Şuşanın
işğalından 18 il keçir
Qarabağın əsl, təbii, tarixi baş şəhəri
Şuşadır
Şuşa... Əlimizin illərdir yetmədiyi, ünümüzün çatmadığı tarixi Azərbaycan şəhəri. Şuşanın tarixi bizim üçün hər zaman qədimdir, tarixlərdən ucadır. Bu gün Şuşalı çağlardan ömrü boyu, nəsillikcə o yerlərdə yaşayan soydaşlarımızın böyük bir nisgillə danışması istər-istəməz ürək parçalayır. Dərd dərdə calanır: Şuşanın, Qarabağın azadlığının ip ucu isə görünmür ki, görünmür. Qarabağ probleminin həlli müşkülə dönüb, bütövlükdə problem beynəlxalqlaşıb, çıxılmaz bir dalana dirənib...
18 il qabaq - 8 may 1992-ci ildə Şuşaya 3 istiqamətdə hücum oldu. 155 nəfər həlak oldu, 167 nəfər isə yaralandı. Yazıçı-publisist Əlisahib Əroğul deyir ki, bununla da Şuşa şəhəri və onun 30 ətraf kəndlərində yaşayan 24165 nəfər Azərbaycan Türkü erməni-daşnak faşistlərinin etnik təmizləmə siyasətinin qurbanlarına çevrildilər. Şuşa bölgəsi bu savaşda 193 nəfər şəhid verdi. 17 mayda isə ermənilər iki istiqamətdə Laçın rayonuna hücum etdilər. Laçın şəhəri və onun 125 kəndi işğala məruz qaldı. Rayonun 71 min əhalisi didərgin düşdü. 328 nəfər şəhid, 36 nəfər girov oldu, 100 nəfər isə itkin düşdü".
Asif Atanın Şuşanın Qarabağın tarixi taleyində əvəzsizliyi barədə 1988-ci ildə yazdığı fikri maraqlıdır: "Qarabağın əsl, təbii, tarixi başşəhəri Şuşadır. Stepanakert-süni, qondarma, yalançı, başşəhəridir. Dağlıq Qarabağ muxtariyyatı - qondarma, süni, zorakı bir düzəltmədir. Xəlqi birliyi pozmaq, yağılıq közünü alışdırmaq, "Oğru yadına daş salmaq" niyyətinə xidmət eləyir. Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! Ya Azərbaycanın Dağlıq Qarabağ üzərində səlahiyyəti formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı formallaşmalıdır. Üçüncü yol yoxdur. Qarabağda erməni muxtariyyatını formallaşdırmaq gərək, son nəticədə yox etmək! İlk addım: Azərbaycan qaçqınlarını Dağlıq Qarabağda yerləşdirmək, demoqrafik vəziyyəti dəyişdirmək! Erməni sionizmi murdarlığını Qarabağdan təmizləmək gərək. Azərbaycana qarşı xain qəsd! Qorunmalı, gözləməli, verməməli!" Az sonra Asif Ata yazırdı: "Birinci mərhələ: Vilayəti Azərbaycan ərazisində saxlamaq. İkinci mərhələ: Vilayəti Azərbaycanlaşdırmaq: demoqrafik vəziyyəti kökündən dəyişmək. Üçüncü mərhələ: Yağıyla döyüşmək".
Respublika Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirir ki, ermənilərin Qarabağdakı təxribatçı çıxışlarından biri 1920-ci il martın 22-də - Novruz bayramı günündə baş vermişdi. Şuşa şəhəri, Şuşa qəzası, eləcə də onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər qiyam qaldırmışdılar: "200 silahlı erməni Şuşada qəflətən əsgərlərimizə hücum etmişdilər. Hücum edən ermənilər bir neçə zabiti həbs edərək Azərbaycan ordusunun əsgərlərinə atəş açmışdılar. Buna baxmayaraq Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin, onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı sayəsində hücum tezliklə dəf edildi. Martın 23-də bütün günü şəhərdə atışma getmiş, günbatana yaxın artıq qiyamçılar Azərbaycanın ordu hissələri qarşısında dayana bilməyərək şəhəri tərk etməyə məcbur olmuşdular".
Tarixçi-alim İsrafil Məmmədovun fikrincə, zaman-zaman əlimizdə olan şansları əldən verdik: "Həmin torpaqlar qalsaydı, indi bir dövlət olaraq halımız tamam başqa olardı. Bu barədə hamı düşünməlidir. Əgər torpağın itkisi adamın ürəyini yandırmasa, o zaman itki yenə davam edər. Vaxtilə ermənicə çıxan "Sovet Ermənistanı" qəzetində Rafiq Semonyan adlı birisi Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında 4 iri səhifə yazı yazdı. Tarixə əsaslanıb yazırdı ki, 1921-ci il iyunun 4-də axşam qərar verildi ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Sabahı qərarda yazıldı ki, Qarabağ Azərbaycanın tərkibində saxlanılsın, Dağlıq Qarabağın ərazisini müəyyən etmək Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə tapşırılsın. Bu komitə də qərar verdi ki, Şuşa mərkəz olmalıdır. Ancaq ermənilər Şuşanın əvəzinə Xankəndini mərkəz elədilər".
