Ön və arxa cəbhənin vəhdəti

 

Müharibə və diplomatiya, qələbə və məğlubiyyət, xeyir və şər anlayışlarının tarixi ədalət meyarları baxımından əsl qiyməti, müəyyən vaxt ötdükdən sonra bütün işıqlı-qaranlıq cəhətləri ilə özünü daha aydın göstərir. 65 illik bir vaxt hüdudundan II Dünya Müharibəsinin əvəzsiz insan itkilərini, maddi dağıntılarını, mənəvi-psixoloji ağrılarını xatırlamaq, bəşəriyyət tarixində görünməmiş döyüş əməliyyatlarının gedişini və ən başlıcası isə dünyanın siyasi-ictimai mənzərəsində yaratdığı köklü dəyişikliklərin ibrət dərsləri üzərində hərtərəfli düşünmək, nəhayət, zəruri nəticələr çıxarmaq vacibdir.

Bəzən belə fikirlər söylənilir ki, o müharibə vaxtilə Azərbaycanı işğal etmiş Rusiyanın və mənfur bolşevik rejiminin dünya ağalığı uğrunda faşist Almaniyası ilə apardığı mürəkkəb rəqabət mübarizəsi siyasətinin - diplomatik gedişlər, razılaşdırılmış ərazi bölgüləri, bədnam gizli sazişlər müstəvisindən zorakı hərb meydanına keçirildiyindən, xalqımızın bu savaşda iştirakı ona başucalığı gətirmir...

Ən radikal mövqedən çıxış edənlər isə sübut etməyə çalışırlar ki, əgər II Dünya Müharibəsində Almaniya qalib gəlsəydi, onda bir sıra xalqlar, xüsusilə əhalisinin əksəriyyəti müsəlman olan respublikalar daha demokratik və sivil şəraitdə yaşayıb inkişaf edə bilərdilər. Lakin unutmamaq lazımdır ki, yaşanmış tarixin çarxını geri fırlatmaq, "elə olsaydı belə olardı" mücərrəd fəlsəfi-siyasi kosepsiyalar irəli sürməklə sərt reallığı dar subyektiv meyarlar çərçivəsinə salmaq cəhdləri, bizim o vaxtkı vəziyyətimizdə inzibati amirlik sisteminin paslanmış "dəmir zəncirlərini", ali irqin üstünlüklərini təbliğ edən bir quruluşun zahirən "parlaq buxovları" ilə əvəz etmək demək olardı. Çünki istər faşizmin, istərsə də bolşevik tipli kommunizimin mayasında - insan şəxsiyyəti üzərində hakimlik, onun müstəqil düşüncə tərzinin nəzarətdə saxlanması, sərbəst iqtisadi fəaliyyət imkanlarının aşkar-gizlin qadağanlar səviyyəsində məhdudlaşdırılması, bütün cəmiyyəti və gələcəkdə bəşəriyyəti totalitar rejimin vahid doqmatik ideologiya prinsipləri məngənəsində yaşamağa məhkum etmək cəhdləri, hamı üçün yalançı bərabərlik, habelə "sosial ədalət" prinsipləri utopiyasına əsaslanan "cənnət" yaratmaq sərsəm fəlsəfəsi durmuşdu.

Məlumdur ki, tarixi inkişafın ziddiyyətli və dalğavari gedişində yaranan konkret vəziyyətlər, habelə bu situasiyaların ən optimal həlli yolu ayrı-ayrı şəxslərin, yaxud siyasi xadimlərin, liderlərin subyektiv istəklərindən, onların hüsnü-rəğbətlərindən asılı olmur. Siyasət - mümkün imkanları reallığa çevirmək məharəti olduğundan, həlledici tarixi mərhələlərdə pafoslu bəyanatlar və çılğın çağırışlar deyil, zərurət xarakterli addımlar hərəkətverici təsir qüvvəsi rolunu oynayırlar.

Bu mənada siyasi-ictimai quruluşları, sosial-iqtisadi inkişaf yolları, ideoloji əsasları, dünyada baş verən proseslərə baxışları, mənəvi-əxlaqi dəyərləri müxtəlif olan ABŞ, İngiltərə, Sovet İttifaqının, onun liderlərinin faşist Almaniyasına qarşı birgə mübarizəyə qoşulmaları, humanizm və haqq-ədalət meyarları ilə yanaşı, eyni zamanda Hitlerin dünya ağalığına can atması niyyətlərinə birdəfəlik son qoymaq xəttinin qəti ifadəsi kimi qiymətləndirilməlidir.

