"Elə yaşamaq olar ki, ürək ağrımasın"

 

 İdris Xəlilov: "İnsan mənəviyyatının kökü onun beynindədir"

 

"İnsanları sevməyənlərin qəlbi çox dardır"

 

Tibb doktoru, tanınmış kardioloq İdris Xəlilov maraqlı həmsöhbətdir. Onun ürəklə bağlı özünəməxsus qənaətləri var.

Ürək mövzusuna geniş mənada yanaşmağı bacarır. Şübhəsiz, ürək xəstəliklərinin artan çağında ürək mövzusunda hərtərəfli söhbət oxucularımız üçün maraqlı olacaq.

- İnsanların gündəlik leksikonunda "ürək" qədər çox işlənən sözlər çox azdır. Gəlin bunun səbəbinə hərtərəfli varmağa çalışaq: Sizin üçün ürək nədir: həm tibbi, həm də ki, mənəvi nöqteyi-nəzərdən.

- Həkim üçün ürək bir qanqovan cihazdır, şair üçün isə bu, çox azdır. Ürək təxminən insanın yumruğu boyda, ətdəndir. Onun işi yalnız qan qovmaqdır. Ancaq ürəyin hallandırılması, bədiiləşdirilməsi birbaşa bu orqanla bağlı deyil. Əgər "insanın qəlbi" deyilirsə, ürək nəzərdə tutulur; ancaq o, əslində beyindədir. Mən qəti əminəm ki, insan mənəviyyatının kökü onun ürəyində deyil, beynindədir. İnsanın ürəyini çıxarıb yerinə başqasını qoymaq mümkündür, bu zaman heç nə dəyişməyəcək. O adam öz əvvəlki fikrində, mənəviyyatında qalacaq. Ancaq beynini dəyişsək, həmin adam tamam başqa olacaq. Əslində insanın qəlbi onun beynindədir. Ürəyin özündə qəlb yoxdur, ürək sadəcə, bir motordur, nasosdur: elə hey qanı vurur, vurur... Necə ki, böyrək dəyişdirilir, ürək də eləcə: heçbaş vermir. Əgər həmin adamın beynini dəyişdirsən, onda onun qəlbi dəyişir, əvvəlki olmur.

- Kimsə kimisə hiddətlənib qınayanda deyir ki, sənin ürəyin daşdandır, biganəsən hər şeyə. Bu duyğunun özü beyindən gəlir, ancaq ürəyin ünvanına deyilir...

- Bunların hamısı yalnız bədii mübaliğələrdir. Bu bədii mübaliğələrin tibbi baxımdan heç bir əsası yoxdur.

- Bəs sizcə, insanların bir-birinə biganəliyinin səbəbi nədir?

- Bu, artıq tamam başqa bir söhbətin mövzusudur. Səməd Vurğun deyir ki, insan müqəddəs bir kainatdır, o saf qəlbi pozan yalnız həyatdır. Biganəliyin səbəbi həyatın özüdür. Təbii ki, pis həyatı, pis şəraiti biz insanlar yaradırıq. Yaxşı da bizik, pis də. Dünya dəyişir, insanlar dəyişir, nəticədə də münasibətlər dəyişir. Ancaq gərək ümumbəşəri dəyərlər dəyişməsin.

Dövrümüz çox mürəkkəbdir. Adam bəzən çaşır. Təsəvvür edin: bir tərəfdən dünya demokratiyadan, insan hüquqlarından danışır, digər tərəfdən də bu hüquqlar pozulur. İnsanlardakı şər duyğular indi üzə daha tez çıxır, ancaq əvvəllər belə deyildi. Bu, onu sübut edir ki, dünyanı, insanları sevməyənlərin qəlbi çox dardır. Yanıma gələnlərin çoxu deyir ki, doktor, ürəyim ağrıyır. Baxıram, deyirəm ki, sənin ürəyin yox, qəlbin ağrıyır. Sən ətraf mühitlə, şəraitlə, ələlxüsus da özünlə bacarmırsan. Sənin qəlbin beləcə ağrımağa başlayır. Əslində insanın qəlbi deyilən orqan yoxdur, bu, beyindir, insanın düşüncəsidir, özüdür.

- Təbii ki, beynin üzərinə böyük düşür. İnsanın beynində milyardlarla hüceyrə var, ancaq o, bu hüceyrələrin cəmi bir neçə faizindən istifadə edir, qalanını isə özüylə birgə qəbrə aparır. Bir həkim kimi ölüm sizi əvvəllər sarsıtmayıb ki?

