Qadınların yaradıcılıq
işləri
Onların işlərində
də yerə-göyə
sığmayan zəriflik
göz oxşayır
İncəsənətin müxtəlif sahələri sirli-sehrli qadın dünyasının əsrarəngizliyi, özünəməxsusluğu barədə yazıb, ancaq mövzu bitmək bilmir ki, bilmir. Maraqlısı və qəribəsi budur ki, qadınlar da çox hallarda özlərindən yazırlar; incəsənət onlara özlərini ifadə etmək üçün geniş imkanlar verir. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar haqqında yüzillər ərzində formalaşmış qənaətləri ilahiliklə yanaşı həm də təzadlı xarakter daşıyıb. Əslində cəmiyyətdə qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların səbəbkarı əksər hallarda kişilər olub. Qadın həmişə fitrətən kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də həmişə qadın zərifliyini idealizə edib. Türk ailəçiliyində qadına ilahi münasibət son dərəcə heyrətamizdir. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" hesab olunurdu. Təəssüf ki, indi yurdumuzda da qadına ilahi münasibət səngiməkdədir. Qadınların yaradıcılıq imkanları hədsizdir.
İndiyə kimi sırf qadınların yaradıcılıq işlərindən ibarət sərgilərdə çox olmuşam. Təbiətən zərif olan qadınların bu tipli işlərində də yerə-göyə sığmayan zəriflik göz oxşayır. Azərbaycan qadınının rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət (xalçaçılıq, qobelen, batika, keramika, zərgərlik) nümunələri mövzu rəngarəngliyi sarıdan diqqəti cəlb edir. Həmişə bizdə daha çox hesab edirlər ki, əsər böyük olduqca onun dəyəri, ifadə edəcəyi məzmun da güclü olur. Əslində isə əsərin böyük-balacalığından asılı olmayaraq onun nə dərəcədə mahiyyəti özündə daşıması əsasdır. Belədə həmin əsərin bənzərsizliyi təqdimatsız belə görünür, bilinir. Məsələn, aktrisa Suğra Bağırzadənin quramaları, müxtəlif əsərləri oxuculara yaxşı tanışdır. Onun bir aktrisa olaraq xüsusən Azərbaycan kinosunda yaratdığı obrazlar tamaşaçıların yaddaşındadır. Ancaq bir rəssam olaraq floristikada da sözünü deyə bilib. İxtisasca kimyaçı olan Suğra xanım rənglərin dilinə, xasiyyətinə fitrətən bələddir. Təbiidir ki, fitri rəssamlıq keyfiyyəti heç də müəyyən sahədə mütəxəssis olmaqla şərtlənmir. Ancaq hər halda müəyyən keyfiyyətlərin bir şəxsdə yaradıcı şəkildə birləşməsi sənətdə özünəməxsusluğa gətirib çıxarır. Suğra xanımın əsərlərində gül obrazı təbii olaraq aparıcıdır. O, fitrətən təbiətin ən gözəl varlıqları olan qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdətini verməyə nail olub. Təəssüf ki, ana təbiətin özü belə elə hey çəkdiyi alınmayan rəssama oxşayır. Rəssam istədiyi alınmayanda əsərini cırıb atır. Təbiət isə əksər hallarda gözəl, bənzərsiz rəssamdır: bu əsərlərdə biz kliplərdəki, filmlərdəki, rəssamlıqda, nəsrdə, poeziyadakı təsvirlərdən artıq olan qeyri-adi gerçəkliyin, əslində mənanın ifadələrini - nişanələrini görürük. Di gəl ki, təbiət yaratdığı gülə qarşı amansızdır. Habelə cəmiyyətin tarixən qadına qarşı amansızlığı acı gerçəklikdir.
Suğra xanımın tablolarında yaradılanı yaşatmaq ehtirası zərif güllərin timsalında, qadın xəyalında obrazlı və gerçək vəhdət təşkil edir. O, zahirən eyni mövzularda çoxsaylı əsərlər yaratsa da, bunlardakı biçim müxtəlifliyi əslində məna zənginliyinə dəlalət edir. Rəssamın fanatcasına bu sənətə bağlılığı bütün əsərlərində - yazılarında hiss olunur. Əslində o, bu yazıları ilə həyata, dünyaya, yaşamağa olan sonsuz sevgilərini ifadə etmək istəyib və haradasa nail olub. S.Bağırzadənin əsərlərindəki özünəməxsusluq onların təbii, canlı güllərdən yaradılmasıdır. Sanki müxtəlif biçimli, ideyalı, kompozisiyalı güllər tabloların üzərində sadəcə, donub qalıb. Ancaq donuq halda belə güllər özlərinin qısa, ancaq qanadlı, ehtizazlı, aşiqanə hekayətlərini danışırlar.
