Azərbaycan Demokratik Cümhuriyyətinin ən gənc naziri

 

Mustafa bəy Vəkilov xalqın milli azadlıq mübarizəsində yaxından iştirak edib

 

1-ci yazı

 

Mustafa Nadir oğlu Vəkilov 1896-cı ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Bakı gimnaziyasını bitirib, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrdə xalqının milli azadlıq mübarizəsində yaxından iştirak etməyə başlayıb. Siyasi dünyagörüşünün formalaşmasında əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Ə.Topçubaşovun böyük təsiri olub. 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında daxili işlər komissarı A.Çxenkelinin məsləhətçisi vəzifəsində çalışıb, habelə Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri olub. M.Vəkilov Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi hökumət kabinetində daxili işlər nazirinin müavini vəzifəsini icra edib. 1920-ci il fevralın 18-də 23 yaşlı M.Vəkilov daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri olub. 1965-ci il noyabrın 1-də vəfat edib.

M.Vəkilov 1912-ci ildə Bakı gimnaziyasını qızıl medalla bitirib, elə həmin il əmisi Məmmədrza ağa Vəkilov onu Moskvaya göndərib, orada Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Tələbəlik vaxtından siyasətlə maraqlansa da bu sahədə geniş fəaliyyəti 1917-ci ilin martında univetsiteti bitirib Bakıya qayıdandan sonra başlanır. Həmin ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin çağırdığı qeyri-rus millətlərin qurultayında iştirak edir. Eyni zamanda Bakı mətbuatında aktual siyasi məqalələrlə çıxış edir. Həmin il Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilməsi onun artıq böyük siyasi nüfuza malik olmasından xəbər verirdi. Müsavat Partiyasının 1917-ci il sentyabrın 21-31-də Bakıda keçirilmiş qurultayında Mustafa bəy MK üzvü seçilir "Azərbaycana muxtariyyət" şüarı altında Bakıda və qəzalarda başlanmış hərəkatda fəal iştirak edir. 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığında daxili işlər naziri A.İ.Çxenkelinin məsləhətçisi vəzifəsinə təyin edilir. O, həm də Seymdə müsəlman fraksiyasının üzvü olur. Azərbaycan Cümhuriyyəti elan ediləndən sonra Daxiliyyə Nazirliyində işləyir.

