"Elçibəy gəncliyin gözü ilə"

 

 Gənclər Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüylə əlaqədar toplantı keçirdi

 

Bütöv Azərbaycan Birliyinin (BAB) qərargahında Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum günüylə əlaqədar "Elçibəy gəncliyin gözü ilə" adlı toplantı keçirildi. Tədbir Əbülfəz Elçibəyin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə öz işinə başladı.

Daha sonra BAB sədri Aqil Səmədbəyli toplantını açaraq bildirdi ki, 24 iyun Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür: "Tədbirin məqsədi də mərhumu bir daha xatırlamaq, onun ideyalarına nəzər salmaq, onun gələcəklə bağlı fikirlərinə nəzər yetirmək, bir sözlə yaddaşlarımızı təzələməkdir".

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, "İşıq" İctimai Birliyinin nümayəndəsi Əşrəf Əmirli dedi ki, Əbülfəz Elçibəyin xalq üçün gördüyü ən böyük işlərdən biri millətin ruhunun özünə qaytarılması yolunda apardığı mübarizə idi: "XX əsrin əvvələrində ölkəmizdə milli ziyalılar yetişdi, millət üçün xeyirli işlər görüldü, amma sovet repressiya maşını onlara imkan vermədi, onları məhv etdi. Ancaq millətin ruhunu tam məhv edə bilmədi. Elçibəyin fonunda millətin ruhu özünə gəlməyə başladı. Həmin dövrdə Əbülfəz Elçibəy olmasaydı, bəlkə də müstəqillik qazanardıq, amma Milli Azadlıq Hərəkatımız həminki səviyyədə olmayacaqdı. Buna görə də mən Elçibəyi milli ideoloqumuz kimi qəbul edirəm və ona böyük sayğı göstərirəm".

BDU-nun digər tələbəsi, "Turan" Gənclər Təşkilatının təmsilçisi Turan Həsənli Əbülfəz Elçibəylə bir dövrdə yaşadığı üçün fəxr etdiyini söylədi: "İlk dəfə onun şəklini evimizdə görmüşəm. Atam mənə bu böyük şəxsiyyət haqqında çox danışdı. Elçibəy Naxçıvandan Bakıya qayıdandan sonra onunla görüşmək mənə nəsib oldu. Buna görə də özümü xoşbəxt sayıram. Bu şəxsiyyəti daha dərindən dərk etməyə başladım. Onun o dövrdə Azərbaycana necə bir ideologiya bəxş etdiyini gördüm. Elçibəy yalnız Azərbaycanın deyil, eyni zamanda Türk Dünyasının ən görkəmli şəxsiyyətidir. O, türk milli kimliyi, düşüncəsi yolunda mübarizə aparmış və bu yolda şəhid olmuş ən böyük şəxsiyyətdir. Bu gün Elçibəyin yeri görünür. Bu gün ona layiq olduğu qiymət verilmir, amma gələcək nəsilin Elçibəyi daim yüksək tutacağına əminəm. Onun xatirəsi həmişə yaddaşlarda yaşayacaq".

Qərb Universitetinin tələbəsi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Ceyhun Nəbiyev Əbülfəz Elçibəyi özünün ən böyük kumiri saydığını vurğuladı: "1976-cı ildə o, dissidentlik fəaliyyətilə həbs edilib, o, sovet ərazisində yaşayan türk xalqlarının ən böyük dissidenti sayılırdı. O öz fikirlərilə sovet hakimiyyətinin insanlara qarşı etdiyi zülmü hayqırırdı. 1992-ci il 7 iyun seçkilərində Elçibəy Azərbaycanın xalqın seçdiyi ilk prezidenti oldu. Qısa müddət bu vəzifə də olmasına baxmayaraq, çox böyük işlər gördü. Demokratiyanı ilk dəfə Azərbaycana gətirdi. Məhz buna görə İngiltərənin baş naziri Marqaret Tetçer Elçibəyi dünyanın ən böyük demokratı elan edib. Daha sonra o, rus ordusunu Azərbaycandan çıxarılmasına nail oldu. Xarici siyasətdə Elçibəyin ən böyük uğurlarından biri ilk olaraq MDB-də məkanında məhz Rusiya ilə diplomatik əlaqələr qurmasıdır".

