Prezident İlham ƏLİYEV: “Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”

 

Ekoloji tarazlığın bərpası istiqamətində vacib addımlar atılacaq

 

Dövrümüz yenilikləri və nəticələri ilə hələ də hamımızı həyəcanlandırır. Cələcəyə ötəri baxış düşüncələrimizdə atom, kosmik, urbanizasiya və demoqrafik partlayış, informasiya texnologiyaları və gen mühəndisliyi əsrinin obrazını canlandırır. Biliklərini inkişaf etdirməklə insan silahının gücünü, o cümlədən kommunikasiya və hərəkət sürətini dəfələrlə artırmağı bacarmış, makro və mikro aləmə nüfuz etməyi öyrənmişdir. Hərtərəfli tərəqqi göz qabağındadır. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Həmin problemlərdən biri də ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bu problem inkişafının sürətli dövrünü yaşayan Azərbaycan üçün də aktualdır və hökumət davamlı və tarazlı inkişafın saxlanılması məqsədilə həyata keçirdiyi kompleks tədbirləri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcəyini açıqlayır. Nəticələr də var.

 

Hər bir hökumətin qarşısında duran vəzifələrdən biri də ölkənin davamlı və tarazlı inkişafını təmin etməkdən ibarətdir. Məhz davamlı və tarazlı inkişaf sayəsində həyata keçirilmiş kompleks tədbirlər lazımi səmərəni verir. Çünki yeni sosial- iqtisadi paradiqma olan davamlı inkişaf konsepsiyası müasir dövrün bütün tələbatlarını ödəməklə yanaşı, gələcək nəsillərin də tələbatlarını ödəmək qabiliyyətini və istəyini təhlükə altına almır. Ətraf mühitdə və təbii resurslarda uzunmüddətli dövr ərzində çirklənmə və tükənmə olmadan əldə edilən iqtisadi inkişafı nəzərdə tutan konsepsiyanın diqqət mərkəzində saxladığı məsələlərdən birinin də məhz insan-ətraf mühit münasibətlərinin olması təsadüfi xarakter daşımır. Amma təəssüflə qeyd edilməlidir ki, son əlli il ərzində elmi-texniki tərəqqinin sürətli inkişafı sayəsində təbiətlə insanın münasibətləri xeyli mürəkkəbləşmiş, necə deyərlər, bir növ antaqonist xarakter almışdır. Təbiət insandan aldığı hər zərbəyə fəlakət və dağıntılarla cavab verir. Buna görə də hər bir hökumət ölkənin hərtərəfli inkişafının təmin edilməsində ətraf mühitə olan münasibəti mahiyyətcə yeni müstəviyə keçirməklə təsirli ölçülər götürməyi prioritet vəzifə kimi gündəmdə saxlayır.

Azərbaycan da hərtərəfli inkişaf edən ölkədir. Xüsusilə də iqtisadi inkişaf sahəsində nümayiş etdirdiyi göstəricilər dünyanın diqqət mərkəzindədir. Son altı ildə iqtisadiyyatın üç dəfə artması analoqu olmayan inkişaf kimi qiymətləndirilir. Qarşıdakı illərdə də Azərbaycanda iqtisadi artımın davam edəcəyi şübhə doğurmur. Lakin qeyd etdiyimiz kimi, iqtisadi inkişaf ətraf mühitə yeni münasibət göstərilməsini də tələb edir. Xüsusilə də sənayenin sürətli inkişafı, təbii resurslardan istifadə və digər təsərrüfat subyektlərinin fəaliyyəti nətisəsində ekoloji mühitə göstərə biləcəyi təsirlərə qarşı səmərəli tədbirlərin həyata keçirilməsi vəzifəsini ön plana çıxarır.

