Sənətkarın möhtac olduğu ən böyük
nemət hürriyyətdən məhrumiyyətdir"
Üzeyir bəyin vəfatı barədə Türkiyə mətbuatında yazılmış nekroloq
1919-cu ildən Vətəndən uzaq düşmüş, ömrünün sonuna qədər mühacir həyatı yaşamış publisist, politoloq, tərcüməçi, jurnalist Ceyhun Hacıbəylinin S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində şəxsi fondu qayğı ilə qorunur. Həmin fondda yüzlərlə qiymətli sənədlərlə yanaşı, xaricdəki dövrün mətbuat nümunələri də xüsusi yer tutur. Qardaşı Üzeyir Hacıbəylinin vəfatına aid xaricdə və o dövrün sovet mətbuatında dərc olunmuş başsağlığı yazıları bu gün də hüznlü mənbədir. Türkiyədə işıq üzü görmüş qəzetlərin birində M.E.Yalvaçoğlunun yazdığı "Azərbaycan kompozitoru", "Hacıbəyli Üzeyir" adlı başsağlığı yazısı diqqətimizi cəlb etdi.
Çox təəssüf ki, qəzetin adı yazılmayıb. Yazını olduğu kimi oxuculara
çatdırmağı özümüzə borc bildik. 9 may 1949-cu ildə dərc olunmuş
yazıda Üzeyir bəyin keçdiyi həyat yolu,
yaradıcılığı və sovet
dövlətinin ona göstərdiyi
münasibətin xarakterik cəhətləri
də açılır. Türk kəlmələrinin
bəzilərini olduğu kimi
saxlanılıb. Yazının müəllifi M.E.Yalvaçoğlunun
da kim olması
maraqlıdır. Onun Üzeyir
bəyin həyat və yaradıcılığına dərindən
bələd olması da hiss
olunur. O, Üzeyir bəyin
vəfatını radio dalğalarında eşidib, yazını da bu xəbərdən sonra
yazıb. C.Hacıbəyli də nədənsə qəzetin
adının yazmağını unudub, ancaq başqa yüzlərlə
qəzet kəsiklərində qəzetlərin adını
yazıb. Yəqin ki, araşdırmalar
zamanı qəzetin adı da müəyyənləşəcək.
***
Hacıbəyli Üzeyir.
Bundan bir müddət
əvvəl Bakı radiosu acı bir xəbər verdi:
Hacıbəyli Üzeyir ölmüş!...
Hacıbəyli Üzeyir Azərbaycan milli
oyanış tarixində yer almış unudulmaz bir simadır.
1905-ci ildə çarlıq rejiminin
sarsılması üzərinə canlanan Milli Azərbaycan hərəkatını
yürüdənlər arasında o da vardı. Üzeyir bu sıraya bir örgətmən
və qəzetəçi sifətiylə
qatılmışdı. Qarabağın Şuşa
bölgəsində 1885-ci ildə dünyaya
gəlmişdi. Üzeyir ilk
təhsilini orada görmüş,
sonra Tiflis civarında
olan Qori örgətmən
seminariyasında oxumuş və 1904-ci ildə
buradan məzun olmuşdur.
1905-ci ildən etibarən biz onu Azərbaycanın
Başkəndi Bakıda görürük.
O, burada Əhməd Ağaoğlu,
Əli bəy Hüseynzadə və Məhəmməd Əmin
Rəsulzadələrin təsis və iştirak
etdikləri mətbuatda çalışmış; sadə, düzgün və müxtəlif yazılarla sivrilmişdir. Fəqət, rəhmətlik Üzeyir əsil şöhrətini qəzetçiliylə
deyil, musiqidəki əmsalsız
başaralarıyla qazanmış; Azərbaycan kültür
tarixində yüksək bir yer tutmuşdur. Musiqiyə
həvəsli bir Qarabağ
cocuğu olan Üzeyir, hələ seminariyada
ikən özündəki təbiət vergisini
ihmal etməmiş; nota
yazmağı öyrənmiş; bəzi xalq
türkülərini notaya keçirməyi
belə təcrübə etmişdir.
