Millətlər tarixində ən qədim xalq
Dünən Türklük
Günü idi
Türk ruhu həmişə insançılıq çağırıb. Çağdaş dönəmdə Türk Ruhunun bərqərar olmasına hava-su kimi gərək var: dünya özü bilsə də, bilməsə də, bu gərəklik gündən-günə artır. Düzdür, bu gün dünya özündən ayrıldığı üçün türkü də özündən ayırmağa cəhd edir. Ancaq türksüz dünya mahiyyətcə yox kimi bir şey olardı. Bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu, həm də ilkin yaradıcısı olan Türk dünyada ona olan bütün qeyri-müəyyən münasibətlərə baxmayaraq ardıcıl şəkildə halını qoruyub-saxlamalı və artırmalı, bunu dünyaya bir xilas kimi təqdim etməlidir. Təəssüf ki, türkçülük mövzusunda keçirilən müxtəlif tədbirlərdə türklə, türkçülüyün problemləri ilə bağlı müəyyən məsələlər təhlil və müzakirə obyektinə çevrilsə də, mahiyyətcə türkçülük problemlərinin kökündə duran əsas cəhətlər diqqətlə araşdırılmır. Dərdlərimizdən, habelə bir millət olaraq fitri, insani, ilahi keyfiyyətlərimizdən ümumi şəkildə danışdığımız dərəcədə problemlərimiz həllini tapmır.
Mənası "möhkəm" anlamına gələn "Türk" sözü xarakter etibarilə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, ancaq öldürməyi sevməməyi, fitri döyüşkənliyi, fitri inancıllığı, vətənsevərliyiylə diqqəti cəlb edir. Deyə bilərlər ki, sadaladığımız cəhətlərin müəyyən qismi bu və ya başqa millətdə də var. Hər hansı bir millət müəyyən dərəcədə bəşərilikdən soraq verir. Ancaq sadaladığımız xarakterik cəhətlər bütövlüyü ilə məhz Türkə məxsusdur və bir nümunə kimi dünyaya təqdim olunmalıdır.
Möhtəşəm fikir, ruh, ideyaçılığa, idraki və bədii vüsətə qadir olan türk habelə möhtəşəm dövlətçilik ənənəsi yaratdı, bu ənənəni minillər boyunca yaşatdı. Türk - fitri təbiətçidir. Onun insana, həyata, dünyaya münasibəti həmişə fitri xarakterinin ucalığından irəli gəlib. O, həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır, sabaha çatdırır. Hazırda müəyyən məqamlarda türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun daxilində bir potensiya kimi mövcuddur.
Türkün təbiətə münasibəti onun dağı, daşı, səmanı, çayı, meşəni, təbiətdəki müxtəlif varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini ifadə edib. Türkün mifoloji düşüncə sistemi heyrətamiz dərəcədə insana doğma təsir bağışlayır. Türk təbiətdə daim özünü görüb. Bu heyrətamizliyi müxtəlif formalarda vəsf edib. Bütün bu cəhətlər qədim türklərin inanc dünyasında Tanrıya tapınma kultunun ilahi bir ahəngini yaradıb. Türk Tanrısı ilə hədsiz doğma idi: bu doğmalıq onun canına, qanına hopmuşdu. Ana sazımızda ifadə olunan möhtəşəm ruh sədası türkün uca ruhundan hər məqamda soraq verir. "Qaraçı", "Yanıq Kərəmi", "Misri" və başqa saz havacatlarında bu cəhətlər aydınca görünür, duyulur.
Türkün "köçəriliyi" ideyası zaman-zaman türkü sevməyənlərin ona qarşı uydurduğu həqarətli bir yanaşmanın ifadəsidir. Möhtəşəm yaşam sistemi, dünyabaxışı yaradan bir millət necə köçəri ola bilərdi? Ruhunun imkan verdiyi qeyri-adi bir vüsətlə dünyanı lərzəyə gətirən türk ömrünün qədim çağlarında öz elində-obasında köç edib. Çoxlu zəfər yürüşləri türkü daim qanadlanmağa, dünyanın müxtəlif bölgələrində öz ruhunu ifadə etməyə sövq edib.
Qədim və orta yüzillərdə möhtəşəm idraki imkanlarını aşkarlamaqdan daha çox qılınca üz tutan, bənzərsiz dövlətçilik ənənəsi yaradan türkləri anlamaq olur. Hər halda türkün böyük potensiyasını zaman-zaman qılınca sərf etməsilə də razılaşmaq olmaz. Əgər qılıncdan yapışmaq son nəticədə türklərin birliyinə, onun ruhunun dünyanı xilas kimi saracağına əsaslansaydı, yenə dərd yarı idi. Ancaq təəssüf ki, türklər böyük dövlətçilik ənənəsi yaratdığı dərəcədə də biri-birini sevmədilər. Sözün əsl mənasında türk öz böyüklüyünü qiymətləndirə bilmədi. Türkü sevməyənlər onların arasındakı didişmələrdən məharətlə istifadə etdilər. İldırım Bəyazidlə Teymurləng, Şah İsmayıl Xətayi ilə Sultan Səlim arasındakı döyüş mahiyyətcə türklərin tarixdə buraxdığı ən böyük xətalardan idi. Türklər əgər bir ola bilsəydilər, o zaman dünyanın indiki vəziyyəti tamam başqa cür olacaqdı. Türk özünün dünyabaxışını, ilahi inanclar sistemini qoruyub saxlaya bilmədi. Bu, dünyaya daha çox türkü öyrənib ona zərbə vurmaq üçün əsas verdi.