Doğrudur, Azərbaycanda ekoloji problemlər keçmiş SSRİ-dən miras qalmışdır. Prezident İlham Əliyevin ekoloji problemlərə həsr olunmuş müşavirədə bununla bağlı dediyi sözlər problemin nə qədər köhnə xarakter daşıdığını bir daha göz önünə gətirmişdir: “Ekologiya məsələlərinə gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması sanki beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı. Yəni, hətta ekologiya sözü, əvvəlki illərdə o qədər də çox işlədilmirdi”. Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsinin çirkləndiyini, məişət tullantılarının utilizasiyası məsələləri ilə, demək olar ki, ciddi məşğul olunmadığını vurğulayan ölkə başçısı əlavə etmişdir ki, bütün sovet məkanında, postsovet məkanında, Sovet İttifaqı zamanında daha çox planın icrası məsələləri nəzərdə tutulurdu və ekoloji tədbirlər ya yarımçıq görülürdü, ya görülmürdü. Bununla belə, Prezident İlham Əliyev bildirmişdir ki, keçmiş SSRİ-yə xas olan bütün meyillərə rəğmən Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilmişdir: “Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar atılmışdır. Yəni, bütün bu məsələlər o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə müstəqil siyasət apara bilmirdi”.

Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda ətraf mühitin qorunması sahəsində keyfiyyətcə yeni ekoloji siyasət yürüdülməyə başlanılmışdır. Ölkəmizdə ekoloji siyasətə dair ilk sənəd kimi davamlı inkişaf prinsiplərinə söykənən “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı göstərmək olar. Zaman keçdikcə iqtisadi inkişafın fonunda ekoloji siyasətə dair daha konseptual proqram “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Tədbirlər Planı” təsdiqlənmiş və ötən müddət ərzində Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Müşavirədəki çıxışında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Tədbirlər Planı”nın mövcud problemlərin həllinə, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verdiyini vurğulayaraq əlavə etmişdir ki, bir sıra dövlət qurumları ekoloji problemlərin həlli istiqamətində tədbirlər görürlər və tullantıların və çirkab suların idarə olunmasının təkmilləşdirilməsi, neftlə çirklənmiş ərazilərin, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər mühüm istiqamətlərdə layihələr həyata keçirilir.

Əlverişli coğrafi mövqeyi Bakının nəinki Azərbaycanın, o cümlədən Qafqaz regionunun ən böyük mədəniyyət, elm və ticarət mərkəzi kimi diqqət mərkəzində qalmasına şərait yaratmışdır. Ancaq neft yataqlarının aşkar edilməsindən və yataqların istismarına başlanmasından sonra paytaxtımız geosiyasi və geoiqtisadi ağırlığını artırmaqla yanaşı, həm də ekoloji problemlərin cəmləşdiyi şəhərə çevrilmişdi. Bu vəziyyət xüsusilə də çar Rusiyası dövründə geniş vüsət almış, sovetlərin vaxtında pik vəziyyətinə çatmışdı.

Prezident İlham Əliyevin də dediyi kimi, yalnız ulu öndər Heydər Əliyevin təbiətə qarşı nümayiş etdirdiyi yüksək münasibət sayəsində Bakı “qara qızıl”ın rənginə boyanmamış, şəhərdə yaşıllaşdırma işləri hər zaman davam etdirilmişdir. Bununla belə, Bakı şəhərinin elə yerləri var ki, hələ də ekoloji mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Belə yerlərdən biri də Bakı buxtasıdır. Prezident İlham Əliyevin müşavirədə bununla bağlı dediyi sözlər buxtanın paytaxtımız üçün nə qədər əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir: “Bakı buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl sərvəti qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı buxtasında suyun təmizliyi bizi heç çür qane edə bilməz”. Ciddi tədbirlərin görülməsi barədə göstəriş verdiyini vurğulayan ölkə başçısı ümid etdiyini açıqlamışdır ki, yaxın zamanlarda kompleks tədbirlərin görülməsi nəticəsində Bakı buxtasında suyun təmizliyi lazımi səviyyədə olacaq. Prezident İlham Əliyev məsələnin çox ağır olduğunu bildirməklə yanaşı, əmin olduğunu da açıqlamışdır ki, lazımi tədbirlər həyata keçirilərsə, məsələnin həllinə nail olmaq mümkündür.

