Azərbaycan Demokratik Cümhuriyyətinin
ən gənc naziri
Mustafa bəy Vəkilov xalqın
milli azadlıq mübarizəsində yaxından iştirak edib
2-ci yazı
(Əvvəli 4 mart tarixli sayımızda)
Mustafa bəy Vəkilovun daha
bir məktubu: "... Bu günlərdə səhər saat
11-də aydın günəşli bir gündə qəfildən
toplardan sürəkli atəş səsləri eşitdim,
eyvana qaçdım, nə görsəm yaxşıdır?
Başımızın üstündə düz 8 ingilis
aeroplanı fırlanır. Türklər toplardan və
pulemyotlardan od püskürürlər. O, lənətə gəlmişlər
isə heç hallarını da pozmurlar. Öz keflərincə
şəhər üstündə dolaşırlar, vəssalam.
Şəhərə bir neçə bomba atdılar, ölənlər
və yaralananlar var. Biz isə bilirsiniz, bütün bu müddət
ərzində eyvandan bu orijinal mənzərəyə
tamaşa edirik. Tezliklə aeroplanlar gözdən itdilər,
lakin 2 saat keçməmiş yenidən təşrif
buyurdular. Lakin bu dəfə onları çox tez qovdular.
Aeroplanlardan bombalarla yanaşı sülh
çağırışı haqqında vərəqələr
də atırdılar... Mən inanıram ki, məkrli
avropalıların nə aeroplanları, nə də topları
türkləri qorxuda bilərdi. Öz ulu əcdadlarının
layiqli övladları dünya xalqları arasında özlərinə
layiq yer qazanıblar və qazanacaqlar. Bizim tariximiz-türk
xalqının tarixi indi-indi başlanır. Özünün
bütün həyatını mübarizələrdə
keçirmiş və çarpışmağı
bacardığını sübut edən xalq digərlərini
onunla hesablaşmağa məcbur edəcək. Bütün
qohumlara və tanışlara salamlar. Sizin Mustafa".
Başqa məktubu bir gün
sonra Abdulla bəy Divanbəyoğluya ünvanlanıb. Mustafa bəy
İstanbuldan 21 oktyabr 1918-ci ildə göndərmiş
olduğu bu məktubunda yazır: "Əzizim Abdulla ağa!
... Burada pis yaşamıram, bir az darıxıram. Buranın vəziyyəti
çətindir... Türklərin həyatında orijinal və
ibrət götürüləsi cəhətlər
çoxdur. Demə, öz türk qardaşlarımızın
həyatı barədə çox az şey bilirikmiş. Heyrətamiz
təmkinli və mətanətli xalqdır. Ucdantutma hamı
xalq-millət işinə sadiqdir. Qeyri-adi yekdillik. Çətin
vəziyyətdən türklər şərəflə
çıxacaqlar. Bir görsəydin burada dövlət və
xalq necə işləyirlər. Demək olar, bütün
sutkanı iş başında olurlar. Hamı
çalışır, çarpışır və
inanır, Azərbaycan türklərinə böyük maraq və
məhəbbət var. Türkçülük,
turançılıq burada dərin köklər atıb.
İslamçılar da var. Şəkk-şübhəsiz,
yaxşı təşkil edilmiş inzibati dövlət
aparatı və nümunəvi ordu. Gələcəyə dair
planlar və ümidlər. Qayıdanbaş ətraflı
danışaram... Hamınızı tez-tez xatırlayıram.
Səni sevən Mustafa".
İ.Umudlu daha sonra bildirir
ki, Mustafa bəy 1918-ci ilin dekabrında İstanbuldan geniş
siyasi biliklər və zəngin təcrübə ilə
qayıtdıqdan sonra yeni dövlətin quruculuq işlərində
yaxından çalışır. Onu dekabrın 7-də
açılan Azərbaycan parlamentinə üzv seçirlər.
Parlamentin büdcə- maliyyə komissiyasının
üzvü olmaqla bu sahədə qanun və qərarların
debatını aparır. 1919-cu ilin dekabrında
Müsavatın qurultayında yenidən MK üzvü olur. M.Vəkilov
Nəsib bəy Yusifbəylinin (1881-1920) 1919-cu il dekabrın
23-də təşkil etdiyi ikinci kabinədə daxili işlər
nazirinin müavini vəzifəsini icra etməyə
başlaması ilə bağlı olaraq parlament büdcə-maliyyə
komissiyasının üzvü vəzifəsini tərk edir:
"1920-ci il yanvarın 14-də Antanta dövlətləri tərəfindən
Zaqafqaziya dövlətlərinin istiqlaliyyətinin
tanınması ilə bağlı parlamentin təntənəli
iclası keçirilərkən maraqlı bir hadisə baş
verir. Gürcü azlığın deputatı V.A.Bakradze
üzünü sollara tutaraq "süngülərin ucunda sizə
azadlıq gətirəcəyik" deyənlərin
yağlı vədlərinə inanmamağa
çağıranda Mustafa bəy yerdən onun sözünə
qüvvətli replika atır: "Süngülərin ucunda
azadlıq gətirilmir!" Sosialist deputat Səmədağa
Ağamalıoğlu buna hirslənib cavab verir: "Bu fitnəkarlıqdır,
yalandır. Biz belə söz deməmişik!" Bu
kiçik replika Mustafa bəyin istiqlalımıza nə qədər
ürəkdən bağlı olduğunu göstərir.
