Güney Azərbaycanda
türkçülüyün görkəmli tədqiqatçısı
Professor Məhəmmədtağı Zehtabi:
"Babalarımız Yaxın və Orta Şərqdə mədəniyyətin
bünövrəsini qoyublar"
I yazı
XX yüzilin ikinci
yarısında Güney Azərbaycanda yetişən görkəmli
simalardan biri də professor Məhəmmədtağı
Zehtabidir. Öz xalqının azadlığı və milli
varlığı uğrunda gənc yaşlarında mübarizə
meydanına atılmış bu insan çağdaş
Güney Azərbaycanda türkçülüyün - Azərbaycançılığın
köklərini arayan və bugünkü durumla əlaqələndirən
görkəmli tədqiqatçı alim olub. M.Zehtabi
yaradıcılığı çoxsahəlidir: tarix, ədəbiyyat,
dilçilik, etrnoqrafiya və s. sahələri əhatə
edir.
Doktor Məhəmmədtağı
Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz
yaxınlığındakı Şəbüstər qəsəbəsində
anadan olub. Orta məktəbi Təbrizdə başa vuran
M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb,
fransız, mühacirət dövründə isə rus dillərini
mükəmməl mənimsəyə bilib. O, hər zaman
yüksək təhsil almaq və elmin zirvələrinə
yüksəlmək, xalqına və millətinə xidmət
etmək üçün yol axtarırdı. Zehtabi hələ
18 yaşlarında ikən (1939) Hacı Mirzə Əli Şəbüstərinin
təşəbbüsü ilə ana dilində nəşr
olunan "Azərbaycan" qəzetində məqalə və
şeirləri ilə çıxış etmişdi. 1946-cı
ildə Azərbaycan Milli Hökuməti dövründə
Güney Azərbaycanda açılmış Təbriz
Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini
başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən
yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət
edib və orada qısa müddət ərzində Azərbaycan
tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab
çap etdirib.
1979-cu ildə İranda Pəhləvi
rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə
qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını
geniş aspektdə davam etdirib. Vəfatınadək (1998-ci il
23 sentyabr) Azərbaycan tarixi haqqında yazdığı əsərlər
bütöv Azərbaycan tarixşünaslığında yeni
bir cığır açıb.
Onun şah əsərlərindən
biri də 1946-cı il Azərin 24-də (dekabrın 15-də)
Pəhləvi rejimi tərəfindən türkcə təhsilə
və məişətdə danışığa belə
yasaq qoyulduğu dövrdə yazdığı "Sən
osan, mən də buyam" şeiri olub. Şeirdə deyilir:
Su deyibdir mənə əvvəldə
anam, ab ki yox.
Yuxu öyrətdi
uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki,
çörək verdi mənə, nan demədi.
Əzəlində mənə
duzdanə nəməkdan demədi.
Anam əxtər deməyibdir
mənə, ulduz deyib o.
Su donanda deməyibdir yəxdi
bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst
deməyib, əl deyib o.
Mənə heç vaxt biya
söyləməyib, gəl deyib o.
Yaxşı
xatırlayıram, yaz günü axşam çağılar,
Bağçanın
günçıxanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım
başıvı, ey nazlı bala.
Gəlməsən gər
başıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm
bir səri to.
Gən nəayi be zənəm
şane səri xahəri to.
Bəli, daş yağsa da
göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan,
vardı mənim başqa anam.
Özümə məxsus
olan başqa elim vardı mənim.
Elimə məxsus olan
başqa dilim vardı mənim.
İstəsən qardaş
olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra
bir yolda gedək.
Əvvəla, özgə
küləklərlə gərək axmayasan,
Saniyən,
varlığıma, xalqıma xor baxmayasan.
Yoxsa gər zor deyəsən,
millətimi xar edəsən.
Gün gələr səhfə
çönər, məcbur olarsan gedəsən.
Doktor M.Zehtabi "21 Azər"
hərəkatı haqqındakı məqaləsində Azərbaycan
Demokrat Firqəsini Azərbaycanın, İranın və
Yaxın və Orta Şərq xalqlarının milli azadlıq
hərəkatında mühüm rol oynadığını
qeyd edərək yazır: "Bu hərəkat II Dünya
müharibəsindən sonra ümumən İran və Azərbaycan
azadlıq hərəkatının, xüsusən milli
azadlıq hərəkatının zirvəsidir. Bu hərəkat
əleyhinə olanlar, istər daxildə və istərsə də
xaricdə onu separatizm adlandırsalar və onun biganələrin
əliylə yarandığını iddia etsələr də
o, əslində, heç bir xarici əl vasitəsilə yox,
dövrün ictimai hadisələrinin istəyi və iradəsi
ilə yaranmışdı. "21 Azər" hərəkatında
ən əsas məsələlərdən biri də milli
hüquq məsələsiydi, lakin o, bu hüququ təkcə
Azərbaycanlılar üçün yox, həm də
bütün İranda yaşayan xalqlar üçün istəyirdi.
