Məhəbbətin fəlsəfəsi
və muğam
I yazı
Məhəbbət anlayışı üzərində insan daim düşünüb və minillər ərzində müxtəlif fikirlər, elmi mühakimələr, nəzəriyyələr söyləyib. Şərq, Qərb alimləri; sufilər, şairlər, filosoflar da məhəbbət, onun ülviliyi, tarixi haqqında çoxlu gözəl fikirlər irəli sürüb və bu anlayışı fəlsəfi aspektdən araşdırmağa səy göstəriblər. Hər dəfə bu haqda fikir söyləyən insanlar subyektivliyə daha çox varıb və sadəcə, bu hissin təbiətindən, ülviliyindən, xarakterindən danışmağa üstünlük veriblər. Məhəbbət fəlsəfəsini şərh etməzdən əvvəl ilk növbədə məhəbbətin nə olduğuna və bu hiss haqqında görkəmli, dahi şəxsiyyətlərin fikirlərinə diqqət yetirək.
Böyük bəstəkar İ.Stravinski yazır ki, dünyada məhəbbətdən güclü, daha möhtəşəm qüvvə yoxdur. X.Menken məhəbbəti düşüncədən, əqldən yüksək qiymətləndirərək yazır: "Məhəbbət - əql üzərində xəyalın təntənəsidir". Məhəbbət hissinin gücünü, qüdrətini göstərən J.Russo yazır ki, dərindən sevmək - özünü yaddan çıxarmaq deməkdir. Böyük rus yazıçısı İ.Turgenev bu hissə daha böyük məna verərək göstərir: "Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Ancaq onunla yalnız məhəbbət üzərində həyat durur və hərəkət edir".
Q.Zukav bu hissin həyati mənasını önə çəkir və yazır: "Bir dəfə siz başa düşəcəksiniz ki, məhəbbət hər şeyi müalicə edir və məhəbbət bu dünyada hər şeydir". Məhəbbət hissinə bir qədər fəlsəfi yanaşan rus yazıçısı L.Tolstoy yazır: "Məhəbbət - bu, qiyməti olmayan vergidir. Bu, yeganə şeydir ki, biz onu hədiyyə edə bilirik, ancaq yenə də o, səndə qalır".
Məhəbbətə bəşəri və dünyəvi qiymət verən M.Breddon yazır: "Məhəbbət - kainatı işıqlandıran nurdur; məhəbbətin işığı olmadan yer bar verməyən səhraya dönərdi, insan isə bir ovuc toza". S.İlyin məhəbbətin fiziki və mənəvi zövq verdiyinə işarə edərək yazır: "Məhəbbət-insan ünsiyyətinin yeganə sahəsidir ki, fiziki və mənəvi zövqün qəribə tərzdə toxunmasını nümayiş etdirməklə həyatın dolğunluğunun məna və xoşbəxtliklə dolduğu həssasiyyətini yaradır". P.Korneille məhəbbətlə əqlin ziddiyyət təşkil etdiyinə işarə edərək göstərir ki, ağıl və məhəbbət qanlı düşməndirlər. Görkəmli şəxslərin məhəbbət haqqında dedikləri fikirlər müxtəlif olsa da onların nəzər-diqqəti bir nöqtədə - "məhəbbətin mövcud və onun böyük qüvvəyə malik olması"nda birləşir. Məhəbbət anlayışının haradan gəlməsi, onun tarixi gerçəkliyi haqda elmi mənbələrdə müəyyən məlumatlar olsa da, fikrimcə, bunlar daha dəqiq formada öz izahını tapmayıb. Məhəbbətin materiya ilə, yoxsa ruhla bağlı olması, onun hansı formada özünü göstərməsi uzun əsrlər boyu mübahisə predmeti olub. Məhəbbətin instinktiv və ya kortəbii, hissi və ya idrak prosesinin məhsulu olması məsələsi qismən də olsa fəlsəfədə öyrənilib. Sadə insanlar, elm sahibləri və mütəfəkkirlər təbii olaraq yaşadıqları zaman çərçivəsində məhəbbət anlayışına ayrı-ayrı prizmalardan baxaraq ona fərdi münasibət bildirərkən istər-istəməz onun insan həyatını geniş arealda əhatə etməsini xüsusi olaraq qeyd ediblər. Və onun həyatda bir çox formalarda, canlı aləmdə təzahür etməsi göstərilib. Məsələn, məhəbbətin aşağıda göstərilən formalarda özünü göstərməsi xüsusi olaraq qeyd olunur.