1920-ci il fevralın 18-də 23 yaşlı Mustafa bəy Vəkilov
daxili işlər naziri təyin edilir. Hökumətdə ən
gənc nazir olan Mustafa bəy Vəkilov nazirliyi mütərəqqi
siyasi əqidəyə malik hüquqşünaslarla, pak, təmiz
mənəviyyatlı kadrlarla möhkəmləndirməyə,
ölkədə baş verən hadisələrə operativ
reaksiya verməyə, gərəkən tədbirləri
vaxtında görməyə çalışıb. 1920-ci il
martın 22-də cümhuriyyət üçün həyəcanlı
bir dövrdə daxiliyyə naziri M.Vəkilovun imzası ilə
yayımlanmış "Bakı rayonu fəhlələrinə
Daxiliyyə Nazirliyindən" adlı müraciətdə
onun dövlətçiliyimizə, istiqlalımıza nə qədər
sadiq olduğuna əyani misaldır: "... Azərbaycan
Cümhuriyyətinin azadlığı və
istiqlalının düşmənləri Daxiliyyə
Nazirliyinin fəhlə sinfi ilə onun mənafeyinə
qarşı mübarizə apardığı barədə
fitnəkar şayiələr yayırlar. Bu müraciətimlə
bəyan edirəm ki, bütün bu bədniyyət şayiələrin
heç bir əsası yoxdur və zəhmətkeş əhalinin
geniş kütlələrində Cümhuriyyətin qanuni hakimiyyətindən
narazılıq yaratmaq məqsədi güdməkdən
başqa bir şey deyil. Şəhərdə Kazak Dairəsi
nümayəndələrinə sui-qəsdlə bağlı
olaraq cinayətkarların tutulmasına yönəlik bir
sıra fövqəladə tədbirlər görülüb.
Dinc əhalinin təhlükəsizliyini təhdid edən şəri
ləğv etmək məqsədi ilə Nazirlik bir sıra həbslər
aparmağa və fəhlə klubunun müvəqqəti olaraq
bağlanması barədə sərəncam verməyə məcbur
olub. Rayon fəhlə klubları elə ertəsi gün
açılıb, Mərkəzi Fəhlə Klubuna gəldikdə
isə aydın olub ki, vətəndaşların rahatlığını
pozan cinayətkar təbliğatın ipinin ucları burada cəmləşib...
Bu işlər Azərbaycan demokratiyasına zidd olan
ünsürlər vasitəsi ilə kənardan diktə edilir
və Azərbaycan Cümhuriyyətinin istiqlalını, eləcə
də fəhlə sinfinin özünün rifahını hədələyir.
Vətəndaş fəhlələr! Məsuliyyətsiz, qara
niyyətli və satqın təbliğatçıların
fitnələrinə uymayın. Dövlətin
qayda-qanunlarını mütəşəkkil halda
qorumağınız- istiqlalımızı və
azadlığımızı möhkəmləndirməyin rəhnidir.
Öz demokratik hökumətinizin işini müdafiə edin və
möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və
hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən
tam hüsn-rəğbət və coşğun həmrəyliklə
qarşılanacaq".
1920-ci il martın 22-də
Qarabağda ermənilərin xəyanətkar qiyamı
başlananda Mustafa bəy Vəkilov daxili işlər naziri
kimi bu qaynar nöqtədə olur, Bakıya martın 31-də
qayıdır. Aprelin 1-də parlamentin iclasında hesabat məlumatı
ilə deputatlar qarşısında çıxış edir.
Deputat A.Səfikürdskinin "Əskərlərin əhval-ruhiyyəsi
necədir?" sualına nazir belə cavab verir: "Erməni
bandalarının hücumuna məruz qalan yerlərdən
dünən qayıtmışam və əskərlərimizi
bürüyən ruh yüksəkliyinin şəxsən
şahidi olmuşam. Onlar bu ruh yüksəkliyi ilə cəsarətlə
döyüşə gedirlər. Ordunun sanitar xidməti
yüksək səviyyədə təşkil olunub. Hamı
bir nəfər kimi öz Vətəninin müdafiəsinə
yürüyən qoşunları, eləcə də əhali
arasında bu ruh yüksəkliyini görüb inamla bəyan
edirəm ki, bizim rəşadətli əskərlərimizin və
xalqımızın köməyi ilə çox tez bir zamanda ərazilərimiizi
düşməndən təmizləməyi
bacaracağıq".
Mustafa bəy Vəkilov
1920-ci ilin aprelində kommunist Əli Bayramovu öldürənlərin
tapılıb həbs edilməsinə göstəriş verir.
