Söz, süjet və obrazın vəhdəti

 

(Əlisahib Əroğulun "Qeyrətin harayı" hekayələr toplusu haqqında)

 

Əlisahib Əroğul haqqında eşitmişdim. Bilirdim ki, nəsrlə məşğul olur. Ancaq bədii yaradıcılığının yönlərindən, keyfiyyətindən, xarakterik özəlliklərindən xəbərsiz idim. İş elə gətirdi ki, onun kitabları ilə "görüş"dən öncə, özü ilə tanış oldum. Bir-birimizin iç dünyasına, mənəvixlaqi dəyərlərinə körpü qoyduq, dünyaya baxışımız, toplum və insan, onların dünyada yeri, rolu, önəmi və s. haqqında mükalimələr etdik, düşüncələrimizi bölüşdük. Getdikcə ünsiyyətimiz daha da ardıcıllaşdı. Bütün varlığını, idrakını Türk ulusu yolunda "xərcləməyə" umacaqsız hazır olan və bundan içəridən qürur duyan dəyərli və çağımız üçün nadir aydınlarımızdan biridir. Əlisahib müəllim kitabını baxmaq üçün verdi. Düzü, qabaqca mənə elə gəlirdi ki, kitabı oxuyarkən istilahlar, düzəlişlər, hekayələrdəki olaylar, obrazlar, onlar arasındakı münasibətlər, ardıcıllıqlar, məntiqi uyğunsuzluqlar və s. mənim yetərincə qədər düzəlişlərim üçün material verəcək. Ancaq hər şey gözlədiklərimin əksinə oldu. Gördüm ki, burada özünə yer almış 17 müxtəlif mövzulu (eyni zamanda vahid nüvə-mövzu "Qarabağ hadisələri" ilə sıx bağlı olan) hekayələr yetkin nəsr örnəkləridir.

Şübhələr üçün nədənlər axtarırdım. Birinci hekayəni oxuduqda elə bildim ki, yazıçı özü bilərəkdən ən yaxşı hekayəsini kitabın başlanğıcında təqdim edib. İkinci, üçüncü, dördüncü və s. oxudum. Hamısı da təhkiyə, hadisələrin axarı, obrazlar, süjet, kompozisiya, məzmun, ideya baxımından dəyərli nəsr örnəkləri təsirini məndə daha da gücləndirdi. Kitabdakı bütün hekayələri oxuduqdan sonra dərk etdim ki, o, bu janrın ölçülərini, sınırlarını dərindən bilənlərdəndir.

Kitabı oxuduqca Əlisahibin yaradıcılıq "emalatxana"sına daha yaxından baxıb, onlarla tanış olmaq istədim. Zəng vurub kitablarını verməsini xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı. Kitablarını vərəqlədim. Gördüm Əlisahib Əroğul nəsrinin və publisistikasının sadəcə olaraq təbliğatı yoxdur, yəni o, yazdıqlarını bəziləri kimi gözə dürtməkdən və "mənim kitablarım haqqında nəsə yazın" deyən müəlliflərdən deyil. O, bədii duyumu çalarlı və özünəməxsus yazıçılardandır. Topludan belə qənaətə gəldim ki, Əlisahib Əroğul hekayə janrının tələblərini yaxşı bilən nasirdir. Yəqin elə buna görə də Əlisahib müəllimin hekayələri uğurlu alınıb. Aydındır, hekayə epik növün elə bir janrıdır ki, burada diqqət mərkəzinə çəkilmiş obyekt, subyekt, yaxud predmet elə ardıcıl, zəncirvari, bir-birinə bağlı halqalarla uğurlu şəkildə birləşməli, elə uğurlu sonluqla başa çatmalıdır ki, oxucu təsvir olunmuş hadisələrlə bağlı hansısa əlavə detallar haqqında düşünmək ehtiyacında olmasın. Əlisahibin hekayələri yalnız bu dərəcədə inandırıcı, bədii baxımdan yetkin nümunələrdir.

Əlisahib müəllimin nəsrində yer almış personajlar və obrazlar hekayənin üslubuna, təhkiyə manerasına əsərin arxitektonikasına, ümumi ritmikasına möhürünü vurur. Əlisahib Əroğulun bu kitabını "Qarabağ hekayələri" də adlandırmaq olar. Çünki buradakı bütün əsərlər bu və ya digər şəkildə vahid "Qarabağ mövzusu" ilə birləşib. Düzdür, Qarabağ burada yazıçı tərəfindən heç də adi bölgə, ərazi kimi götürülmür, həm də yurd yeri, səcdəgah, türkün "qara dərdi", "qara bəlası" kimi gözdən keçirilir.