İ.Məmmədov deyir ki, əgər Azərbaycan o vaxtı Şuşanı mərkəz edib Ağdamı ora birləşdirsəydi, bu məsələ birdəfəlik qurtarıb gedəcəkdi. Ağdamın 165 min, Dağlıq Qarabağın isə cəmi 75 min əhalisi vardı: erməni içimizdə əriyəcəkdi".
Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyir: "Ötən il Ermənistanın "Qospirint" nəşriyyatında ingilis, rus və erməni dillərində buraxılan "Şuşa şəhərinin faciəli həyatı" kitabı ənənəvi erməni təbliğatını ortaya qoyub. Həmin kitabda "qədim" erməni millətinin Dağlıq Qarabağ ərazilərinin yerli sakinləri kimi, eləcədə Pənahəli xanın müəllifi olduğu Şuşa qalasının və digər tarixi yerlərimizin, o cümlədən bütövlükdə Şuşa şəhərini erməni millətinin ictimai-siyasi, elmi-mədəni mərkəzi kimi təqdim edir. Kitabın müəllifləri olan Şagen Mıkrtıçyan və Şors Davityan "Böyük Ermənistan" haqqında utopik xəyallardan vəcdə gələrək, Şuşa şəhərində 6 erməni kilsəsinin və ümumiyyətlə, Dağlıq Qarabağ ərazilərində 100 mindən çox "erməni memarlıq nümunələrinin olduğunu" iddia edirlər. Onlar bu hisslərin təsiri altında bir çox tarixi şəxsiyyətlərə belə şər atmaqdan, yalan danışmaqdan çəkinmirlər. Cızma-qara müəllifləri kitabın birinci fəslində utanmadan yazırlar: "Şuşa şəhərinin və eləcə də Dağlıq Qarabağın xəritəsi Lenin, Çiçerin və Atatürk tərəfindən çəkilərək təsdiq edilib". Kitab müəllifləri erməni millətçilərinin gələcəkdə də yeni işğalçılıq planlarının yenidən hansısa bir tarixi məqamda baş verəcəyinə inandıqlarını açıq-aydın biruzə verirlər. Müəlliflər ən yaxın tariximizi belə saxtalaşdırmaqdan çəkinmirlər. Onlar "Şuşa yolu və Laçın dəhlizi tapmacası" fəslində yazırlar: "1929-cu ildə Araz çayından Şəmşəddinə qədər ərazilər və eləcə də Qazax mahalı" Azərbaycan türkləri tərəfindən Ermənistan SSR-dən qoparılıb". Kitab heç bir elmi-tarixi faktlara əsaslanmadığından elmi-tarixi əhəmiyyət də daşımır. Bu kitab bir neçə nəfərin və ya hansısa bir qrupun fantastik xəyallarının məhsulu olsa da, separatizmə meyilli böyük bir qrup şovinist ermənilərin strateji plpnlarının həyata keçirilməsinə xidmət edir. Kitabın yazılmasında məqsəd, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə haqq qazandırmaq, işğal faktını "xalq hərəkatı" kimi qələmə verməklə dünya ictimaiyyətinin rəğbətini qazanmaq, ermənilərin terrorçu əməllərinə hüquqi don geyindirməkdən ibarətdir".