Bir musiqi
yazarı olaraq Hacıbəylinin
şöhrəti 1907-ci ildən başlar.
Bu zamanda Üzeyir yalnız
Azərbaycan, hətta bütün müsəlman
dünyası üçün örnək
olacaq opera yazmaq təşəbbüsündə olmuşdur. Özəl bir
musiqi məktəbi görmədən Üzeyir böyük Füzulinin "Leyla-Məcnun"unu səhnəyə
gətirərək bir opera
şəklində qoymuşdur. Bu cəsarətli
təcrübə təsvirləri üstündə bir dahiliyə taclanmışdır. Bu dahi Hacıbəylinin bir kompozitor olaraq istiqlalını saxlamış, eyni zamanda bu,
Azərbaycan opera səhnəsinin təməlini
də atmışdır. Hər kəsdə və hər tərəfdə
heyranlıqlar cəlb edən bu bəşəri
gənc yazarı yeni əsərlər yaratmağa can
atmışdır. Bir-birinin arxasından "Rüstəm və Zöhrab",
"Əsli və Kərəm", "Şah
Abbas və Xurşidbanu"
kimi operalarla meydana gəlmişdir. Üzeyirin
təcrübəsi başqalarını da
təşviq etmiş, az
zamanda Müslüm Maqomayev kimi opera və operetta yazan sənətkarlar ortaya
çıxmışdır.
Qismətinə düşən bəşərinin
böyüklüyü və musiqisinin xalq üzərinə
yapdığı olağanüstü təsir
sayəsində sənətkar bir sevimliyə
çevrildi. Bu sevgi sayəsində o, milli bütün müəssəsə
və şəxsiyyətləri məhv edən qızıl terror dövründə də
çalışmalarına davam etdi. Yüzlərlə istedadlı
musiqiçilər yetişirdi.
Azərbaycan Musiqi Məktəbinin
müdiri oldu. Xalq musiqisini çalmaq üçün
notalar yazdı. 1927-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasının rektoru
oldu. Xalq
çalğılarından notalı orkestrlər təşkil
etdi və bunlar üçün xalq motivləri
üzərinə kompozisiyonlar yapdı.
Yüzlərcə kişinin
iştirakı ilə bir ansambl
yaratdı. Gözəl simfoniyalar
yazdı. 1936-cı ildə Azərbaycan Kopmozitorlar
Birliyinin başqanı seçildi.
Son zamanlarda
yazdığı "Koroğlu"
operasını möhtəşəm bəstələrini
yalnız radiolarda dinləməklə
qalır, səhnələrindəki dekor
və gəlişlər üçün
də görənlərin heyranlıqlarını duymaqla görürük.
Yenə radio nəşriyyatından
Üzeyirin son zamanlarda "Azərbaycan musiqisinin
tarixi" mövzusunda
mühüm bir əsər
nəşr etdiyini öyrənirik. Bu əsər eyni zamanda Azərbaycanla bağlı bütün Yaxın Doğu
məmləkətlərinin musiqisi
haqqında da təfsilat verirmiş.
Hacıbəyli Üzeyirin
qısaca ünvanlarından bəzilərini
saydığımız əsərləri təsir
baxımından gerçəkdən heyrətvericidir. Azərbaycanda
onun yazdığı və
yaydığı melodiyaları tərənnüm etməyən
tək bir azəri yoxdur.
Azərbaycan səhnəsinin ən sevimli
pyesləri onun əsərləridir. Sadəcə,
Azərbaycan deyil, Qafqazın digər səhnələrində
də Üzeyir populyar
bir simadır. Əsərləri gürcü və Ərməniyədə eyni sevgi və hərarətlə
seyr edilməkdədir. "Arşın mal alan" Fransa və Tehranda dəfələrlə
oynanılmışdır. Türkiyədə isə Üzeyirin operetaları rəğbətlə
seyir və təkrar olunur.