Azərbaycan Demokrat Firqəsi İranda azadlıq və
demokratiyanın bərqərar olmasını bir tərəfdən
azadxah qüvvələrin köməyi, ikinci tərəfdən
isə məhrum millətlərin Azərbaycan kimi öz milli
hüquqlarına çatması yolu ilə başa
düşür. Çünki Firqə və onun rəhbərləri
milli zülmün acısını dadmış və
çoxmillətli İranda milli qüvvənin necə
böyük qüdrət olduğunu yaxşı bilirdilər.
Onlar yaxşı başa düşürdülər ki, əgər
məhrum İran millətləri Azərbaycan kimi öz
hüquqlarını almaq üçün birlikdə ayağa
qalxsalar, İran irticası mütləq yıxılacaq: II
Dünya müharibəsindən sonra "21 Azər" hərəkatı
dünyada qələbə çalan birinci milli azadlıq hərəkatı
idi. Buna görə də bütün dünya
xalqlarının diqqətini cəlb etmişdi. Əgər
1946-1947-ci illərdə "Azərbaycan" qəzetinin səhifələrinə
baxsanız, Fransa və s. Avropa ölkələrinin
ictimai-siyasi təşkilatlarını və siyasi şəxsiyyətlərinin
"21 Azər"in qələbəsi münasibətilə
göndərdikləri təbrik teleqramları diqqəti cəlb
edəcək. "21 Azər" zamanı bütün Şərq
və Afrika xalqları, o cümlədən Yaxın və Orta
Şərq regionu xalqları istibdad və imperializmin pəncəsi
altında ən ağır və fəlakətli günlər
keçirirdilər. Bu xalqların azadxahları, o cümlədən
İraq, Əlcəzair, Tunis və s. ölkə və
xalqların mütərəqqi şəxsləri kimi və ya
şifahi şəkildə "21 Azər" hərəkatını
səmimi qəlbdən təbrik edib və ondan böyük
ümid gözlədiklərini bildiriblər. "21 Azər"
hərəkatı bu xalqların mübarizə ruhunun güclənməsinə
ciddi təsir edib".
O dövrdə bir çox gənclər
sovetlər ölkəsini azad bir ölkə bilib oraya getməyə
can atırdılar. Zehtabi öz arzusuna çatmaq və habelə
ana dilində yüksək təhsil almaq üçün
doğma yurdunu tərk edir. Lakin onu Bakıya deyil, Sibir həbsxanasına
göndərirlər. Heç bir günahı olmadan 3 il Sibirdə
sürgün həyatı yaşayır. "Şahın zəncirində"
mənzuməsində belə yazır:
Azad doğulan insana qandal nə
gərəkdir?
Qandalları
qırmışlara zindan nə deməkdir?
Dünya, nələrin var? Əfsanələrin
var?
Biçarə bəşər,
ölçüyəgəlməz kədərin var.
Qanlar tökərək
qandalı qırdın ayağından
Qandalları
yığdın və qayırdın yekə zindan!
Daim başın
üstündə gəzir qəm və fəlakət.
Nəhayət, 3 ildən
sonra Zehtabi Sibir sürgünündən buraxılır, bu dəfə
Düşənbə şəhərinə sürgün
edilir. Orada onun Təbrizdə aldığı bütün təhsil
sənədləri yox olduğu üçün təkrar
diplom almağa məcbur olur və nəhayət, Bakıya gələrək
Azərbaycan Dövlət Universitetində Azərbaycan dili
üzrə namizədlik dissertasiyası müdafiə edərək
filologiya elmləri namizədi elmi adı alır və həmin
Universitetdə ərəb dili müəllimi işləyir. O,
istər müəllimlik illərində, istərsə də
universiteti bitirdikdən sonra yazdığı bütün əsərlərində
ana dilimizi öyrənir və tanıtdırmağa
çalışır, xalqımızın keçmiş
tarix və ədəbiyyatından söhbət açır,
oxuyanların marağını öz ana dillərinə
artırıb, onlarda öz milli kimliyinə bağlılıq
yaradır. Doktor Zehtabi müasir tariximizdə ilk dəfə
olaraq 1981-ci ildə "Mütərəqqi İran Türklərinin
Roşənfikrililər (ziyalılar) Cəmiyyəti"ni
yaradıb və "Birlik" adında aylıq farsca və
türkcə jurnal nəşr etdirib.
