Laçın itkisi...
Rayonun 262 nəfər sakini
şəhid olub, 67 nəfər itkin düşüb, 871
uşaq yetim qalıb, 66 646 min nəfər əhali öz dədə-baba
torpaqlarından qovularaq, öz vətənlərində didərgin
həyatı yaşayırlar.
Ermənistan silahlı
qüvvələri Şuşanın işğalından sonra
Laçının işğal planını həyata
keçirməyə başladılar. Və 1992-ci il mayın
18-də ən böyük arzularından birinə-Laçının
işğalına nail oldular. O gündən bu günə biz,
ancaq Laçın haqqında beynəlxalq təşkilatların
nümayəndələrindən nələrsə
eşidirik. Və uzağı həvəskar operatorların
işğaldan sonra Laçın, eləcə də digər
rayonlarla bağlı çəkdikləri və bundan biznes məqsədilə
istifadə etdərək bizlərə satdıqları
görüntüləri seyr edərək
ağrı-acıları bir-birimizlə paylaşmaqla məşğuluq.
Laçın mənim böyüyüb boya-başa
çatdığım Qubadlı rayonuyla qonşu olsa da, bu
gözəl məkanı yalnız uşaq yaşlarımda
görmək nəsibim olub. O vaxtdan da Laçın
yaddaşıma çox uca və əlçatmaz bir yer kimi həkk
olunub. Nə yazıq ki, uşaqlıq xatirələrim
alt-üst oldu və uca sandığım bir məkanı qoruya
bilmədik. Düzdür, Laçın uğrunda yüzlərcə
şəhid vermişik, Əliyar Əliyev kimi oğulları
itirmişik, ancaq Laçını hələ də azad edə
bilməmişik...
Laçın
özünün tarixi, coğrafi mövqeyinə görə
Azərbaycanın ən qədim və strateji cəhətdən
vacib olan yaşayış məskənlərindən
sayılır. 1992-ci il erməni işğalından sonra bu ərazinin
coğrafi adları və toponimləri ermənilər tərəfindən
dəyişdirilsədə, Laçın torpaqlarındakı
daş, qaya rəsmləri, mağaralar, kurqanlar və elmə
hələ məlum olmayan çoxlu sayda müxtəlif
biçimli qədim qala komplksləri, bir sıra memarlıq
abidələri bunu deməyə əsas verir.
Ermənistan silahlı
qüvvələri Laçını işğal etdikdən
sonra ermənilər heç bir tarixi məntiqə əsaslanmadan
bu bölgəyə "Kaşataq" vilayəti,
Laçın şəhərinə isə "Berdzor"
adı verərək, eləcədə digər
yaşayış məntəqələrinin tarixi
adlarını və toponimlərini dəyişdirərək
saxtalaşdırmağa nail oldular.
Laçın tarix, mədəniyyət
və arxeologiya abidələri ilə zəngin olan bir ərazidir.
Rayonun Mirik kəndindəki "Qaranlıq kaha",
"Bayqara" mağaraları, Hoçaz kəndindəki
mağara məbəd hələ eramızdan əvvəl I-II
minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və
Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə
müqayisə edilə biləcək qədər dəyərli
və nadir abidələrdəndir.
Dünya
arxeoloqlarının apardıqları araşdırmalara və
gəldikləri ümumi nəticələrə görə
müəyyən edilib ki, neolit və eneolit dövrlərində
və tunc dövrünün əvvəllərində ölənlərin
qəbirləri üzərində torpaq, ağac və
daşdan ibarət süni təpələr - kurqanlar yaratmaq
adəti olub.
Bu baxımdan
Laçın rayonunun Güləbird kəndindəki
"Qız qəbri" kurqanı və bu ərazidə olan
digər adsız kurqanlar, Mirik kəndinin "Təpələr"
ərazisindəki kurqanlar və eləcədə Ziyirik kəndi
ərazisindəki Rizvan meşələrində və digər
yerlərdəki bu tipli kurqanların mövcudluğu və
çoxluğu əsas verir ki, bu bölgədə
yaşayışın neolit və tunc dövrlərindən
başlandığı haqqında fikir söylənilsin.