1920-ci il aprel çevrilişindən sonra 10-15 gün ərzində
həmkəndlisi Xədicə xanım Müftizadənin
(sonralar - Qayıbova) evində qalır, bolşevik xəfiyyələrin
hər yerdə onu axtardıqlarından xəbər tutaraq son
anda Xədicə xanımın köməyilə Tiflisə
gedə bilir. Xədicə 1938-ci ildə həbs ediləndə
müstəntiqlərin suallarına əsasən bu məsələni
belə izah edir: "Sovetləşmədən sonra Müsavat
Firqəsinin və hökumətinin üzvlərindən biri
olan Mustafa bəy Vəkilov 10-15 gün gizli yaşadı. Vəkilovun
qaçmasına mən kömək etmişəm və
özümü təqsirkar hesab edirəm ki, Vəkilovun
qaçmaq istəməsini bilə-bilə bu barədə
heç kəsə deməmişəm. Lakin bundan mənim
heç bir gizli niyyətim olmayıb və bir də bu haqda Azərbaycan
İnqilab Komitəsinin üzvü Mirzə Davud Hüseynov da
xəbərdar idi... Vəkilov ölkədə qalmaq istəyirdi.
Maraqlanıb mən bu barədə M.Hüseynovun fikrini bilmək
istədim. Mən ona dedim ki, Vəkilovun gizlənməsindən
xəbərdaram, amma onun harada gizlənməsi barədə
Mirzə Davuda heç nə demədim. Mirzə Davud mənə
dedi: "Vəkilovu mən yaxşı tanıyıram və
onun haqqında yalnız müsbət fikirdəyəm. Buna
görə də onun ölkədə qalmasına etiraz etmirəm".
Bu sözləri mən Vəkilova çatdırdım".
Mustafa bəy Tiflisdə
yaşayarkən Azərbaycanda mənsub olduğu partiyanın
gizli fəaliyyət göstərən strukturları ilə əlaqəsini
üzmür, ölkənin işğalından xilas edilməsi
uğrunda gücü çatan qədər
çalışırdı. Qaynaqların məlumatına
görə, Müseyib Bədəlbəyov Tiflisdə dayanan
Mustafa bəydən 1920-ci ilin dekabrında pul (təşkilat
üçün) və bəzi materiallar alır. Əsasən
beynəlxalq vəziyyətin təhlilinə həsr edilmiş
bu materiallarda gizli Müsavatın seçdiyi taktikaya müəyyən
aydınlıq gətirən məqamlar da yox deyil . Mustafa bəy
partiya yoldaşlarına yazırdı: "Gürcülər
ermənilərə, ermənilər də gürcülərə
inanmır - onlar bir-birini aldadır. Türkiyənin vəziyyəti
ağırdır, onun ərazisinin bir hissəsi Antanta tərəfindən
tutulub. Türkiyə ancaq öz azadlığı uğrunda
mübarizə apara bilir. İngiltərə və Fransa kimi
dövlətlərə isə inanmaq olmaz. Onlar bir əsgərini
də qurban verməyəcəklər. Onlar hər bir
qruplaşmaya yardım edəcəklər ki, toqquşmalar,
çəkişmələr baş alıb getsin. Bu da ki,
Müsavatın prinsiplərinə ziddir. Təşkil olunmaq
lazımdır. Sovet hakimiyyəti devrilən zaman hakimiyyəti
heç kəsə vermək olmaz. Hər cür avantüradan
qaçmaq lazımdır. Gəncədəki üsyan
zamanı aranın qarışmasından istifadə edən
ermənilərin xeyli türk qırmasını unutmaq
olmaz".
İ.Umudlu sonda deyir: "Digər tanınmış siyasi xadim Nağı bəy Şeyxzamanlının xatirələrinə söykənsək, bu iki şəxs rus-bolşevik qüvvələrinin Tiflis istiqamətində hücum etdikləri böhranlı günlərdə Gürcüstan hökumətindən aldıqları bir vaqon silahı Qarayazıda türk camaatına paylamaq üçün qatarda Poylu istiqamətinə yola düşürlər, lakin gecikib bu işi sona çatdıra bilmirlər".
Mustafa bəy
Vəkilov 1920-ci il sentyabrın sonlarında Tiflisdən
İstanbula gedir. Sonra qayıdır, 1921-ci il fevralın 25-də
Tiflis rus-sovet qoşunları tərəfindən işğal
edilən ərəfədə yenidən Batum yolu ilə
Türkiyəyə qaça bilir: "Onu 1922-ci ildən
Türkiyəyə Müsavatın Xarici Bürosunun fəalları
sırasında görürük. 1924-cü ildə
İstanbulda yeni siyasi təşkilat - Azərbaycan Milli Mərkəzi
(AMM) yaradılanda (sədr - M.Ə.Rəsulzadə ) Mustafa bəy
onun MK üzvü olur. Bu siyasi təşkilatın vəzifəsi
siyasi mühacirəti vahid təşkilatda birləşdirmək
idi. Mustafa bəy bu siyasi təşkilatda mənsub olduğu
Müsavat Partiyasını təmsil edirdi".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 6 mart.- S14.