"Azərbaycan
bayrağı" ordenli əsgər
İbad
Hüseynovun döyüş
yoluna həsr olunmuş film nümayiş
olundu
Dövlət Film Fondunda keçmiş Xocavənd taborunun döyüşçüsü, "Azərbaycan bayrağı"
ordenli İbad Hüseynovun döyüş
yoluna həsr olunmuş "Əsgər"
filminin təqdimat mərasimi keçirilib. Qeyd edək
ki, İbad Hüseynov ASALA terror təşkilatının
rəhbərlərindən biri, qatı cinayətkar və beynəlxalq axtarışda
olan terrorçu Monte Melkonyanı məhv etməsiylə də tarixə düşüb.
Təqdimat mərasimində
Xocavənd batalyonun döyüşçüləri, hərbçilər, Xocavənd
rayon İcra Hakimiyyətinin
məsul işçiləri,
o cümlədən millət
vəkilləri Qənirə
Paşayeva, Həvva Məmmədova, Aydın Mirzəzadə, "Azərbaycan
Respublikası Dağlıq
Qarabağ bölgəsinin
Azərbaycanlı İcması"
İctimai Birliyinin rəhbəri Bayram Səfərov, media nümayəndələri
iştirak ediblər.
Təqdimat mərasimində
çıxış edən
"Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı İbad Hüseynovun timsalında Azərbaycan oğullarının Azərbaycanın
ərazi bütövlüyünün
təmin edilməsi uğrunda böyük şücaətlər göstərdiyini,
onlardan bəzilərinin
canlarını vətən
uğrunda qurban verərək şəhid
olduğunu, bəzilərinin
isə bugünümüzədək
sağ qaldığını,
bizimlə birgə addımladığını bildirib:
"Bu gün biz Qarabağ
uğrunda canını
sipər etmiş, oddan-alovdan keçərək
sağ-salamat qalmış
igid əsgərimiz İbad Hüseynova həsr olunmuş filmin təqdimat mərasiminə toplaşmışıq.
Biz hər birimiz
şəxsən İbad
Hüseynov kimi oğullarımızla, vətən
övladları ilə
fəxr edirik və ömrümüzün
sonuna qədər onlara borcluyuq".
"Azərbaycan
Respublikası Dağlıq
Qarabağ bölgəsinin
Azərbaycanlı İcması"
İctimai Birliyinin rəhbəri Bayram Səfərov "Əsgər"
filminin qəhrəmanı
olan İbad Hüseynov və onun döyüş yolu ilə şəxsən
yaxından tanış
olduğunu bildirib və əlavə edib ki, Azərbaycanın
belə bir qəhrəman oğlunun olması ilə fəxr edir, qürur duyur: "Ümumiyyətlə, Azərbycanın
fəxr edilməli və qürur duyulmalı oğulları
çoxdur. Vətənin azadlığı uğrunda mübarizə, savaş hələ bitməyib. İnanıram ki, torpaqlarımızın
geri qaytarılması
uğrunda döyüş
əmri verilsə, İbad Hüseynov kimi oğullarımız yenə də silaha sarılacaq və vətən torpaqlarını nəhayət,
erməni murdarlarından
azad edəcəklər.
Şəxsən mən
özüm də, oğullarım da silah götürüb bu savaşa hər an qatılmağa
hazırıq".
Filmin baş məsləhətçilərindən olan bitərəf millət vəkili Qənirə Paşayeva bildirib ki, bu
gün vətəni sözdə deyil, əməldə sevmək
lazımdır: "İbad
Hüseynov da məhz vətəni sözdə deyil, əməldə sevən,
ona öz qanı, öz canı ilə bağlı olan, onun uğrunda oddan-alovdan keçən və bu gün
də keçməyə
hazır olan oğullarımzdandandır. Vətən-vətən deyənlərin çoxu
o vaxt vətəni qorumaqdan çəkindilər,
müharibədə iştirak
etməkdən, silaha sarılmaqdan müxtəlif
bəhanələrlə yayındılar.
Ancaq İbad Hüseynov və onun kimi
yüzlərlə, minlərlə
oğullarımız özlərini
vətən yolunda canlı sipər etdilər. Bu oğullardan kimiləri dünyasını dəyişdi,
şəhid oldu, kimilərisə bütün
çətinliklərə baxmayaraq, böyük qəhrəmanlıqlar, şücaətlər
göstərərək müharibənin
od-alovdan sağ-salamat
çıxmağı, qurtulmağı
bacardılar. Biz onların - həm şəhidlərimizin, həm
də sağ qalanlarımızın qarşısında
baş əyirik.
Bu gün gəncliyimizə,
gənclərimizə məhz
İbad Hüseynov kimi igidlərimiz nümunə, örnək
olmalıdır. Gənclərimiz, gəncliyimiz özlərini
məhz onlara bənzətməli, onlara
oxşatmağa çalışmalıdırlar.
İbad Hüseynov özü də elə bir igidlik göstərib
ki, bunun sayəsində nəinki
biz, bütün dünya
qatı cinayətkardan,
beynəlxalq axtarışda
olan, türk diplomatlarına qarşı
terraktda birbaşa əli olmuş terrorçudan canını
qurtara bilib. Məhz İbad Hüseynov ermənilərin milli qəhrəmanına çevrilmiş
Monte Melkonyanı öz
doğma kəndlərində
- hazırda işğal
altında olan Xocavəndin Muğanlı
kəndində vaxtilə
oxuduğu məktəbin
həyətində qarşısında
diz çökdürərək
məhv edib. Belə bir azərbaycanlı oğulla yalnız və yalnız fəxr etməyə, qürur duymağa dəyər".
Millət vəkili
Aydın Mirzəzadə
Azərbaycanın 220-yə yaxın, Ermənistanın
isə təxminən
15 nəfər Milli Qəhrəmanı olması
məsələsinə toxunaraq
bildirib ki, təcavüzkar, işğalçı
dövlətdən və
xalqdan heç vaxt qəhrəman çıxmaz. Məhz torpaqları təcavüzə,
işğala məruz
qalan xalqlar, dövlətlər qəhrəmanlar
yetişdirə bilər.
Azərbaycan xalqı və dövləti də belə dövlətlərdən və
xalqlardan biridir:"Bu
baxımdan hesab edirəm ki, bu tədbirin keçirilməsinin, bu filmin çəkilməsinin
çox böyük əhəmiyyəti var".
Səlcuq
Xalq Cəbhəsi.- 2010.- 22 iyun.- S.9.