Türk aşıq-şairi Qaracaoğlan dünyası...

 

Şahidi olduğum el yığnaqlarının birində ucu-bucağı görünməyən mağarda müğənninin avazından axan şirin kəlmələr məclis əhlinin diqqətini cilovlamışdı. Oynaq, axıcı, yüksək poetik duyumlarla aşılanan qafiyələr kamil bir zərgərin əliynən düzülmüş zərə bənzəyirdi:

 

Yar gərək yarın qeydinə,

Qala yalvara-yalvara.

Yüz naz ilə qol-boynuna

Sala yalvara-yalvara.

Sevdim bir sərxoş Leylini,

Yadlara verməz meylini.

Küsdürüb sınıq könlümü,

Ala yalvara-yalvara.

 

Heyranlıq içində qalan gözlərdən, könüllərdən suallar yağırdı:

- Nə gözəl sözlərdi, kiminkidir görən?

- Bəlkə, Aşıq Ələsgərindir...

- Yox, Ələsgərin deyil, Aşıq Alınındı...

- Ya da Molla Pənah Vaqifindi? Dili onunkuna bənzəyir.

Əslində isə şeir adı çəkilən aşıq və şairlərin heç birinin deyildi. Bununla belə bu gözəl sözlərin əsl müəllifi heç yada da düşmürdü. Bunun əsasən iki səbəbi vardı. Əvvəla, yanlışlıq üzündən şifahi ədəbiyyatımızda illərlə bir sənətkar şeirinin başqasının adına çıxılması, ikinci də sənət meydanına gəldiyi gündən öz orijinal nəfəsi, zəngin yaradıcılığıynan çoxlarına örnək olan ulu bir sənətkarın haqqında el-obamızda çoxlarının geniş məlumatı yox idi. Bax, beləcə illərlə onun sözləri Azərbaycanda dildən-dilə gəzir, məclislərimizin bəzəyi olur, ancaq söz inciləri onun-bunun adına çıxılırdı. Bu, sənət dünyasına gəldiyi gündən çoxlarına örnək olan, zəngin yaradıcılığı ilə arifləri heyran qoyan, böyük türk aşıq-şairi Qaracaoğlan idi!

Əslində isə Qaracaoğlan irsi Türkiyədə Əli Rza Yalçın, Sadəttin Nüzhə (Erkin), İshak Rüfət, Zehni Ardıc, Cahid Öztelli kimi dəyərli araşdırmaçılar və ədəbiyyatşünaslar tərəfindən XX yüzilin əvvəllərindən öyrənilməyə başlayıb.

Yeri gəlmişkən, bəri başdan qeyd edək ki, Qaracaoğlan doğma diyarı Şərqi Anadoluya məhrəm olduğu qədər Azərbaycan elləri üçün də yaxındır, əzizdir. Bu baxımdan aşıq-şairin yaradıcılığını sərfi-nəzər edib onu vaxtilə oxucularımıza çatdıran İsmayıl Öməroğlu və Qara Namazov kimi alimlərimizin bu böyük sənətkarın yolunda çəkdikləri zəhmət xüsusi qeyd olunmağa layiqdir. Bütün bunlarla birlikdə Qaracaoğlan kimi azman bir sənətkarın bu taynan bağlı dərindən-dərin öyrənilməsinə həmişə ehtiyac duyulur. Qaracaoğlan XVI yüzilin əvvəllərində Türkiyənin Mil elində, Çuxur Oba deyilən mahalda dünyaya gəlib. Ömrü-günü kənddə-kəsəkdə, el-oba yığnaqlarında keçən sabahın bu böyük sənətkarı hər addımda görüb-götürmüş, dərin zəkası sayəsində Anadolunun o dövrkü savadlı adamlarından yazıb-oxumağı və elmin sirlərini öyrənmişdi. Şərqi Anadolunun tərəkəmə həyatıynan dərindən maraqlanan Qaracaoğlan, əslində özü də gəzərgi həyat keçirib. Bütün Şərq vilayətlərini, o cümlədən İranı və Azərbaycanı gəzib dolaşıb. Bununla belə, o, öz doğma yurdu Çuxurobadan ayrı qalmayıb, ömrünün kövrək çağlarını yenə də Şərqi Anadoluda keçirib. Təxminən 80 ilə yaxın ömür sürən sənətkar yenə də öz ana torpağına qismət olub, uca bir təpədə dəfn edilib. İndi "Qaracaoğlan təpəsi" adlanan həmin yer sənətsevərlərin ziyarətgahına dönüb. Qaracaoğlan Türk Dünyasının ən maraqlı, ən qüdrətli və zəngin yaradıcılığa malik olan böyük sənətkarlarından biridir. Bütün Şərq dünyasında çoxlarına örnək olan bu aşıq- şairin ölməzlik nişanəsi olan müxtəlif səpgili şeirlərini əqlin süzgəcindən keçirdikcə sözün əsil mənasında onun söz inciləri insan qəlbini heyranlıq duyğularıynan oxşayır, ona saflıq və təmizlik hissləri aşılayır.

