Güney Azərbaycanda ilk demokratik milli hökumət
Şeyx Məhəmməd Xiyabani: "Ey ölməz Azərbaycan,
başını yuxarı tut, yaşa, həmişəlik
yaşa!"
II yazı
Xiyabaninin həyatı onun
ictimai fəaliyyəti ilə daha çox əlaqəlidir. Həmin
fəaliyyət isə Azərbaycan xalqının müstəqillik
qazanmaq uğrunda mübarizə salnaməsi ilə sıx
bağlıdır. Tarix elmləri doktoru Şövkət
Tağıyeva 1956-cı ildə rus dilində çap olunan
"1917-1920-ci illərdə İran Azərbaycanında milli
azadlıq hərəkatı" monoqrafiyasında Güney Azərbaycanında
ingilis imperialistlərinə və İran
irticaçılarına qarşı aparılan mübarizənin
sosial-iqtisadi köklərini araşdırır, milli
azadlıq hərəkatı və onun məğlubiyyətinin
səbəblərini göstərməyə
çalışır. Tədqiqatçı sovet
dövrünün ideoloji çərçivəsindən
çıxa bilməsə də, əsər gərgin
axtarışların bəhrəsidir. İdeoloji
qüsurlarına baxmayaraq Ş.Tağıyeva keçmiş
SSRİ arxivlərindən materiallar toplayaraq bu məxəzlərə
istinadən fundamental bir monoqrafiya ərsəyə gətirib.
Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə
əks olunub. Professor Ş.Tağıyeva 1990-cı ildə
"Təbriz üsyanı" adlı kitab nəşr
etdirib. Məlum olduğu kimi, bu əsərdə də
Xiyabaninin inqilabi, ictimai-siyasi fəaliyyəti
işıqlandırılıb.
Son illərdə fars dilində
çap olunan iki kitabı qeyd etmək gərəkdir. Birinci,
1998-ci ildə Təbrizdə nəşr olunmuş
"Namavaran Azərbaycan" (Azərbaycanın məşhurları
- V.Ə.) adlı ensiklopedik xarakterli məlumat kitabında
Xiyabaninin bir səhifəlik tərcümeyi-halı verilib.
İkincisi isə Xiyabaninin keçmiş silahdaşı,
sonra ona naxələf çıxmış, əslən azərbaycanlı,
ancaq farslara xidmət etmiş tarixçi Əhməd Kəsrəvinin
"Fiyali Şeyx Məhəmməd Xiyabani"
kitabıdır.
Ədəbiyyatımızda
publisistikanın özünəməxsus salnaməsi var.
Publisistika tarixinin araşdırılması göstərir ki,
onun inkişafında tənqidçi, filosof, tarixçi və
ədəbiyyatşünasların xidmətləri
böyük olub. Ədəbiyyatımızda publisistikanın
ilk nümunələrinə hələ M.F.Axundzadə, H.B.Zərdabi
və N.B.Vəzirovda rast gəlirik. 1905-ci il inqilabı
dövründə və sonra C.Məmmədquluzadə, N.Nərimanov,
F.B.Köçərli, Oktyabr çevrilişi ərəfəsində
M.S.Ordubadi, M.S.Pişəvəri, T.Şahbazi və
başqaları siyasi publisistikanın dəyərli nümunələrini
yaratmışdılar. Tarixi təcrübə göstərir
ki, publisistika yazıçıların
yaradıcılığında mübariz ədəbi forma
kimi geniş yer tutub. Publisistikaya vətənpərvərlik,
xalqlar dostluğu, qəhrəmanlıq, sədaqət, düşmənə
qarşı amansız olmaq motivləri həmişə
qüvvətli olub.
Xalqın özünüdərkində,
dünya miqyasında tanınmasında, milli-bəşəri
dəyərlərin sonrakı nəsillərə
çatdırılmasında, xalqın bədii, tarixi dəyərlərə
yiyələnməsində onun ədəbiyyatı, incəsənəti
və bunların təbliğində, təhlil və təqdirində
mühüm rol oynayan mətbuat amili faktor kimi vacib yer tutur.
