Azərbaycan Xalq Cümhuriyyətinin
diplomatları
AXC-nin İrandakı ilk səfiri Adil xan Ziyadxanlı:
"Bir zərrə şərafəti olan hər bir kəs gərək
öz vətənini müqəddəs bilsin"
İki qonşu ölkə
arasında diplomatik münasibətlərin yaradılması
asan başa gəlmirdi; İranın hakim dairələri
1828-ci ildə imzalanmış "Türkmənçay
müqaviləsi" nəticəsində Şimali Azərbaycanın
itirilməsiylə razılaşmaq istəmirdi.
III yazı
O vaxt
1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə ilə mane oldu. Ancaq rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər (Nəsibzadə N.AXC-nin xarici siyasəti. Bakı, 1993, s. 192).
Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya səfərə çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah "mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq" bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. (Firuz Mirzə həm də Parisdə sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaranmasına təsir göstərmişdi.
A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik heyətinin siyahısı aşağıdakı şəxslərdən ibarət olmuşdu.
1. Ziyadxanlı Adil xan -
1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ilin
noyabrından
2. İsrafil Müslümbəy
- 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin
birinci katibi.
3. Məşədi Aslan -
1920-ci il. İrandakı nümayəndəliyin
işçisi.
4. Mirzə Ələkbər
xan - 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin
ikinci katibi.
5. Mirzə İbrahim xan - 1920-ci
il. İrandakı nümayəndəliyin katibi.
6. Babayev Qulam Rza oğlu - 21
noyabr 1919-cu il. İran hökuməti yanında diplomatik
nümayəndəliyin kuryeri.
7. Sadıqov Ələkbər
- 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin
müavini.
8. Rudzinski Myaaçeslav
Stanislavrviç - 6 noyabr 1919-cu il. İrandakı diplomatik
nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.
9. Yusif xan - 1920-ci il.
İrandakı diplomatik nümayəndəliyin təsərrüfat
müdiri.
10. Racavan Cabbar bəy - 20
noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin
kargüzarı.
11. Şükürov Ehtiyac -
17 dekabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin
kargüzarı.
12. Nerbalyo İvan -
İrandakı diplomatik nümayəndəliyin
kargüzarı, sürücüsü.
İranın Azərbaycandakı
diplomatik nümayəndəliyi:
1. İran hökumətinin
nümayəndəsi - Məhəmmədxan Said ül-Vüzəra.
2. İranın Lənkərandakı
konsulu - Sadıqxan Sadü-dövlə
1920-ci il yanvarın 4-də
AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi
ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə
başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə
yanaşı, A.Ziyadxanın başçılığı
ilə Azərbaycan nümayəndələri İranda
yaşayan türklərin mədəni-maarif işinə
yardım etməyə başladılar. Səfir xarici işlər
nazirinə yazırdı ki, "nümayəndəliyin maddi
imkanı olmadığından o, ehtiyacı olan dul
qadınlara və yetimlərə kömək etmək,
türk dilində məktəb açmaq, türkcə qəzet
nəşr etmək və s. işləri görə
bilmir". Bununla belə o, yazırdı ki, xeyriyyə cəmiyyəti
və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin
yaradılması işinə başlayıb. Bundan başqa nümayəndəlik
yerli soydaşlar arasında pulsuz olaraq ana dilində
A.Ziyadxanlının "Azərbaycan: tarixi, ədəbiyyatı
və siyasəti" adlı kitabını yayırdı.
Azərbaycanla İran
arasında diplomatik danışıqlar teleqraf, ticarət-gömrük,
poçt sazişlərinin, hüquq, konsul konvensiyaları və
s. məsələlərlə bağlı 8 müqavilə
imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlik
etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf
edir. 1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən
üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin
İrandakı səfirliyinə təqdim etdiyi "Azərbaycan
haqqında (tarixi, ədəbi və siyasi məlumat)" sənə
(il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində
çap olunmuş əsərinin ərəb əlifbası ilə
türkcə nüsxəsinin surəti var ki, səfirliyin
möhürü ilə də təsdiq edilib. Adil xan öz xətti
ilə aşağıdakıları yazıb: 21 mart 1920.
"Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin
rəsmi surətdə tanınması və ilk dəfə
olaraq Tehranda səfirliyin açılışı və
bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə
yadigar olmaq üzrə verildi" (Adil xan Ziyadxanov. Azərbaycan
(haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri
1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə
türkcə), s. 3).
Bu barədə kitabın
ön sözündə Adil xan ətraflı izah verərək
yazıb: "... Vətənin mənafeyi və onun yolunda
üzərimə düşəcək vəzifəni
düşünüb 1918-ci sənəsinin oktyabrının
30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin
xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim.