Qaracaoğlanın kədəri də sevinci kimi safdır, təmizdir. O, düzlüyü, həqiqəti hər şeydən üstün tutub. 400 il bundan qabaq özünün beştelli cürəsiynən məclisdən-məclisə dürlü-dürlü xanələr daşıyan ölməz sənətkar, harada nə görübsə, ona yerindəcə qoşqular düzüb, kamil deyimləriynən el yığnaqlarını canlandırıb, feyziyab edib. Hər sözü, hər kəlməsi xüsusi ölçülər və biçimlər içində qatarlaşan qoşma və gəraylılarına hələ öz sağlığından üzü bəri neçə-neçə nəğmələr qoşulub. Onun düzümləri notların xanələrində qərar tutub. Beləliklə o, bir aşıq kimi el məclislərini, bir şair kimi türk şeir dünyasının saralıb-solmayacaq saysız-hesabsız vərəqlərini bəzəyib.

Qaracaoğlan eşq-məhəbbət şairi olub. Təkcə Anadolunun yox, bütün türk aləminin gözəlləri onun qoşqularında öz əksini tapır. Aşığın şeirlərini diqqətlə nəzərdən keçirdikcə, adama elə gəlir ki, onun yaradıcılığı bir güzgüdür. Sənətkarın bütün təhbehləri, heca düzümlü qafiyələri və rədif sonluqları sırf orijinaldır, özünəməxsusdur. Onun şeirlərində bir kəlmə də olsun yerinə düşməyən qafiyəyə rast gəlinmir. Məna və məzmun vəhdətindən doğan bütövlük hər bir qoşqusunu ayrıca bir sənət nümunəsinə döndərir.

Türk ədəbiyyatında, o cümlədən Azərbaycan şifahi deyimlərində gözəlin qara gözlərini, xumar baxışlarını və süzgün tamaşasını aşıq və şairlərimiz müxtəlif səpgidə təsvir edib, təbiət oxşamalarıynan onu söz sığalına çəkiblər. Bu mənada Qaracaoğlanın özünəməxsus bənzətməsi ilk baxışda ifadənin sırf dəruni-məzmunuynan dinləyənə çatmaya bilər. Ancaq diqqətlə sərfi-nəzər edəndə aşıq şairin bənzərsiz təşbehi hər duyan qəlbi düşünməyə məcbur edir. O, sevdiyi gözəlin gözlərini kömürə bənzədir. Şəvədən qara, aynadan yanar və parlaq olan kömür özlüyündə qara, xumar, həm də süzgün baxışları o qədər dolğunluğuynan təsvir edir ki, ona bənzər ikinci bir təşbehi belə təsəvvürə gətirmək çətin olardı:

 

Kömür gözlüm, mənnən getmək dilərsən,

Dağlarda qar əriyəndə gedərik,

Yel vursun, çəkilsin qara buludlar,

Yol çamurdu, quruyanda gedərik.

Nalə çəkib, qərib bülbül ötüşər,

Qızılgülün qönçəsinə qatışar,

Bizim ellərə də bahar yetişər,

El yaylağa yeriyəndə gedərik.

