Koreya - Azərbaycan əlaqələrində yeni mərhələ başlanır

 

Bu fikir Koreya Respublikasının Azərbaycandakı səfirliyinin respublikamızın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə məmnunluqla dilə gətirildi. Səfir Li Ji-ha ikitərəfli əlaqələrin mövcud durumu barədə məlumat verərək bildirdi ki, Koreya və Azərbaycan respublikaları arasında diplomatik əlaqələr 1992-ci ildən başlayır. 2006-cı və 2007-ci illərdə iki dövlətin prezidentlərinin qarşılıqlı səfərləri ilə əlaqələr daha da genişlənmişdir. Həmin ərəfədə yüksək səviyyəli nümayəndə heyətlərinin dialoqları bir sıra məsələləri yoluna qoymuşdur.

 

Ümumiyyətlə, ikitərəfli münasibətlər ilk gündən müsbət xarakter daşıyır. Hər iki paytaxtda səfirliklərin açılması bu münasibətlərə yeni təkan vermişdir. 2006-cı ildə Koreya Respublikasının Bakıdakı səfirliyinin açılmasına qədər iki ölkə arasında mövcud əmtəə dövriyyəsi 30 milyon ABŞ dolları təşkil edirdisə, 2008-ci ildə həmin göstərici 300 milyon, 2009-cu ildə isə dünya iqtisadi böhranı nəticəsində aşağı düşüb və 160 milyon dollar təşkil edib. Bu göstərici ikitərəfli münasibətlərin uğurlu inkişafını nümayiş etdirir.

Lakin dünya maliyyə böhranı bəzi birgə layihələrin icrasını bir qədər təxirə salmışdır. Bu böhrandan sonra ikitərəfli münasibətlərə yeni təkan vermək üçün fürsət yaranmışdır. Bununla əlaqədar Koreya Respublikasının torpaq və dəniz işləri naziri Azərbaycana səfərə gəlib. Azərbaycan təbii sərvətlərlə zəngin dövlət və beynəlxalq enerji mərkəzlərindən biridir. Son zamanlar Azərbaycan Respublikası sənayenin diversifikasiyası, yeniləşən və alternativ enerji mənbələrinin inkişafı siyasətini həyata keçirir. Biz bunu gələcək nəsillər naminə səy kimi yüksək qiymətləndiririk və onun yaxın gələcəkdə uğur qazanacağına ümid edirik.

Səfir daha sonra dedi:

— Azərbaycan və Koreya bir-birindən uzaq yerləşsə də hər iki dövlətin mövqe, vəziyyət, tarix və mədəniyyət baxımından çox oxşarlıqları var. Fərqimiz ondadır ki, Koreya müstəqillik və bazar iqtisadiyyatı yoluna Azərbaycandan bir qədər tez keçib. Buna görə də biz Azərbaycanla iqtisadiyyatın inkişafı ilə bağlı təcrübəmizi bölüşmək niyyətindəyik. İnfratsruktur, yeniləşən və alternativ enerji mənbələrinin inkişafı, sənayenin diversifikasiyası, irriqasiya və su mənbələrindən səmərəli istifadə olunması da Azərbaycanın əsas məqsədləri sırasındadır. Koreyanın təcrübəli şirkətləri belə layihələrdə iştirak edə bilər. Bizim şirkətlər Azərbaycanda İntellektual Nəqliyyat Sisteminin (İTS) tətbiqi və Yevlax — Gəncə yolunun tikintisi ilə məşğuldur. Quba — Şamaxı yolunun və Bakı buxtası körpüsünün layihələrinin hazırlanmasında da iştirak ediblər.