Müttəfiq ölkə liderlərinin II Dünya Müharibəsi illərindəki gizli şəxsi və rəsmi yazışmalarının 6 cildlik nəşri, habelə digər sənədlər, materiallar, onların Moskva, Tehran, Yalta, Berlin görüşləri, mübahisələri, güzəştləri, razılaşmaları, ciddi diplomatik protokol-davranış qaydaları pərdəsi arxasındakı ehtirasları, düşüncələri yaxın-uzaq məqsədləri, mənafe maraqları Şekspir qələminə layiq insan psixologiyasının dramatik-faciəvi mübarizə səhnəsinin canlı ifadəsidir...

Yeri gəlmişkən, fikrimcə, tarixi sınaq xarakterli anlarla müxtəlif əqidəli ayrı-ayrı siyasi xadimlərin şəxsiyyətinə kor-koranə pərəstişə yol vermədən, eyni zamanda onların rolunu qərəzli şəkildə əskildib-azaltmadan, real obyektivlik mövqeyindən etiraf etmək lazımdır ki, konkret şəraitin tələbləri belə liderləri formalaşdırdığı kimi onlar da yaşayıb fəaliyyət göstərdikləri dövrün tarixinə öz adlarını həkk edirlər, yazırlar, imzalarını atırlar.

Bu meyarlar baxımından II Dünya müharibəsi ərəfəsi və illərində bu tipli siyasi və dövlət xadimlərinin, diplomat və sərkərdələrinin, alim və qəhrəmanların varlığı tarixi zərurət, lakin onların F.Ruzvelt, U.Çörçil, İ.Stalin, habelə başqa görkəmli şəxsiyyətlərin simasında meydana çıxıb fəaliyyət göstərməsi, elmi-nəzəri dünyagörüşü mövqeyindən sırf təsadüf kimi dəyərləndirilməlidir. Hərçənd ki, fəlsəfi anlamda hər bir təsadüfdə zərurətin müəyyən ünsürləri özünü hökmən əks etdirir. Kiminsə etiraf edib-etməməsindən asılı olmayaraq, bəşəriyyət tarixində ən dəhşətli və dağıdıcı müharibə sayılan II Dünya müharibəsində faşist Almaniyası üzərində müttəfiq qüvvələrinin birgə çətin qələbəsini təmin etmiş müxtəlif xalqların qəti inam-iradəsinin, öz liderlərinə etibarının, milyonlarla əsgər-zabitinin, arxa cəbhədə gecə-gündüz fədakarlıqla çalışanların nəhayət, Ruzvelt-Çörçil-Stalin üçlüyünün böyük xidmətləri, təşkilatçılıq bacarıqları, şübhəsiz, danılmazdır.

Doğrudan da müdrik xalqlar və millətlər keçmişin acılı-şirinli olaylarından ibrət dərsləri alır, başqaları isə təəssüf ki, o dövrün konkret şəraitini, daxili-xarici amillərin təsirini, qüvvələr nisbətini, tam mənası ilə hərtərəfli ölcüb-biçmədən mülahizələr söyləməklə məşğul olurlar... Tarix isə ədalətli hakim kimi tez-gec hər şeyi sahmanlayaraq, bir sərraf dəqiqliyi ilə kimin kim olduğunu hökmən təsdiqləyəcək.

Hərbi tarixçilərin və mütəxəsisslərin fikrincə, müharibədə qələbə son nəticə etibarilə təkcə ön cəbhədəki uğurlu döyüş əməliyyatları ilə deyil, onların həyata keçirilməsini şərtləndirən ölkənin iqtisadi resursları, təsərrüfat sahələrinin qarşılıqlı əlaqələrinin təşkili, cəbhənin müxtəlif təyinatlı tələbatlarının vaxtında təmin edilməsi, döyüşkən ruh, sərt nizam-intizam kimi kompleks amillərlə bağlıdır. Müharibə dövrünün qanunu - hər şeyin və bütün imkanların cəbhənin tələblərinə tabe edilərək, düşmən üzərində qələbənin təmin olunmasına yönəldilməsindədir.