Azərbaycan sənətkarlarının
böyük bir nəsli məhz buna görə məktəbi,
maarif sistemini xalqın ictimai şüurunun zənginləşməsində
başlıca faktorlardan sayıblar. Bu baxımdan M.F.Axundzadə,
C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Axundov, A.Şaiq, Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə, M.S.Pişəvəri, N.Nərimanov
kimi ədib, şair və demokrat-publisistlərin obrazlı-ədəbi
qənaətləri, nəticə və mülahizələri
arasında ideya yaxınlığı və tipoloji nöqtələr
çoxdur. Tarixilik və varislik prinsipindən yanaşmaya
Şeyx Məhəmməd Xiyabaninin dövrünün
ictimai-siyasi hadisələrinin təhlili, tarixi problemlərə
münasibəti ilə yaxından səsləşir, bir
növ onun başqa mühitdə və tarixi-coğrafi məkanda
yenidən ifadəsidir.
Öz odlu qələmi ilə
mübariz publisistikanın gözəl nümunələrini
yaratmış Xiyabaninin də bu sahədəki fəaliyyətinin
tədqiqi, şübhəsiz ki, çox faydalıdır.
Ş.M.Xiyabaninin publisistik
yazıları mövzu genişliyilə,
obrazlılığı, çoxmotivliliyi, zəngin epizodluluğu
ilə seçilir. Xiyabaninin publisistikası Azərbaycan ədəbiyyatının
mütərəqqi ənənələrinin bünövrəsi
üzərində yüksəlirdi. İctimai həyat həqiqətlərini
əks etdirən, çağdaş həyatın tələbləri
səviyyəsində durmaq onun fəaliyyətinin əsasını
təşkil edirdi. Xiyabani publisist əsərlərində
humanizm, azadlığın, demokratiyanın böyük
müdafiəçisi kimi çıxış edirdi.
İstedadlı publisist xalq azadlığını,
özü də ictimai-siyasi-mənəvi azadlığı
yüksək qiymətləndirir, zülm və istibdad
altında yaşayan xalqın məşəqqətli həyatını,
onun mənəvi-əxlaqi paklığını, əqidə
saflığını orijinal formalarda ifadə edirdi.
"Təcəddüd"
qəzeti 1917-ci il aprelin 9-da nəşrə başladı. Tədqiqatçı
Q.Məmmədlinin göstərdiyi kimi, "Onun imtiyaz sahibləri
və baş mühərrirləri ilk zamanlarda dəyişdirilsə
də, siyasi rəhbərliyi əsas etibarilə Xiyabaninin
üzərində qalırdı". Qəzetin 65 nömrəsi,
yəni 137-ci nömrəsindən sonra çıxan 202-ci
nömrəyədək rəsmən Xiyabaninin müdirlik və
baş mühərrirliyi ilə çap olunmuşdu. Məzmun
və mündəricəsi ilə İran qəzetlərindən
fərqlənirdi. Xiyabani siyasi mübarizəsinin məqsəd
və amalı haqqında "Təcəddüd"ün səhifələrində
dərin və əhəmiyyətli məqallər
yazırdı. "Azərbaycan" adlı məqalədə
Azərbaycan azadlığının, istiqlaliyyət və
milli varlığı problemini qəlbindən gələn atəşli
sözlərlə ifadə etmişdi: "Azərbaycan bəhanə
axtaran özgələr və kin-küdurətli
özününküləri qarşısında vurdu, vuruldu,
öldürdü, öldürüldü, həyatın
çətinliklər və çək-çevirləri
içərisində inqilab və təkamül yolunu
keçib yaşadı. Ucdantutma qırğınlar,
soyğunlar, zülm və işgəncələr Azərbaycandakı
istiqlaliyyət hərəkatını və azadlıq tələblərini
məhv edə bilməyəcəkdir. Özgələr və
"özümüzünkülər" ürəklərində
saxladıqları yaramaz fikirlərini həyata keçirmək
məqsədilə bu torpağın yaralı sinəsi üzərində
dar ağacları qurdular. Zülm və
vicdansızlığın qara kölgəsini bu qana
boyanmış torpağın üzərinə saldılar.
Lakin bu ölkənin qeyrətli cavanları, qəhrəman
qocaları başlarını rəşadət səmalarında
uca tutub, zülm və ədalətsizliyin dünyasını
öz ayaqları altında gördülər. Öz gənc həyatını
həqiqət və azadlıq uğrunda fəda edən Azərbaycan
övladları içərisində elə məsum balalara təsadüf
etmək olurdu ki, dar ağacları belə onların zəif
vücudları qarşısında titrəyirdi. Bunların hədəqədən
çıxmış gözləri, göyərmiş
dodaqları və sıxılmış boğazları cəlladları
qorxudur və rənglərini qaçırırdı".