Ümumiyyətlə, şəhərin təmizliyinin qayğısına qalmaq qədim dövrlərdə də gündəmdə olmuşdur. Məsələn, qədim Romada “Əbədi Şəhər”i “narahat” edən Tibr çayı iki yerə bölünmüş və hətta çay yatağına nəzarət etmək üçün vəzifə də təsis edilmişdi. İmperator Neronun əmrilə Romanın ən qədim və çirkli məhəllələrinin yandırılması da məlumdur. Bu gun gözəlliyi və təmizliyilə hamını heyran qoyan Amsterdam və Venesiya şəhərlərinin sakinləri orta əsrlərdə çirkli havadan və müxtəlif epidemiyalardan qorunmaq məqsədilə şəhər ətrafında, sözün əsl mənasında, gizlənirdilər. Dünyanın möhtəşəm şəhəri sayılan Paris də iki yüz il öncə belə gözəl və təmiz olmamışdı. “Sudan qorun!” sözünü deyərək qışqıran parislilər yemək artığını və ya sabunlu suyu pəncərədən bayıra atırdılar. Maraqlıdır ki, IX Lüdovik başına üç dəfə su töküldükdən sonra belə bir xəbərdarlıq edilməsi barədə fərman imzalamışdı. Almaniyanın, eləcə də İngiltərənin şəhərlərində də vəziyyət ürəkaçan olmamışdı. Avropanın digər şəhərləri kimi kanalizasiya sisteminin olmadığı Nürinberqdə, Berlində, Restlinqendə, Frankfurtda natəmizlikdən küçələrdə dolaşmaq müşkül məsələyə çevrilmişdi. XVII əsrdə yaşamış ingilis dramaturqu Con Fletçer yazırdı ki, şəhərdə heç zaman rahatlıq və xoşbəxtlik əldə etmək mümkün deyil.

Lakin İngiltərədə baş vermiş aqrar-sənaye inqilabından sonra Avropa şəhərlərinin siması dəyişməyə başladı və “köhnə dünya”nın landşaftı və təsərrüfat həyatı kökündən dəyişərək, yeni şəkil aldı. Şəhərdə su və kanalizasiya sistemləri yaradıldı, nəqliyyat infrastrukturu təkmilləşdirildi. İkinci Dünya müharibəsindən sonra iqtisadi və sosial inkişafı ön plana çıxarmaqla birləşmiş Avropa şəhərsalma məsələsində başgicəlləndirən uğurlara imza atdı. Təbii ki, ekoloji təmiz şəhərlərin yaradılmasında insan-ətraf mühit münasibətləri böyük rol oynadı. Doğrudur, Avropanın ekoloji cəhətdən çirklənmiş şəhərləri hələ də qalır. Lakin belə şəhərlərin sayı ümumi mənzərəni pozmur və avropalılar ekosistemin qorunması məqsədilə belə şəhərlərin sayını mümkün qədər azaltmağı planlaşdırırlar. Avropada ekoloji təmiz texnologiyalar yaratmaqla bu problemin öhdəsindən gəlməyi düşünürlər.

Göründüyü kimi, rifah və tərəqqi məkanı olan Avropa şəhərlərinin ekoloji tarixi heç də ürəkaçan olmamışdır. “Köhnə dünya”nın sakinlərinə yüz illər lazım olmuşdur ki, bu gün şəhərlərinin ekoloji təmizliyi barədə ağızdolusu danışsınlar. Bakı da qədim şəhərdir, lakin paytaxtımızın təsərrüfat həyatının fərqli inkişaf tarixi var. Təfərrüata varmadan deyə bilərik ki, Bakının ekoloji probemləri heç də həmişə hökumətin diqqət mərkəzində olmamışdır. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra paytaxtın təsərrüfat sistemində aparılmış köklü dəyişikliklər şəhərin ekoloji mənzərəsinin xeyli yaxşılaşmasına şərait yaratmışdır. Cənab İlham Əliyevin prezident seçilməsindən sonra bu proses yeni vüsət almış və Bakının, o cümlədən bütün Azərbaycanın ekoloji problemlərinin həllinə yönəlmiş mühüm addımlar atılmış və atılmaqdadır. Ötən müddət ərzində ekologiyaya dair Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş qanun və sərəncamlar, o cümlədən dövlət proqramları hökumətin bu həssas məsələyə yüksək qiymət verdiyini göstərir. Əminliklə demək olar ki, hökumətin həyata keçirdiyi ekoloji siyasət lazımi effektini göstərəcək. Müşavirədə Prezident İlham Əliyev də buna şübhə etmədiyini açıqlamışdır: “Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”.

 

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 1-2.