Səviyyə varsa, inam da var

 

Söhbət son illər sürətlə inkişaf edən Gəncə səhiyyəsinin işindən gedir

 

Hələ bir il qabaq Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi Mehman Rzayevlə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi ilə əlaqədar görülən işlərdən, perspektiv vəzifələrdən danışarkən demişdi:

 

— Bizim ən başlıca vəzifələrimizdən biri də adamların Gəncə səhiyyəsinə inamının artırılmasına nail olmaqdan ibarətdir. Axı nəyə görə Azərbaycanın ikinci böyük şəhəri olan, günü-gündən çiçəklənən, tərəqqi edən Gəncə sakini müalicə olunmağa, hətta müayinədən keçməyə görə Bakıya və ya digər bir xarici ölkəyə üz tutmalıdır? İndi Gəncə beş-on il qabaqkı Gəncə deyil. Onun bütün sahələrində, o cümlədən səhiyyə sistemində hədsiz inkişaf var, geniş islahatlar aparılır. Düşünürəm ki, şəhərdə səhiyyənin səviyyəsi, tibbi xidmət yüksəldikcə, həkimlərimizə, tibb ocaqlarımızın imkanlarına və gücünə də inam artacaq...

İdarə rəisi ilə həmin söhbətdən bir neçə ay qabaq, dəqiq desək, 2008-ci ilin sentyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Diaqnostika Mərkəzinin açılışını bildirən lenti kəsmişdi. Əslində şəhərdə 80-ci illərin əvvəllərində tikilmiş kiçik bir diaqnostika mərkəzi var idi. Amma təbii ki, tələbatı ödəmirdi. Yeni mərkəz isə nəinki təkcə respublikanın Qərb bölgəsində, həmçinin Qafqazda analoqu olmayan bir müalicə ocağıdır. Ən müasir tibb avadanlıqları, müalicə və dializlər üçün hər cür şərait, mərkəzdə qəbul, hemodializ, funksional diaqnostika, kompyuter tomoqrafiyası və sair bölmə və kabinetləri olan Gəncə Tibbi Diaqnostika Mərkəzi hamını valeh edir.

Bir məsələni də qeyd etmək lazımdır ki, Gəncədə bu vaxtadək nə nüvə maqnit rezonans, nə də kompyuter tomoqrafiyası olmayıb. Ona görə də adamlar müayinə üçün Bakıya və keçmiş ittifaqın digər şəhərlərinə üz tutublar.

Gəncə səhiyyəsində diqqətçəkən məqamlardan ən başlıcası budur ki, ölkədə tibb sahəsində müasir, mütərəqqi nə varsa tətbiq olunur, hər hansı xəstəxana, poliklinika və ya digər səhiyyə ocağı əsaslı təmir olunursa və yenidən qurulursa, o mütləq ən müasir tibb avadanlığı ilə təchiz olunur, ixtisaslı kadrlar seçilir, onlar təkmilləşdirilir, müvafiq kurslara göndərilir, başqa ölkələrlə təcrübə mübadiləsi aparılır. ABŞ-ın, Rusiyanın, Türkiyənin, İsrailin və digər inkişaf etmiş ölkələrin tanınmış mütəxəssisləri dəfələrlə Gəncədə olub, öz tövsiyələrini verib, təcrübə mübadiləsi aparıb, yerli həkimlərin işindən razı qalıblar. Həmçinin Gəncənin tibb işçiləri adları çəkilən ölkələrdə və digər yerlərdə təcrübə keçiblər, tanınmış həkimlərlə çiyin-çiyinə çalışıblar, onlardan öyrəniblər, işdə tətbiq ediblər.