"Arşın mal alan"
Balkan səhnələrində də dəfələrlə
oynanılmışdır. Sovetlər Birliyinə
daxil bütün
cümhuriyyətlərdə, bilxassə türk
cinsindən Türküstan və s. kimi cümhuriyyətlərdə
başda Üzeyirin əsərləri
olmaq üzrə Azərbaycan opera pyesləri məqbulluğu ümumidir. Üzeyir ruscaya olduğu kimi bəzi Avropa dillərinə
də tərcümə edilmişdir. Əsərlərindən
bir qismi Sovet və Amerika filmlərinə
də alınmışdır. Öz sənətiylə
o, Azərbaycana cahan
ölçüsündə bir
şöhrət qazandırmışdır.
1919-cu ildə Bakıda Milli
Azərbaycan Cümhuriyyətinin istiqlal
elanının birinci ildönümü
münasibətilə yayınlanan rəsmi "Azərbaycan"
qəzetində dərc olunan bir yazısında Üzeyir
bəyin bu fikirlərini alaq:
"Azərbaycan Cümhuriyyəti sağlam bir milliyət fikir, Türklük şüuru üzərinə qurulmuşdur;
islam məzhəbləri arasındakı
ziddiyət, ilk dəfə olaraq
burada tədilə uğramış,
müsəlmanların təsanüdü fikrinə qiymət verilmişdir; eyni zamanda Azərbaycan çağdaş
bir cəmiyyət qurmağa,
Avropayla bir zehniyyətlə
çalışmağa əzm etmişdir.
Bayrağındakı üç rəng
(mavi, qırmızı, yaşıl) bu üç ümdənin
timsalıdır"(?-190). Eyni ildönümü münasibəti
ilə nəşr edilən digər bir dərgidə
("İstiqlal", Bakı. 1919) Azərbaycan
musiqisi haqqında verdiyi
elmi və tarixi məlumatı
xülasə etdikdən sonra sözü 1907-ci ildə yazdığı
"Leyla-Məcnu"na götürən Üzeyir
böyük bir təvazökarlıqla
bunları yazmışdı: "Xalqın
hüsni-rəğbət və tələbinə uyğun olan bu "şey"
("Leyla-Məcnun"u nəzərdə tutur)
işin bu yolda davamı üçün
düzlərini həvəsləndirir, bilümum
musiqimiz və banusus teatro musiqisinin tərəqqisi
yolunda çalışmağa
çoxlarını vadar etdi.
Bu növ ilə opera və operettalara bənzəyən
teatrlarımız meydana
çıxıb, musiqimiz xalq
arasında yavaş-yavaş layiq olduğu
etibarını qazanmağa və buna müqabil
xalqımız əhvalı-ruhiyyəsi üzərində təsir
buraxmağa başladı".
Üzeyirə görə bu iş musiqimizin
tərəqqisi uğrunda atılan ilk addımdır. Bundan sonra
isə "ikinci, üçüncü
və ilaxır addımlar atılacaq və əsil məqsədə
yetmək üçün daima
irəli gediləcəkdi. Əsil məqsəd isə ilk iş olaraq
"musiqimizin əsasını təşkil
edən "gam"ları təyin etmək, onun
ruhuna uyan "harmonik" tətbiqiylə zənginləşdirmək
və digər yalnız bizim mədəni
millətlərin də təqdir və təqdis edəcəkləri
bir sənət halına gətirməkdir".
Sənətkar: "Əsir olaraq yaşadığımız bir dövrdə göstərilən bu tərəqqi qabiliyyətinin", istiqlal həyatına endikdən sonra daha ziyadə gəlişəcəyinə
qanedir"-deyir:
"Hür millətinə hür
sənəti bütün gözəlliyilə
meydana çıxacaq və millətimizə
mədəni millətlər ailəsinə daxil
olmaq və bu aləmin
haqlarında musavi bir üzvü olmaq haqq və səlahiyyətini qazandıran amillərdən
ən mütəberi və ən müəssiri
olacaqdır!...".