Erməni alimləri də
təsdiqləyirlər ki, aparılan araşdırmalara və
dünya alimlərinin gəldikləri ümumi yekdil rəylərinə
görə, dünyada kurqanların düzəldilməsi
yalnız və yalnız türkdilli xalqlara aiddir. Belə bir məntiqin
mövcudluğu təsdiq edir ki, hələ eramızdan əvvəl
III-II minilliklərdə Laçın rayonu ərazilərindəki
yerli sakinlər yalnız türkdilli etnoslar olublar.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan "Türkmənçay" sülh müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusyaya qatılıb. Öz sərhədləri ətrafında təhlükəsiz zona yaratmaq məqsədi ilə çar hökuməti Cənubi Qafqazda Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qərar verib. Bu qərardan sonra Rusiyanın himayəsi altında Osmanlı dövlətindən və İrandan Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Beləliklə, qədim Azərbaycan torpaqları olan Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ ərazilərinə Rusiyanın müstəmləkəçilik siyasəti nəticəsində xeyli sayda erməni ailələri yerləşdirilsə də, Qarabağın tərkibində olan Laçın bölgəsinə (Gorus, Sisyan, Qafan, Mehri məntəqələri istisna olunmaqla), ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın Rus imperiya siyasətçilərinin qərarı ilə ayrıca, Zəngəzur qəzasına çevrilib.
Zəngəzur ərazilərində məskunlaşdırılmış ermənilər, azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, beləliklə də bu torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər.
Şimali Azərbaycanda, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı və Zəngəzuru mənimsəmək üçün ərazi iddiaları onların törətdikləri kütləvi qırğınlarla müşahidə olunmağa başladı. Bu qırğınlar Laçın bölgəsinin bütün ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andronik nə yolla olursa- olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan Bəy, öz partizan dəstəsilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra daha da azğınlaşan Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyilə yeni-yeni silahlı qruplar yaradırdı.
Bölgədə erməni və digər xarici silahlı qüvvələrin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hazırlanan qiyamın qarşısını almaq, ölkənin ərazi bütövlüyünü təmin etmək və əhalini qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı.
Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalıydı. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı.
Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuruyla başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar, zorakılıq aktlarını, soyqrımları dayandırmaq mümkün olmadı. Zəngəzur qəzasında 115 müsəlman kəndi ermənilər tərəfindən dağıdılıb. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. Vağadü kəndində erməni vandalları 400-dən çox azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atıb, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırıblar. Məhz bu səbəbdən, 1918-1920-ci illər Azərbaycan tarixində Zəngəzur qırğınları kimi qeyd olunur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşıb, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra isə bunu Rusiyanın əli ilə həyata keçirmək mümkün olub. Belə ki, Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilib, Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR-də Zəngəzur qəzası yaradılıb. 1920-ci illərin sonlarında həyata keçirilən rayonlaşma siyasəti nəticəsində həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilib, Zəngəzur bir tarixi vilayət kimi ləğv olunub. Zəngəzur qəzasının böyük bir hissəsinin Ermənistana birləşdirilməsi Azərbaycana daha bir zərbə vurub, Naxçıvan torpaqları Azərbaycandan ayrı salınıb.
Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan edib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
1992-ci il mayın 18-də Laçın rayonu erməni-rus ordu birləşmələri tərəfindən işğal edilib. 1835 kv.km. ərazi, 125 kənd və qəsəbə, 14745 yaşayış evi, 891 təhsil, kommunal və kənd təsərrüfatı müəssisəsi, 218 mədəniyyət müəssisəsi, o cümlədən 250 tarix və memarlıq abidəsi, 5 muzey, 6050 mədəniyyət və incəsənət nümunəsi ermənilər tərəfindən mənimsənilib. Bu işğalçılıq siyasətinin nəticəsi olaraq rayonun 262 nəfər sakini şəhid olub, 67 nəfər itkin düşüb, 871 uşaq yetim qalıb, 66 646 min nəfər əhali öz dədə-baba torpaqlarından qovularaq, öz vətənlərində didərgin həyatı yaşayırlar.
Akif
Xalq Cəbhəsi.- 2010.- 18 may.- S.6.