- Ölüm təbiətin qanunudur, gələnlər gedir. Həmişə xəstəliyə, insan ölümünə nifrət etmişəm. Həkimliyə meylimin səbəbi bu olub. Heç vaxt insanın ölümünə inanmamışam. Hələ də inana bilmirəm ki, insan ölür. Dəfələrlə praktikamda ürəyi dayanmış, ölmüş hesab edilən insanları diriltmişəm. Mən insanın haradasa ölməzliyinə inanıram. Nuh peyğəmbər 950, Adəm peyğəmbər isə səhv etmirəmsə, 800 ildən çox yaşayıb. İnsanlar çox ömür sürə bilərlər, sadəcə, biz onun mexanizmini bilmirik. İnsan cismən ölürsə də, ancaq o, ruhən, mənən ölmür. Mən çox ölənlər görmüşəm, ancaq onun da şahidi olmuşam ki, heç kəs öz ölümünə inanmayıb. Bütün cəhdlər də onun üçündür ki, insan ölməsin. Bu, insanlığın cəhdidir. Təbiətin qanunauyğunluğunu da başa düşmürəm: insanın müəyyən dövrdən sonra cavanlığını əlindən alır, dişlərini salır, qocaldaraq öldürür.

- Neyləyək ki, həyatın qaydası belə qurulub. Gələnlər getməlidirlər ki, yeniləri gəlsin. Digər tərəfdən də müdrik adamlar ölümdən qorxmazlar.

- İnsanın ruhu gərək bədənindən ucada dayansın. İnsan bədəninə tam mənasıyla sahib olmağı, onu daim ruhlandırmağı bacaramalıdır.

- Olubmu ki, pasiyentlərinizdən biri sizə onu ölümdən qurtarmağınızı xahiş etsin, yalvarsın, ancaq faktiki olaraq sizin buna imkanınız olmaya...

- Adətən həkimlik qaydasına görə, ən kritik halda belə xəstəyə onun vəziyyəti barədə bəd danışmaq olmaz. Heç özümözümü inandırmıram ki, bu xəstəni sağaltmaq mümkün olmayacaq. İnanıram ki, xəstəni sağalda biləcəyəm. Əgər xəstənin bir faiz sağalmaq şansı qalıbsa, yenə də onu sağaltmağa cəhd edirəm. Xəstə də inanır ki, o, ölməyəcək, yaşayacaq. Bir hadisə yadımdadır: İranda olarkən bir qoca kişini infarktdan üç gün müalicəyə səy etdim. Heç nə edə bilmirdim, çünki bu, mümkün deyildi. Kişibunu hiss etdi, dedi ki, doktor, məni rahat burax, ölmək istəyirəm. Bir anın içərisində həmişəlik gözlərini yumdu, səsini də çıxarmadı.

- Sizcə, insan ölümünü qabaqcadan duya bilərmi? Bu barədə müxtəlif fikirlər mövcuddur.

- Bəzi adamlar deyirlər ki, ölümü qabaqcadan duymaq olur, ancaq belələrində psixoloji pozğunluğa da rast gəlinir. Ürək xəstəliklərinin əmələ gəlməsində bir neçə risq faktorları var. Bunlardan birincisi demək olar, qorxu, stressdir. Stress ən sağlam adamı infarkt edib öldürə bilər.

Qorxunun da müəyyən norması var: insan müəyyən şeylərdən çəkinməlidir. Bilməlidir ki, bu, olar, ya olmaz. İnsanda sadəcə, bir şeyi anlamaq olmalıdır. Məncə, qorxunun kökünü kəsmək olar. Faktlar göstərir ki, sivilizasiya inkişaf etdikcə ürək xəstəlikləri də artır. Bu, təbii şeydir. Bütün bu keşməkeşlərə bizim ürəyimiz, damarlarımız cavab verir. İnsanın orqanizmindəki damaralarının uzunluğu ekvatordan 2 dəfə çoxdur. Beynin düşünməsi ürək vasitəsilə həyata keçirilir, qaraciyər vasitəsilə yox. Bu mənada ürəyin başqa orqanlardan fərqi var.

- İndi təbabətdə insan orqanizminin bəzi üzvlərinin dəyişdirilməsi dəb halını alıb. Axı sünilik təbiilik demək deyil?