BDU-nun tələbəsi Qədir Aslanov bildirdi ki, Əbülfəz Elçibəy xalqının böyük oğludur: "Elçini tanrı göndərir, bu elçini isə xalq özü seçmişdi. Elçibəy bir müddət Misirdə tərcüməçi işləmişdi. 1969-cu ildə Nikita Xruşşov Misirə səfər edərkən Elçibəy onunla əllə görüşməkdən imtina etmişdi. Çünki Kıbrıs məsələsində Xruşşov Yunanıstanın dəstəkləyirdi. Bu o dövr üçün çox böyük bir şey idi. Bu tarixi bir addım idi. Onun haqqında fikri konkretləşdirmək olmur. Elçibəy elə bir demokratik mühit yaratmışdı ki, millət onu tam dərk edə bilmədi. O deyirdi ki, bizim problemimiz Qarabağ deyil, Güney Azərbaycandır. O zaman çoxları onu başa düşmürdülər. Bu fikir o insanın nə qədər böyük biri olmasından xəbər verir. Mən o insanı görməsəm də, ancaq qəlbimdə ona çox böyük bir sevgi daşıyıram".

DAK Gənclər Təşkilatının sədri Samir Turan dedi ki, o, Elçibəy haqqındakı düşüncələrinin bir faizini belə sözlə ifadə edə bilmir: "Düşünürəm ki, söz deməkdən çox biz gənclər onun qoyduğu yolu getməliyik. Bu gün Qırğızıstandakı hadisələrə, Güneydəki olaylara baxanda insanın ürəyi ağrıyır. Biz taktikasızlıq, ideologiyasızlıq içərisində əriyib gedirik. Ancaq 20 il bundan öncəki gəncliyə baxanda çox şükür ki, bizim beyinlərimiz kommunist düşüncəsilə doldurulmayıb, kənar təsirlərə məruz qalmamışıq, hələlik dini ekstremizmə az qoşulmuşuq. Amma bugünkü gənclik bir az yuxuya dalıb. Elçibəyin düşüncələrinə baxanda görürük ki, əsas yeri birləşmək düşüncəsi tutur. O deyirdi ki, biz hər bir işi yalnız birləşdikdən sonra daha mükəmməl görə bilərik. Elçibəy bunları biz gənclər üçün deyirdi. Həqiqətən də biz gənclər nə qədər bu işi görməsək, daha çox şey itirəcəyik. Daha çox işləmək lazımdır. Bizim potensialımız var. Hər bir gənc internetdə oturaraq millət, vətən üçün çox xeyirli işlər görə bilər".

"Dalğa" Gənclər Təşkilatının təmsilçisi Orxan Nəbiyev Əbülfəz Elçibəyi bir insan kimi çox sevdiyini söylədi: "O çox humanist bir şəxs idi. Elçibəy bir millətçi olsa da, onun 1993-cü ildə ölkəmizdə yaşayan milli azlıqların kütləvi informasiya vasitələrində öz dillərində dövlət hesabına qəzet çıxarmaq haqqında fərman verməsi məni çox təsirləndirir. Bir çoxları Elçibəyin lider olmadığını deyirlər. Bu gün özünü lider sayan hansı bir şəxs Nyu-Yorkda 4 min nəfəri Bütöv Azərbaycanla bağlı bir tədbirə toplaya bilər? Elçibəy Avropanı dəyərlər toplusu kimi qəbul edirdi. O, səmimi bir insan idi, ona görə də xalq onu sevir. Bu gün hansı bir şəxsdən Elçibəy haqqında soruşsaq, həmin insanın gözləri dolacaq".

BDU-nun tələbəsi, "Bütöv Azərbaycan" Gənclər Təşkilatının təmsilçisi Tural İsmayılov vurğuladı ki, Elçibəy türkçülük və demokratiyanı vəhdət şəkildə inkişaf etdirdi: "O deyirdi ki, türk tarixini qorumaqla bərabər, gələcəyini də unutmamalıdır. Elçibəy humanist bir insan idi. Onun prezidentliyi dövründə bir jurnalist onu tənqid etmişdio, həmin jurnalisti yanına çağıraraq yaxşı etdiyini söyləmişdi. Çünki Elçibəy öz millətini belə cəsarətli olduğunu görəndə çox sevinirdi. O, yeganə insan idi ki, millətçiliklə irqçiliyi bir-birindən fərqləndirirdi".   

 

 

Turqut

 

Xalq Cəbhəsi.- 2010.- 23 iyun.- S.14.