri barəsində belə yazır: "1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat Azərbaycanın digər şəhərlərində də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da milliyyətcə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirildi".

Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və Cahangir Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.

 

 

(Davamı var)   

 

Sübhan Talıblı

 

Xalq Cəbhəsi.- 2010.- 11 iyun.- S.14.