İqtibas etdiyimiz bu parçalardan da görüldüyü kimi, millətinin həqiqi övladı və milli mənfəət və hisslərinə candan bağlı olan Üzeyirin sənəti də eyni
yüksək və nəcib duyğuların məhsuludur. Sənətkar bütün
qonuları milli mühitində yaşayan folklordan və eyni mühit üzərində
təsir yapan klassik ədəbiyyatdan
almış, tamaşa etdirdiyi
səhnələri hal və əhvalı
münasib xalq
melodiyaları, rəqsləri və zəriflikləriylə
canlandırmışdır.
Başda bir
həvəskar olaraq işə başlayan Hacıbəyli sonra
öz-özünü yetişdirmiş,
musiqi təhvilini tamamlamış, nəticədə,
sözün Avropa mənasıyla
muasirliyini hər kəsə
tanıtmış bir kompozitor
olmuşdur. Çox təəssüf
ki, bolşevik rejimi Azərbaycanın bu
müstəsna zəkasını
da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümür
edildikcə sümürmüş və verdiyi bir neçə rəsmi
və siyasi vəzifə və ünvanlarla onu "mənimsəmişdir".
Fəqət bihudə!... Dəmir
pərdənin arxasında özünə süni
marşlar yazdırılsa da,
Moskvada omuzu diktatorun əliylə oxşanılsa da, tabutu başında Azərbaycan
mənəviyyatı ilə əlaqələri olmayan komissarlar növbətə
dursalar da, Hacıbəyli
Üzeyiri Azərbaycandan, Azərbaycan
kültüründən və Azəri-Türk tarixindən
kimsə ayıra bilməz! O, milli Azərbaycan
varlığının dayanaqları arasında qalacaq ayılmaz böyük
bir dəyərdir!
Qızıl totalitarizmin
istibdadı altında və mədəniyyət
dünyasından təcrid edilmiş bir halda yaşamaq
çəkilməz bir faciədir! Bu şərtlər altında yaratmaq
isə faciələr faciəsidir. Sənətkarın möhtac olduğu ən böyük nemət hürriyətdən məhrumiyyətdir,
dünya ilə əlaqəsi kəsilmiş
bir durumdadır.
Biz burada
hər hansı dünya sənətkarının
ayağımıza qədər gəlib, öz
mərifət və qüdrətini bizə göstərməsinə
alışqınız; bizim bir fürsətini taparaq
onları öz yurdlarında görmək
də imkansız sayılmaz. Halbuki
yanı-başımızda qardaş millətin
qardaş sənətkarını görmək,
yaxud bir heyət
halında buraya musafirliklərini cəlb
etmək qətiyyən mümkün deyildir. Dəmir pərdə arxasıyla kültür münasibətinə müsaidə
yoxdur. Biz oraya getmirik, buraxmazlar. Onlar da buraya gəlməzlər,
çünki göndərməzlər. Çünki hürriyəti seçəcəklərindən
qorxarlar!
Bir fürsətini tapsa idi hürriyəti
seçməkdə böyük kompozitor da tərəddüd
etməzdi, deyə düşünürük!
Ən qüvvətli dayanacağımız onun
ümidlər saçan milli
ruha tərcüman olan
böyük sənətidir. Bu sənətin nə kimi bir dəyər ərz etdiyini
dəmir pərdənin ortadan
qalxdığı gün Azərbaycanla bərabər
bütün dünya,
ilk sırada isə Türk
və İslam dünyası haqqı ilə
görmək və təqdir etmək imkanını tapacaq, böyük ruhunu minnətlə anacaqdır.
Maarif Teymur
Xalq Cəbhəsi.- 2010.-
10 iyun.- S.14.