- Həyatda yalnız məhəbbət aktı mövcuddur.
- Məhəbbət insanın məhsuldar fəaliyyətinin forma təcəssümüdür.
- Məhəbbət elə bir hissdir ki, o, insanlarda maraq və qayğı, dərketmə, qəlbin səs verməsi, hisslərin tüğyan etməsi, zövq və s. hisslərinin insana və ya hər hansı bir əşyaya yönəldilməsini təmin edir.
- Məhəbbət hissi insana səfərbərlik, xoşbəxtlik və qorxu hissi (ən yaxın adamını itirmə qorxusu) gətirə bilir.
- Məhəbbət həyat, yaşamaq istəyi verməklə yanaşı, bəzi hallarda qısqanclıq, ölüm aktının hökmünə ("Otello"da və s. olduğu kimi) də imza atır.
- Məhəbbət insan fəaliyyətinin əsas tərkib hissəsi kimi onun yaşayıb-yaratmaq, həyat qurub ailə səadətinə sahib olmaq, nəsil artırmaqla öz sevgi və məhəbbətini övladlara şamil etmək, atanı, ananı, vətəni, torpağı, milləti, xalqı sevmək hisslərini formalaşdırıb onların insan həyatının mənasına çevirir.
- Məhəbbət insanda "mən" hissini formalaşdırır və onun həyata münasibətini müəyyənləşdirir.
- Məhəbbət etik və əxlaqi normaların, yüksək insani keyfiyyətlərin bərqərar olmasına təkan verir.
- Məhəbbət insanın həyatda yaşamaq üçün apardığı mübarizənin tərkib hissəsi kimi ən dərin tələbat meyarıdır.
- Məhəbbət cəmiyyətin, bəşəriyyətin formalaşmasında insana verilən böyük qüvvədir.
- Məhəbbət yaxınlar, əzizlər və qohumlar qarşısında məsuliyyət hissidir.
Məhəbbətin nə olduğu və hansı qüvvəyə malik olması elmdə, xüsusən də psixologiyada nə qədər öyrənilsə də, o yenə də "insan sirri" olaraq qalmaqdadır. Təfəkkürün, əqlin inkişaf səviyyəsindən asılı olaraq məhəbbət hər dəfə öz funksional əhəmiyyətini, məzmun və aidiyyətini dəyişir. İnsanın inkişaf prosesində təfəkkür, bilik, dünyagörüşü dəyişdikcə, insanın məhəbbət haqqında fikir və mülahizələri də dəyişərək daha təkmil, dəqiq forma alır. Alimlərin bəzilərinin hətta məhəbbət formulunun aşağıdakı şəkildə olmasını qəbul etmələri fikri də elmdə öz təsdiqini tapıb. Onların fikrinə görə məhəbbət qəlbin, ağlın və fiziki bədənin məcmuyundan ibarətdir. Bu üç mənbə insanın ən şiddətli istək və arzusunun həyata keçməsində xüsusi əhəmiyyət daşıyır. Bunlardan qəlbin arzusu dostluq, mehribançılıq, ağıl, hörmət və ehtiram, fiziki bədən isə istək hisslərini doğurur. Əlbəttə, bu fikir subyektiv olub, məhəbbət anlayışını tam olaraq açmır. Fikrimizcə, məhəbbəti insan varlığının maddi və mənəvi vəhdətində axtarmaq lazımdır. Belə təqdirdə məhəbbət hissinin formalaşmasında həm fiziki bədənin, həm də insanın mənəvi dünyasına daxil olan bütün üzvlərin, hisslərin rolu danılmaz fakt kimi göz önündə duracaq. Bu zaman məhəbbəti insanın mənəvi-ruhani varlığının