Türklərin bəşər
tarixində oynadığı
möhtəşəm rola
toxunan Nəriman Qocatürk bu qənaətdədir ki, millətlər tarixində
ən qədim xalqlardan biri olan türklərin yaranış tarixi ilk türkün - Oğuzun adı ilə bağlıdır:
"Türkün milli
yaddaşına yazılanlardan
bəlli olur ki, Tanrı ilk insanı, Oğuzu yaratdı. Tanrı nuru, mif ilk dəfə
Oğuzun surətində
təcəlli etdi. Oğuz birinci insan oldu ki,
insan cildində mifi yer üzünə
gətirdi. Oğuzdan törəyənlər isə
Tanrı nişanəsi
bildikləri türk mifinə tapınaraq onu bugünümüzə
gətirib çıxara
bildi. Bəşər
tarixi türklər qədər öz mifinə sığınıb,
hər zaman onunla yaşayan, onunla nəfəs alan ikinci bir
millət tanımır.
Bu millət yaranışından
çoxlu sayda soylara, nəsillərə
ayrılıb yer üzünə səpələnsə
də, hara üz tutdu, hansı istiqamətə yürüdüsə, başının
üzərində ucaltdığı
bayrağı kimi öz mifini də apardı. Daha doğrusu, öndə gedən Doğudan Batıya doğru bütün istiqamətlərdə türk
tayfalarını yürüşə
çıxardı. Oğuzun
yaratdığı elə,
yurda məhəbbət,
torpağa bağlılıq
hissi daim türk soyları ilə birgə olub, onlara qüdrətli
imperiyaların, güclü
dövlətlərin yaradılmasında
yardımçı olub.
Vətən sevgisi, dövlət istəyi ilə coşub-daşan türklərin döyüş
meydanında məğlub
olmaları barədə
tarixin yaddaşına
heç nə yazılmayıb. Yaddaşa
yazılanlar isə xəyanətin olduğu, qardaşın-qardaşa qılınc
qaldırdığı məqamlardakı
məğlubiyyətlərdən soraq verir".
Asif Ata hesab edir ki, Türk vahid bir etnosdur, ruhani birlikdir-unudulan, danılan: "Midiyanı Türk dünyasından ayırırlar, Atropatenanı İranlaşdırırlar, Azərbaycan türküylə osmanlı türkü arasında səd çəkirlər; qıpçaqla oğuzu yadlaşdırırlar, türk təklənir, "yırtıcı, qəddar türk" ideyasını dirildirlər, türkün "Bizans qatilliyi"ni təkrarlayırlar. Əslində isə Bizans türk hücumundan çox-çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı. Türk əslində İstanbulu Bizans ölümündən xilas elədi. Avropamərkəzçi sxemlərdə köçərilik mədəniyyətsizlik kimi qələmə verilir, əslində isə köçərilik mədəniyyəti var-özünəməxsus, parlaq, öyrənilməyən, qiymətləndirilməyən. Türk təqlidçiliyindən danışırlar, türklərin hakim olduğu xalqlardan aşağı olmasından dəm vururlar. Nəsimilərin, Füzulilərin, Rumilərin əlçatmaz dahiliyi görünmür avropamərkəzçi müddəalarda. Türk siyasətində despotçuluqdan, gerilikdən, zülmdən, ətalətdən başqa heç nə görmürlər avropamərkəzçilər. Türk Dünyasını süni surətdə dünya tarixindən, siyasətindən, mədəniyyətindən ayırırlar və başıbəla "türk sindromu"nu türklərin özlərinə təlqin eləyirlər; türk təqlidçilik yoluna düşür, Avropanın arxasınca gedir. Siyasi doktrinadan başlamış məişətə qədər hər şeyi özgədən götürür və bununla fəxr edir. Qabaqcıllıq -təqlidçilik demək olur. Avropalaşma milliləşmə ilə bir tutulur; əslində isə Avropalaşma türkün belini əydi. Özgələşmə fəlakəti göz qarşısındadır. Əgər türk musiqisi, muğamlarımız, bayatılarımız, laylalarımız, aşıqlığımız yaşayırsa, bu, ruhani möcüzədir-xalqın yaratdığı, mümkünsüzlükdən yaranan imkandır az qala..."
Milli ruha sahib olmaq, xalqların yaratdıqlarına sayğı ilə yanaşmaq, dünyaya, həyata, insana, təbiətə daim uca türk ruhu ilə baxmaq Türklüyün hər yerdə bərqərar olması deməkdir. Dünyanın buna gərəyi çoxdur.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 4 may.- S.14.