Mərhum yazıçı Əzizə Cəfərzadə ilə söhbətlərimizi xatırlayıram. Elə söhbətimiz olmazdı ki, ailə-qadın mövzusuna toxunmasın: "Əsas qayğım ana, ailə məsələsidir. O, qadınlar ki, ərləri işsizdir və axşam evə əli ətəyindən uzun gəlir, çörək pulu gətirə bilmir, ata hüququnu elə bil itirməyə başlayıb. Uşaqlar küçələrdə maşınları silir, başqa işlər görür, pul qazanır, analar isə ailəni saxlayırlar. Səhərdən gedib qatarın qabağından ucuz qiymətə aldıqları meyvə-tərəvəzi gətirib tinlərdə satırlar: gün başlarını deşir, yağış isladır, külək qurudur. O balaca uşaqlar da məktəbdən yayınır - deyirik. Yayınmırlar, onlar çörək pulu qazanaraq analarına az da olsa kömək edirlər. Təbiət ananın çiyninə böyük bir vəzifə qoyub. Ananın ən böyük funksiyası elə ana olması, cəmiyyətin gələcəyini davam etdirməsidir. Adətən qadınların zərif varlıq olduğunu deyirlər. Qadının uşaq dünyaya gətirməsindən tutmuş mətbəx işlərinədək fəaliyyətinə diqqətlə baxsaq, görərik ki, qadın olduqca güclüdür - fiziki cəhətdən".
Şairə Qiymət Məhərrəmli günümüzün indiki çağında qadının şeir yazması, bu və ya digər dərəcədə mənəvi ağrıları yaşaması ilə bağlı duyğularını bizimlə bölüşür: "Təbii ki, qadının şeir yazması çətindir. Onsuz da bir qadının, xüsusən də ananın ev, ailə işləri bəs deyincədir. O da ola ki, bütün bu qayğıları yaşaya-yaşaya Tanrı pıçıltılarını ipə-sapa düzməyə imkan tapasan. Hesab edirəm ki, şairlik bir taledir. Nə qədər çətin olsa da, hər halda şeir yazandan sonra daxilən rahatlanırsan, ürəyin boşalır, halını ifadə edirsən. Ən çətin anda dəftər-qələm köməyə gəlir. Qadın şairlərin kişi şairlərdən fərqi odur ki, qadınların qayğısı həddən artıq çoxdur. Şairliyindən, işləməyindən asılı olmayaraq ilk növbədə sən anasan. Ailə qayğısı ilə, hansısa bir məişət qayğısı ilə o qədər yüklənirsən ki, onda əlbəttə, şair deyilsən. Söhbət məhz həmin məqamdan gedir. Şübhəsiz, elə məqamlar var ki, sən ancaq şairsən: o zaman insan tamam başqa bir adam olur".
Azərbaycan teatrında son illər tamaşaya qoyulmuş əsərlərdən qadın
taleyi mövzusu qırmızı xətlə
keçir. Elçinin
"Qatil" adlı
iki hissəli faciəsinin mövzusunu uzun müddətdir müəllimə işləyən
bir qadının faciəli həyatı təşkil edir. Hiss olunur ki,
qadın daxilən çox narahatdır, o, artıq gəncliyini
arxada qoyub. Yarıqaranlıq, insan nəfəsi ilə demək olar, isinməyən bir evdə yaşamaq onun üçün dəhşətdir. Hər
şey yağmurlu bir gecədə baş verir. Özündən yaşca
cavan bir kişi tərəfindən
sevilməsi, oxşanılması
onun üçün möcüzədir, əsl
həyatdır. O, sevmək,
sevilmək istəyir.
İndi isə yenə həyatın dibindədir: həyatın
üfüqləri onun
aləmində əvvəlkindən
də dardır, nəhayətlidir, ümidsizdir.
O, sarsılıb, çıxış
yolu tapa bilmir. Kişinin yaxın zamanda qadının evinə sahiblənmək istəyəcəyi
məlum olur. Qadın onun içkisinə zəhər
qatır, kişi əzabla ölür. O, bu faciədən canını qurtara bilərdimi, əgər sadəcə, əvvəlki
vəziyyətində yaşasaydı,
nə baş verəcəkdi? Hadisələrin bolluğu, mənaçılığın
azlığı ilə
müşayət olunan
tamaşada cəmiyyətdə
baş alıb gedən kriminal yönlü hadisələrin
təsiri özünü
göstərir. Əslində
qadının faciəsi
adam öldürməmişdən
əvvəl başlayıb.
Qadın gerçəkdəki
oğlanı - onu sevdiyini bəyan edib biabırcasına atanı yox, içindəki qatili öldürməliydi. Ətrafında
onu başa düşəcək bir kəs belə yoxdur. Həyat başdan-başa buz kimi soyuq və
qaranlıqdır. Tamaşada
həyatın yalnız
gerçək təəssüratı
yaradılır, olanlar,
baş verənlər
səhnədə bu və ya digər
biçimdə ifadəsini
tapır. Ancaq fərdin faciəvilikdən
çıxış yolu
görünmür. İki
il qabaq Musiqili Komediya Teatrının "Qısqanc
ürəklər"inə
baxarkən düşündüm:
sevənlər bir də qısqanclıq etməyəcəklər ki?
Buna inanmaq olmur. Çünki daxildən yetkinləşməyən
insan bütün hallarda tam deyil.
İnsanın özünə
doğmalaşması, səmimi
olması gərəkdir.
Bu, hər bir kəsin özünə sayğılı,
inamlı münasibətindən
asılıdır. İlk
növbədə isə
kişilərin qadınlara
inanması gərəkdir.
O deməkdir ki, kişi hər mənada nümunə olmalıdır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 5 mart.- S.14.