hikmətində və onun icra strukturu olan fiziki bədənin fəaliyyətində görə bilərik. O, insanın mənəvi dünyası, onun daxili aləminin güzgüsüdür. Mənəvi varlığın zənginliyi həyatın mənalı, məzmunlu keçməsinə dəlalət edir. Bu baxımdan mənəvi dünya əqlin nüfuz etdiyi və ruhun yaşadığı məkandır. Mənəvi dünyanın zənginliyi ruhun zənginliyi deməkdir. Təsadüfi deyil ki, mənəvi varlığa xüsusi üstünlük verən sufilər, yoqlar insan xoşbəxtliyini maddi dünyada, onun yaşadığı mühitdə yox, onun mənəvi dünyasında, ruhun zənginliyində görürdülər. Məhz buna görə də mənəvi varlıqlar sistemi ali insani duyğuların formalaşıb zənginləşməsində xüsusi rol oynayıb və oynamaqdadır. Məhəbbət və kamal haqqında yazan Səlahəddin Xəlilov qeyd edir ki, fəlsəfədə insanın dünyaya münasibəti üç istiqamətdə nəzərdən keçirilir; onu dərk etmək, dəyərləndirmək və əməli surətdə dəyişdirmək. Əgər biz məhəbbətin bu münasibətlər sistemində yerini müəyyənləşdirmək istəsək, ilk növbədə onun bu üç istiqamətdən - idraki, aksioloji və praktik aspektlərdən hansına aid olduğunu aydınlaşdırmağa çalışmalıyıq. O, məhəbbətin idrakla bağlılıq məsələlərini təhlil edərkən fikrimizcə maraqlı polemika açır və Asif Atanın məhəbbət haqqında fikirlərini Ş.Sührəvərdinin fikri ilə tamamlayır və məhəbbətin ali forması olan "müdrik məhəbbət" (Asif Atanın istilahı) haqqında yazır: "Məhəbbətin idrakla, əqllə əlaqə məqamları, məhz Füzuli eşqi ilə tanışlığındadır ki, Asif Atanın fəlsəfəsində daha inandırıcı şərh olunur. Hisslə, ehtirasla bağlı olan məhəbbətdən fərqli olaraq Asif Ata "müdrik məhəbbət" məqamının da izahını verir və ali məhəbbəti müdrikliyin strukturuna daxil edir: "Müdriklik - ... ülviyyəti, məhəbbəti, gözəlliyi, əsilliyi müqəddəslik səviyyəsinə qaldırmaqdır". Yaxud: "Məhəbbət-müdriklik timsalıdır. Məhəbbət əhli olmaq-kamal əhli olmaq deməkdir".
Ş.Sührəvərdi də kamilliyi eşq və şövqlə əlaqələndirir. Onun fikrinə görə nadan adamın aldığı həzz kamal əhlinin həzzi ilə müqayisəyə gəlməz:
"Kamal sahibi olmayan qafil həzz
ala bilməz. Hər bir
həzzin qədəri
kamillik dərəcəsindən
asılıdır".
S.Xəlilov insanın dünyaya münasibətinin ikinci istiqaməti- aksioloji aspekt - dəyərləndirmə
prosesini şərh edərkən fikrimcə, daha bir maraqlı
məqama toxunur və yazır ki, insan nəyi
isə yaxşı, nəyi isə pis hesab edir. Nə isə
onun xoşuna gəlir, nə isə gəlmir. Nə zamansa qəlbi sıxılır, özünü
narahat hiss edir, bu mühiti, bu münasibəti tezliklə tərk etməyə, ondan uzaqlaşmağa çalışır;
nə zamansa ülvi hisslər, mənəvi yüksəliş
keçirir, bu anın, bu təmasın
uzanmasını, əbədiyyətə
qədər davam etməsini arzulayır.
