Azərbaycanlı alimin Vətənə qələbə
töhfəsi
Faşizm üzərində qələbədən 65 il ötür. Ola bilsin ki, çoxları üçün bu rəqəm sadəcə zaman göstəricisidir. Amma müharibənin od-alovundan keçən insanlar və onların ailə üzvləri üçün 65 ilin hər günü ağrılı-acılı xatirələrin yenidən və yenidən yaşanması deməkdir.
"Heç nə unudulmur, heç kim yaddan çıxmır" - Bu, müharibə dövrünün və ondan sonrakı dönəmin ən məşhur şüarlardan biridir. Bəlkə də pafoslu səslənir, yaxud həyatın bütün gerçəkliklərini olduğu kimi əks etdirmir... Təəssüf ki, bəzən müharibənin gətirdiyi bəlaları, aqressiyanı, kini, qəzəbi, gözü yaşlı körpələrin ata həsrətini unuduruq, ömrünün ən gözəl çağında bir ovuc Vətən torpağı naminə sinəsini düşmən gülləsinə sipər edən qəhrəmanları, onların insanlıq qarşısında tarixi xidmətlərini... yaddan çıxarırıq.
Unutmamalıyıq - hər anı əzablı yollardan keçən tarixi yenidən yaşamamaq, bəşəriyyəti heç bir ölçüyə sığmayan amansız cinayətlərlə qarşı-qarşıya qoymamaq, zülmə və təcavüzə qarşı şahanə bir qürurla, cəsarətlə dayanmaq və qalib gəlmək üçün!
Unutmamalıyıq...
...Bu gün müharibənin amansız sınaqlarından keçərək Vətənə qələbə ilə qayıdan azərbaycanlılardan biri - tanınmış alim, əməkdar həkim, tibb elmləri doktoru, professor Sədrəddin Kərimov haqqında danışacağıq.
Sədrəddin Kərimov 1924-cü il aprelin 1-də Goranboy rayonunda hamının çox böyük ehtiramla yanaşdığı ziyalı ailəsində dünyaya gəlib.
Atası Məmmədəli müəllim Gəncəbasar bölgəsində hələ 1924-cü ildə öz təşəbbüsü ilə ilk ibtidai məktəbin açılmasına və orada qızların təhsil almasına nail olmuşdu. Anası Mərguşə xanım rus və ərəb dillərində təhsil almışdı. Ailənin dörd oğlu və 2 qızı var. Övladların böyüyü olan Sədrəddin orta təhsilini doğma rayonunda almış, orta məktəbi 15 yaşında bitirmişdi.
Tibb elminə marağı onu Nəriman Nərimanov adına Azərbaycan Tıbb İnstitutunun müalicə-profilaktika fakultəsinə gətirdi, 1943-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran kimi ordu sıralarına çağrıldı. Sədrəddin Kərimov döyüşə Xarkov şəhərindən başladı, Polşa, Macarıstan, Rumuniya, Çexoslovakiya döyüş cəbhələrində şərəflə vuruşdu və sanitar rotasının komandiri vəzifəsində Berlin şəhərinə qədər döyüş yolu keçdi. Sədrəddin həkim 1943-1946 -cı illər cəbhədə yüzlərlə yaralının həyatını xilas etmiş və 1946-cı ildə tibb xidməti mayoru kimi ordudan tərxis olundu.
Ordudan qayıdan Sədrəddin Kərimov 8 il Qasım İsmayılov (indiki Goranboy - red.) rayonunda sahə xəstəxanasında baş həkim işləyir, bununla yanaşı, tibb sahəsində elmi axtarışlarla da məşğul olur və yorulmadan çalışırdı. Sədrəddin Kərimov 1954-cü ildən etibarən Nəriman Nərimanov adına ADTİ-da klinik ordinator vəzifəsindən kafedra müdiri vəzifəsinə qədər yüksəldi. 1960-cı ildə namizədlik dissertasiyasını uğurla başa çatdıraraq elmi dərəcə aldı. Sədrəddin Kərimovun elmi tədqiqatları Azərbaycan tibb elminin inkişafında müsbət rol oynadı.
Professor Sədrəddin Kərimov ilk işlərini hipertaniya xəstəliyinin respublika əhalisinin arasında yayılması məsələlərinə, sonrakı tədqiqatlarını isə aterosklerozun miokard infarktın Azərbaycanın müxtəlif iqlim-coğrafi zonalarında yayılmasının öyrənilməsinə həsr etdi. Alim bununla kifayətlənmədi, aldığı nəticələri "Ateroskleroz və miakard infarktının Azərbaycanın iqlim-coğrafi şəraitində epidemoloji və klinik öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirdi və 1971-ci ildə müvəffəqiyyətlə müdafiə etdi, tibb elmləri doktoru alimlik dərəcəsini aldı.