 

Eşqi varlığına hakim kəsiləndə, məhəbbəti ömründən uca tutulanda Qaracaoğlan Vaqifə bənzəyir. Xalq hikmətlərinin poetik duyumlarını qoşqularında rədif qafiyələrə döndərəndə Ələsgərlə qoşalaşır. Kədərin müqabilində sabahın nikbin duyğularına boylananda isə Aşıq Alıynan səs-səsə verir. Bütün bunların müqabilində isə mühüm bir amil dayanır. Əgər Qaracaoğlan bu sənətkarların hər birindən neçə yüzil əvvəl yaşayıbsa, bəs bu bənzərlik nəynən bağlıdır? Onların yaradıcılığına diqqətlə nəzər yetirəndə sualın son cavabı özlüyündə aydınlaşır. Bu qüdrətli aşıq şairin özündən sonra gələn türk yaradıcılarına, o cümlədən də Azərbaycan aşıq deyimlərinə güclü təsiri olub.

Qaracaoğlanın Aşıq Ələsgərə bənzərliyi haqqında ara-sıra söhbətlər açılsa da, nədənsə bu, dövr baxımından dərindən təhlil edilməmişdi. Xalqın ölməz sənəti nə mübaliğəni, nə də təhrifi xoşlamır. Ulu sənətkarlar həmişə bir-birindən öyrənib və daim bu örnəklərlə fəxr ediblər. Biz nəsillər isə bu səmimiyyətə xələl gətirməmək üçün öz mənəvi borcumuzu yerinə yetirərkən obyektiv olmalı, hər xalq deyiminin incəliklərini diqqətlə araşdırmalıyıq. "Gözəllər soltanı, mələklər şahı", "Bahar fəsli, yaz ayları gələndə", "Sallana, sallana gələn Salatın", "Vaxt ötüşüb növbahardan keçəndə" və buna bənzər neçə-neçə misraların oxşarlığı deyilən fikrin isbat timsalıdır. Bəzən formada, eyni zamanda rədif qafiyələrin bənzərliyindəki eyniliklər də Qaracaoğlanın Ələsgərlə uyğarlığını açıq şəkildə büruzə verir. Hər iki sənətkarın "Xəbərin varmı?" rədifli gəraylısı mövcuddur. Şeirlər ayrı-ayrı mövzulara həsr edilsə də, onların istər forma, istər söz oyunu, istər də heca və rədif qafiyə bənzərliyi birinin digərinə təsirini açıq-aydın aşkarlamış olur.

Eyni halda Qaracaoğlanın Aşıq Alıya da təsir nümunəsinə çoxlu misallar gətirmək olar. Aşıq Alının şəxsi həyatındakı mühüm bir əhvalatnan bağlı dediyi "Oldu" rədifli gəraylısı, sənətkarın bir çox şeirləri kimi aşıq Ələsgərin adına getdiyi məlum bir həqiqətdir. Dillər əzbəri olan həmin gəraylının bir bəndi belədir:

 

Bax bu qaşa, bax bu gözə,

Yandı bağrım döndü közə.

Keçən sözü çəkmə üzə

Keçən keçdi, olan oldu.

 

Qaracaoğlanın həm mövzu, həm də məzmunca bütünlüklə bu gəraylının oxşarı olan "Demədimmi" rədifli gəraylısından tək bircə bəndini misal gətirmək kifayətdir.

 

Bax, bu qaşa, bu bu gözə

Yandı bağrım döndü közə

Yaxasız köynəklər bizə,

Fələk biçər demədimmi?

 

Şifahi deyimlərimizin korifeyləri cərgəsində hələ dərin araşdırmalara və təhlillərə ehtiyacı olan Növrəs İman xalqımızın maraqlı və örnəkli el şairlərindən biri sayılmalıdır. Çox maraqlıdır ki, Qaracaoğlanın deyim tərzi müəyyən hallarda İmana da keçib. Həmin səpgidən də bir misal gətirmək istərdik:

 

Qaracaoğlanda:

 

Qaracaoğlan der, ismi öyərlər,

Gözəl sevdi deyə hədyan deyərlər,

Dərd verməklə, xəstə canım əyərlər,

Mənim haqdan özgə dərmanımmı var?

