Yeni ilin başlanğıcı
Novruz həm də təqvim
bayramıdır
Son zamanlar Novruzun mahiyyəti, milli ruhumuzun mayasını özündə daşımasını ifadə edən araşdırmalar artmaqdadır. Araşdırmaçı Ağaverdi Xəlil hesab edir ki, bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görmək olur: "Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. "Novruz" - hərfi mənada "yeni gün" (nou-yeni, ruz-gün) deməkdir. Ancaq ifadə etdiyi mərasim semantikasına görə keçidin bitdiyi və yeni nizamın başlandığı kosmosdur. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilib. "Novruz" anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir: Azərbaycan türkcəsində Novruz/Noruz, qırğız türkcəsində Nooruz, Özbəkistan türkcəsində Növroz, Başqırd türkcəsində Nevruz, tatar türkcəsində Navruz, Uyğur türkcəsində Noruz, Çuvaş türkcəsində Naurus, Krım türkcəsində Nevrez və s."
Novruz haqda məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye", Kaşğarlı Mahmudun "Divani-Lüğət-it Türk", Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq", Ömər Xəyyamın "Novruznamə", Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin "İsgəndərnamə" və başqa əsərlərdə rast gəlinir: "Ömər Xəyyamın məlumatına görə, Novruzun 2600 ildən artıq yaşı var. Yenə də həmin müəllifin məlumatına görə, Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olub ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda xəstələrə müstəsna diqqət və qayğı göstərilib, qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulub".
Novruzun həm də təqvim bayramı, ilin başlanğıcı olması onun möhtəşəmliyini və təntənəsini artırır. Novruz mövcud olduğu tarixi boyu bir neçə təqvim mərasimindən keçib. Bunların içərisində əski türk təqvimi, zərdüştlüklə bağlı təqvim, Səlcuqlu Məlikşahın Cəlali təqvimi, Elxanilərin Elxani təqvimi və s. var: "1074-1075-ci illərdə İsfahan, Bağdad, Rey ve Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini əmr edən böyük Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən bir türk təqvimi hazırlatdırıb. Bu rəsədxanalarda Ömər Xəyyam, Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi dövrün alimləri işləyib. Qısa bir müddət işlənən (Məlikşahın ölümünə kimi) bu təqvimə Sultanın adına görə "Cəlaliyə", "Tarixi-Cəlali", və ya "Tarixi Məliki" adları verilib. Günəş ilini əsas götürən Cəlali təqvimində günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilib. Səlcuqlulardan sonra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilib və "Tarixi Elxan" adı verilən bir təqvim meydana gəlib. 1925-ci ilin 31 martına kimi bu türk təqvimi İranda işlənib. Məlikşahın hazırlatdırdığı Cəlali təqvimi Əfqanıstanda son zamanlara qədər istifadə olunub. Bugünkü İran və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul edən təqvim Cəlali adlı türk təqviminin dəyişik bir şəklidir. Qazax xalq təqvimində mart ayının adı Naurızdır. Bu ay ilin birinci ayıdır və martın 22-dən başlanır. Keçmiş hicri təqviminə görə gecə ilə gündüzün bərabərləşdiyi həmin gün köhnə yeni il xalq təqvimində qalır və Naurız toy adı ilə qeyd olunur. Həmin gün bir sıra ön və Orta Asiya ölkələrində qədim zamanlardan bu günədək yeni ilin başlanğıcı olaraq bayram edilməkdədir. Novruzun kökləri, ritualları və təbiətlə bağlı izlərinin zərdüştlükdən gəldiyi haqda mülahizələr var. İnanclara görə, həmin gün xalq qışın əziyyətlərindən xilas olur, mal-qarasını saxlamaq üçün daha rahat şəraitin yaranmasına sevinir. Nauruz üçün hər bir ailə öncədən yeddi ənənəvi ərzaqdan təşkil olunan ritual yeməkləri (nauruzdık) hazırlayır. Qazaxlar həmin yeməklərlə il ərzində qidalanmağa ümid edirlər. Naurız şənliyi üç gün davam edir. Bu müddət ərzində bütün aul bir-birini təbrik edir, xoşbəxtlik və rifah arzulayırlar".
Novruzun mənşəyi ilə bağlı danışan A.Xəlil deyir ki, müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri "Novruz"un "Yaradılış bayramı" olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir: "Bu mülahizəni Novruzla əlaqəli şəkildə ilk dəfə professor H.İsmayılov irəli sürüb və şərh edib. Buradan alınan nəticə ondan ibarətdir ki, Novruz dünyanın və insanın yaradılmasının bayramıdır. Digər bir mülahizəyə görə,
Novruz Turanlıların "Tura" bayramıdır. Bu mülahizəni K.Hüseynoğlu irəli sürüb. Novruz yazın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz əski "inisiasiya" mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. "Novruz"un türklərin Ergenekon bayramının davamı olması haqda da fikirlər çox geniş yayılıb. İndi "novruz" adı ilə keçirilən bu bayramın türklərin əski "Ergenekon bayramı" olması haqda fikirlər var. Bu mülahizəyə görə türklərin əskidən bəri keçirdikləri "Ergenekon bayramı" müəyyən dövrdən sonra Novruz adı ilə qeyd olunmağa başlayıb.
Novruz bayramının Ərgənəkon dastanı ilə bağlılığını əks etdirən bir fakt da maraqlıdır. Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, qazan, ufa türklərində "Ərgənəkon" dastanı oxunmaqdadır. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir boz qurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə "Ergenekon" deyiblər. Bu mənada Ergenekon həm zamandır, xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir. Türklər həmin yerə gəldikləri günü, həmin gündə və həmin yerdə ənənəvi olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə "Ergenekon ritualı"dır. Əski türklərdə günəş həm Tanrıdır, həm də yaradıcı əcdaddır, tonqal günəşi simvolizə edir. Məsələnin gerçək mərasimi mahiyyəti də bu münasibətlər kontekstində izah oluna bilər. İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Bura ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur. Təbiətdən alınan təbii boyalarla yumurta boyanması dünyanın və təbiətin yenidən rənglənməsi və ya dirilməsi mənasını simvolizə etməkdədir. Döyüşdürülən yumurtalar da iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. "Toxum cücərtmək" və ya "Səməni qoymaq" da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. "Qulaq falı" və ya "qapı pusmaq" da yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Ən yeni dövrün "torba atmaq" mədəniyyətində "dəsmal atmaq" və "papaq atmaq" kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. "Papaq atmaq" ilk öncə aldatmaq mənasını ifadə edir. Ancaq onun fiziki mənada işlənməsi sevinc hissini göstərən psixoloji situasiydır. "Sevincdən papağını göyə atmaq" xalq deyimi milli paremiologiyada mövcuddur. Demək "papaq atmağ"ın həm neqativ, həm də pozitiv funksiyaları var".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 17 mart.- S.11.