Sədrəddin Kərimovun elmi fəaliyyətində ürəyin işemik xəstəliyinin immunoloji aspektlərinin öyrənilməsi xüsusi yer tuturdu. Rəhbərlik etdiyi kafedranın əməkdaşları ilə birgə qanın laxtalanma sisteminin, trombositar şaxənin, elektrolit, lipid, karbohidrat mübadilələrin, mikroelementlərin, immunolojı göstəricilərin, irsiyyət nəzərə alınmaqla xromosom abberasiyanın və müasir patogenetik müalicənin dinamik müəyyənləşdirilməsi məsələlərini öyrənirdilər.
Sədrəddin müəllim 1974-cü ildən 1991-ci ilədək Tibb Universitetinin "Daxili xəstəliklər" kafedrasına rəhbərlik etdi, müalicə-profilaktika fakultəsinin dekanı oldu və bacarıqlı terapevt kimi ad-san çıxardı.
Professor Sədrəddin Kərimov fəaliyyəti dövründə 140-dan artıq elmi əsərin, 3 dərsliyin, 7 metodik göstəricinin müəllifi oldu, çoxlu sayda elmlər doktorları və namizədləri hazırladı.
Sədrəddin Kərimov respublika terapevtlər cəmiyyətinin sədri kimi 1990-cı ilin dekabrında keçirilmiş Azərbaycan terapevtlərinin I qurultayının əsas təşkilatçılarından biri və qurultay materiallarını əhatə edən ikicildlik nəşrin redaktoru oldu. Qeyd etmək yerinə düşərdi ki, o zaman həkimlərin ali məclisinə keçmiş ittifaqın sanballı alimləri də gəlmiş, qurultay böyük əks-səda doğurmuşdu. Sədrəddin müəllim isə bu bacarığına görə SSRİ Səhiyyə Nazirliyi və Ümumittifaq Elmi Terapevtlər Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş və Botkin adına medala layiq görülmüşdü.
Mükafatlardan söz düşmüşkən, professor müxtəlif illərdə neçə-neçə orden və medallarla təltif edildi. Onların sırasında SSRİ Silahlı Qüvvələrinin ildönümləri münasibətilə verilən yubiley medalları, Böyük Vətən Müharibəsində qələbənin 50 illik yubileyi medalı, Sovet İttifaqı marşalı Jukovun 100 illiyinə həsr olunmuş yubileyin medalı, Vətən Müharibəsi ordenləri, veteranların döş nişanları və s. oldu.
Respublikamızda professor Sədrəddin Kərimovun böyüyüb başa çatdığı ailəni alimlər ailəsi kimi tanıyırlar. Kərimov Nurəddin tibb elmləri namizədidir və uzun illərdir ki, o Naftalandakı sanatoriyalardan birinin baş həkimidir, Tofik Kərimov tanınmış riyaziyyatçı alim, elmlər doktoru, professordur, Ramiz Kərimov texnika elmləri namizədi, dosentdir, Elmira xanım Kərimova fizika-riyaziyyat elmləri doktoru, professordur, Güllü xanım isə ali təhsilli müəllim idi.
Professor Sədrəddin Kərimovun həyat yoldaşı Amaliya xanım və qızları Sevinc, Təranə onun işini davam etdirirlər. Sevinc Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun artrologiya şöbəsinin elmi rəhbəri, tibb elmləri namizədidir. Təranə Azərbaycan Elmi Tədqiqat Kardialogiya institutunun baş elmi işçisi, tibb elmləri namizədidir. Oğlu Azər iqtisadçı alimdir. Böyük nəvəsi Erkin Qədirov çox gənc olmasına baxmayaraq Azərbaycan ictimaiyyətinin hörmətini qazanmış hüquqşünas alimdir.
Tanrı insanlığa məxsus bütün gözəl xüsusiyyətləri sadə, təvazökar, ağıllı, gülərüz, bacarıqlı təşkilatçı olan bu nəcib insana- Sədrəddin Kərimova bəxş etmişdi. O öz həkimlik fəaliyyəti dövründə minlərlə xəstələrə şəfa vermiş və misilsiz xeyirxahlıqlar göstərmişdi.
Professor Sədrəddin Kərimovun həyat və yaradıcılığı, alimliyi, pedaqoqluğu hər bir gənc nəsil üçün örnək olmalıdır.
Sədrəddin Kərimov tibb elmi sahəsində çox işlər gördü. Öz istedadına, yüksək insanı keyfiyyətinə görə onu tanıyanlarının böyük hörmətini qazanmış bu insan dünyasını dəyişsə də onu tanıyanların ürəklərində və xatirələrində alim və pedaqoqların parlaq nümayəndəsi, elm təşkilatçısı kimi yaşayıb və əbədi yaşayacaqdır.
Sədrəddin Kərimovun tələbələri, yaxınları, həmkarları bu nəcib və xeyirxah insanı hər vaxt böyük məhəbbətlə yad edəcəklər.
Adil
Xalq Cəbhəsi.- 2010.- 8 may.- S.9.