Topluda təqdim olunmuş örnəklərdən bir neçəsinə müraciət edək. Məsələn, müəllifin "Qeyrətin harayı" hekayəsi el ağsaqqalı Qarabağ şəhidi Hüseyn kişinin əziz xatirəsinə həsr olunub. O, hekayədə hələ 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində ön cəhbədə olmuş, Azərbaycan diviziyasının tərkibində alman faşistlərinə sinə gərmiş, dəfələrlə düşmən gülləsinə tuş gəlmiş, Taqanroqdan Berlinə qədər şərəfli qəhrəmanlıq yolu keçmiş Ataşoğlunun erməni faşistlərinə qarşı rəşadətlə döyüşməsini son dərəcə maraqlı süjet xətti izlənilməklə qələmə alır. Hekayənin baş qəhrəmanı Ataşoğlu doğma kəndinin müdafiəsinə qalxır. Bədənində hələ almanlardan 50 il öncə aldığı qəlpələri, yaraları canında gəzdirməsinə baxmayaraq, erməni istilasına dözə bilmir. Ömrünün 72-ci payızı onu bu gün doğma torpağında bəlalarla üzləşdirir. O, erməni faşistlərinin doğma torpaqda at oynatmasına saymaz qala, düşmənin böyük texnika və canlı qüvvə ilə hücuma keçməsinə tablaya bilmir. Buna görə də "Dığa qabağından qaçmazlar!"- deyir. Ataşoğlu onu da bilirdi ki, hücum edən heç də erməni dığaları yox, onlara dayaq duran rus imperiyası, rus əsgəridir. Bütün bunlara baxmayaraq ixtiyar yaşlı kişi öz elini-obasını tərk etmək fikirindən vaz keçir. "Bu yaşımda qapılarda qalmaq mənlik deyil. Namusum buna yol verməz. Qeyrətimə sığınıb oturacağam ocağımın başında"-deyir. Köçmək fikrində olan insanları da başa düşmür, onu dilə tutanlara da haqq qazandırmır. "Qardaş, vallah-billah səninki Əzrayılla cilingağac oynamaqdır" - deyənlərin də sözünü qulaqardına vurur. "İşğal zonasında qalıb tək canınla nə etmək istəyirsən, ay dayı? Camaat qaçır... Canına yazığın gəlmir?" Ataşoğlusa "Yaşım yetmişi adlayıb... Bu yaşımda kimin qapısını döyəcəm, hansı bir işin qulpundan yapışacağam?... Hansı güclə özümə bir gorgah düzəldə biləcəyəm? Mənim gorgahım da qoy elə öz qapım olsun"- cavabını verir. Müəllif əsərdəki hadisələri daha da dinamikləşdirir. Ataşoğlu nə etdiyini yaxşıca düşünüb-daşınır. Elə buna görə də əlinə silah götürüb ətrafı gözdən keçirir. Ermənilərin ağır döyüş texnikası, əsgəri qüvvəsi, mərmiləri, "Qrad" raketləri, "QAZ-66" maşındakı daşnaklar da onu əsla qorxutmur, erməni zabitini nişan alıb gəbərdir. Terrorçu-talançıları qaçmağa məcbur edir. Başlarına min bir oyun açır. Tez-tez atəş nöqtələrini, həmlə yerlərini dəyişir. Erməniləri itki verməyə məcbur edir, ancaq patronu tükənir. Ataşoğlunu ermənilər ovçarka ilə axtarıb tapmağa məcbur olurlar. Döyüş qəbirstanlıqda davam etdirilir. Ataşoğlu ermənilərin onun atasının qəbrini dağıtmalarına, öz çirkin arzularını həyata keçirmələrinə imkan vermir. Ermənilər ona qarşı vuruşa bilmirlər. Nəhayət, onu ovçarkanın köməyi ilə tutmağa çalışırlar, ancaq o, qəbirlər arasında daha da əzmlə vuruşur.

