YAP Binəqədi
rayon təşkilatının
yaradılmasının 17-ci ildönümü qeyd olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2010-cu ili “Ekologiya ili” elan etməsini əldə rəhbər
tutan YAP Binəqədi rayon təşkilatının fəalları
təşkilatın yaradılmasının 17-ci il
dönümü münasibətilə təşkil etdikləri
toplantıya iməciliklə — ağacəkmə kampaniyası
ilə başladılar. İməcilikdən sonra təşkilatın
qərargahında keçirilən tədbiri YAP Binəqədi
rayon təşkilatının sədri Nəbi Xəlilov
açdı.
O, “Yüksək əqidə
və intellektə malik çoxsaylı insanları birləşdirən
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də
Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə 550 nəfərdən
ibarət təşəbbüs qrupunun keçirdiyi konfransda təsis
olunduqdan 6 ay sonra xalqın böyük inamını qazanaraq
siyasi hakimiyyətə gəldi” – fikirləri ilə
partiyanın keçdiyi yola nəzər saldı. Bildirdi ki, həmin
vaxtdan respublikanın bütün rayonlarında YAP-ın ilk təşkilatları
yaranmağa başladı. Binəqədi rayonunda 450 nəfər
partiya təəssübkeşi bir araya gələrək
1993-cü il martın 7-də keçirilən konfransda YAP Binəqədi
rayon təşkilatını təsis etdilər. Bununla da,
rayon təşkilatı partiyanın qarşıya qoyduğu vəzifələri
və təşkilatlanma işlərini uğurla həyata
keçirməyə başladı. Qısa müddətdə
partiya sıraları genişlənərək idarə və
müəssisələrdə ərazi ilk partiya təşkilatları
yaranmağa başladı. 2001-ci ildə respublikada ilk olaraq Binəqədi
rayonunda Yeni Azərbaycan Partiyasının təşkilatı
üçün qərargah binası tikilib istifadəyə
verildi ki, bu da partiyanın fəaliyyətində müsbət
dönüş yaratdı.
N. Xəlilov dedi ki,
ötən il ulu öndər Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümü və anım
günü yüksək səviyyədə qeyd edilmiş,
onun ilk dəfə respublikaya rəhbər seçilməsinin
40 illiyi ilə əlaqədar YAP rayon təşkilatı rayon
icra hakimiyyəti ilə birlikdə silsilə tədbirlər
keçirmişdir. 20 Yanvar—şəhidlərin anım
günü, 2 fevral— Gənclər günü, 31 mart—Azərbaycanlıların
soyqırımı günü, 31 dekabr— Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü və Yeni il bayramı qeyd
olunmuşdur. Həmçinin YAP mərkəzi
aparatının təşəbbüsü ilə Bayıl qəsəbəsində
keçirilən yaşıllaşdırma aksiyasında rayon
partiya təşkilatının fəalları da yaxından
iştirak etmişlər. Təşkilat tərəfindən
müqəddəs Ramazan və Qurban bayramlarında ehtiyacı
olanlara bayram sovqatı verilmiş, tənha və xəstə
qocalara yardım aksiyası ilə müxtəlif növ ərzaq
məhsulları çatdırılmış, partiyanın
qadınlar şurası və Binəqədi qəsəbə
gənclər təşkilatı ilə birlikdə Saray qəsəbəsində
yerləşən 7 saylı əqli cəhətdən zəif
olan uşaq evində 2 dəfə xeyriyyə tədbiri
keçirilmiş, imkansız ailələrin uşaqları
üçün kiçik toy mərasimi təşkil
edilmiş, Qarabağ döyüşlərində hər iki
gözünü itirmiş Sarvan Hüseynovun ailəsinə
qiymətli hədiyyə verilmişdir.