Müharibənin ilk günlərindən başlayaraq hərbi dövrün qayda-qanunları əsasında qurulan və böyük bir ölkənin vahid təsərrüfat kompleksinin tərkib hissəsi sayılan Azərbaycan, ön və arxa cəbhənin çox mühüm arsenallarından biri olmuşdu. Ölkənin əsas neft-yanacaq bazası sayılan Bakı o dövrdə çıxarılan neft hasilatının 75-80 faizini, təyyarə benzinin 90 faizini, bəzi yanacaq növləri və xüsusi təyinatlı sürtkü yağlarının isə 100 faizə yaxınını vermişdi. Həmin illərdə Bakı rayonunda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin emal olunmuş, yüz min tonlarla sürtkü yağları istehsal edilərək cəbhəyə yola salınıb.

O çətin illərdə təsərrüfat həyatı hərbi qaydada qurulmuş Azərbaycan neft, yanacaq, benzin, sürtkü yağları ilə yanaşı, 130 növ silah, döyüş sursatı, hərbi ləvazimat istehsalını qaydaya salmış, 30 adda yüngül sənaye, 50 adda yeyinti sənaye, 200 adda müxtəlif yerli sənaye, habelə sənət kooperasiya məhsulları ilə cəbhənin ehtiyaclarını ödəyib. Eyni zamanda respublikanın kənd əməkçiləri, nəqliyyat-rabitə, digər xidmət dairəsinin işçiləri, respublika ərazisində təşkil olunmuş hərbi xəstəxanaların həkim tibb heyəti, elm, mədəniyyət, incəsənət adamları öz fədakar xidmətləri ilə seçilib, düşmən üzərində tarixi qələbənin qazanılmasına töhvələrini veriblər.

65 illik bir zaman hüdudundan o dövrdə orduya çağırılmış 700 min nəfərə qədər həmyerliyimizin taleyi, döyüş meydanlarında həlak olmuş 300 min nəfər oğul-qızımızın nakam ruhları, arxa cəbhədəki insanların qələbəni yaxınlaşdırmaq naminə gecəli-gündüzlü zəhmət-qeyrət səyləri ana-babalarımızın, yaşlı nəslin, yeniyetmələrin cəbhədə vuruşanları dəzgahlar arxasında, tarlalarda, neft mədənlərində dəyanətlə əvəz etmələri, qız-gəlinlərimizin nişan üzüklərini, sırğalarını, qızıl bəzək əşyalarını könüllü surətdə Müdafiə Fonduna verməsi, cəbhədəki əzizlərimizin bir daha geri qayıtmayacaqlarını bildirən "qara kağızların" axıtdığı göz yaşları, yetim qalmış uşaqların ürək ağrıdan miskin baxışları, dul qadınların məşəqqətli həyat-dolanacaq tərzi, millətimizin aşkar-gizli niskilləri, şübhəsiz, taleyimizin Tanrı yazısının pozulmaz naxışlarıdır...

Neçə illərdir ki, məkrli qonşu dövlətlə kövrək və vaxtaşırı pozulan atəşkəs rejimində yaşayan müstəqil Azərbaycan Respublikası üçün ötən müharibənin - cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd yolunda birliyi; Dağlıq Qarabağ probleminin həlli naminə diplomatik danışıqlarla yanaşı ordu quruculuğu və onun döyüş qabiliyyətinin artırılması; gənc nəslin əsl vətənpərvərlik ruhunda tərbiyə olunub formalaşdırılması; keçmiş zəngin mübarizə tariximizin qəhrəmanlıq səhifələrinin müstəqil bir dövlətin ümummilli maraqları baxımından yenidən öyrənilib təbliğ edilməsi; müharibə iştirakçılarına və arxa cəbhə veteranlarına qayğı, şübhəsiz, örnək rolunu oynamalıdır.

Zamanın sınaqlarından çıxmış "sülh istəyirsənsə, müharibəyə hazır ol" müdrik xəbərdarlığı öz böyük tərəqqisi ilə səciyyələnən, lakin ciddi təhlükəli problemlərlə, sosial-iqtisadi ziddiyyətlərlə, ərzaq-yanacaq qayğıları və lokal toqquşma və müharibələrlə, böyük dövlətlərin hədə-qorxu siyasəti ilə üzləşən bəşəriyyət üçün XXI əsrdə də hikmət mənasını itirməyib.   

 

 

Qüdrət Əbdülsəlimzadə,

professor,

 

xüsusi olaraq "Xalq Cəbhəsi" qəzeti üçün

 

Xalq Cəbhəsi.- 2010.- 8 may.- S.14.