Ə.Əroğul hekayədə qələmə aldıqlarını elə məntiqi axara tabe edir ki, hadisələrin gedişi, sonluğu oxucuda şübhə yaratmır. Yığcam zaman kəsiyində o, oxucunu hadisələrin gedişinə lazımınca inandırır, onu öz "dalğasına" kökləyir, ardınca aparmağı bacarır. Aydındır ki, hər bir müəllifin sərəncamında ədəbi əsərin yaranması üçün süjet, obraz və söz var. Ancaq qısa janr (yəni hekayə) bu elementlərə özəlliklə tələbkarlıqla yanaşmağı zəruriləşdirir. Onlar son dərəcə qısa, qənaətcil və daha təsirli olmalıdır. Ə.Əroğulun hekayələrininzəlliklə "Qeyrətin harayı") başlıca uğuru onun kompozisiya və məzmun baxımından yetkinliyidir. Kompozisiya, süjet, obraz və bədii söz hekayədə bu həmahəngliyi qoruyub saxlamazsa, əsərin yetərincə uğurlu alınmasına da bel bağlamaq olmaz. "Qeyrətin harayı" hekayəsində belə bütövlük, bitkinlik, üslub birliyi hakimdir. Tanınmış rus mütəfəkkiri, dissident, uzun illər Moskvada nəşr olunan nufuzlu "Novıy mir" ədəbi-bədii jurnalının baş redaktoru A.T.Tvardovski hələ XX əsrin ortalarında yazırdı: "Gerçəklik onu görməyimdən asılı olmayaraq mənim içimdə, mənə qədər və məndən sonra da var. Gerçəklik mənim üçün ən ali dəyərdir". Əlisahib müəllimin hekayələrində yalnız bunun şahidi oluruq. Təqdim olunmuş hekayələrdən hər birinin bir neçə sətrinə gözucu baxmaq yetər ki, Qarabağ hadisələri haqqında bilgisi olan oxucu bölgədən perik düşmüş insanların durumuna bir daha "ekskurs etsin", ermənilərin dinc əhalinin, böyüyün, kiçiyin, ağsaqqalın, qarasaqqalın, analarımızın, bacılarımızın, qurulu-tikili neçə-neçə şəhərlərimizin, kəndlərimizin viran qoyulduğunu, əhalinin dərbədər olduğunu ayrıntıları ilə görsün. Bütün bu sadaladıqlarımız Əlisahib Əroğul tərəfindən bədii cəhətdən çalarlarla təsvir edilir. Onun hekayələrini oxuduqca içində bir duyğu özünə daha rahat yer tapır. İstedadlı müəllifin yazıçı fərdiliyi bədii əsərin (həcmindən asılı olmayaraq) bütün elementlərinə öz möhürünü vurur. Mənə elə gəlir ki, Əlisahib Əroğulun hekayələrini onun əsərlərində əksini tapmış obyekti-bədii gerçəkliyi və onun müəllifinin əks olunmuş gerçəkliyə yanaşmasını bilmədən əsla dəyənləndirmək olmaz.

"Qeyrətin harayı" hekayəsində Əlisahib Əroğul Ataşoğlunun sonda məhv olmasını göstərir. "Var gücünü toparlayıb vücudunu qəbir üstə aşırmaqla bahəm ağzından son nəfəsini çıxarması bir oldu". Bəzi oxuculara müəllifin Ataşoğlunu məhv etməsi bəlkə də uğurlu, nikbin görünməz. Ancaq müəllifin qəti ideyasına görə bu baş verməliydi və baş verdi də. Tanınmış rus ədəbiyyatşünası A.V.Oqnev orijinal rus rejissoru Quxrayınsgər haqqında ballada" kinofilmi ilə bağlı maraqlı bir məqama toxunur. Bədii şura üzvləri Q. Çuxrayı inandırmağa çalışırlar ki, o, filmin qəhrəmanını sonda öldürməsin. Çünki o, gənc əsgərdir. Buna görə də qoy döyüşüb, sağ-salamat evinə qayıtsın. Q. Çuxray isə cavab verir ki, bəlkə siz doğrudan da düz deyirsiz, bəlkə əsgəri doğrudan da öldürmək lazım deyil, axı bu son dərəcə kədərli təəssürat yaradır. Ancaq mən özüm də bilmədən onun ölməsini daha zəruri hesab edirəm. Söylədiklərimiz elə Ataşoğluna da aiddir. Çünki qəhrəmanın ölümü müəllifin ona qarşı yüksək vətənpərvərlik münasibətlərini əks etdirməklə, onu gündəlik gördüyümüz adi hadisələrin fövqündə qoyur. Üstəlik, Ataşoğlu başqa yerdə yox, məhz doğma kənd qəbiristanlığında yaxınlarının, atasının sinə daşı üstündə ölür. Bunun olduqca böyük mənəvixlaqi, etik-etnik, tərbiyəvi önəmi var.

Ümumiyyətlə, Əlisahib Əroğulun "Qeyrətin harayı" hekayəsini nəinki müəlifin uğuru, həm də "Qarabağ nəsri"nin yetkin nümunəsi kimi dəyərləndirmək olar. Kitaba daxil edilmiş digər "Şəhid atası" hekayəsi də maraqlı süjet xəttinə malik olmaqla, bir göz qırpımında oxunur. Əlisahib Əroğul Qarabağ mövzusunun (bədii nəsrdə) mahiyyətinə varır, onu hər mənada daxilən duyur, bədii şəkildə interpretasiya edə bilir. Qələmin iti, düşüncən dərin, əsərlərində yaratdığın bədii gerçəklik həyat həqiqətlərinə çevrilsin, Əlisahib Əroğul!   

 

 

Nizami Tağısoy

Filologiya elmləri doktoru,

professor 

 

Xalq Cəbhəsi.- 2010.- 18 iyun.- S.14.