Bu gün torpaq çərşənbəsidir

 

Tarixin çox dönəmlərində, xüsusən sovet hakimiyyəti illərində Novruz bayramı ideoloji basqılara məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq xalqımız Novruzu ürəyində, ruhunda yaşadıb, bu günə çatdırıb. Novruzla bağlı müxtəlif qənaətlər var. Bu baxımdan bayram haqqında mərhum mifoloq, professor Mirəli Seyidovun qənaətlərini nəzərdən keçirməyimiz maraqlı olardı. M.Seyidov yazır ki, zaman-zaman təbiət, çevrədəki hadisələr insanı daim narahat edib onu irəli aparıb: "İnsanın düşündüyü təbiət hadisələrindən biri deyəsən, lap ilkini qışla yazın əvəzlənməsi idi. Yazın gəlişi, hər iki fəslin arasında təbii mübarizə ilk ovçuluqla, maldarlıqla, əkinçiliklə uğraşan, məşğul olan insanı, onun kiçik, böyük toplumunun içindən çıxan müdrikləri, ilkin biliciləri, təbiət hadisələrini az-çox götür-qoy edənləri, filosofları düşündürüb".

Mərhum alim qeyd edir ki, yaz əski insanın həyatında həmişə başlıca rol oynayıb. Buna görə insan təfəkkürü istər-istəməz onu izləyib: "Bir çox xalqlarda, o cümlədən azərbaycanlılarda yazın qışı əvəz etməsi mifologiyada vuruş kimi təsvir olunub. Vaxt anlayışında bir an qabaq doğulan öz qəniminə, onu əvəz edənə "hamilə" olur. Vaxtın irəli getməsi üçün yaranacaq yaranmışla, mövcud olanla, "hamilə" olmuşlar mübarizə aparır bu vuruşun keçirdiyi ara vaxtdır. Bu təbii hadisə xalq təfəkküründə özünə ayrıca yer tutub, onunla bağlı törənlər şifahi ədəbiyyatda poetikləşib. Azərbaycan onunla epik yaxınlığı olan xalqlarda yazla bağlı bir sıra görüşlər, nəğmələr təqvim törənini yaradıb bu yüzillər boyu yaşayıb, indi yaşayır. Qışla yazın təbii əvəzlənmələri, onların ölüm-dirim, ölüm-olum vuruşu zamanı elə bil vaxtı irəli aparırdı. Təbiətlə qarşılaşmadan, gündəlik tələbdən doğan yeni-yeni düşüncələr təbiətə daha ayıq baxmaq hissi yaradırdı".

Novruz bayramında keçirilən "Kosa-kosa" törən tamaşası ilə bağlı M.Seyidov yazır ki, bu oyunda keçi (yaz) kosanı (qışı) öldürür: "Doğulan an mövcud olan vaxtı, anı öldürür. Vaxtlar bir-birini belə əvəz edirlər. Deməli, möcud vaxt ölməsə, yenisi gəlməz. Belə görüşləri xalq təbiəti müşahidə nəticəsində dərk edib. Bunun ən yaxşı örnəklərindən biri qışın yazı doğması onu yazın (keçinin) "öldürməsi" hadisəsidir".

AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov bu qənaətdədir ki, professional mifoloq prinsipləri ilə yanaşıldıqda hər bir bayram öz çağdaş vəziyyətinə gəlib çatana kimi 4 iri mərhələdən - mif, ritual, mərasim, bayram mərhələlərindən keçib: "Çağdaş bayram özünün ritual-mifoloji semantikasında bu mərhələlərin özünəməxus xüsusiyyətlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan laylarda yaşatmaqdadır. Şübhəsiz, bir çox türk xalqları ilə yanaşı Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, total bir şəkildə etnik təfəkkürdə daşlaşmış belə bayram Novruzdur. Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş ayrı-ayrı mövsümi, kulinar atributlarına kimi bu mifoloji yolun izləri özünü qoruyub-saxlayıb. Bu yolu bayrama qədərki dörd ilaxır çərşənbə üzrə nəzərdən keçirmək daha çox məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər 4 çərşənbə - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi qeyd edilir. Bu çərşənbələr insanın dörd ünsürdən yaradılması haqqında dini mifik görüşləri simvollaşdırır öz ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Dünyanın əksər xalqlarında su ilə əlaqədar miflərdə suyun bu keyfiyyəti - od, torpaq, hava ilə yanaşı yaradışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk miflologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub. Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Odun türk mifik görüşlərində dünya ağacı ilə əlaqəsi son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdilər. Mifoloji görüşlərə görə bir-biri ilə ziddiyyət təşkil edən anlayışlar, xüsusən qadın kişi başlanğıcı türk xalqlarında Ülgen Erlik obrazlarında əks olunub. İki ziddiyyətin vəhdətindən insan yaranır. Türkün əcdad statusunda bu zidd tərəflərdən biri kimi qadın statusunda qurd çıxış edir. Qurddan törənişlə bağlı məşhur mifik görüşlər bunu sübut edir. Qurd isə türk mifik görüşlərində günəşlə, odla əlaqəlidir. Bir sıra türk xalqlarında soyun atasının göy qurd şəklində göydən şüanın içindən yerə endiyi bildirilir. Əgər torpaq su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od yer bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq müqəddəsliyi türk mifoloji görüşləri etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı yaradılışın maddi əsası olmasından irəli gələn sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır".

Torpaq çərşənbəsi zamanı artıq su, od, yeldən sonra torpaq oyanır. Professor Azəd Nəbiyevin fikrincə, torpaq suyun, odun, yelin oyanmasından güc alır. Su, od, yel torpağa nəfəs verir. Bu, o deməkdir ki, qədim mifik təfəkkürdə torpağın oyanması nəticədir. Torpaq əcdadlarımızdan bəri həmişə ağlımızda, təsəvvürümüzdə müqəddəs məkan səviyyəsində anlaşılıb. Mərhum folklorçu Ağalar Mirzənin torpaq çərşənbəsi ilə bağlı qənaətləri maraqlıdır: "Xırda regional fərqlər nəzərə alınmasa, Azərbaycanın hər bir guşəsində torpağın oyanışına həsr olunmuş axır çərşənbə "çərşənbələr çərşənbəsi" kimi ayin oyunların bolluğu ilə seçilir. Torpaq çərşənbəsi, yaxud axır çərşənbə özündə su, od, yel çərşənbələrinin ayinlərini birləşdirdiyindən bir növ bayram təntənəsinə çevrilir. Axır çərşənbənin bayram axşamına, yəni çağdaş təqvimlə martın 21-nə düşməsi isə inanca görə, Novruzun uğur-xeyrindən, ilin bolluq, bərəkət xeyir gətirəcəyinə əvvəlcədən təminat verir. Torpaq çərşənbəsi günü torpağın qutlanması, bağ-bostan işləri arxların təmizlənməsi, ağacların qol-budağının vurulması kimi işlər daha çox görülür. Torpaq çərşənbəsi torpağın oyanış xəbəri olduğu üçün insanlar yaz əmək nəğmələrini səliqəyə salır, əkin işlərinə hazırlaşırlar. Hamıda Novruzun qapını kəsdirib dayandığı haqda xoş bir inam yaranır".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 16 mart.- S.11.