Təşkilatın sədri
seçki kampaniyasında seçicilərlə aparılan
işin yüksək səviyyədə qurulması üçün
rayon ərazisində mərkəzi və yerli seçki qərargahları
yaradılmasını xatırladaraq bildirdi ki, kampaniya
zamanı təbliğat-təşviqat işlərinin yüksək
qurulması üçün Binəqədi, M.Ə.Rəsulzadə,
Biləcəri, Xocasən, Sulutəpə və 28 May qəsəbələrinin,
həmçinin 6, 7, 8 və 9-cu mikrorayonlarda seçicilərlə
YAP-ın səlahiyyətli nümayəndələri— Milli Məclisin
komitə sədri Eldar İbrahimovun, millət vəkilləri
Madər Musayevin, Rafael Cəbrayılovun və rayon
ağsaqqalı Həsən Mirzəyevin iştirakı ilə
çoxsaylı görüşlər keçirilmişdir. Eyni
zamanda, partiyanın qərargahında təhsil, səhiyyə
işçiləri, ilk dəfə səsvermə hüququna
malik olan gənc və tələbə seçicilərlə
də görüşlər təşkil edilmiş və
seçkilərə dair ətraflı məlumat
verilmişdir. Rayonda fəaliyyət göstərən 5 bələdiyyəyə
partiya tərəfindən namizədliyi irəli sürülən
73 nəfərdən 44-ü — 13 nəfər qadın, 12 nəfər
isə gənc bələdiyyə üzvü
seçilmişdir.
Ötən illər ərzində
YAP-da siyasətçilərin yeni nəslinin yetişməsindən
söz açan N. Xəlilov bu nəslin ən parlaq nümayəndəsi,
Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi
Prezident İlham Əliyevin YAP-ın bu dövrdəki fəaliyyətinə
verdiyi qiyməti diqqətə çatdırdı. “Biz
azadıq, biz müstəqilik, biz güclü Azərbaycan
yaradırıq, güclü dövlət qururuq. Mən bu
dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının
rolunu çox yüksək qiymətləndirirəm”. Təşkilatlanma
istiqamətində əldə olunmuş uğurlar qeyd edildi.
Bildirildi ki, ərazi ilk partiya təşkilatlarının
sayı 208-ə, partiya üzvlərinin sayı isə 12 minə
çatmışdır. Son bir ildə partiya sıralarına
qəbul olunanların və yeni yaradılan ərazi ilk partiya
təşkilatlarının sayı artmışdır. Üzvlərin
65 faizi gənclərdir. Göründüyü kimi, son
dövrlər gənclərin, ziyalıların, cəmiyyətdə
fəal mövqe tutan insanların partiyaya axını daha da
güclənmiş və bunlar Yeni Azərbaycan Partiyasının
sədri Prezident İlham Əliyevə inamın, rəğbətin
güclənməsi və onun uğurlu rəhbərliyinin məntiqi
nəticəsidir.
Tədbirdə Binəqədi
Rayon İcra Hakimiyyətinin başçısı Alı
Qocayev, Milli Məclisin deputatı Nizami Xudiyev, YAP İdarə
Heyətinin üzvü Şahlar Əsgərov, rayon
ağsaqqalı Həsən Mirzəyev, təşkilatın
qadınlar şurasının sədri Məlahət
İbrahimova çıxış edərək ümumxalq
partiyasına çevrilən YAP-ın parlament və bələdiyyə
seçkilərində əldə etdiyi uğurlardan söz
açdılar. Qeyd olundu ki, aparılan uğurlu islahatlar, vətəndaşların
rifah halının ildən-ilə yüksəlməsi ölkə
başçısının apardığı siyasətin
alternativsiz olmasına tutarlı sübutdur və bu imkan verir
deyək ki, növbəti parlament seçkilərində də
YAP inamlı qələbə qazanacaq. Milli Məclisin
deputatları Madər Musayevin, Rafael Cəbrayılovun, KİV
nümayəndələrinin və digər qonaqların
iştirak etdiyi toplantının sonunda partiya fəallarına
fəxri-fərmanlar verildi, partiya sıralarına yeni qəbul
olunanlara üzvlük vəsiqələri təqdim olundu və
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə
qadınları təbrik etdilər.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 11 mart.- S. 4.