O gündən sonra məmləkətin daxilində və
xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin
siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək
məcburiyyətində qoydu. Bu məruzənin
hazırlanmasında keçmiş tarix aləminə də nəzər
etmək məcburiyyəti olduğundan mənim məruzəm
xalis siyasi şəkil almayıb, siyasət aləmindən
savayı tarixi və ədəbi aləmlərdən də bəhs
etməyə məcbur olduq...". Bu əsərin Azərbaycan
Respublikasının İrandakı səfirliyində ərəb
əlifbası ilə türkcə nüsxəsi var və səfirliyin
möhürü ilə də təsdiq olunub.
A.Ziyadxanlı "Qələmin
uçuşu" əsərində İrana səfir təyin
edilməsini belə qələmə alır: "İran
Şahənşahlığı yanında ilk Səfarətin
iftixarı bu sətirlərin müəllifinə nəsib
oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət
rəhbərləri tərəfindən rəsmən qəbul
edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan
Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini
təsis etdim və bununla da Tehranda yerləşən
bütün səfirliklər, nazirliklər və siyasi
nümayəndəliklərin sırasına daxil oldum".
İrandakı Azərbaycan səfirliyi
28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi.
Azərbaycan işğal ediləndən sonra A.Ziyadxanlı vəzifəsindən
kənarda qaldı, İran Qacar dövlətindən siyasi
sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul
olmağa başladı. Çünki Azərbaycana
qayıdacağı təqdirdə bolşeviklər onu da
qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər.
AXC sovet işğalına məruz
qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii
görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki
Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi
nümayəndələri doğru addım atıb, akkreditə
olunduqları ölkələrdən sığınacaq
alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə
divan tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına
qayıtmadılar. Bununla əlaqədar "Qələmin
uçuşu" əsərində A.Ziyadxanlı
yazmışdı: "22 iyun 1921-ci ildə Şahənşahlıq
yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət
bütün sovet respublikaları tərəfindən İran
Şahənşahlıq hökuməti yanında təyin
olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi
surətdə qəbul etmişdi".
Həmin əsərdə
özü haqqında yazdığı qeydlərdən məlum
olur ki, vətənə qayıtmaq mümkün
olmadığına görə İranda qalan Adil xan 1302-ci
şəms ilində Tehranda bələdiyyə idarəsində,
21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd
təsərrüfatı şöbəsində işləmiş,
7 şaban 1308-ci ildə ana yurdu Təbrizə - Azərbaycan dəmir
yolu və gəmiçilik işlərində işə
göndərilmiş, təqribən bir il sonra Təbrizdən
Tehrana qayıtmışdı. Adil xan "Azərbaycan" əsərində
qeyd edir ki, "Bir zərrə şərafəti olan hər
bir kəs gərək öz vətənini müqəddəs
bilsin. Dünyada İsveç, Neapol və s. kimi mənim vətənimdən
qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümdə
Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur.
Çünki bu torpaq mənim vətənim, atamın, əcdadımın
vətənidir. İran (Təbriz) da anamın vətəni
olduğu üçün o da mənim nəzərimdə əlbəttə
ki, əzizdir". Qeyd edək ki, Adil xanın anası Azər
Numayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə
naibü-əs-səltənənin nəvəsi və
şahzadə Bəhmən Mirzənin qızı idi.
II Dünya müharibəsində
sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən
yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə
mühacirət etmək məcburiyyətində qalır. Adil xan
Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini
davam etdirmişdi. O, qısa bir müddətdə Azərbaycan
haqqında dəyərli bir əsər yazmışdı.
Xatirələr səpgisində yazılmış bu kitab
professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü
ildə "Şuşa" nəşriyyatı tərəfindən
"Azərbaycan" adı ilə çap edilib. V.Quliyev Adil
xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə
həsr etdiyi məqaləsində göstərir ki,
A.Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula
köçüb, həyatının qalan hissəsini
Türkiyədə yaşayıb, Şəfi bəy Rüstəmbəyli,
Xəlil bəy Xasməmmədli, Nəqi Şeyxzamanlı,
Hüseyn bəy Mirzə Camallı və başqaları
keçmiş mübarizə yoldaşları ilə birlikdə
mühacirətdə Azərbaycan davasına öz töhfəsini
verməyə çalışmışdı.
O, zəngin biliyi və
geniş həyat təcrübəsini türk gəncliyi ilə
bölüşmək üçün İstanbul Universitetində
dərs demişdi. Uzun və mənalı ömür
yaşayan A.Ziyadxanlı - Cavad xanın kişi nəslindən
olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat
etmiş və orada torpağa
tapşırılmışdı. Qızı Mahrux xanım
isə 1994-cü ilədək İstanbulda yaşamış,
orada torpağa tapşırılmışdı. Hazırda
Adil xanın qızının nəvəsi Leyla xanım
İstanbulda yaşayır.
Sübhan Talıblı
Xalq Cəbhəsi.- 2010.- 17 iyun.-
S.14.