Araşdırmaçı İsmayıl Umudlu bildirir ki, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti 1918-ci il iyunun 24-də İstanbula gələndə M.Vəkilov məsləhətçi ekspert qismində nümayəndə heyətinin tərkibində idi: "İstanbul beynəlxalq konfransında iştirak etməli olan bu heyətə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski də daxil idilər. Mustafa bəyin İstanbuldan əmisi Məmmədrza ağaya, qohumu Abdulla bəy Divanbəyoğluya göndərdiyi məktublar siyasət aləminə təzəcə atılmış 22 yaşlı gənc hüquqşünasın dərin müşahidə qabiliyyətinə gözəl misaldır. Bu məktublardakı sətirlərin arxasında onun erudisiyası, təmənnasız yurdsevərliyi, düzgün siyasi mövqeyi dayanır: "İstanbul, 1918-ci il, 15 oktyabr. Əziz əmim! Ümummilli vəziyyətimiz bu saat xeyli dəyişib və onu yaxşılığa doğru dəyişiklik adlandırmaq çətindir. Sizə artıq bəllidir ki, Bolqarıstanla separat sülh bağladıqdan sonra Almaniya və onun müttəfiqləri Vilsona sülh təklif ediblər. Bu saat danışıqlar gedir və bunlar ehtimal ki, barışığa gətirib çıxaracaq və bəşəriyyətə çoxdan həsrətində olduğu sülhü bəxş edəcək. Burada sülh həsrətində olmayan bir türk belə yoxdur. Bu müharibə Türkiyəni yaman əldən salıb, onun bütün ehtiyatları tükənib, millətin ən yaxşı, özü də gənc qüvvələri qırılıb. Bir sözlə, Türkiyənin bütün əsəbləri tarıma çəkilib və bundan sonra belə davam edə bilməz. Tezliklə sülh bağlanmalıdır. Bu yeni durum Türkiyə kabinetinin dəyişməsinə səbəb olur. Tələt paşa kabineti yarımməcburi, yarıkönüllü istefaya çıxdı. İndi iqtidarda İzzət Paşanın kabinetidir. Bu adam Sultanın yavəri olub və Türkiyədə ən yaxşı paşalardan biri kimi tanınır. O, Çanaqqaladakı cəsarətli əməliyyatı ilə məşhurdur. Bundan əlavə bu adam ağıllıdır, söylənənə görə yaxşı siyasətçidir, onun kabinetində xüsusilə tanınmış adlardan heç kəs gözə dəymir. Özü də yeni kabinet sülh istəyir, buraya lap əvvəldən Türkiyənin bu müharibəyə girməsinə qarşı olan bir sıra xadimlər daxildirlər. Əvvəlki kabinet İttihad və Tərəqqi partiyası üzvlərindən ibarət idi. İndiki kabinetdə isə 1 ya da 2 təmsilçisi yer alıb. Ölkəyə sülh vəd etdiyinə görə əhali yeni hökumətə hüsn-rəğbət bəsləyir... Zaqafqaziyadakı vəziyyət də xeyli dəyişir. Ən pis bizim - Azərbaycanın vəziyyətidir. Bizim düşmənlərimiz çox, dostlarımız azdır, bu dostlar özləri də o qədər bel bağlanılası deyil. Onların kefi xeyli kökəlib. Onların nəinki Qazax qəzasının dağlıq hissəsinə və demək olar, bütün Qarabağa, həm də az qala Vana qədər Türkiyə vilayətlərinə ərazi iddiaları var. Hazırda özümüzün bütün işlərimizi bir kənara qoyub Azərbaycanda yalnız qayda-qanunun təşkili ilə məşğul olmalıyıq, heç olmasa müəyyən bir ordu və polis olmalıdır. Türklərin oradan getməsi ehtimalı var. Buna hazır olmaq gərəkdir, əks təqdirdə ölkədə anarxiyanın dəhşətləri yenidən başlanacaq. Nəyin bahasına olursa-olsun, Milli Şura adına nəsə bir şey çağırmaq lazımdır. Bu saat o bizə beynəlxalq nöqteyi-nəzərdən son dərəcə vacibdir. Avropalılara və Amerikaya göstərmək və sübut etmək lazım gələcək ki, Azərbaycan dövlətin bütün atributlarına malikdir və öz müstəqil siyasi həyatını yaşaya bilər... Məncə, Türkiyə və Azərbaycan üçün süni sınaqlar hazırlanır. Burada bizim üfüqlərimiz genişdir, qüvvə sərf edildiyi təqdirdə vəziyyətdən çıxış yolu tapmaq mümkündür və belə bir çıxış yolu olmamış deyil! ...Türklər bizim üçün mümkün olanı ediblər və edirlər. Bizim özümüz də işləməliyik. Axı Türkiyənin dərd-səri tək biz deyilik. Burada yaxşı yaşayıram. Yavaş-yavaş dili mənimsəyir, qəzetləri oxuyuram. Sizsiz yaman darıxıram. Sizin Mustafa".