 

Hövrəs İmanda:

 

Sənə qurban olum, a mehribanım,

Bu dərdə-möhnətə necə dayanım?!

Kim bilər dərdimi, kim kəsər yanım,

Mənim Ələsgərim, Qurbanımmı var?!

 

Qaracaoğlanın bir səyyah sənətkar kimi bütün Şərqi, o mənada Hələbi, Misri, Qosatı, Diyarbəkiri, Ərzurumu və Ankaranı gəzməsi haqqında ayrı-ayrı tədqiqat yazılarında söhbət açılsa da, ölməz sənətkarın Göyçə səfəri barədə səhih bir araşdırma hələlik yoxdur. Əslində isə yaradıcılıq nöqteyi-nəzərindən buna daha çox ehtiyac duyulur.

Qaracaoğlan zəngin deyimə malik bir sənətkardır ki, müraciət etdiyi bütün mövzularda qüdrətli bir sənətkar səviyyəsində öz məqsədinə nail olub, əvəzsiz söz inciləri yarada bilib. O, yüksək poetik duyumlarıyla özünəməxsus bir məktəbin binasını qoyub gedib. Adı az qala dillərdə əfsanələrə dönən, əslində isə ulu bir həqiqət örnəyinin banisi olan böyük sənətkarın türk şifahi deyimlərinə təsiri o qədər sonsuzdur ki, biz saysız-hesabsız dastanlarımızı diqqətlə nəzərdən keçirəndə onların çoxunda da Qaracaoğlanın söz incilərinə rast gəlir, ona təsadüf edirik. Bu dastanlar arasında "Əsli və Kərəm", "Abbas və Gülgəz", həmçinin xalqımızın qəhrəmanlıq tarixinin əbədi nəhənglərindən biri olan "Koroğlu" dastanı belə timsallardan sayıla bilər. Beləliklə də, dastanlarımızda bir tərəfdən Qaracaoğlanın öz surəti, bir yandan da onların düzülüb-qoşulmasında təsiri özünü göstərib. Yenə öz tərəfimizdən bir fakta müraciət edək. "Koroğlu" dastanının "Həmzənin Qıratı qaçırması" qolunda belə bir epizod var. Koroğlu Qıratın arxasınca gedib, onu düşmən əlindən alıb gətirəndən sonra Çənlibeldə böyük məclis qurulur. Koroğlunun növbəti igidliyinin şərəfinə şadyanalıq edən dəlilər və Çənlibelin xanımları deyib-gülür, məclisi şənləndirirlər. Aşıq Cünun Telli sazını sinəsinə sıxıb ortada cövlan edir. Məclisin qızğın yerində Nigar xanım qıyqacı nəzərlərlə Koroğluya baxıb yarızarafat deyir: - Koroğlu, bu dünyada igidlikdə, mərdlikdə, yar-yaraşıqda sənin tayın-bərabərin yoxdur. Ancaq heyif ki, bir az camaldan qarasan. Bu halda Koroğlunun qəlbi coşa gəlir, aşıq Cünundan sazı alıb Nigara avazla cavab verir.

 

Mənə qara deyən gözəl,

Qaşların qara deyilmi?

Tökülübdü dal gərdənə

Saçların qara deyilmi?

 

Qaracaoğlanın eyni rədifli yeddi bəndli gəraylısından bir bəndə diqqət yetirək.

 

Mənə qara deyən gözəl

Gözlərin qara deyilmi?

Üzünü sevdirən dilbər

Qaşların qara deyilmi?

 

Belə faktlar çoxdur və deməli, bu da təsadüfi deyil. Dastanlarımızı nizama düzən el sənətkarlarımız ayrı-ayrı hallarda Qaracaoğlan yaradıcılığına yön çevirib, ondan istifadə ediblər. Qaracaoğlan elə nəhəng bir sənətkardır ki, onun hər qoşması, gəraylısı nəinki ayrıca bir söhbətin, hətta ayrıca bir tədqiqat əsərinin mövzusudur...    dövlət büdcəsindən ayrılan vəsaiti xərcləyib qutarması ilə bağlıdır.

 

 

 Maşallah Xudubəyli

 

Xalq Cəbhəsi.- 2010.- 30 iyun.- S.14.