Xiyabani daha sonra
yazırdı: "Hələ də azərbaycanlıların
qanı axıdılmaqdadır. Bu gün Tehranın
gözü Azərbaycanın parçalanmış
vücuduna dikilib. Dodaqlardan eşidilən kəlmələrdə,
qələmlərin sözlərə təqdir səsləri
və təhsin nəvaları eşidilməkdədir. Lakin ey
qeyrətli Azərbaycan, ey vətən məftunlarının
istiqamətli övladları, ey təriflərə ehtiyacı
olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və
təqdislər sənin verdiyin şəhidlərin qanı
bahasıdır: Ey Azərbaycan, ey demokratik Azərbaycan!
Başını qaldır! Ey əziz Azərbaycan, sən bir
iti görən gözsən ki, İran səninlə mədəniyyətə
baxır. Sən bir həssas və mütəəssir olan
ürəksən ki, bu vətən dünya
işığını səninlə hiss edir. Ey ölməz
Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı
tut, yaşa, həmişəlik yaşa!"
"Təcəddüd"ün
səhifələrində sadalanan bu vətən
yanğılı, alovlu sözlər xalqın ürəyindən
xəbər verir, yüzilliklər boyu arzu və amal olaraq
qalan düşüncələr dilə gəlirdi.
Xiyabaninin məqalələri
soydaşlarımızı partiya ətrafına, azadlıqsevər
qələm adamlarını isə "Təcəddüd"ün
səhifələrinə toplayırdı. Xiyabani
yaradıcılığında onun ən böyük əsəri
"Azərbaycan və Azərbaycanın demokratik qüvvələri"dir.
Fars dilində yazılan bu əsər 1961-ci ildə
İsmayıl Şəms tərəfindən dilimizə
çevrilərək Balaş Azəroğlunun redaktorluğu
ilə Bakıda "Azərbaycan" ruznaməsinin nəşriyyəsi
kimi kitabça şəklində çap olunub. Kitaba Qafar Kəndli
geniş "Müqəddimə" yazıb. Naşirlər
Xiyabaninin əsərinə öz sözlərini epiqraf
seçiblər: "And olsun şərəfimizə, nə qədər
ki, biz diriyik, heç bir xəbər, təhlükə,
qorxutma, hədələmə bu qiyamın əsasını
sarsıda bilməyəcəkdir. Rəhmsizcəsinə oda
yandırılıb, nəzəriyyəsindən dönməyən,
zəhər bardağını başına çəkərək
haqqın isbat edən haqq tərəfdarlarının səbat
və mərdliyini biz qarşımızda qoyduğumuz məqsədi
icra etməklə başqalarına isbat edəcəyik. Biz bir
çox səmimiyyətli, sədaqətli
yoldaşlarımızla birlikdə bu cür ölməyə,
şəhid olmağa özümüzü
hazırlamışıq".
Ədəbiyyatşünas
alim Rəhim Əliyevin Xiyabaninin publisistikası haqda fikirlərini
onun bütün məqalələri, eləcə də
"Azərbaycan və Azərbaycanın demokratik qüvvələri"
əsərinə də şamil etmək olar: "Xiyabaninin
siyasi publisistikası Azərbaycan xalqının milli suverenlik
uğrunda mübarizələri tarixində mühüm yer
tutdu. O, vahid İran azadlıq hərəkatının deyil, məhz
Azərbaycan istiqlalı hərəkatının böyük
hissəsi oldu, özündən sonra məhz bu yöndə
ciddi əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki,
sonrakı demokratik hərəkatlarda onun adı məhz azərbaycanlı
bir lider kimi, Azərbaycan xalqının milli şüurunun
güclü ideoloqlarından və ifadəçilərindən
biri kimi qaldı. Çünki onun siyasi-publisist irsinin mərkəzi
məsələsi məhz Azərbaycan xalqının
taleyidir".
Vüqar Əhməd
Xalq Cəbhəsi.- 2010.- 1
may.- S.14.