Milli Ordu Günü

 

 Ataxan Paşayev: "Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı"

 

Əzizağa Ələkbərov: "Milli Korpusun əsasını qafqazlılardan düzəldilmiş "Vəhşi diviziya" təşkil edirdi"

 

92 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Milli ordusu yaradıldı. 1918-1920-ci illər dövrünün fəal iştirakçılarından biri olan Rəhim bəy Vəkilov "1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi. Bakı, 1919" nəşrində çap edilmiş "Azərbaycan Respublikasının yaranma tarixi" adlı əsərində o dövrdə baş verən gərgin siyasi hadisələrin xeyrimizə həll olunmasında milli ordumuz yaranandan sonra tədricən güclənməsinin mühüm təsirə malik olduğu vurğulanır: "Azərbaycan və bütün Zaqafqaziya üçün Avropa müharibəsini qurtarmasının ən yaxın nəticəsi türk qoşunlarının getməsi və onların yerini ingilis qoşunlarının tutması oldu". Noyabrın 17-də ingilis generalı V.M.Tomson deyir: "...Biz nə indi, nə də gələcəkdə sizin daxili işlərinizə qarışmaq məqsədi güdmürük. Mən ümid edirəm ki, sizin köməyinizlə hər şey yoluna düşəcək."

Respublika Milli Arxivinin rəisi, tanınmış araşdırmaçı Ataxan Paşayev bildirir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Gəncədə çətin şəraitdə fəaliyyətə başlamışdı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi olmuşdu. Avqustun 11-də qəbul olunmuş "Hərbi mükəlləfiyyət haqqında qanun"a müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər olunması elan edildi". Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi: Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 min nəfərə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi. Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay müddətində özünün sülh yaratma cəhdlərinə baxmayaraq daim Ermənistanla rəsmən elan edilməmiş müharibə vəziyyətində olmuşdu. Ermənistan 1918-ci ilin dekabrında qədim Azərbaycan torpaqları olan Lori və Borçalı uğrunda Gürcüstana qarşı rəsmi müharibə elan etdi. O, Cənubi Qafqazın çox hissəsini "tarixi erməni torpaqları" elan edərək onları ələ keçirməyə, nə olursa-olsun, ərazilərini genişləndirməyə çalışırdı. Təsadüfi deyil ki, 1920-ci ilin aprelində 11-ci Ordu Azərbaycanı işğal edərkən Azərbaycan Cümhuriyyəti ordusunun əsas qüvvələri Dağlıq Qarabağda erməni qiyamçılarına qarşı mübarizə ilə məşğul idi.

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur bildirir ki, rəhbərlik etdiyi arxivdə ADR dövrü hərbiyyə, milli ordu quruculuğu mövzusunda xeyli soraqlar qorunub saxlanılır. Əliağa Şıxlinskinin "Xatirələrim" əsərinin orijinalı bu qəbildəndir. Tarixçi-alim Əzizağa Ələkbərov o dövrdə milli ordu quruculuğunun ilkin rüşeymlərindən, az vaxtda intişar tapmasından danışdı: "Rusiyadakı 1917-ci il oktyabr çevrilişindən sonra müsəlman fraksiyası milli ordu yaratmaq istiqamətində ilk addımlarını atmalı oldu. Bu fraksiyanın təşəbbüsü ilə Bakıda, Gəncədə, Lənkəranda və Tiflisdə müsəlman hərbçilərin yıcıncaqları keçirildi. Azərbaycan Milli Hərbi Korpusu formalaşdırıldı. Milli Korpusun əsasını Petroqraddan köçürülən, qafqazlılardan düzəldilmiş "Vəhşi diviziya" təşkil edirdi. Bu diviziyaya general Əliağa Şıxlinski komandanlıq edirdi. Azərbaycan 1918-ci il mayın 28-də müstəqillik əldə etdikdən sonra artıq gənc dövlətin sərəncamında 600 nəfərlik hərbi hissə vardı. Milli Hökumət milli ordu quruculuğuna ciddi şəkildə başlamaq xəttini əsas götürdü. Hökumət bunu daha vacib, hər şeydən önəmli məsələ hesab edirdi. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman Korpusu Azərbaycan Korpusu adlandırıldı. Onun komandanı general Əliağa Şıxlinski idi. Avqustun 21-də Qafqaz İslam Ordusunun komandanının əmri ilə Azərbaycan Korpusu ləğv edilməklə yenidən qurulmağa başlandı. 1918-ci il oktyabrin 23-də hərbi nazirlik yaradıldı. İlk dövrdə hərbi nazirliyə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski səfərbərlik edirdi. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi. Mehmandarova hərbi nazirliyin formalaşdırılması tapşırıldı. 1918-ci il noyabrın 15-də ordunun ümumi qərargahı yaradıldı. Yeni qərargah ləvazimat, mühəndis, növbətçi-general, general-kvartirmeyster, topçu, topoqrafiya, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Bu şöbələrin başçıları vəzifələrinə milli qoşun hissələrinin yaradılmasında kifayət qədər xidmətləri olan zabitlər təyin edilmişdi. Həmin zabitlər pokovnik Həbib Səlimov, polkovnik Həmid Qaytabaşı növbətçi-general Seyfulla Mirzə, general-mayor Murad Giruplexas, topçu şöbəsinin rəisi general-mayor İbrahim ağa Usubov, həmçinin təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işinin müfətişi oldular".

