"Əbədi yaşasın millətim"

 

 Todur Zanetin kitabları onu çağdaş qaqauz ədəbiyyatının məşhur simalarından biri kimi tanıtdı

 

Tanınmış qaqauz şairi, dramaturqu, publisisti, ictimai xadimi Todur Zanet 1958-ci ilin gilas (iyun) ayının 14-də Qaqauziyanın Konqaz kəndində anadan olub. 1975-ci ildə orta məktəbi bitirib. "Mali" adlı ilk şeirini 1977-ci ildə yazıb.

1976-81-ci illərdə Kişinyev Politexnik İnstitutunda oxuyub. 1986-90-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləyib, qaqauz dilində TV və radio verilişləri hazırlayıb. 1988-1994-cu illərdə ilk qaqauz qəzeti "Ana sozu"nu çıxarıb. 1999-cu ildən bugunədək həmin qəzetin və "Kırlanğac" ("Qaranquş") jurnalının baş redaktorudur. 1989-cu ildən SSRİ və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.

Todur Zanetin yazdığı Qaqauz Milli Himni Qaqauz Xalq Konqresi tərəfindən 22 iyul 1990-cı ildə Qaqauz Respublikasının himni olaraq 411 səslə qəbul edildi. Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımları ataraq əvvəlcə "Ana sozu"nun səhifələrində alışdırma yazıları verib, 1993-cu ilin ceviz (sentyabr) ayının 25-dən etibarən qəzetini bütünlüklə latın qrafikasında çıxarmağa başladı. 1991-1993-cü illərdə Todur Zanet Kişinyev İncəsənət İnstitutunda qaqauz aktyorlarına qaqauzca dərs deyib. Həmin illərdə Jan Rassinin "Bəyazid" mənzum pyesini, E.Georgitanın "İki gəlinli qaynana", M.Baciyevin "Şənbə axşamı" əsərlərini qaqauz dilinə tərcümə edib. Bu pyeslər onun tələbələri tərəfindən tamaşaya qoyulub.

Todur Zanet öz qələmini dramaturgiya sahəsində sınayaraq iki pyes yazıb: "Aclıq qurbanları" (1998) və "Sehirli mağaza" (2004). Bu əsərlər Mixail Cakır adına qaqauz milli teatrı tərəfindən səhnələşdirildi. Dramaturgiya sahəsində xidmətlərinə görə Todur Zanetə 2006-cı ildə Kişinyevdə keçirilən Uluslararası kitab sərgisinin və Moldova Milli Kitabxanasının diplomu verilib. Ədibin "Aclıq qurbanları" adlı pyesi rumın dilinə çevrilib və 2006-cı ildə "Viağa Besarabiei" jurnalında yayılıb. 2000-ci və 2009-cu illərdə qaqauzluq qarşısında xidmətlərinə və qaqauz dovlətinin qurulması uğrunda coşğun fəaliyyətinə görə Qaqauziyanın medalları ilə təltif edilib. 2003-cu ilin xıdırelləz (may) ayında ədəbiyyat və jurnalistika sahəsində fəaliyyətinə görə Todur Zanetə Amerika Birləşmiş Ştatlarının Kentucky ştatının Louisville şəhərinin fəxri vətəndaşı adı verilib.

Tordur Zanetin bir çox şeirinə musiqi bəstələnib. Onların əksəriyyəti xalq mahnısına çevrilib: "Şən oynar qaqauzlar", "Yaşa, xalqım!", "Vətən", "Sən Cadır, gozəl Cadır", "Sənə sevdam" və s. Todur Zanet 2007-ci ildə KIBATEK ədəbiyyat ödülünə layiq görülüb. Şairin nəşr olunan şeir kitabları onu çağdaş qaqauz ədəbiyyatının ən məşhur simalarından biri kimi tanıtdı. Todur Zanetin "Gun aydın, evim!" (1989, 1990), "Qarışqalıq" (1989), "Axardı batıya gunəş" (1993), "Qıcırdayar qafamın çarxları" (1993), "Axar ulduz" (1998) kitabları oxucular arasında çox populyardır. Onun uşaqlar üçün qələmə aldığı "Bocəcik" (1991) kitabı isə Moldova Təhsil və Elm Nazirliyi tərəfindən uşaq bağçaları və ibtidai siniflər üçün vəsait olaraq qəbul edilib.