İki dövlət arasındakı əməkdaşlıq, əsasən, tikinti və nəqliyyat sahələrini əhatə edir. Lakin biz ikitərəfli əməkdaşlığın inkişafını ekologiya, ətraf mühit və kənd təsərrüfatı sahələrində də görmək istərdik. Hər iki dövlətin ekologiya nazirliklərinin birgə əməkdaşlığı nəticəsində Azərbaycanın ekologiyasının bərpa olunmasına dair baş plan hazırlanmışdır. Bu planın əsasında hazırda çirkab suların təmizlənməsi və yenidən istifadə olunması layihəsinə dair danışıqlar aparılır.

2008-ci ilin mart ayında Koreya Respublikasının Prezidenti Li Mön Bak “Böyük səkkizliyin” sammitində istilik effektinə həsr olunmuş çıxışla iştirak etmiş və “Şərqi Asiya iqlim əməkdaşlığı” proqramının yaradılmasını elan etmişdir. Proqramın əsas məqsədi Koreya Respublikasının bir sıra dövlətlərlə atmosferə zərərli tullantılar atılmasının azaldılması və “yaşıl” texnologiyaların inkişafında əməkdaşlıq etmək idi. Həmin proqram çərçivəsində Koreya və Azərbaycan respublikaları ümumi dəyəri 70 milyon ABŞ dolları olan, çirkab suların təmizlənməsi və yenidən istifadə olunması layihəsinə dair danışıqlar aparırlar.

2009-cu ilin dekabr ayında Koreya Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Dəstək Komitəsinə üzv olmuşdur. Bununla da Koreya dünya tarixində ilk dəfə olaraq, 1950-ci ildən etibarən öz iqtisadiyyatını inkişaf etdirmək üçün xarici dotasiyalardan istifadə edən və məqsədinə çatdıqdan sonra dotasiyaların donoru olan ölkəyə çevrilmişdir. Koreya Respublikası bu yöndə dərin əməkdaşlıq etmək üçün bir sıra ölkələri seçmişdir. Bu ölkələrin sırasına Azərbaycan Respublikası da daxildir. Ümid edirik ki, bu yeniləşən və alternativ enerji mənbələrinin inkişafı kadrların hazırlanması və digər sahələrdə də iki dövlət arasında əməkdaşlığı yeni səviyyəyə gətirəcək.

Koreyanın “KBS” və “EBS” dövlət telekanalları Azərbaycana həsr olunmuş verilişlər nümayiş etdirmişdir. Bu verilişlər Koreya xalqının Azərbaycana marağını artırmışdır. Azərbaycanın “Xəzər” telekanalı isə 2010-cu ilin yanvarından etibarən Koreyada istehsal olunmuş serialın nümayişinə başlamışdır. Bu isə öz növbəsində Azərbaycan xalqında Koreyaya və onun mədəniyyətinə böyük maraq oyatmışdır. 2010-cu ilin ikinci yarısında Koreyanın folklor ansamblları Azərbaycana səfər edəcək. Yaxın zamanda Azərbaycan Dövlət Dillər və Bakı Dövlət universitetlərində koreya dilini öyrətmək məqsədilə Bakıya müəllimlər göndərilməsi nəzərdə tutulur. Mədəniyyət və elm sahələrində mövcud ikitərəfli əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək.

Səfir sonda bildirdi ki, əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi ikitərəfli münasibətləri yenidən nəzərdən keçirməyi tələb edir. Bu münasibətlərin iqtisadiyyat, mədəniyyət, idman və digər mühüm sahələrdə inkişaf etdirilməsini zəruri hesab edirik.

Li Ji-ha media rəhbərləri və jurnalistlərin bir sıra suallarını da cavablandırdı. Görüş zamanı Koreyanın aparıcı KİV-ləri ilə ölkəmizin teleradio və qəzet-jurnal kollektivləri arasında əlaqələr yaradılması barədə təklif maraqla qarşılandı. Koreya səfirliyi ilə Azərbaycan KİV-in əməkdaşlığını genişləndirmək zəruriliyi də məmnunluqla qəbul olundu.

Sonda jurnalistlər “Şilla” Koreya restoranında hazırlanmış yeməklərin qonağı oldular.

 

 

R.Tahir

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 4.