Ancaq niyə, səbəbini bilmir. Bu, qəlbin
hökmüdür. İstək daxildən
gəlir, ancaq dərk olunmamış bir hissdir.
Bir sıra psixoloq və filosofların məhəbbət haqqında yazılarında məhəbbətin qədim insanların başa düşmədiyini və onlarda məhəbbət hissinin olmadığını iddia etmələri və bu hissin qədim yunan dövründən formalaşması fərziyyəsi əlbəttə, köklü şəkildə yanlışdır. Onların fikrinə görə qədim insanlarda məhəbbət olmayıb. Onlar yalnız instinktiv olaraq nəsil artırmaq məqsədi ilə erotik münasibətdə olarmışlar. Tədqiqatçı alimlərin əsərlərində məhəbbətin qədim yunan mifik obrazlarında, Ərəstunun, Sokratın, Platonun mənəvi məhəbbət nəzəriyyəsində ilkin olaraq 2500 il bundan qabaq rast gəlindiyinə işarə olunur. Qeyd edim ki, hələ S.Kramer "Tarix Şumerdən başlayır" əsərində qədim şumerlilərin və İranın qərb bölgəsində (Urmiyə və Urmiyə gölü ətrafı - İ.R.) yerləşən Aratta ölkəsində insanların İnanna - məhəbbət ilahəsinə sitayiş etdikləri göstərilir. O, yazır ki, "Şumerin dini yazılarına görə şah hər il İnannanın kahinlərindən biri ilə nigah qurmalı idi ki, nəsli artırsın. Bu ayin hər il yeni il bayramı günü (Novruz bayramı - İ.R.) həyata keçirilməli idi. Həmin gün möhtəşəm ziyafət verilərdi və bayram mahnı və rəqslərlə davam etdirilərdi".
Qədim şumerlilərdə məhəbbət bəzi alimlərin dediyi kimi deyil, əksinə, o dövrdə məhəbbətin hansı hikmətə malik olmasını qədim əcdadlarımız çox gözəl bilirdilər. İkinci, məhəbbət nəğməsinin İstambulda saxlanılan gil lövhə üzərində mətnini 1924-cü ildə E.Kera çap etdirmiş və həmin mətnin tərcüməsi A.Falkenşteyn tərəfindən 1947-ci ildə həyata keçirilmişdi. S.Kramerin yazdığına görə qədim şumerlilərdə, o cümlədən onun qonşuluğunda yerləşən Aratta dövlətində hələ b.e.ə. 2800-cü ildə ikipalatalı "parlament" mövcud olub. Onun qanunvericiliyində ailə, nigah məsələlərinə aid maddələr də mövcud olub. Bu, o deməkdir ki, yunan dövründən çox qabaq, Şumerdə məhəbbətə sadə hiss kimi və ya məhəbbəti təkcə erotikanın əsası kimi qəbul etmirdilər. Bu hissə daha geniş münasibət bəslənilib və onun hikməti artıq o dövrün filosoflarına, ali insan, kübar nəsillərinə yaxşı məlum idi. Odur ki, sonrakı dövrlərdə məhəbbət haqqında formalaşdırılmış fəlsəfi fikirlərin kökünün qədim yunanlılarla yox, daha qədim ənənələrlə bağlı olması faktı bir daha təsdiq olunmuş olur. Antik yunan dövründə məhəbbət bir neçə növə, formaya bölünmüş şəkildə izah olunardı.
İlkin olaraq məhəbbətə
iki cinsin, yəni kişi ilə qadın arasında olan erotik məhəbbət
kimi baxılardı. "Erotika"
sözünün kökü
"erot"-dan irəli
gəlir. "Erot" qədim
yunanlılarda "məhəbbət",
"çılğın məhəbbət", "dəlicəsinə
olan məhəbbət"
anlamındadır.
Rafiq İmrani
Sənətşünaslıq doktoru,
professor
Xalq Cəbhəsi.- 2010.- 24 iyun.- S.14.