Todur Zanetin bədii yaradıcılığı, xususilə poeziyası zəngin və çoxşaxəlidir. Mövzu baxımından onun şeirlərini iki əsas qrupda toplamaq mümkündür: sosial-siyasi məzmunlu şeirlər və məhəbbət lirikası. İlk qrupa daxil olan əsərlərində şair doğma xalqının şərəfli və keşməkeşli tarixini, onun yaşadığı faciə və fəlakətləri, xoşbəxt həyat və azadlıq uğrunda mübarizəsini, verdiyi qurbanları vətəndaş qeyrəti və yanğısı ilə təsvir edir, qaqauzların gələcəyi, dili, mədəniyyəti ilə bağlı düşüncə, əndişə və arzularını dilə gətirir, hamını birliyə, həmrəyliyə səsləyir. Bu baxımdan onun "Qaqauzluq yox olmaz!", "Bozqurd haqqında nəğmələr", "Kiminmiş bu torpaq", "Yaşa, xalqım", "Ana dilim", "Ayrılma dilindən, xalqım", "Mən bilirəm" və s. şeirləri diqqəti xususilə cəlb edir.

 

Qaqauzların Balkanlara gəlmə xalq olduğunu soyləyənlərə qarşı şairin poetik cavabı çox kəsərli və sərtdir:

 

Kiminmiş bu torpaq?

Çıx at üstünə, bax:

Kurqanlar qaplamış dolayları,

Dədələrimin məzarları,

Səsləsin adlarını

Verərlər cavabını,

Verərlər cavabını.

 

Todurun "Dua" adlı şeirində doğma xalqın gələcəyi və sabahı ilə bağlı bir vətən övladının ulu yaradana, haqqa səmimi yalvarışları öz əksini tapır. Şair burada bir xalqın milli varlığı üçün həyati önəm daşıyan üç ünsürü dilə gətirir: dovlət-millət-dil. Bunların hər hansı biri olmadan bir xalqın, etnosun yaşaması, günəş altında sığınacaq tapması mümkün deyil. Ona görə də Todurun duası aydın və qısa, arzusu ülvi və muqəddəsdir:

 

Allahım,

İstəyirəm olsun dövlətim,

Əbədi yaşasın millətim,

Olsun öz ana dilim,

Olmasın dilim-dilim,

Olsun bir bütöv, bütün-

Dün, bugün, sabah, hər gün!

Əbədi və daima!

Amin!

 

Todur Zanetin ana vətənə, onun keçmişinə, başından keçən faciələrə, eləcə də doğma yurdun gozəlliklərinə, qaqauzların milli xarakterinə, ata ocağının istisinə və doğulub-böyüdüyü evə duyduğu niskilə və həsrətə həsr edilmiş şeirləri az deyil. Bunlara misal olaraq "Mərz daşı", "Zavallı torpaq", "Əski məzarlıq", "Aclıq", "Bucağım", "Konqaz", "Şən oynar qaqauzlar", "Gun aydın, evim" və başqa şeirləri göstərmək mümkündür. Bu əsərlərdə biz qaqauzlara xas olan bir sıra etnoqrafik lövhələrlə və özəlliklərlə də tanış oluruq.

