Şıxəli Qurbanovun Novruzla bağlı xidmətləri

 

Sovet dövründə Novruzu yaşatmaq üçün ona bahar bayramı kimi ad uydurmağa məcbur olublar

 

1967-ci ildə Novruzun Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı soraqlar haqqında Azərbaycan müstəqillik əldə edəndən sonra yazılmağa başlandı. Şıxəli Qurbanovun bu ümumxalq tədbirinin keçirilməsi üçün göstərdiyi çabalar yaddaşlara yazılıb. Ədəbiyyat İncəsənət arxivinin direktoru Maarif Teymur bildirir ki, son illərdə arxivdə xalqımızın milli-mənəvi sərvətlərinin yaşadılması yönündə zaman-zaman hünər göstərən yaradıcı qələm adamlarının arxivlərinin yaradılması, zənginləşdirilməsi yönündə işlər daha da artmaqdadır.

Hər bir millət, dövlət üçün arxiv mühüm əhəmiyyətə malikdir. Arxiv soraqlarının qorunması, araşdırılması isə xalqın keçmişindən dərs alması, ulusal cəhətlərin qorunması, artırılması, yaşadılması üçün gərəklidir. Adəti üzrə xüsusən hər il yazqabağı Novruzla bağlı yeni məlumatları, arxiv soraqlarını araşdıran M.Teymur qənaətlərini bizimlə bölüşdü: "Bugünlərdə arxivdə Novruz bayramı ilə bağlı olan şəxsi fondları varaqladım. Araşdırmaçı-dramaturq Şıxəli Qurbanovun, uzun müddət inzibati işlərdə çalışan Vəli Məmmədovun şəxsi arxivlərinə bir daha nəzər yetirdim. Onu da deyim ki, xüsusən son illərdə Novruzla bağlı araşdırmalara diqqət artdığından bu şəxslərin fondları ilə bağlı maraqlananların da sayı artmaqdadır. Şıxəli Qurbanovun Novruzla bağlı çabaları ilə yanaşı habelə bu mövzuda özünün araşdırma yazısı da var. Novruz bayramının tarixi kökləri ilə bağlı bu yazısı 70-ci illərdə çıxan "Seçilmiş əsərləri" daxil edilib".

M.Teymur 1967-ci ildəki tədbirin gerçəkləşdirilməsində habelə V.Məmmədovun yaxından iştirakı haqqında söz açır: "Həmin yaddaqalan, ümumxalq bayramı səviyyəsi keçirilən tədbirin ssenarisi, hər ikisinin zəhmətini sübut edən sənədlər arxivdə saxlanılır". Həmin vaxt tələbə olduğunu deyən M.Teymur 1967-ci ilin Novruz bayramını belə xatırlayır: "İndi həmin hadisəni xatırlayıram. İri tonqal qalanmışdı. Bahar qız - Səfurə İbrahimova bu obrazı gözəl canlandıra bilmişdi. Yadımdadır, məsul dövlət işçiləri olaraq Ş.Qurbanov V.Məmmədov tədbirə necə böyük sevinclə tamaşa edirdilər. Tədbir martın 20-də başlandı. Camaat axın-axın gəlirdi. Hamı üçün bu, sanki təzə bir hadisə idi. Xalq neçə onillərdən sonra qadağan olunmuş bayramın belə bir səviyyədə keçirilməsindən hədsiz sevinirdi. Həmin günün axşamı gecə səhərə kimi adamlar küçələrdən yığışmadılar. Od Suraxanı atəşgahından gətirilmişdi. O zaman çalınan musiqiləri xatırladıqca hələ sanki qulaqlarımda səslənir. Novruz bayramı mövzusunda ənənəvi meydan tamaşalarına hamı böyük bir maraqla baxırdı. Aktyorlar Fərəc Nağıyev Əliimran Dəmirov Şirvanski Kosa Keçəl obrazlarını yaratmışdılar. Onu da deyim ki, bu şəxslərin, eləcə Səfurə İbrahimovanın şəxsi fondları yaradılıb. O zaman Bakıda bu tədbirin keçirilməsi az sonra Orta Asiyadakı sovet respublikalarında da Novruz bayramının keçirilməsinə səbəb oldu. Həmin tədbirlə bağlı geyimlərin eskizləri maraq doğurur. Kosanın papağı ilə bağlı eskiz forması da diqqəti çəkir".

Fərəc Nağıyev Ə.Şirvanski uzun zaman xalq teatrında aktyor rejissor kimi çalışıblar. 1967-ci ildə Şıxəli Qurbanovun Novruzu yaşatmaq üçün dövlət səviyyəsində bayram keçirilməsini təşkil etməsinə münasibət bildirən araşdırmaçı Seyfədin Rzasoy deyir: "Bu, elə bir çətin dövrdə Novruzu o dövrün yeni il bayramına bənzədib ona sovet bayramları içərisində bir yer almaq kimi milli cəhd idi. Sovet dövründə bizimkilər Novruzu yaşatmaq üçün ona bahar, yaz bayramı kimi adlar uydurmağa məcbur olublar. Bu, sadəcə olaraq, ilin təzələnməsidir, milli mədəniyyətimizdə yeni il bayramıdır. Hazırda Folklor İnstitutunda Novruzla bağlı elmi-tədqiqat işləri aparılır. Çalışırıq ki, Novruzun əsas atributlarını bərpa edə bilək. Novruz bayramındakı zəngin oyunlar, vəsfi-hallar, nəğmələrin oxunması bu qəbildəndir. Novruz bayramının atributlarının bərpa olunması əslində milli dövlətçilik quruculuğuna xidmət edən məsələdir. Bu gün xüsusilə Azərbaycanın bölgələrində Novruz bayramı özünü zəngin süfrəsi ilə qoruyub-saxlayıb".

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 19 mart.- S.14.