Zehtabi xaricdə olduğu
zaman ilk dəfə olaraq ana dilimizdə "İran türklərinin
sərfi (morfologiyası-S.T.)" kitabını yazıb
çar etdirib, bu kitab inqilabdan sonra da doktorun ən yaxın
dostlarından olan Əli Xalid Abadinin təşəbbüsü
ilə "Müasir ədəbi dilimizin morfologiyası"
adı ilə çap edilərək yayılıb.
Professor Zehtabi İran
inqilabından sonra Təbriz Universitetində türk dili və
ədəbiyyatı müəllimi kimi çoxlu müəllim
yetirib. O dövrdə ilk dəfə olaraq 20 səhifədən
ibarət "Ana dilimizi necə yazaq" əsərini 3000
tirajla Rüşdiyyə yayımı vasitəsilə
çap etdirmişdi. Bu qısa əsərdə dilimizin əsas
- səs qanunları, ahəng qanunu açıqlanıb ki, əlifbanı
düzgün yazıb-oxumağımızda
yazıçılarımıza bir mənbə olub, sonralar
keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan
çox faydalanıblar. Doktor Zehtabi inqilabdan sonra Təbriz
radio və televiziyasında ana dilimizdə Azərbaycan
Türkcəsində verilişlər yayımlamaq
üçün kadrlar yetirib. "Berun-e mərzi" ("Sərhəddən
kənar" - S.T.) xəbərləri Azərbaycan dilində
aparanlar vaxtilə onun şagirdləri olublar. Onun qələmindən
çıxan və böyük axtarışların nəticəsi
olan "İran türklərinin əski tarixi" adlı
çoxcildlik sanballı kitabından sonra "İslama qədərki
İran türklərinin dili və ədəbiyyatı"
kitabı sözün həqiqi mənasında Azərbaycan
tarixinin qədim dövrünün tədqiqində yeni bir elmi
mərhələdir. "İran türklərinin əski
tarixi"nin I cildi ən qədim dövrdən Makedoniyalı
İsgəndərə qədər olan uzun bir zamanı əhatə
edir. Bu cilddə miladdan əvvəl IV-II minilliklərdə
Yaxın Şərqdə yaşayıb mədəniyyət
qurmuş türk xalqlarının dövlətləri və mədəniyyətləri
geniş aspektdə verilir, o dövrün türkcəsi ilə
bu dövrün türkcəsi müqayisəli şəkildə
araşdırılır. Bu gün İran kimi
tanıdığımız ərazidə farsların bu yerlərə
gəlməsinə qədərki 3500 ildə türklərin
qurduğu dövlətlər və mədəniyyətlər
tədqiq və təhlil edilir.
Müəllif həmin
kitabın "Cənubi Azərbaycan tarix elminə bir
baxış "bölməsində yazır: "Müxtəlif
elm sahələrində olduğu kimi, tarix sahəsində də
fars şovinizminin tərəfdarı olan alimlər meydana gəldi.
Bu İran alimləri Avropa alimlərinin qədim Şərq
tarixi barədəki fikirləri və yazılarını fars
şovinizmi nöqteyi-nəzərindən araşdırıb
yazmağa və kitablar nəşr etməyə
başladılar. Bu tarix kitablarının ən əhəmiyyətlisi
Həsən Pirniyanın (Məşirüddövlə) 3
cildlik "İran-e bastan" əsəridir. Bu əsərdə
Avropa tarixçilərinin əksinə və fars
şovinizminin istəyinə əsasən, heç bir sənəd
və dəlil olmadan belə bir iddia irəli
sürülüb ki, bugünkü İranın xalqları qədim
dövrlərdə arilər irqi olub, o cümlədən
bugunkü azərilər, qaşqaylar, həmədanlılar,
türkmənlər yaşayan ərazisinin sakinləri türkdilli
deyil, hind və Avropa dilləri qrupuna aid olublar. Bu dəlilsiz
iddiaya görə, bugünkü türkdilli Azərbaycan əhalisi
guya qədim zaman və arilər irqi, kök etibarilə fars və
ümumiyyətlə, hind və Avropa dilli olublar və sonralar
türklər Şərqdən axaraq bu yerlərdə yurd
salıb və bu yerlərin fars əhalisini türkləşdiriblər".
(Ardı var)
Sübhan Talıblı
Xalq Cəbhəsi.- 2010.- 5 may.- S.14.