Publisist Telman Mehdixanlı isə Şuşa itkisi ilə bağlı soydaş ağrılarını belə ifadə edir: "Ata-baba yurd yerimizin adı dəyişdirilmişdi - Xankəndi yox, Stepanakert kimi tanınmışdı. Respublikamızın ərazisində cəllad, türkçülüyün düşməni, minlərlə soydaşlarımızı qətlə yetirən Şaumyanın adını daşıyan küçələr, müəssisələr, hətta rayonlar mövcud idi... Bütün bunlar bəs necə rəsmiləşirdi? Sualın cavabı birmənalıdır: erməni hiyləsi və bizim unutqanlığımız sayəsində! Nə biləydik, hardan duyaydıq ki, başı bəlalar çəkən qədim Şuşamızın, ermənilərin törətdiyi neçə-neçə terrorların şahidi olmuş şuşalıların bugünkü övladlarını nələr gözləyir? Şuşa sözün həqiqi mənasında alınmaz qala idi. Ora yalnız iki səmtdən giriş vardı: Ağa körpüsü və Zarıslı kəndi tərəfdən. İşğalı ərəfəsində oradan ermənilər baş götürüb qaçmışdılar. Qalan üç-beş nəfər də üzə çıxmır, zirzəmilərdə gizlənirdilər. Bəs indi onun içini oyan qüvvələr kimlər, nələr idi? Axı Şuşada barmaqla sayılası mümkün olmayan vətənsevər, igid, ölümündən qorxmayan oğullar gecə-gündüz oyaq qalırdılar ki, birdən düşmən qapılarını döyər. Bəs niyə bu gün göynəyə-göynəyə, yana-yanan həsrətini çəkdiyimiz, üzüyün qaşına bənzətdiyimiz müqəddəs torpağımız - qala şəhərimiz Şuşa düşmən tapdağı altında zarıyır, inildəyir, dağılır, uçulub-sökülür? Sakinləri isə ağızlarının dadını, süfrələrinin bərəkətini itiriblər. Bilməyənlərə, unudanlara xatırladırıq: Şuşanı öz varlıqları qədər sevən qədirbilənlər yazırlar ki, onun yaranışı, inkişafı üç mərhələdə baş vermişdi. Birinci, 1753-54-cü illərdə olub. Bu müddətdə əsasən qala divarları və qəsrlər tikilmişdi. İkinci, İbrahim xanın hakimiyyəti dövründə orada yeni məhəllələr salınmaqla yanaşı, Böyük Cümə məscidinin inşası başa çatdırılmışdı. Şəhərin daha sürətlə və milli arxitekturaya uyğun genişlənməsi 1805-ci ildən sonraya təsadüf edir. Bu diyar tarixi abidlərlə zəngin olduğu üçün 1977-ci ildə qoruq-şəhər statusu alıb. Şuşa dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Orada təkrarsız coğrafi görünüş və bənzərsiz iqlim şəraiti var, havası neçə-neçə xəstəliyə dərmandır. Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları xeyli aralıda olsalar da, oradan aşkar görünür. Şəhərin ərazisi təxminən 400 hektara yaxındır. Buradakı məşhur "Cıdır düzü" və o yerdə bitən "Xarıbülbül" çiçəyi dünyada məşhurdur. Şəhərdə və kəndlərdə çeşid-çeşid ipək, pambıq parçalar toxunardı. Orada çox dəyərlər sənətkarlar çalışardı. Onların ilmələdiyi xalı-xalçalar dünyanın çox sərgilərində uğurla nümayiş etdirilmişdi. Əhalinin suya olan ehtiyacının ödənilməsi üçün Xan qızı Natəvan 1873-cü ildə Şuşaya Sarıbaba dağından su kəməri çəkdirmişdi. Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə Şamaxıdan sonra Şuşada quraşdırılmışdı. Şəhərdə 17 məhəllə var idi. Əhalisi təxminən 40 min nəfərə çatırdı. Bu yurd yerimiz həm də unikal istirahət guşələri ilə tanınmışdı. Turşsuyun, Səkili bulağının, İsa bulağının, Fındıqlı gölünün sorağı çox yerə yayılmışdı. Şuşa həm də "Musiqi konservatoriyası" kimi ad məşhurlaşmışdı. Ta qədimdən son vaxtlara qədər burada fəaliyyət göstərən 100 nəfərə qədər bənzərsiz ifaçılarımızın adları milli tariximizə yazılıb. Onlardan Sadıqcanın, Hacı Hüsünün, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan əminin, Bülbülün, Zülfü Adıgözəlovun adları daha populyar olub. Sakinlər boş vaxtlarını "Bazarbaşı" deyilən yerdə - Mədəniyyət evi ilə Xan qızı Natəvanın imarəti arasındakı bulvar kimi tanınan ünvanda keçirərdilər. Vaxt-bivaxt oradan çal-çağır səsi kəsilməzdi. Şuşada bitən gül, ot, çiçək, taxıl və ərzaq məhsulları da başqa ərazimizdə bitən məhsullardan fərqli və dadlı olardı. Buna görə də Şuşa xörəklərinin özünəməxsus şirin tamı, xoş ətri vardı. İnsanları həddən artıq gülərüz, qəlbləri açıq, qonaqpərvər idilər. Çox təəssüf ki, 1988-ci ildən başlayaraq adamlardakı bu müsbət keyfiyyətlər də tədricən ərşə çəkilirdi. Çünki bəzi qara qüvvələrin apardıqları bəd niyyətli təbliğatları nəticəsində ortaya "gəlmə", "yerli", "qalalı" deyimləri də çıxmışdı. Əlbəttə, ilk baxışda bunlar çox da əhəmiyyət kəsb etmirdi. Ancaq hiss olunurdu ki, "gəlmələrlə" - "yerlilərin" arasında soyuqluq var. Bu soyuqluq isə Şuşanın müdafiəsində, qorunmasında qətiyyən hiss olunmurdu. 1992-ci il mayın 8-də Şuşamız son azadlıq gününü yaşadı. Görənlər danışırlar ki, elə o vaxtdan da onun başının üstündən çiskin, qar, duman əskik olmur.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 7 may.-
S.14.