Mustafa ikinci məktubunu 5 gün sonra yenə İstanbuldan yazır: "20 oktyabr 1918-ci il. Əziz əmim! Elə sevinirəm ki, nəhayət, Sizə məktub yazmaq imkanı düşdü. Sizin hamınıza görə yaman darıxıram, olduqca narahatam, çünki sizlərdən heç bir məlumatım yoxdur. Türkiyənin və bizim siyasi vəziyyətimiz axır vaxtlar son dərəcə mürəkkəbləşib... Fakt budur ki, hazırda Türkiyə taleyin ümidinə buraxılıb və o, yalnız öz qüvvəsinə bel bağlaya bilər... Bu müharibə sözün gerçək mənasında Türkiyəni lap əldən salıb. Ölkə var-yoxunu bu müharibəyə qurban verib. Özü də savaşan ölkələrdən heç biri bu əzabkeş millət - türklər qədər zərər görməyib.

Bütün əsəblər gərilib. Belə davam edərsə, hər şey dağıla bilər. O zaman isə Rusiyadakı dağıntılar Osmanlıdakının yanında toya getməli olacaq... Alman cənablar təkcə öz düşmənlərinə deyil, hətta öz müttəfiqlərinə münasibətdə də başlarını itiriblər. Bakı haqqında məsələni xatırlamaq kifayətdir. Bundan başqa "ingilispərəstlər" - yəni lap başlanğıcdan Türkiyənin bu müharibəyə girməsinin əleyhinə olanlar başlarını qətiyyətlə qaldırıblar. Kursun dəyişməsi kabinetin dəyişməsi demək oldu. Və Tələt Paşanın gənc türklər kabineti yarı məcburi, yarı könüllü olaraq iqtidardan getməli oldu. Yeni kabinetin təşkili əvvəlcə nə vaxtsa Sədrəzəm olmuş Tevfiq Paşaya tapşırılmışdı. Deyilənə görə, dərin ağlı və təcrübəsi olan adamdır. Lakin o, buna nail ola bilmədi. Yeni kabineti İzzət Paşa təşkil etməli oldu... Ehtimal ki, tezliklə sülh xəbərini alacaqsınız, istər separat olsun, istər müttəfiqlərlə birlikdə bağlansın. Hər gecənin bir gündüzü var. Türkiyə üçün nəyin yaxşı olduğu hələ bəlli deyildir: güclü və qalibiyyətli müttəfiq Almaniya, yoxsa İngiltərə və Almaniya arasında siyasi balanslaşdırma. Biz onun öz zəif müttəfiqi Türkiyə ilə nə sayaq rəftar edildiyinin bu yaxınlaradək şahidi idik. Öz daxili həyatlarında türklər islahatlar və idarəetmədə mərkəzdən qaçma yolu tutublar... Əgər gələcək sülh konqresinə Qafqazın bütün xalqları dost və həmrəy kimi gələrlərsə və ya digər şəkildə tanınmasına nail olarlar. Ərazilərin hüdudlanması məsələsində ermənilər böyük inadkarlıq göstərəcəklər, hərçənd sərhədlər məsələsi burada həllini tapmayıb, belə ki, konfederasiya baş tutmayıb, özü də ermənilər təkcə Qazax qəzasının dağlıq hissəsinə deyil, həm də Şuşa qəzasının böyük bir hissəsinə, Cavanşir və Zəngəzur qəzalarının bir hissəsinə iddia irəli sürürlər. Sonra onlar indiki Türkiyə vilayətlərindən də haralarısa qopara biləcəklər... Bu yaxınlarda Mərdan əmi (Əlimərdan bəy Topçubaşov-red.) nümayəndə heyətinin qalan üzvləri ilə birlikdə hətta geriyə qayıtmaq qərarına gəlmişdi. Lakin sonra türklər ona dedilər ki, onun burada qalması lazımdır. Və biz hələlik burada qalmışıq və nə vaxt qayıdacağımız bəlli deyil. Dolanışığım yaxşıdır. Dili öyrənirəm, müəyyən uğurlarım var. Türkiyənin həyatı və dövlət aparatı ilə imkan daxilində tanış oluram..."

 

 

(Ardı var)

 

Elçin Qaliboğlu           

 

Xalq Cəbhəsi.- 2010.- 4 mart.- S.14.