Yeri gəlmişkən qeyd edək ki, təmir olunan və müasir avadanlıqlarla təchiz edilən tibb müəssisələrində xarici qonaqlara göstərmək, onların fikrini öyrənmək üçün hər cür şərait var. Bu baxımdan şəhər səhiyyə idarəsinin elmi praktik konfranslar və tədris resursları zalı xüsusilə diqqəti cəlb edir. Artıq bura sözün əsl mənasında işgüzar təbliğat, təşviqat, öyrənib-öyrətmə mərkəzinə çevrilib. Ən müasir əyani vasitələrlə, kompyuterlərlə təchiz olunmuş zalda elə həftə olmur ki, tədbirlər, kurslar, müşavirələr, elmi-praktik konfranslar və digər tədbirlər keçirilməsin. Burada nəinki respublikamızın, həmçinin xarici ölkələrin tanınmış mütəxəssisləri, alimləri, həkimləri, həmçinin tanınmış klinikaların əməkdaşları məruzələr oxuyur, dəyərli tövsiyələrini verir, təcrübə mübadiləsi aparırlar. 2008-ci ildə ABŞ-ın Texas Universitetinin Sağlamlıq Təhqiqat Mərkəzinin, İsrailin “Xorev” tibb mərkəzinin, Qadın sağlamlıq institutunun, eləcə də respublikanın bir sıra adlı-sanlı mütəxəsislərinin iştirakı ilə ən müxtəlif tədbirlər həyata keçirilmişdir.Bu baxımdan yola saldığımız 2009-cu il də istisna təşkil etməmişdir. Artıq sürətli internet və telekonfranslar üçün video aparatlar quraşdırılmış zalda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru S. Kərimovun rəhbərliyi və 20-dək aparıcı alim və mütəxəssisin iştirakı, Ümumdünya QİÇS-lə Mübarizə Günü və dekadası, respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru, professor H.Qədirova və ÜST yoluxucu xəstəliklər üzrə mütəxəssis C.Süleymanovanın, Səhiyyə Nazirliyi üzrə regionlarda doğuşa yardım xidmətində təxirəsalınmaz xidmətin təşkili vəziyyətinin öyrənilməsi ilə bağlı tədbirlər reallaşdırılmışdır. Bundan başqa, nazirliyin doğuşa yardım komissiyası üzvlərinin, Elmi-Tədqiqat Mama və Ginekologiya İnstitutunun direktoru F. Əliyevanın, “İlkin səhiyyə xidmətində mama-ginekoloji xidmətin təşkili” mövzusunda, Səhiyyə Nazirliyinin baş cərrahı M. Kərimovun, Gəncənin və ətraf rayonların həkim cərrahlarının iştirakı ilə “Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu və ağ ciyər arteriyası troliboemboliyasının profilaktikasına dair” klinik protokolun şərhi və təqdimatı üzrə digər konfranslar keçirilmişdir.

Yazıda bu konfransların, müşavirələrin, məruzə mətnlərinin adlarını ona görə qeyd edirik ki, oxucuda təsəvvür olsun — Gəncə səhiyyənin ən müxtəlif sahələrinin təbliği, öyrənilməsi, tətbiqi mərkəzinə çevrilir.

Şəhərin tibb müəssisələrində yaradılmış şərait, həkim-xəstə münasibətləri ilbəil, aybaay yaxşılaşır. Kollektivlərdə sağlam təlim bərqərar olunub, nöqsanlara qarşı mübarizə işində fəallıq açıq-aşkar hiss olunur. Hər yerdə səliqə-sahman, təmizlik yaradılıb, yaşıllığa, abadlığa diqqət artırılıb. Bütün bunlar Gəncədə adamların diqqətindən yayınmır.

Şəhərdə təcili və təxirəsalınmaz yardımın səviyyəsi əvvəlki illərlə müqayisədə tanınmaz dərəcədə dəyişib. Maddi-texniki baza möhkəmləndirilib. İndi Gəncənin küçələrində ən müasir, hər cür tibb avadanlıqları ilə təchiz olunmuş çoxlu “Mersedes” markalı təcili-tibbi yardım maşınları şütüyür.