Todurun anasına və atasına, vəfalı və vəfasız dostlarına, yazıçılara və şairlərə, qaqauzların tanınmış sənətkarlarına, milli inkişaf üçün öz canını verən vətənpərvər insanlara yazdığı şeirlər sonsuz məhəbbət hissilə, xəyanət yoluna qədəm qoyan satqınlara isə hədsiz nifrət hissilə doludur. Bu əsərlərdə o, bir şair və insan kimi qarşımıza çıxır. Şairin "Anama", "Anam 60 yaşında", "Ana gözləri", "Əfv et", "Atama", "Şam yanar", "Dostlara","Düşmənimə 17 sual", "Qara zəlilər", "Satqınlara" kimi şeirləri, N.Baboğluna və V.Mixalcana poetik məktubları, mərhum dostları Peti Buzacı, Qara Coban və Valentina Kotenko-Baurculunun ölümünə həsr etdiyi elegiyalar çox təsirlidir. Hər şair kimi Todur Zanetin də yaradıcılığında məhəbbət lirikası mühüm yer tutur. Bu şeirlərdə gənc aşiqin qəlbini parçalayan həsrət və niskil, ilk məhəbbətin unudulmaz xatirələri, iki sevgilinin görüşləri və görüş yerləri, birlikdə keçirdikləri xoşbəxt anlar, çəkdikləri iztirablar parlaq boyalarla təsvir olunur. Bu şeirlər arasında "İlk gecə", "Gecə növbəsi", "Əridi canım", "Yanğın", "An kimi sevda", "Allahın bəxşişimi", "Elə şirinsən sən" və başqaları yadda qalan cizgilərlə zəngindir. Məsələn, "Sevdama" şeirinə baxaq:

 

Aman, Allahım, aman,

Dizlərinə baş qoysam.

Aman, Allahım, aman,

Yanağına toxunsam.

Aman Allahım, aman,

Gözündə qərq olsam.

Aman, Allahım, aman,

Canında yansam.

Aman, Allahım, aman,

Sevdadan sönsəm.

Aman, Allahım, aman...

 

Todur Zanetin poeziyasına xas olan bəzi xususiyyətləri qısaca qeyd etmək istərdim. O, hər şeydən əvvəl bizim alışdığımız uslubda yazmır. Todur qafiyədən az istifadə edir, şeirləri nadir hallarda qafiyəlidir, cinas heç yoxdur. Qulaq qafiyəsi və alliterasiya da o qədər çox deyil. O, əsasən qafiyəsiz yazır. Bu, bir tərəfdən çağdaş qaqauz poeziyasının inkişaf meylləri ilə əlaqədardırsa, digər tərəfdən onun Avropa və türk şeiri ilə bağlılığının məhsuludur, şairin öz orijinallığı və fərdi dəst-xəttidir. Todurun yaradıcılığının digər bir xususiyyəti onun bir bənddən ibarət şeirlərə üstünlük verməsidir. Bu tip şeirlər ilk baxışda çox sadə görünür, lakin onlarda müəyyən fikir və tutum var. Məsələn, aşağıdakı bənd-şeir dediklərimizə misal ola bilər:

 

Dündən bu gün, həm yarına,

Keçirik biz addım-addım.

Ömür dolar damla-damla,

Qalacaqsa - qalar adın.

 

Və yaxud bu bəndin nə qədər obrazlı olduğu göz önündədir:

 

Saatın əqrəbləri

İki bucaq kimi

Saplandılar mənə

Gözləyərkən.

 

Todur Zanetin bu yaxınlarda Azərbaycanda nəşr olunan ilk kitabı (bu, umumən qaqauz ədəbiyyatından ilk kitabdır) oxucular tərəfindən fərqli şəkildə də qəbul edilə bilər. Bu zaman bir xusus nəzərə alınmalı və unudulmamalıdır ki, qaqauz folkloru, şifahi xalq ədəbiyyatı nə qədər qədim və köklüdürsə, qaqauz yazılı ədəbiyyatı bir o qədər gəncdir; bu ədəbiyyatın əsası XX əsrin ortalarında qoyulub. TurkSOY kitabxanası seriyasından növbəti kitabı Todur Zanetin şəxsində qaqauz ədəbiyyatına həsr etməklə biz Türk Dunyasının ayrılmaz parçası olan qaqauz xalqına, onun mədəniyyətinə və ədəbiyyatına bəslədiyimiz sonsuz sevgini vurğulamaq istədik. Türk Dünyasına xeyirli-uğurlu olsun!   

 

 

Ramiz Əsgər

 

Xalq Cəbhəsi.- 2010.- 18 may.- S.14.