- Şübhəsiz ki, hər şeyi təbii olsa daha yaxşıdır. Ancaq tutaq ki, bir cavan oğlanın, yaxud da ki, xanımın ürəyi xəstədir. Axı bunun həyatdan vaxtsız getməsi ağırdır. Yaxşı olardı ki, onun özünə xidmət etmək iqtidarında olmayan orqanını başqası ilə əvəz edəsən. Bir məşhur adam özü-özünü güllələyir; ağır xəstə olan bu şəxs deyir ki, ömrüm boyu bu bədənə xidmət etdim, ancaq bu bədən mənə xidmət etmədi.

İntihar mənim aləmimdə zəiflikdir, çıxış yolu tapmamaqdır. Ən pis yaşamaq ən yaxşı ölümdən yaxşıdır.

- Bu gün təbabətin Hippokrat andına Avropa ölkələrində xilaf çıxması artıq adi hal alıb. Evtanaziya (ölümü xəstənin istəyilə tezləşdirmə) də bu qəbildəndir.

- Şəxsən mən bu fikrə, əmələ qarşıyam. O demək deyil ki, Amerikada, Avropada nə edirlərsə, o, doğrudur. Bu qərblilərin həyat tərzindən, mentalitetlərindən irəli gəlir. Azərbaycan üçün belə bir təhlükənin reallaşacağına inanmıram. Ona görə ki, mentalitetimiz buna imkan verməz. Mən hətta xəstəyə deyə bilmirəm ki, səndə infarkt ola bilər. Desəm, o, daha gec sağalacaq. Dünya kardiologiyası bu gün yüksək inkişaf səviyyəsinə çatıb. Hər bir xəstəliyə demək olar ki, 100% diaqnoz qoyulur, sağala bilən xəstəliklər tamamilə sağaldılır. Ürək cərrahiyyəsi pik nöqtəsindədir: insan ürəyi, eləcə də ürəyinin damarları, ayrı-ayrı hissələri dəyişdirilir. Müasir aparatlar vasitəsilə insan ürəyinin hər bir nöqtəsini aydınca görmək olur.

- İnfarktın yaşı cavanlaşır...

- Bunun əsas səbəbləri aşağıdakılardır: insanlar daha çox oturaq həyat tərzinə keçiblər. Stresslər artıb. Qidalanmanın artmasını da bu sıraya daxil etmək olar.

- Acqalma ilə müalicə orqanizmin sağlamlığı üçün nə dərəcədə rol oynaya bilər?

- Acqalma ilə müalicə demək olar ki, bəşər yaranandan mövcuddur. Çox yemək insanı bir az keyləşdirir, kütləşdirir. Ancaq hər kəsin özbaşına şəkildə acqalması da düz deyil.

- Sizin özünəməxsus müalicə qaydanız varmı?

- Pasiyentlərə 1 səhifəlik 5-6 tövsiyəmi bağışlayıram. Onlara deyirəm ki, əgər xoşunuza gəlirsə, istifadə edin.

Elə yaşamaq olar ki, doğrudan da ürək ağrımasın. Hesab edirəm, vaxt gələcək, insanlar həkimə getməyəcək. Həkimlər ancaq profilaktik işlərlə məşğul olacaqlar. Sağlam həyat tərzi keçirmək lazımdır. Ürəyin sağlamlığına genetik faktorlar, insanın yaşadığı şərait də təsir edir. İnsani münasibətlər doğmalığa söykənirsə, orada ürək ağrısı demək olar ki, olmaz. Dərmanın tərifi belədir: az miqdarda götürülən zəhərə dərman deyilir.

İnsan 150 ilyaşaya bilər: ancaq o, əgər bu ömrü fiziki mövcudluq kimi yaşayacaqsa, onda yaşamasa yaxşıdır. İnsan mənəviyyatının həddi yoxdur: o, həmişə irəli getməli, öz insani imkanlarını aşkarlamalıdır. İnsan çox, mənalı yaşamalıdır. Hər şey insan üçün olmalıdır. Təəssüf ki, hələ bu, cəmiyyətdə mümkün deyil. Hələ ki, insanlar cəmiyyətdə bir-birlərilə anlaşa bilmirlər, bir-birlərinin haqqını əlindən almaq, pislik etmək istəyirlər. Marksın yaxşı bir ifadəsi var: insanlar öz azadlıqları uğrunda mübarizə aparmırlar, başqasının azadlığını əlindən almaq istəyirlər. İnsan gərək özündəki şərdən azad olsun, ruhunu böyütsün. O zaman insanın qəlbi böyük olar.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 23 iyun.- S.14.