1918-ci il oktyabrın 30-da bağlanmış "Mudros" müqaviləsinin şərtlərinə görə, müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis hərbi qüvvələrinin komandanı general Tomson hələ Azərbaycana gəlməmişdən əvvəl tələb etdi ki, 1918-ci il noyabrın 17-nə kimi Türkiyə qoşunları kimi Azərbaycan qoşunları da Bakını tərk etsinlər: "Çünki Tomson Bakı şəhərini istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayır, ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. Tomson müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyini açıq şəkildə bəyan edirdi. Azərbaycanın hərbi qüvvələrinə bu səbəbdən də etibar etmirdi. Bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirliyi 1918-ci il noyabrın 22-də Gəncəyə köçdü və orada öz fəaliyyətini davam etdirdi. Mövcud ordu hissə və birləşmələri və qoşun hissələrini icra etdikləri vəzifə ilə əlaqədar Gəncə və Qarabağda yerləşdirilmişdi. 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da general-leytenant Əliağa Şıxlinski isə onun müavini təyin edildilər. 1918-ci il dekabrın 31-də ümumi qərargah nəzdində olan topçu şöbəsinin nəzdində topçu idarəsi təşkil edildi".

1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan türkcəsinin orduda dövlət dili kimi tətbiq edilməsinə başlandı. Bu dövrdə Azərbaycan ordusunda Azərbaycan dilini öyrənmək və hətta savadsızlığın ləğvi ilə bağlı kurslar açmağa başladılar. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti nizami milli ordunun sayını 25 minə çatdırmaq məqsədilə dövlət büdcəsindən 400 milyon manat vəsait ayırdı. Gürcüstandakı hərbi məktəblərdə təhsil almaq üçün ora yüzlərlə azərbaycanlı zabit və əsgər göndərildi. Gürcüstan Azərbaycan ordusuna 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşatılan tüfəng, 211 qılınc, 295 nizə və hərbi ləvazimat verdi. 1919-cu il yanvarın 11-dən orduda hərbi qulluqçular üçün yeni hərbi geyim forması tətbiq edildi. Türk qoşunlarının Gəncədə olduğu vaxtda fəaliyyət göstərən praporşiklər məktəbinin işi yenidən quruldu. Onun əsasında hərbi məktəb təşkil edildi. Ordunu milli-hərbi kadrlarla təmin edəcək hərbi dəmiryolçular, istehkamçılar və hərbi feldşerlər məktəbləri açıldı".

Müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razılıq verdi: "Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hərbi hissə və bölmələr müəyyənləşdirildi. Həmin qüvvələrə 1 piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə birinci süvari alayının komandiri polkovnik Fərhad Ağalarov rəhbərlik edirdi. Bakı qarnizonunun rəisi vəzifəsi də ilk dəfə ona həvalə olunmuşdu. 1919-cu il aprelin 15-də hərbi qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. İngiltərə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra hərbi nazirliyin rəhbər orqanları iyunun 28-dən iyulun 10-a qədər Bakıya köçürüldü. 1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakının möhkəmləndirilmiş müdafiə rayonunun yaradılması idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılıq işləri sayəsində 1919-cu ilin avqust ayında ingilis hərbi birləşmələri Azərbaycanı tərk etdikdən sonra hərbi dəniz qüvvələri yaradıldı. Bu donanmanın tərkibində 75, 3 və 120 millimetrlik kalibrli toplarla silahlanmış iki gəmi vardı. Bura digər gəmilər, katerlər də daxil idi. Xəzər hərbi donanmasının şəxsi heyəti 1170 nəfərdən ibarət idi.

1920-ci ilin aprelində Azərbaycan ordusunda 3 piyada diviziyalarında birləşmiş 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə, 4-cü Quba, 5-ci Bakı, 6-cı Göyçay, 7-ci Şirvan, 8-ci Ağdaş piyada alayları, süvari diviziyasında isə birləşmiş olan olan 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alayları və 2 topçu briqadaları vardı".

Yenicə yaranmış olan Milli Ordunun döyüşçülərinin sonrakı taleyi son dərəcə kədərlidir: "1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək olan müddətdə Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdu. Təkcə 1921-ci ilə qədər ancaq Azərbaycan-türk hərbçilərindən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan, 266 nəfər hərbi işçi güllələnmişdi. Suskeviç, Usubov, Haşımbəyov, İmamulla Mirzə Qacar, Kazım Mirzə Qacar, Həmid Qaytabaşı, Həmid bəy Səlimov, Rza bəy Şıxlinski, İsgəndər bəy Seyfulin, Ziyadxanov və digər tanınmış hərbçilər güllələnənlər sırasında idilər.

Azərbaycan Milli ordusunun əsgərləri "qırmızıların" gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də 11-ci Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər "qırmızılardan", üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi".   

 

 

 

 Elçin Qaliboğlu

 

 Xalq Cəbhəsi.- 2010.- 26 iyun.- S.14.