Şəhərdəki 2 saylı Doğum Evini də indi tanımaq olmur. Doğum Evinin nəzdində “Ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlər Proqramı”na uyğun olaraq Qərb bölgəsinə xidmət göstərən və ən müasir tələblərə cavab verən rayonlararası Perinatal Mərkəz nazirlik tərəfindən ən müasir aparat və avadanlıqla, rabitə vasitələri, müasir texnologiya ilə təmin olunmuşdur. Burada müasir su, istilik, hava təmizləyici sistemlər, sanitariya qovşaqları, duş kabinələri qurulmuş, ana və yeni doğulan körpə üçün xüsusi sanitar qovşağı və hər cür şəraiti olan təkadamlıq palatalar yaradılmış, perinatal və neonatal xidmətlərin keyfiyyətini artırmaq üçün tədbirlər görülmüşdür. Mərkəzin fizioloji doğuş, zahılıq, hamiləliyin patologiyası, ginekologiya, reanimasiya şöbəsi və bölmələri vardır. Təbii ki, bütün bunlar ana və uşaq ölümü hallarının qarşısının alınmasına əsaslı şərait yaradıb. Təsadüfi deyildir ki, sosial-iqtisadi rifahın ən dürüst göstəriciləri olan yenidən doğulmuşların sayında keçən il 12 faizdən də artıq müsbət dinamika müşahidə olunub. Məlum olduğu kimi, səhiyyə xidmətində ana və uşaqların sağlamlığının müdafiəsi, qadın məsləhətxanasının işinin gücləndirilməsi, hamilə qadınların vaxtında qeydiyyata götürülməsi, lazımi müayinə və müalicəvi yardımla təmin olunması, dispanser müşahidə və risk qrupunda olan qadınlara xüsusi nəzarət həyata keçirilir. Yeri gəlmişkən, Səhiyyə Nazirliyi tərəfindən 2009-cu buraxılış ili olan “Sonage X6” markalı 1 ədəd ən müasir USM aparatı ayrılmışdır ki, həmin aparat doğuşa yardım xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə qadın məsləhətxanasına verilmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də yenidən doğulmuşların “Elektron sağlamlıq kartı” sisteminin icrası diqqət mərkəzində olmuşdur. Son 4 ildə anadan olmuş uşaqlara da elektron sağlamlıq kartları sifariş olunmuş, onların müəyyən hissəsi şəhərə gətirilmiş və valideynlərə paylanmışdır.

Son üç ildə Gəncənin müxtəlif tibb ocaqlarında elə şöbə və bölmələr açılmışdır ki, bunlar yalnız respublikanın paytaxtında var, digər şəhər və rayonlarında yoxdur. Onların bir neçəsi ilə tanış olaq. Təcili tibbi yardım xəstəxanasında “Endoskopiya” bölməsi, kardioloji dispanserdə “Ürək ritminin bərpası” şöbəsi, A. Səhhət adına xəstəxanada “Oftopediya” xidmət sahəsi və sair. Kardioloji dispanserin nəzdindəki hemodializ bölməsi artıq xeyli vaxtdır şöbə kimi fəaliyyət göstərir.

Şəhərin tibb ocaqlarının ən müasir səviyyəyə çatdırılması üçün aparılan iş sistemli xarakter daşıyır və bir an belə səngimir. 2009-cu ildə də maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Yuxarıda adını çəkdiyimiz Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsi Yaponiyanın respublikamızdakı səfirliyinin köməyi ilə əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. Burada 80 min ABŞ dolları həcmində təmir işləri görülmüş və şəhər səhiyyə idarəsi tərəfindən 90 min manat dəyərində tibbi aparat və avadanlıqlar təkmilləşdirildikdən sonra istismara buraxılmışdır.

İndi Gəncənin xəstəxanalarına və poliklinikalarına baş çəkmək adamda xoş təsəssürat yaradır. Hiss olunur ki, daha heç kim köhnəliklə, qeyri peşəkarlıqla barışmaq istəmir. Həkimlərin, tibb bacılarının, hətta texniki işçilərin geyim formalarından tutmuş çarpayılara, bərk və yumşaq inventarlara kimi hamısı yeniləşib, müasirləşib.

Respublika səviyyəsində həyata keçirilən tədbirlərə ilk müsbət reaksiya verən şəhər və rayonlar arasında Gəncə birincilər sırasında gedir. Məsələn, “Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Səhiyyə Nazirliyi üzrə 28 aprel 2009-cu il tarixli əmrdən dərhal sonra yoluxucu xəstəliklər xəstəxanasında palatalar ayrılmış, bu müalicə ocağı uyğun intensiv müalicə üçün dərman vasitələri, unfizion məhlullar, antivirus preparatları, dezinfeksiyaedici maddələr və digər materiallarla təmin edilmişdir. Həmin xəstəxanaya ağ ciyərlərin süni ventilyasiyası aparatı da verilmişdir. Bütün tibb müəssisələrində tibbi heyət üçün fərdi qoruyucu vasitələrdən istifadəyə, cari dezinfeksiya işlərinin aparılmasına nəzarət gücləndirilmişdir. Şəhərdəki 1 saylı uşaq poliklinikası və 2 saylı şəhər poliklinikası insanlar arasında qrip üzərində epidemioloji nəzarət aparan tibb müəssisələri kimi təsdiq olunmuş, qrip və kəskin respirator xəstəlik hadisələri barədə həftəlik məlumatların ərazi gigiyena və epidemiologiya mərkəzinə göndərilməsi, xəstələrdən götürülən materialların müayinə üçün respublika Taun əleyhinə stansiyanın virusoloji laboratoriyasına göndərilməsi üçün tədbirlər həyata keçirilmişdir.

Şəhər səhiyyə idarəsinin təşəbbüsü ilə ötən ilin noyabrında ictimai nəqliyyat vasitələrində, məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda, təhsil müəssisələrində profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.

2009-cu ilin “Uşaq ili”elan olunması da səhiyyə işçilərinin məsuliyyətini xeyli artırmışdır. Səhiyyə Nazirliyinin 29 mart 2009-cu il tarixli əmrinə müvafiq olaraq xüsusi tədbirlər planı hazırlanmış, xüsusi tibb briqadaları yaradılmış, məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında kütləvi müayinələr aparılmışıdır. Şəhərdə uyğun 42 min 466 uşaqdan 36 min 440 nəfəri müayinədən keçirilmiş, nəticədə 4275 xəstə aşkar olunmuşdur...

Bir məqama da toxunmaq istərdik. Şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev çox qısa vaxt ərzində illərdən bəri yığılıb qalmış problemlərin həlli üçün əlindən gələni etmişdir. Təbii ki, özünün dediyi kimi, respublika səhiyyə naziri O. Şirəliyevin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun bu sahəyə gündəlik diqqəti, nəzarəti, qayğısı və köməyi olmasaydı, bunlar mümkün deyildi. Heç şübhəsiz idarə rəisinin prinsipiallığı, neqativ hallara qarşı barışmaz mövqeyi, peşəkarlığı, işgüzarlığı, daim yeniliyə can atması həyata keçirilən işlərə hədsiz təsir edib. Şəhər səhiyyə idarəsində müntəzəm keçirilən müşavirələr, şura iclasları yalnız Gəncədə tibbi xidmətin yüksəlməsi, xəstəxanalarda hərtərəfli şəraitin yaradılması və nöqsanların aradan qaldırılmasına yönəldilmişdir. Məsələn, təkcə keçən il bir çox vacib məsələlər — əməyin təşkili, mühafizəsi, texniki təhlükəsizlik tədbirləri, o cümlədən, qış mövsümü müəssisələrin işlədilməsi, su təchizatı, qida və dərman təminatı, stasionarda ambulator xəstə qəbulunun qarşısının alınması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi müzakirə edilmişdir. Ayrı-ayrı səhiyyə ocaqlarının rəhbərlərinin işə qeyri-qənaətbəxş münasibəti, laqeydliyi qeyd olunmuşdur. Şuranın qərarı ilə inzibati tədbirlər planı tətbiq olunmuş, iki baş həkim və bir şöbə müdiri işdən azad edilmişdir.

... Gəncə səhiyyəsi hər gün, hər saat yeniləşir, müasirləşir desək, bəlkə də yanılmarıq. Amma tibb işçiləri qətiyyən arxayınlaşmırlar. Qarşıda görüləsi işlər hələ çoxdur. Maddi-texniki bazanın daha da gücləndirilməsi, tibb kadrlarının peşəkarlığının daha da yüksəldilməsi, xəstələrin qida və dərman təminatının tam yaxşılaşdırılması, bu işə nəzarətin gücləndirilməsi, ilkin səhiyyə xidmətinin inkişafı, xəstələrin müayinə və müalicəsində elmi sübutlara əsaslanan klinik protokolların tətbiqi və digər tədbirlər təxirəsalınmaz vəzifələr sırasındadır.

— Mən inanıram ki, elə bir gün gələcək, Gəncədən bir nəfər də olsun xəstə müalicə və ya müayinə üçün başqa yerə getməyəcək. Bizim ən başlıca məqsədimiz xəstələrin inamını qazanmaqdır. Səhiyyə varsa, inam da mütləq olacaq. Sevinirik ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bu gün həmin səviyyəyə nail oluruq.

Şəhərin səhiyyə idarəsi rəisinin bizə dediyi bu sözlərdə çox böyük qətiyyət, inam və nikbinlik var. Gəncənin tibb işçilərinin bugünkü fəaliyyəti belə deməyə, belə düşünməyə əsas verir. Uğur olsun!

 

 

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 5.